“İran ilə enerji ticarətimiz davam edəcək”.
Ovqat.com xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fateh Dönməz “A haber” telekanalına müsahibəsində belə deyib.
Enerjidə təchizat təhlükəsizliyinin olduqca mühüm məsələ olduğunu vurğulayan nazir İranla neft və qaz idxalına əsaslanan ticarət müqaviləsinin çoxdan imzalandığını bildirib:
"Bu kontraktın müddəti 2026-cı ilə qədər davam edəcək. Biz İrandan ildə, təxminən, 9,5 milyard kubmetr həcmində qaz alırıq. Vətəndaşlarımızı soyuqda və ya elektriksiz qaranlıqda qoymaq kimi bir niyyətimiz yoxdur və ola da bilməz. Müqavilə tələblərinə uyğun olaraq ticarətimiz davam edəcək".
İrana qarşı embarqonun ABŞ-ın təktərəfli tətbiqi etdiyinə toxunan Fateh Dönməz bu qərardan Avropa Birliyinin də narazı qaldığını vurğulayıb: “Biz qanuni ticarətlə məşğuluq. Enerji təhlükəsizliyi baxımından da bu, son dərəcədə əhəmiyyətlidir. Bir də qonşuluq hüququmuz var. İllərdir ticarət əlaqəsi yaratmışıq. Fikrimcə, İranla münasibətlərimiz də bu çərçivədə qiymətləndirilməlidir".
Bir Türk heyətinin hazırda ABŞ-da olduğunu bildirən nazir deyib ki, heyətlər sanksiyalar da daxil olmaqla bir sıra mövzu haqqında müzakirə aparırlar:
“Həmin müzakirələrdən müsbət nəticə çıxacağına ümidliyəm".
Qeyd edək ki, ABŞ bu həftənin bazar ertəsi günü İrana qarşı sanksiyaların birinci mərhələsinə başladı. Tramp digər ölkələri də, o cümlədən Türkiyəni də bu qərara əməl etməyə çağırmışdı. Türkiyə rəsmiləri dəfələrlə verdikləri bəyanatda ABŞ-ı region ölkələrinin maraqlarını nəzərə almadan bu cür qərarlar çıxartdığını ifadə etmişdi. AK Partiya hökumətinin Enerji və Təbii Sərvətlər nazirinin son açıqlamaları ABŞ-a verilmiş ən konkret cavabdır: Türkiyə embarqoya qatılmayacaq.
Paylaş: