Xəbər lenti
27-11-2024, 19:25

 

   Eldar SABİROĞLU

 

Hakimiyyətinin 100-günlüyü ilə əlaqədar  keçirdiyi izdihamlı mitinq  Paşinyan üçün hələ arxayınçılıq duyğuları yarada bilməz. Kreml dişini bərk qıcıyıb. Günün birində "qalib" baş nazirə Qamsaxurdiyanın aqibətini yaşada bilərlər. Ayaqları nə qədər ki yerə möhkəm dirənməyib, Rusiya Paşinyan probleminin həllini  gecikdirməməyə çalışacaq. Onun "Rusiya Ermənistandakı yeni vəziyyətlə hesablaşmalıdır" ultimatum xarekterli bəyanatı Moskvanı təbdən çıxarsa da,  hələ ki, dözüm nümayiş etdirir. Görünür, Paşinyanın tezliklə ağıllanacağına və Qərbin ona verdiyi vədlərdən üzülüşəcəyinə ümüdlər tam sönmədiyinə görə Rusiyanı qəti və son qərar qəbul etməyə tələsdirmir.

 

Bütün variantlarda Ermənistanın yeni hökumətinə etimad məsələsi Rusiya siyasətinin gündəliyində öz yerini və əhəmiyyətini artıq itirmişdir. Bunu həmin ölkənin dövri mətbuatında ardı-arası kəsilməyən müzakirə və dəyərləndirmələrdən, eləcə də Kremlə yaxınlığı ilə seçilən siyasətçilərin sərt yanaşmalarından aydın görə bilərik.

Putinin siyasi tərzində belə davranışlar nəinki bağışlanılmır, hətta bu, arxadan vurulan zərbə kimi qəbul edilir.

 

Hadisələrin bu cür istiqamət götürməsi bir tərəfdən bu mənada yaxşı oldu ki,  Dağlıq Qarabağın işğal edilməsində Ermənistana bütün vasitələrlə kömək edən Rusiyaya  lazımi nəticələr çıxarmağa düşünmək imkanı yaratdı. Rusiyanın qarşılıqsız olaraq Ermənistana milyardlarla vəsait həcmində silah-sursat hədiyyə etməsini xatırlatmaq istərdim. Bu hərbi yardımlar Putindən xəbəsizmi edilmişdir? Özümüzü niyə aldadaq ki!...Hər şey dünyanın gözü qarşısında olub. Bu qədərdən sonra yenə də Ermənistana qol-qanad verən  Rusiyadır. Yoxsa bambılı Paşinyan  mitinqdə hansı cürətlə Azərbaycanın dağılması barədə kütlənin heysiyyatına hesablanan sərsəm sözləri dilinə gətirə bilərdi?! Ağıl gərək olsun. Deyəsən, bu sarsağın indiyə qədər Ermənistanın kimin qucagında oturduğu, Azərbaycan torpaqlarının işğalı  barədə lazmi bilgiləri yoxdur. Beləsini necə anladaq ki, əgər kənar müdaxilə olmazsa, Azərbaycan Silahlı Qüvvələri çox qısa zamanda işğalçı Ermənistanı diz üstə çökdürmək imkanına malikdir.  Mübaliğəsiz belədir və bu qənaətim təbliğat naminə səsləndirilmir.

7 il Müdafiə Nazirliyində xidməti vəzifədə olarkən Ordumuzun güclü döyüş qabiliyyətinə, mənəvi-psixoloji hazırlığına yaxından şahid olmuşam. Paşinyanın  beyninin içindəki gənə qurdları kəlləsinin normal fəaliyyətinə ciddi əngəl törətdiyindən real nəticələr çıxarmaqda çətinlik çəkir. Meydan iştirakçılarının sayca coxluğunu görən baş nazir uşaq kimi sevinirdi. Bu vəziyyətdə o, erməni komik aktyoru Frunzikin personajlarına daha çox bənzəyirdi.

 100-günlük hesabatla insanların qarşısında hökumət başçısının çıxış etməsi beynəlxalq praktikadan gəlmə bir şeydir, əsas məqsəd də siyasi-iqtisadi, sosial, insan hüquq və azadlıqları və digər sahələrdə başlanmış  islahatların vəziyyəti barədə xalqı məlumatlandırmaqdır. Lakin baş nazir bütün bunları bir kənara qoyub sağına-soluna hədə-qorxu üslubunu seçdi və üzünü siyasi rəqiblərinə cevirərək hökumət rəhbərinə yaraşmayan tərzdə dedi:" Bəzi adamları danışıqlarına sərhəd qoymağa çağırıram. Sonra deməyin ki, insan hüquq və azadlıqları pozuldu." Paşinyan bununla siyasi rəqiblərinə həbsxanaların dəmir qapılarını göstərdi... Onun bu bəyanatına  ilk etiraz dalğası hakimiyyətin daxilindən baş qaldırdı.  Parlamentin sədri Ara Babloyanın baş nazirə yönəlik tənqidi daha sərt oldu və Paşinyanı məsuliyyətə dəvət etdi.

Artıq ölkədə yeni inqilabi dəyişikliklərin təməlinin qoyulduğu barədə fikir yurütmək olar. Amerikalı erməni əsilli, Ermənistanın keçmiş xarici işlər naziri Raffi Hovhanisyanın da Paşinyana ağır sözlərlə  yüklənməsi mülahizələrimizi möhkəmləndirir.  Düşmənlər birləşirlər. Bir azdan baş nazirin komandasının parçalanması ilə bağlı xəbərlərlə də tanış ola biləcəyik. Bu, mütləq olcaqdır. Mən münəccimlik etmirəm. Sadəcə o xarabada 30 il yaşadığıma görə ermənin hansı xislət sahibi olduğunu gözəl bilirəm. Lakin ölkə prezidentinin hadisələrin üzərindən sükutla keçməsi  müəyyən suallar doğurur.

Armen Sarkisyanın  prezidentliyə  namizədliyinin Serj Sarkisyan və onun partiyası tərəfindən irəli sürüldüyünü nəzərə alarıqsa, Ermənistan hakimiyyətində çox qatmaqarışıq və qeyri- müəyyən  vəziyyətin hökm sürdüyünü asanlıqla görə bilərik.

   Ermənistanda daxili sabitliyə təhlükə yaradan digər ciddi bir faktor da vardır ki, uzun illər bu tendensiya ölkənin rahatlığını pozmaqda davam edir və hətta faciəli  hadisələrlə müşahidə olunur.  Parlamentin gülləbaran edilməsi, Karen Dəmirçiyanın və dövrün baş nazirinin ordaca qətlə yetirilməsi, 2008-ci il mart ayının 1-də İrəvanda dinc etirazçıların üzərinə ordunu yeridərək 10 - dan artıq nümayişçinin  öldürülməsinin

 əsas təşkilatçıları sırasında dirsəyinə qədər qana bulaşmış və körpə qatilləri kimi tanınan Robert Koçaryan, Serj Sarkisyan dayanır.

 Ermənistanda  əsl klan müharibəsi  gedir. Qarabağ, Leninakan (indiki Gümrü, klan başçısı K. Dəmirçiyan idi. Qarabağlı ermənlərə “eş qarabağçiner” deyərdi) və bir də İrəvan daxil, şəhərətrafı rayonlar üç klanlığa bölünərək  bir- biri ilə daima kəskin konfiktdə olublar. Prosesin bu gün daha dərinlərə işlədiyi və dönməz xarekter alması bütün ciddiyyətilə nəzərə çarpır. Görsənir ki, Qarabağ klanını sıradan çıxarmayınca özünü İrəvanlı hesab edən baş nazir Paşinyan sakit dayanmacaqdır. Amma onu qorxuda saxlayan əsgərliyini Qarabağda çəkən oğlunun taleyi ilə bağlıdır. Ermənistan informasiya mənbələrinin məlumatlarına görə, əsgər  Paşinyan üçün qorumalar ayrılıb. Ata Paşinyanı Azərbaycan əsgərinin gülləsindən daha çox qarabağlı əsgərin gülləsi narahat edir.

 Beləliklə, vəziyyətin haralara qədər gəlib çıxdığını təsəvvürə gətirərkən, Ermənistanda nələrin baş verəcəyini sübut etməyə ehtiyac qalmır. Allah yaxın zamanlarda bunları görməyi bizlərə qismət edər, yəqin!...

 




Ana səhifəyə qayıt        Baxış: 1 520          Tarix: 22-08-2018, 19:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma