"Türkiyə təkbaşına hərəkət etsə, 10 ilə, xaricdən texniki yardım alsa, 5-6 ilə nüvə dövlətinə çevrilmək hədəfini reallaşdıra bilər”.
Ovqat.com xəbər ki, BMT Bioloji Komissiyasının keçmiş üzvü, rusiyalı mütəxəssus İqor Nikulin Türkiyənin nüvə silahı potensialını şərh edərkən belə deyib.
Nikulin öz fikirlərini Türkiyənin iqtisadi inkişafı ilə əsaslandırıb:
“Türkiyə, əlbəttə, bu potensiala malikdir və inkişaf etmiş bir ölkədir. Bu sahədə çalışacaq milli kadrlarını yetişdirə biləcəyi kimi, xaricdən də mütəxəssis gətirə bilər”.
1970-ci ildən qüvvəyə minən Nüvə Silahların Yayılmaması Müqaviləsinin Türkiyəni bu hədəfindən yayındıra biləcəyini istisna etməyən mütəxəssis, bununla belə, ABŞ-ın aqressiv hərəkətlərinin Ankaranı ciddi tədbirlər görmək məcburiyyətində qoyduğunu vurğulayıb:
“Müqavilə, əlbəttə, Türkiyənin nüvə proqramını tənzimləyəcək. Qərblə münasibətlər hər şeyə rəğmən sabit olacaq. Ancaq Qərb, Türkiyəni quldur dövlət kateqoriyasına aid edərsə, o zaman hər şey mümkündür”.
Digər rus mütəxəssis, Hərbi və Siyasi Analizlər Bürosunun üzvü və kütləvi qırğın silahları üzrə ekspert Nikolay Kostikin də Türkiyənin perspektibinə inanır. Onun fikrincə, Türkiy öz qarşısına kimyəvi silah istehsal etmək hədəfi qoyarsa, bu planın qarşısını alacaq bir səbəb və güc mövcud deyil. Fəqət N.Kostikin də həmkarı İqor Nikulin kimi, bəzi ölkələrin buna kəskin qarşı çıxacağını da istisna etməyib:
"Hazırda heç kim nüvə ölkələri klubunun genişlənməsini istəmir. Nüvə silahına sahib bütün ölkələr bunu əngəlləməyə çalışacaqlar. Əgər Yaxın Şərqdə nüvə silahı inkişaf etdirilsə, bu vəziyyət qeyri-sabitliyə səbəb ola bilər".
Rus mütəxəssislərinin Türkiyənin nüvə silahına sahib olmaq potensialı barədə fikir mübadiləsinə başlaması təsadüfi deyil. Bir müddət əvvəl Almaniyanın keçmiş Xarici İşlər naziri Sigmar Qabriel Ankara-Vaşinqton xəttində yaranmış gərginlikləri şərh edərkən, Türkiyənin Qərbdən tam qopacağı təqdirdə uzaq perspektivdə nüvə silahına sahib olmağa çalışacağını və bunun Avropa üçün bir təhdid meydana gətirdiyini bildirmişdi. Qabrielin bu yanaşması xeyli ciddi qəbul olunduğundan rus mütəxəssisləri mövzu ətrafında öz fikirlərini dilə gətiriblər.
Qeyd edək ki, Türkiyənin yerləşdiyi məkanda yaşanan bir çox hadisələr Ankaranı nüvə silahı gəlişdirməyə sürükləyir. Yaxın Şərqdə müsəlman dünyası üzərində qanlı oyunlar quran İsrailin nüvə silahına sahib olması və qonşuluqdakı digər rəqiblərdən sayılan İranın bu istiqamətdə ardıcıl işlər aparması bunun ən başlıca səbəblərindən biridir. Türkiyə həmin iki rəqibiylə münasibətlərində öz mövqeyini gücləndirmək üçün qüvvələr nisbətini bərabərləşdirməlidir.
Digər mühüm səbəb isə müasir dünyamızda nüvə silahlarının dövlət suverenliyinin qarantı halına gəlməsidir. Bu dağıdıcı hərbi qüdrətə malik olmayan dövlətlər ( xüsusilə Yaxın Şərqdə) imperialist qüvvələrin təzyiqləri altında əzilir, məhvə uğrayırlar.
Üstəlik, Türkiyə bu zamana qədər öz təhlükəsizliyini üzv olduğu NATO qüvvələrinin hesanbına zəmanət altında almışdısa da, son bir neçə il ərzində Alyansa bağlanan ümidlərin nə qədər puç olduğu ortaya çıxdı. Rusiya-Türkiyə münasibətlərində gərginlik yaranan kimi, NATO-dakı müttəfiqlər “Patriot” tipli havadan müdafiə sistemlərini dərhal Türkiyədən çıxartdılar. Son zamanlar ABŞ-Avropa arasında yaşanan gərginlər də NATO-nun uzun ömürlü olmayacağı ehtimalını yaradır və Türkiyəni öz müdafiə sistemini qurmağa vadar edir.
Paylaş: