“Argentinanın Beynəlxalq Valyuta Fondundan (BVF) alacağı kreditinin vaxtından əvvəl ödənməsini istəməsi, Hindistanın pul vahidi rupinin dəyər itkisi, Braziliyadakı seçki, Türkiyədə yaşan devalivasiya inkişaf etməkdə olan ülkələrdəki riskləri artırır”.
Ovqat.com xəbər verir ki, beynəlxalq ekspertlər belə düşünürlər.
Analitiklərə görə, Türkiyənin iqtisadi problemlərinin əsas hissəsi prezident Rəcəb Tayyib Ərdoğanın siyasətindən qaynaqlandığı üçün ölkə daxili məsələ sayılmalıdır. Ancaq digər gənc sənaye ölkələri dövlət borclanması, siyasi böhranlar və aparılmayan islahatlar ucbatından çətin vəziyyətdədirlər. Aşağı faizlər dollarla borclanmanı təşviq edir.
2015-ci il sonlarından bu yana ABŞ dollarının faizlərinin qalxmağa başladığını qeyd edən ekspertlər Amerika Mərkəzi Bankının (FED) yüksək məşğulluq və böyümə sürətinin faizləri daha da yuxarı çəkməsi gözlənilir. Bu halda dollar investora cazibədar gələcək, nəticədə bu, Braziliya, Argentina və Cənubi Afrika kimi ölkələrə də təzyiq göstərəcək və göstərməkdədir. ABŞ Prezidenti Donald Trumpun fitilini alovlandırdığı gömrük münaqişəsinin də ticarət müharibələrinə yol açmasından narahatlıq ifadə olunur. Bir sözlə, dünya iqtisadiyyatı növbəti qlobal böhrana hamilədir.
Bəs, gözlənilən qlobal iqtisadi böhran ölkələrə necə təsir edəcək?
Döyçe Bankın valyuta eksperti Nils Ola Matthiessenin fikrincə, "dirçəlməkdə olan ölkələrin valyutalarında artan risklər üzündən investorlar pullarını bu ölkələrdən çəkib, dollar və ya frank kimi daha etibarlı limanlara çatdırmağa üstünlük verir". Alman Sənaye və Ticarət Palataları Birliyinin xarici ticarət eksperti Volker Treier isə "yoluxma təhlükəsindən" bəhs etməklə yanaşı, alman iqtisadiyyatının bununla başa çıxa biləcək gücdə olduğunu bildirir.
Böhranın yoluxma təhlükəsini hələlik əhəmiyyətsiz sayan ekspertlər də var. Məsələn, Commerzbankın analitiki Ulriç Leuchtmann "digər ölkələrin dövlət kəsirlərinin Türkiyə və 1980-ci illərin əvvəllərindəki Latın Amerikası, eyni zamanda 1990-cı illərin axırlarındakı Asiya böhranına yaxalanan ülkələrinkindən daha az olduğunu" düşünür.
Portfel meneceri Maya Bhandari isə vəziyyətin çox daha tez mənfiyə dönə biləcəyini xatırladır: "Kapital hərəkətlərinin nəzarət altına alınması gənc sənaye ölkələri üçün problem halına gəldi. Həmin ölkələr fond kapitalını itirə bilərlər".
Qlobal iqtisadi çöküşün Azərbaycan iqtisadiyyatına təsirinə gəlincə isə, suallarımızı cavablandıran iş adamı Mürvət Həsənli proseslərin Azərbaycana da təzyiqlərini istisna etmir. Bununla belə, Azərbaycanı sözügedən qlobal tənəzzüldən sığortalayan “ehtiyat yastığı”nın olduğuna inanan həmsöhbətimiz ölkədə ciddi finans dalğaları gözləmir:
“Azərbaycan 2008-ci ildən bəri dəfələrlə təkrarlanan iqtisadi böhrandan təsirlənmədən çıxdı. Çünki ölkə iqtisadiyyatını ayaqda tuta bilən neft və qaz ehtiyatlarımız var. İnkişaf etməkdə olan sənaye ölkələrində yaşanan böhran yenə də bizə az təsir edəcək. Ona görə ki, Azərbaycan öz təbii sərvətlərini adətən inkişaf etmiş ölkələrə satır və bu ölkələrdə isə hər hansı problem yaşanmır. Fəqət, Hindistan, Braziliya, Argentina, Türkiyə, Rusiya və s. kimi ölkələr sənayeləşmiş dövlətlərin böyük bazarlarından sayılır. Böhranın uzun müddətli davam etməsi istər-istəməz bu bazarlarda alıcılıq gücünü azaldır və bir müddətdən sonra böhranın real nəticələri sənayeləşmiş ölkələrdə də özünü göstərə bilər”.
İş adamının fikrincə, Azərbaycan hökuməti yaxın gələcəkdə gözlənilən neft böhranına hazır olmalıdır və bu istiqamətdə önəmli addımlar atılır: “Xüsusilə kənd təsərrüfatı müəssisələrinin inkişafına ciddi diqqət ayrıldığını görürük. Kənd Təsərrüfatı Nazirliyinin nəzdində yaradılmış Aqrar Məşvərət Şurası hökumətin iqtisadiyyatın vəziyyətini iş adamları ilə müzakirəyə açıq olduğunun elanıdır. Aqrar Məşvərət Şurasının tərkibinin qapalı tutulmaması, digər sahibkarların da quruma cəlb edilməsi perspektivi hökumətin qeyri-neft sektorunun elliklə inkişafında maraqlı olduğundan xəbər verir. Ümidvaram ki, bu niyyət iqtisadiyyatımızın şaxələnməsi strategiyasına öz töhfəsini verəcək”.
Paylaş: