Xəbər lenti
27-11-2024, 19:25

 

İranda ötən həftələrdə şiəliyin müqəddəs şəhəri Qumda keçirilən mitinqdə prezident Həsən Ruhanini təhdid edən bir plakat açıldı: "Ey müzakirəçi! Üzgüçülük hovuzu səni gözləyir!”

Həsən Ruhaniyə invanlanmış bu mesaj təsadüfi deyildi. Keçmiş prezident Haşimi Rəfsəncani 2017-ci ildə villasının hovuzunda ölü tapılmış və cəsədində normadan 10 qat artıq radiasiya aşkar edilmişdi. Həmin hadisəyə eyham vuran bu qeyri-adi təhdid İranda siyasi fay xətlərinin necə hərəkətə keçdiyinin kiçik bir göstəricisidir.

 Tehran 5+1 qrupunun İranla imzaladığı nüvə sazişindən (JCPOA) çəkilən ABŞ-ın tətbiq etdiyi sanksiyalar qarşısında özünə inamını itirməsə də, yeni iqtisadi böhranı dalğası yerindən oynada bilər. İlk fazası 7 avqustda başlayan, ikinci fazası isə 5 noyabrda dövrəyə girəcək olan maliyyə çökdürməsi planı labüd olaraq ictimai və siyasi dinamiklərə də təsir edir.

Sanksiyalardan əvvəl keçirilən mitinqlər yalnız Ruhaniyə deyil, rejimə qarşı da meydan oxumağa çevrildi. İqtisadi təzyiqlər və artan korrupsiya, sistemə qarşı etirazlar mühafizəkar təbəqələri də içinə alaraq böyüyür. Sünni separatçı hərəkatının yaşandığı Belucistan, ərəblərin məskunlaşdığı Xuzistan və Kürdüstandakı narahatlıq potensialının tətiklənməsindən ehtiyat edilir. Xüsusilə bəzi kürd qruplar arasında rejimlə hesablaşmalar aktivləşir. 1979-ci ildə bəri diasporik bir təşkilata çevrilməsinə və İraqdakı bazasını itirməsinə baxmayaraq, rejim dəyişdirmə sui-qəsdi çərçivəsində Xalqın Mücahidləri Təşkilatının dövrəyə soxulması ehtimalı yüksək qiymətləndirilir. Xeyli zaman ABŞ və AB-nin terror siyahısında qalan bu təşkilat, artıq Vaşinqtonda Milli Təhlükəsizlik Müşaviri Con Bolton, keçmiş New York bələdiyyəsinin sədri Rudi Giuliani və senator Tom Cotton kimi havadarlara malikdir.

 

 

 Qəzəb Ruhaniyə yönləndilir

 

 Rejimin əsas faktorları mövcud sistemi qorumaq üçün qəzəbinin istiqaməti hökumətə yönləndirməyə çalışır. İqtisadiyyatdakı pis performans və azadlıqlar mövzusundakı vədlərin tutulmaması səbəbindən islahatçıların da üz çevirdiyi Ruhani isə ayaqlarını möhkəmləndirmək üçün radikalların ritorikasına əl atır. Ancaq ortada sistemə qarşı etirazları bəsləyən gerçək bir böhran var. Sistem də vəziyyətin ciddiliyinin fərqindədir; Ruhaninin sərt mövqeyini təqdir etsə də heç bir şey yox imiş kimi davranmaq imkanına malik deyil. Bu üzdən Ruhani 80 deputatın imzası ilə parlamentə çağrılarkən, İran Maliyyə naziri Məsud Karbasyan vəzifədən alındı. Rejimin iki mühüm qurumunun - Mütəxəssislər Məclisi ilə Konstitusiya Qoruyucular Şurasının rəhbəri olan Əhməd Cənnəti maliyyə cinayətkarlarının sürətlə cəzalandırılmasını istədi. Sonra dini lider Əli Xameneyi korrupsiyaya qarşı mübarizə üçün xüsusi məhkəmələrin qurulmasını təsdiqlədi. Xameneyi 13 Avqustda xalqın qəzəbinə haqq verərkən, ilk dəfə birbaşa hökuməti günahlandırdı:

"Sanksiyalardan daha çox hökumətin iqtisadiyyatdakı pis idarəçiliyi sadə insanlar üzərindəki təzyiqi artırır. Korrupsiya ilə məşğul olanlar qəti şəkildə cəzalandırılmalıdır".

Siyasi sistemin bütün günahı ABŞ-da görmək vərdişinə son qoyduğuna görə, daxili mübahisələr getdikcə vüsət qazanacaq deməkdir. İstefada olan diplomat Sadiq Malikiyə görə, ABŞ ilə yeni bir razılaşma əldə olunsa belə, problemlər öz həllini tapmayacaq, çünki mövcud vəziyyətin əsas səbəbkarı 40 ilin yanlış siyasətləridir.

  

 Əhmədinejad yenidən yüksəlir

 Böhran ictimai dinamikaya təkan verdiyi kimi, siyasi sistemdəki sancıları da dərinləşdirir. Qərb ilə dialoqa üstünlük verən islahatçı və praqmatik mühafizəkarlar geriləyərkən, danışıqları faydasız görən radikal mühafizəkarlar təşəbbüsləri öz əlinə alır.

 Digər tərəfdən, islahatçıların “illəllah” dediyi, sistemin də son seçkilərdə iştirakını qadağan etdiyi populist-mühafizəkar eks-prezidenti Mahmud Əhmədinejad yenidən yüksəlir. Maneələrə baxmayaraq getdiyi şəhərlərdə kütlələr tərəfindən hörmətlə qarşılanan Əhmədinejadı “Mehdi” inancına sarılmış siyasi güruhunu təhlükəli görən sistem ona toxunmasa da, yenidən səhnəyə çıxmalarını qarşısını almaq üçün keçmiş müavinləri Həmid Baghai və Rəhim Meşai daxil olmaqla bir çox yaxınını tutdurdu. Uzun müddətli susqunluğun ardından böhranı fürsətə çevirən Əhmədinejad isə Ruhanini istefaya çağırıb siyasi hesablaşma havasına girmiş kimidir.

Maraqlıdır ki, bütün bunların yaşandığı zamanda islahatçı qanaddan olan keçmiş prezident Məhəmməd Xatəmi normallaşma prosesi üçün 2009-cu il seçkisinin islahatçı namizədləri Mehdi Kerrubi ilə Mir Hüseyn Musavinin ev həbsinə son qoyulmasını istədi.

 

 Ruhani faktoru 2009-cu il ssenarisinin təkrarından qaçmağa çalışan sistemin həll modeli idi. Amma bu mödel artıq öz vəzifəsini tamamlayıb. İndi sistem yeni alternativini istehsal etməlidir. Məclis sədri Əli Laricaninin içində yer aldığı yeni siyasi blok axtarışları da bunun bir göstəricisidir.

  İran bu saatdan sonra ABŞ ilə masaya otura bilərmi? Bu da ciddi şəkildə müzakirə edilir.

 Ruhani neft embarqosuna qarşı Hörmüz boğazını bağlama təhdidində bulunub, "Cənab Tramp! Aslanın quyruğuyla oynama, peşman olarsan. Amerikalılar başa düşməlidirlər ki, İranla sülh sülhün, İranla müharibə isə müharibələrin anasıdır",- deyərək İnqilab Mühafizəçiləri ilə eyni xəttə gəldi. Bu ritorikanı Əhmədinejata dah çox yaraşdıran islahatçılara görə, hər şeyə rəğmən, Trampın görüş təklifi qiymətləndirilməlidir. Xamaneyi isə "ABŞ ilə danışıqları qadağan edirəm" deyərək, bu yolu bağladı. Yenə də Ruhaninin çıxışının əslində sülhrərvər xarakteri daşıdığını və sentyabrda BMT Baş Assambleyası zamanı Trampla görüşə biləcəyini proqnozlaşdıranlar var.

 Xamaneyi sah zamanından bəri İranlıların milli ləyaqət məsələsinə çevirdiyi nüvə proqramını məhdudlaşdıran müqavilədə verdikləri güzəştə qəhrəmancasına edilmiş manevr kimi qiymətləndirmişdi. Belə bir yanaşmanın sistem üçün riski çox, amma o, “Böyük şeytan”la münasibətlərdəki qeyri-müəyyənliklər nəzərə aldıqda daha yaxşıdır.

 

 İranın həll modeli nə ola bilər?

 

 Digər mübahisəli mövzu Aİ-nin İranla çalışan avropalı şirkətlərə sanksiyalarının işə yarayıb-yaramadığı məsələsidir. Qərblə dialoqu səmərəsiz görən qanadlar Aİ-nin öhdəliklərini yetərli saymırlar. ABŞ 1996-cı ildə Kuba, Liviya və İranla iş görən üçüncü tərəfləri cəzalandırmağa cəhd edəndə Aİ Maneolma Qanunvericiliyi (Blocking Statute) adlı bir sənəd qəbul etmişdi. Avropa Komissiyası bu sənədi İran üçün yeniləyərək 7 avqustda yenidən işə saldı. Sözügedən sənəd Avropalı şirkətlərin sanksiyalara məruz qalmasını qadağan edərkən, cəzalandırılacaq şirkətlərin zərərlərini ödənilməsini və Amerika məhkəməsindən gələcək qərarların rədd edilməsini nəzərdə tutur. Yenə də bu tənzimləmə xüsusilə ABŞ ilə işi olan böyük firmaların İrandan çıxmasını mane olmadı.

 Radikallar Aİ-yə güvənməyin səhv olduğunu bildirib yerli həll modellərinə yönəlməyi daha doğru hesab edirlər. Məqsəd iqtisadi cinayətlərlə mübarizə, daxili istehsalı artırmaq və alternativ ittifaqlar inkişaf etdirməkdir. İranlılar xeyli zamandır Qərbdə baş verən məhdudiyyətləri Şərqdə yumşaldaraq əvəz axtarışındadırlar. Bu çərçivədə xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatı və ASEAN (Cənub-şərqi Asiya Ölkələri Birliyi) ilə münasibətlərə üstünlük verilir. 2 avqustda Sinqapurda ASEAN ilə Cənub-şərqi Asiya Dostluq və Əməkdaşlıq Sazişi imzalanıb (TAC). İranlılar bu ölkələrdə Amerika sistemindən müstəqil kiçik banklar və şirkətlərlə işləməyə ümid bəsləyirlər.

Xəzərdə 25 illik status münaqişəsinə son qoyan sazişdə göstərilən elastiklik də bu çərçivədə dəyərləndirilə bilər. Baxmayaraq ki, Xəzər güzəştini, "Çar Putinə Suriya mükafatı" olaraq oxuyanlar da var. İddia edilir ki, Xameneyi 2015-ci ildə Suriyaya yardıma getməsi qarşılığında Rus lider Vladimir Putinə Xəzərdə razılaşma sözü vermişdi.

 

 Aİ qorunma qalxanı olmasa belə, Qərb ilə dialoqun canlı tutulmasının lazım olduğunu müdafiə edənlərin arqumenti isə qısaca belə: Əvvəlki dialoqlar aldadıcı idi. Bu dəfə isə vəziyyət fərqlidir. JCPOA-nın (nüvə sazişi) arxasında BMT var, digər ölkələrin də buna sadiq qalması əhəmiyyətlidir. Trampın məcburiyyəti və ticarət müharibəsi öz tərəfdaşları arasında da ABŞ-ı təcrid edir. İran bu şəraiti yaxşı dəyərləndirməlidir. Rusiya, Çin və Avropa İttifaqı ilə birlikdə bu hegemoniya qarşı mübarizə apara bilər.

 

 

 Amerika strategiyasının müəmmaları

 

Digər tərəfdən içəridəki gərginliklərə baxmayaraq, İran, Amerikan mühasirəsini uğursuzluğa uğradacaq manevr sahələrindən məhrum deyil. Belə ki, ABŞ-ın nüvədən sonra qarşı çıxdığı əsas mövzu raketlər məsələsidir. Raket proqramına son qoyulması ABŞ Xarici İşlər Naziri Mike Pompeonun mayın 21-də açıqladığı 12 tələbdən biri idi.

 

İran, JCPOA ilə nüvə sahədə geri addım atsa da, raketlərini sövdələşmə mövzusuna çevirmək istəmir. Bu qətiyyət 22 avqust Milli Müdafiə Sənayesi Günü münasibətilə ilk yerli döyüş təyyarəsi və yeni raketlərin sərgilənməsi ilə bir daha nümayiş etdirildi. Trampın İranı çökdürmə həmləsini ərəb hərbi ittifaqı yaratmaq planı müşayiət edir. Bunun bir təşvişə yol açdığını demək mümkün deyil. İranlılara görə, bu gücün yaranması çətindir, yaransa da müdafiə konsepsiyasından irəli keçməz; İranın hücum etməmə strategiyası də anlamsızlaşar. Bu plan yalnız İran qorxusunu böyütməyə və silahlanma yarışını artırmağa yaraya bilər.

 Trampın ortaya qoyduğu strategiyanın əsas hədəflərindən biri də İranın Orta Şərqdəki qollarını kəsməkdir. Maraqlıdır ki, bu vəzifə ortaya qoyularkən, Tehranın regional nüfuzu da görməməzliyə gəlinmir. Məsələn, bu günlərdə İraqda yeni hökumət qurularkən ABŞ hakimiyyəti İranla paslaşmağa məcbur oldu.

 2003-cü ildən bəri bütün koalisiyalar ABŞ və İran arasındakı müvazinət amilləri üzərində qurulub. Bağdaddakı sövdələşmələrin iki kölgə adı bunlardır: Qüds Gücü Komandiri Qasım Süleymanı və Amerikanın xüsusi nümayəndəsi Brett Mak Gurk. ABŞ Livanda da son seçkilərdə Hizbullahı ofsaytda tutaraq bir yerə vara bilmədi, Yəməndə Səudiyyə-Əmirliklər ittifaqı ilə Husiləri bitirməyə qalxanda da. Yəni İran məsələsi ABŞ üçün asanlıqla vaz keçiləsi bir problem deyil. Üstəlik, İranın hərbi təcrübələri mümkün hesablaşmada asimmetrik bir strategiyayla ABŞ-ın başına böyük bəlalar açmaq potensialı daşıyır; son gərginlikdə Qasim Süleymani və İnqilab Mühafizəçilərinin ideoloğu Doktor Həsən Abbasi bu təhdidi açıq şəkildə ifadə etdi.

  

 Milli reflekslər

 

 Tramp Şimali Koreya ilə İranı müqayisə edərkən də yanılır; təhdid ritorikası ilə yürütdüyü taktikanın İranda nəticə verəcəyini güman edir. Aparılan analogiyalara baxmayaraq, nə tələblər, nə də ölkə miqyasları paraleldir, eynidir. Pxenyanın nüvə proqramından vaz keçməsini yetərli görən Tramp İrandan daxili və xarici siyasətdə inqilab gözləyir. Gözləntinin bu qədər yüksəkdə tutulması İran tərəfində də baryerləri yüksəldir.

 Amerikan müdaxiləçiliyinin yol açdığı allergiyanın tarixi arxa planı da var. İranlılar Trampın son həmləsini Baş nazir Məhəmməd Müsəddiqi devirən MKİ dəstəkli 1953-cü il çevrilişiylə müqayisə etdilər. Bu düşüncə ortada ikən, Tramp bir də İran Aksiya Qrupunu çevrilişinin ildönümündə təsis etdi. İranlılar "Amerikalılar aldadır" deyərkən də 1981-ci ildə Amerika səfirliyindəki girov böhranı ilə 1987-ci ildə İraq-İran müharibəsini bitirməyə yönələn bazarlıqları xatırladırlar. Bu da milli reflekslərin yenidən oyanmasına yol açır ki, İran rejiminin ən böyük siyasi dividentinə çevrilir.

 Bundan başqa, sanksiyalar 40 ildir ki, İranın istiqamətini dəyişdirmədi. İranlılar ən yalnız buraxıldıqları dövrlərdə belə, sanksiyalarla yaşamağın yollarını tapdılar. Yəni sistem sanksiyalara qarşı immunitet qazandı. Əlbəttə, bu dəfə daha geniş miqyaslı sanksiyalar gəlir. Üstəlik, bu mühasirə İran içində fay xətlərinin hərəkətə keçdiyi dövrdə inkişaf edir.

Fehim Taştekin

Tərcümə: Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 414          Tarix: 4-09-2018, 12:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma