“Müsəlmanlar ümrə ziyarətlərini ləğv etməli, həcci təxirə salmaq barədə düşünməlidirlər".
Ovqat.com xəbər verir ki, ilk baxışdan ateistlərin tələbini xatırladan bu sözlər əslində dini həssasiyyətilə tanınan AKP hakimiyyətinə yaxın, dindar bir yazar tərəfindən ortaya atılıb.
Türkiyənin keçmiş prezidenti Abdullah Gülə bağlılığı şübhə doğurmayan “Karar” qəzetinin yazarı Mehmet Doğan bu gün dərc olunan "Qüds: Bu, neçənci satış?" sərlövhəli yazısında irəli sürdüyü bu təklifi həmin şəhərin Səudiyyə Ərəbistanı və Misir tərəfindən ABŞ-a və İsrailə “satılması” ilə əsalandırıb.
Yazarın fikrincə, siyasətsiz din olmaz: “Hər cür alçaldılmağa dözərək ibadət etmək heç kimə xeyir gətirməz. Qüdsdəki zülmə riza göstərdinsə, bu zülmün ortağını görməzdən gəldinsə, həccin həcc olmaz”.
Yazar daha sonra iddia edir ki, hazırda Fələstin tamaşasının son pərdəsi oynalılır:
“Görünən budur ki, ABŞ Səudiyyə Ərəbistanı və Misirlə Qüdsün satışı üzərində razılaşmışdır. Qüds İsrailə buraxılmaqla qalmayacaq, Fələstin xalqı bu ərazilərdən tamamilə silinəcək. Məzlum Fələstin xalqı yardımlar kəsilərək, aç buraxılacaq, silah istifadə edilərək didərgin salınacaq və Sionizm Fələstində yaddaşa əbədi həkk olunacaq. Oyunun son pərdəsi oynanır, bunu “Qing of Səudiyyə” də bilir, Sisi Fəttah da”.
Müsəlmanların bu üzdən etirazlarını doğru istiqamətə yönəltməsinin vacibliyinə toxunan yazar bu tendensiyaya qarşı bütün dindarları mübarizəyə səsləyib:
“İlk və nəticə alıcı reaksiya kollaborasionist xainlərə göstərilməlidir. İslam dünyası uyduruk İsrail etirazları ilə vaxt keçirmək əvəzinə, birbaşa Qüdsü, Fələstini məkrli əməlləri üçün satan Səudiyyə rejiminə, Misir diktaturasına qarşı ümumi reaksiya ərsəyə gətirilməlidir".
Qeyd edək ki, “Karar” yazarının ümrə və həcc ziyarətlərini təxirə salmaqla Səudiyyə Ərəbistanına qarşı çıxmaq təklifi təsadüfi deyil. Krallıq hər il həcc turizmindən 10 milyardlarla dollar pul qazanır. Ümumiyyətlə, dini turizm Səudiyyə Ərəbistanının ikinci böyük gəlir mənbəyi hesab olunur. Görünür, Mehmet Doğan rəsmi Riyad üzərinə bu cür təzyiqlərin kraliyyət ailəsini öz “satqın” mövqeyindən geri çəkindirəcəyinə inanır.
Paylaş: