Xəbər lenti

  

Qalmaqallı Tehran sammitindən sonra Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla onun rusiyalı həmkarı  Vladimir Putinin Soçidə bir araya gəlməsindən sonra Suriya məsələsinin həllinə dair ümidlər cücərmişdi. Baxmayaraq ki, Soçi görüşündə əldə edilən razılıqlar barədə mətbuata verilən açıqlamalar liderlərin əslində kompromisə gəldikləri ilə bağlı irəli sürülən iddialara kölgə salırdı. Məlumata görə, liderlər İdlibdəki müxalif qüvvələrin silahsızlaşdırılması prinsipi üzərində razılaşmışdılar. Bu isə Putinin Tehran sammitində atəşkəs istəyən Ərdoğana verdiyi cavabdan başqa bir şey deyildi. Deməli, Soçi görüşündə tərəflər hansısa qarşılıqlı güzəştlərə getməmiş, sadəcə, Ərdoğan Putinin tələblərini qəbul etmişdi.

Türkiyə mətbuatı bu razılaşmanı böyük diplomatik zəfəri kimi təqdim etsə də, İdlib cəbhəsindən gələn məlumatlar Suriya müxaliflərinin də məsələni tamamilə başqa cür yanaşdıqlarını təsdiqləyir.

Ovqat.com alman mətbuatına istinadən xəbər verir ki, Suriyanın şimalında yerləşən İdlibdəki cihad təşkilatlarından "Dinin Mühafizəçiləri" (Hürras əd-Din) Türkiyə ilə Rusiya arasında imzalanan "silahlardan təmizlənmiş bölgə” müqaviləsinə uymayacaqlarını bəyan ediblər. İdlibdəki ən güclü cihatçı təşkilat olan və bölgənin böyük əksəriyyətinə nəzarət edən Heyət üt-Təhrir əş-Şam isə müqaviləni qəbul edib-etməyəcəklərini hələ açıqlamayıb. Amma onların mövqeyinin də fərqli olmayacağı güman edilir.

Bəs, İdlib müxalifləri Soçi razılaşmasına niyə belə ehtiyatla yanaşırlar?

Müxaliflərin tərəddüdlərinin səbəbi Dinin Mühafizəçiləri təşkilatının yaydığı bəyanatda öz əkini tapıb. Heyət üt-Təhrir və əl-Nüsra Cəbhəsindən ayrılanlar tərəfindən bu ilin əvvəlində qurulan Dinin Mühafizəçiləri qərarlarının səbəbini həmin sənədin regionda cihad hərəkatını məhv etmək planını qarşıya məqsəd qoymasıyla əlaqələndirib. Onların fikrincə, indiki şərtlər altında silahları buraxmaq təslimçilik aktına imza atmaq deməkdir.

Ekspertlərin fikrincə, Dinin Mühafizəçiləri təşkilatı regiondakı əsas silahlı qüvvələrdən olmasa da, bu bəyanat Soçi görüşündə əldə edilən müqavilənin həyata keçirilməsini təhlükəyə ata bilər. Baxmayaraq ki, müqavilənin əsl taleyini isə Heyət üt-Təhririn verəcəyi cavab müəyyənləşdirəcək. İddialara görə, Dinin Mühafizəçiləri də əslində daşıdıqları ideya baxımından Heyət üt-Təhrirçilərdən qətiyyən fərqlənmirlər. Hətta bu iki təşkilatın bir-birinin uzantısı olduğu ehtimal edilir.

 Maraqlıdır ki, Türkiyənin açıq şəkildə dəstəklədiyi və onunla bərabər müxtəlif hərbi əməliyyatlara – “Zeytun budağı” və “Fərat qalxanı” hərəkatlarına qatılan Azad Suriya Ordusunun (ASO) da Soçi razılaşmasına münasibəti birmənalı deyil. ASO-nun rəhbərliyi altında qurulan Milli Qurtuluş Cəbhəsi müqavilə ilə bağlı açıqlamasında “tam əməkdaşlıq”  sözü versə də, silahı buraxmayacağını və bölgələrini təslim etməyəcəyini bildirib:

"Rusiyanın, rejimin (Suriya) və İranın mümkün xəyanətinə qarşı tətikdə olacağıq".

Sözügedən bəyanatda xüsusi vurğu ilə keçən bu cümlə “tam əməkdaşlıq” sözünün “xala xətrin qalmasın” mahiyyəti daşıdığını göstərir.

Suriya müxaliflərinin qəbul etmək istəmədikləri müqavilənin şərtlərinə gəlincə.

Türkiyə ilə Rusiya arasında imzalanan anlaşma, rəsmi etirafa əsasən, təxminən 3 milyon insanın yaşadığı İdlibə qarşı Suriya ordusunun geniş hərbi əməliyyatını təxirə salmaq məqsədi daşıyır. Müqavilədə Suriya ordusu ilə silahlı qrupların qarşı-qarşıya olduğu bölgələrdə iki tərəf arasında 15-20 kilometr enində silahlardan təmizlənmiş bufer zona yaradılması nəzərdə tutulur. Bunu reallaşdırmaq üçün 15 Oktyabra qədər möhlət verilən sənəddə tampon bölgəyə nəzarət haqqı Türkiyə və Rusiya qüvvələrinə həvalə olunur.




Ana səhifəyə qayıt        Baxış: 1 445          Tarix: 24-09-2018, 09:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma