Xəbər lenti

 

3 gündür, sosial mediada ciddi müzakirələrə səbəb olan Qazax rayon sakini Elmir Axundovun ölümü barədə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun Mətbuat xidmətləri birgə məlumat yayıblar.

Məlumata görə, E.Axundov Kərim Əhmədov adlı vətəndaş tərəfindən döyülərək ölümcül hala salınıb, Qazax rayon Polis idarəsində sorğuya cəlb olunarkən isə halı birdən-birə pisləşib və dünyasını dəyişib. Halbuki, sosial şəbəkələrdə mərhumun polis idarəsində işgəncə verilərək öldürüldüyü bildirilirdi.

Versiyaların hansının həqiqətə daha yaxın olduğunu Ovqat.com oxucularının mühakiməsinə buraxaraq, rəsmi məlumatı və mərhumun bacısının iddialarını təqdim edirik:

 

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun Mətbuat xidmətlərinin M Ə L U M A T I

“Sentyabrın 25-də Qazax rayon Müalicə Diaqnostika Mərkəzindən rayon sakini Elmir Axundovun ölmüş vəziyyətdə təcili-tibbi yardım briqadası tərəfindən xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumat əsasında dərhal rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

 

Aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, E.Axundovun anası sentyabrın 24-də rayon Prokurorluğuna müraciət edərək oğlunun rayon sakini Kərim Əhmədov tərəfindən döyülməsini bildirmişdir. Müraciət əsasında E.Axundovun izahatı alınmış, barəsində məhkəmə-tibbi ekspertizası təyin olunaraq müayinə edilmiş və döyülmə nəticəsində bədənində xəsarətlər aşkar edilmişdir.

 

Eyni zamanda, qeyd edilən tarixdə K.Əhmədov da rayon Polis Şöbəsinə müraciət edərək E.Axundov tərəfindən döyüldüyünü bildirmişdir. Bununla əlaqədar sentyabrın 25-də E.Axundov izahatının alınması məqsədilə rayon Polis Şöbəsinə dəvət edilmiş və həmin gün saat 22 radələrində səhhətinin pisləşdiyi üçün Təcili-Tibbi Yardım xidmətinə müraciət olunmuş, həkim briqadası rayon Polis Şöbəsinə gələrək E.Axundovu ölmüş vəziyyətdə rayon Diaqnostika Mərkəzinə aparmışdır.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

 

Cinayət işinin istintaqı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülməklə hər iki qurumun məsul əməkdaşları Qazax rayonuna ezam olunmuşdur.

 

K.Əhmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

 

Hazırda iş üzrə digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

 

Mərhumun bacısının iddiası:

Ülviyyə Axundova qardaşı Elmir Axundovun sentyabrın 25-i izahat üçün rayon polis idarəsinə çağırıdlığını bildirib. Meydan TV-yə verdiyi məlumatda bildirib ki, polis idarəsinə gedəndən bir müddət sonra ona qardaşının öldüyü barədə məlumat gəlib:

“Xəstəxanadan zəng etdilər ki, qardaşınızı vurub öldürüblər, gəlin aparın. 45 dəqiqənin içində sapsağlam bir insanı öldürdülər. Onun hər hansı xəstəliyi, problemi yox idi. Ancaq biləyini, qolunu, əlini, ayağını qırmışdılar. Dizlərindən daş çıxarmışıq, sürüyüblər, nə ediblər, bilmirəm”.

Elmir Axundov kim idi: Ülviyyə Axundova 37 yaşlı qardaşının Gürcüstandan gündəlik tələbat malları gətirib satmaqla pul qazandığını deyib. O vurğulayıb ki, E.Axundovun indiyə qədər polislərlə hər hansı bir problemi olmayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 556          Tarix: 27-09-2018, 18:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma