“Ermənistan Türkiyə ilə əlaqələrini həqiqətən düzəltmək istəyirsə, axmaq soyqırım iddialarına son verməli, tarixi hadisələri tarixçilərin öhdəsinə buraxmalıdır".
Ovqat.com xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Binali Yıldırım dünən Antaliyanın Belek bölgəsində keçirilən Avrasiya Parlament başçılarının III toplantısının sonunda keçirilən mətbuat konfransında deyib.
Türkiyə rəsmisini qəzəbləndirən isə erməni həmkarının hərəkəti olub. Qapalı keçirilən toplantıdan Türk mətbuatına sızan məlumata görə, sammitdə çıxış edən Ermənistan parlamenti spikerinin müavini Eduard Şarmazanov 1915-ci hadisələri və Dağlıq Qarabağ məsələlərini qaldırıb, daha sonra isə sammitin yekununda keçirilən brifinqdə iştirak etməyib. Bu erməni həyasızlığı Binali Yıldırımı, türklər demişkən, çilədən çıxarıb. Brifinqdəki çıxışında Ermənistana sammitin məram və məqsədi barədə mesaj göndərən Yıldırım İrəvanı öz üslubuna diqqət etməyə çağırıb:
"Ermənistanın sözləri bu toplantının məqsədinə uyğun gəlməməkdədir. Ermənistan nümayəndəsi, təəssüf ki, burada bəzi iddialar ortaya atmışdır. Qlobal problemlərə həll axtardığımız, bölgədə və dünyada sabitliyi önəmsədiğimiz yığıncaqda həqiqətləri təhrif edən fikirləri qəbul etməyimiz mümkün deyil. Ermənistan Türkiyə ilə əlaqələrini həqiqətən düzəltmək istəyirsə, bu axmaq soyqırım iddialarına bir son verməli, tarixi hadisələri tarixçilərin öhdəsinə buraxmalıdır”.
Ermənistanın öz hərəkəti ilə özünü təcrid etdiyini ifadə edən Yıldırım erməni həmkarına ağsaqqal məsləhətini də çox görməyib:
"Ermənistan sülh siyasəti izləyəcəyi təqdirdə qonşularıyla münasibətlərini normallaşdırmağı, Cənubi Qafqaz bölgəsinin sülh, sabitlik və rifahına töhfə verməyi bacarmış olacaq. Döyüş və şiddətin sona çatıb, sülh və təhlükəsizlik mühitinin təmin ediləcəyi təqdirdə sığınacaq axtaran şəxslərin, qaçqınların problemlərin əhəmiyyətli hissəsi aradan qaldırılacaq ".
Maraqlıdır ki, toplantıda Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov da iştirak edib. Toplantının əsas hissəsi qapalı olduğundan Oqtay müəllimin həmin vaxt erməni parlamentarinin ağzının payını verib-verməməsi barədə məlumatlı deyilik. Amma Binali Yıldırımın mətbuat konfransındakı xəbərdarlığından sonra Oqtay Əsədovun da səsi eşidilib. Spikerin cavabı çox qısa olub:
Ermənistanın davamlı olaraq Türkiyəni günahlandırdığını söyləyən Əsədov Xocalıda qırğınını xatırladıb: "BMT bu qırğını tanıyıb. Ermənistan gerçək olmayan iddialar irəli sürür”.
Göründüyü kimi, Şarmazanovun 1915-ci il “erməni soyqırımı” iddialarına cavab verən və Xocalı qətliamını da məhz bu səbəblə xatırladan Oqtay müəllimin Dağlıq Qarabağdakı hazırkı durumla bağlı nə dediyi isə bəlli deyil.
Paylaş: