ABŞ prezidenti Donald Trampın Konqresə 2018-ci maliyyə ili üçün göndərdiyi federal büdcə layihəsində Müdafiə Nazirliyi (Pentaqon) üçün 639,1 milyard dollarlıq büdcə ayrılması nəzərdə tutulur. Bunun 64,6 milyard dolları, yəni hardasa, 10%-i isə xarici əməliyyatlar fonduna yönəldiləcək.
Ovqat.com xəbər verir ki, Anadolu Agentliyinin Pentaqondan əldə etdiyi məlumatlarda belə deyilir.
Trampın bu layihə ilə ötən illə müqayisədə 2018 maliyyə ilində müdafiə büdcəsinin 52,4 milyard dollar artırıldığı bildirilir. Ağ ev bu artımın ordunun daha ayıq hazırlanması və “okeanın o tayında” əməliyyatlara xərclənməsi üçün nəzərdə tutulduğunu açıqlayıb.
Pentaqonun məlumatlarına görə, Trampın 2018 maliyyə ili müdafiə büdcəsi 56 min 400 daha artıq əsgərin ordu sıralarına cəlbini və ordudakı hərbi qulluqçuların maaşlarının 2,1%, mülki qulluqçuları maaşlarında isə 1,9% artırılmasını ehtiva edir.
Hərbi qüvvələrin say artımından sonra ABŞ ordusu heyətinin bu cür olacağı gözlənilir: 476 min nəfər Quru qüvvələri, 327 min nəfər Dəniz qüvvələri, 185 min xüsusi təyinatlı dəniz piyadaları, 325 min Hava qüvvələri olmaqla, 1 milyon 314 min nəfər həqiqi xidmətdə, 815 min 900 nəfər isə ehtiyatda olmaqla ümumi 2 milyon 129 min 900 hərbi qulluqçu.
Büdcədən Quru qüvvələrinə 137,1 milyard dollar, Dəniz qüvvələrinə 171,5 milyard dollar, Hava qüvvələrinə 165.5 milyard dollar və sair Müdafiə Nazirliyi xərcləri üçün isə 100.4 milyard dollar ayrılıb.
Pentaqon məlumatında büdcənin 64,6 milyard dollarlıq xarici əməliyyat fondu istisna olmaqla, əsas büdcənin 223,3 milyard dollarının əməliyyat və təzhizat, 141,6 milyard dollarının hərbçilərin maaşları, 82,7 milyard dollarının araşdırma və inkişaf etdirmə, 11,9 milyard dollarının isə hərbi inşaat işlərinə ayrıldığı xəbər verilir.
Təchizat büdcəsi
Donald Tramp rəhbərliyi Hava, Dəniz və Xüsusi qüvvələr büdcəsi çərçivəsində 10,8 milyard dolları 70 ədəd F-35 Lightening II döyüş təyyarəsinə ayırarkən, Hava Qüvvələri büdcəsindən ayrıca 3.1 milyard dollar dəyərində 15 ədəd KC-46 Pegasus növü yanacaq doldurma tanker təyyarəsinin alışına sərf edəcək. “Northrop Grunman” istehsalı B-2 gözəgörünməz təyyarələrinin inkişaf etmiş versiyası olan B-21 Raider tipi uzun mənzilli bombardman təyyarələri üçün isə 2 milyard dollar ayrılıb.
Bundan başqa Quru qüvvələri büdcəsindən 1,4 milyard dollar dəyərində 61 ədəd “Apache” növü hücum vertolyotu və 1,1 milyard dollar dəyərində 48 ədəd “Black Hawk” tipli vertolyot satın alınmasına sərf ediləcək.
Dəniz Qüvvələri büdcəsindən isə ayrıca 5,5 milyard dollar dəyərində iki ədəd “Virginia” tipli dənizaltı, 4 milyard dollar dəyərində iki ədəd “Burke” tipli “Aegis” gəmisi və 1,2 milyard dollar dəyərində sahil təhlükəsizlik döyüş gəmisinin alışı nəzərdə tutulur. “Ford” tipli təyyarə gəmisi proqramına isə 4,6 milyard dollar ayrılacaq.
Büdcənin geri qalanı isə hərbi qulluqçu və ailələrinin səhiyyə, müayinə, pensiya və reabilitasiyasıyla yanaşı təşkilati islahat xərclərinə ayrılıb.
Seçkiqabağı təşviqat prosesində Tramp müdafiə xərclərini azaldacağını və “okeanın o tayına” hərbi müdaxilə etməyəcəyini bildirmişdi. İndisə onun hərbi büdcəni xeyli artırması və həmin vəsaitin 10%-nin xarici müdaxilələr üçün nəzərdə tutulduğunu ortaya qoyulması Trampın bir məsələdə də tamamilə əks addım atmağa hazırlaşdığını göstərir.
ABŞ ordusunun okeanın bu tayında əsasən İraq, Suriya və Əfqanıstanda hərbi əməliyyatlar keçirdiyini nəzərə alsaq, belə aydın olur ki, onun hərbi büdcəsinin 10%-i müsəlmanların başına bomba yağdırmaq üçün ayrılıb.
Paylaş: