Adəm İsmayılov
İnsan oğlunun ilk məşğuliyyət sahəsi əkinçilik olub. Əvvəllər yığıcılıq yolu ilə öz ərzaqını təmin edən ibtidai insanlar zamanla təbiəti əhlilləşdirməyə qərar vermiş və ilk işə qida üçün tələb olunan bitkiləri yetişdriməklə başlamışlar. Təsadüfi deyil ki, tarix kitabları qədim insanların iki sahə üzrə ixtisaslaşdıqlarından bəhs edərlər. Bunlardan biri əkinçilik, digəri isə ovçuluqdur. Ovçuluğun tam mənası ilə heyvandarlıq olmadığını, zamanla heyvandarlığa çevrildiyini nəzərə alsaq, cəsarətlə deyə bilərik ki, əkincilik sektoru məşğulluq sahəsi kimi daha öncə ortaya çıxmışdır.
Əkinçilik və ya başqa təbirlə desək, bitkiçilik ilk məşğuliyyət sahəmiz olduğundan daha çox inkişaf yolu keçib və bu gün də həmin tərəqqi prosesi davam edir. Bu da başadüşüləndir. İlk yazımızda qeyd etdiyimiz kimi, dünya qaynaqları məhdud, insan tələbatı isə sərhədsiz olduğundan, tarix boyu aclıq təhlükəsi hər kəsi düşündürmüş və daha əzmli işləməyə təhrik etmişdir. Xüsusilə əhalinin artımının getdikcə sürətləndiyi və bir neçə on ildən sonra milyardlarla insanın aclıq həddinin altında yaşayacağı ehtimalı ərzaq məhsulları emalını, o cümlədən bitkiçiliyin inkişafını ən mühüm vəzifə kimi qarşımıza qoyur.
Bəs, bitkiçiliyin inkişafı əsasən hansı istiqamətlərdə aparılmalıdır?
Bildiyimiz kimi, bitkiçilik sektoru 4 əsas yarım sektora bölünür: qida məhsulları, heyvan yemləri, dekorativ və sənaye ağırlıqlı bitkiçilik, bioyanacaq.
Qida məhsulları
- Taxılçılıq
Sözsüz ki, insan cəmiyyətinin ən çox önəm verdiyi aqrar sahə qida məhsulları ilə bağlıdır. Bütün əməklərin və səylərin başlıca məqsədi həyat uğrunda mübarizə olduğundan aqrar sektorun da yönəldiyi başlıca sahə qida məhsullarının istehsalı və emalı olmuşdur, bu gün də belədir. Bu sektorun əsas çalışma sahəsi isə taxılçılıqdır.
Tarixən insan oğlunun ən vacib qida mənbəyinə çevrilən taxılçılıq sektoru getdikcə daha çox əhəmiyyət qazanır. Bunun başlıca səbəbi isə əhalinin durmadan artması və əkinə yararlı sahələrin məhdudluğudur. Belə ki, dünyanın 1/3 hissəsini heç bir əkinə yararlı olmayan səhralar və buzlaqlar təşkil edir. 28%-ə yaxın torpaq əraziləri isə yarıquraq olduğundan əkinçilik üçün münbit sayılmır. Bu hesaba bataqlıqları, meşələri, dağları və s. əraziləri də qatsaq, bütün bəşəriyyətin əlində dünyanın sadəcə 20-25%-nə qədər əkinə yararlı sahələr qalır.
Məsələ bununla da bitmir. BMT-nin ötən il yayımladığı “Qlobal Ərazi Təxminləri” (The Global Land Outlook) adlı hesabatına görə, dünyadakı əkinə yararlı ərazilərin 1/3-i yüksək istismar səbəbindən münbitsizləşib və hər il 24 milyard ton torpaq erroziyaya uğrayır. Bütün bunlar isə əkinlə bağlı incə düşünülmüş dövlət proqramlarının qəbul edilməsini şərtləndirir. Sözügedən proqramlarda həm ruhunu incidəcək qədər torpağa yüklənməməyi, həm də məhsuldarlığı artırmağı hədəf alan siyasətlərin həyata keçirilməsini tələb edir.
Digər ciddi problemlərdən biri insanın əsas qida məhsulu sayılan buğda istehsalının get-gedə azalması və yalnız bəzi dövlətlərin əlində cəmləşməsidir. Belə ki, indiyədək taxıl istehsalında dünyanın bir sıra ölkələri ön plana çıxır və qlobal tələbatı ödəyirdilər. Bu il isə həmin ölkələrdə quraqlıq olduğundan taxıl istehsalının 42 milyon ton azaldığı iddia edilir. Nəzərə alsaq ki, ölkəmizin illik taxıl istehlakı 3 milyon tondur, bu azalma 14 Azərbaycan əhalisi qədər insanın illik azuqəsi deməkdir. Onu da unutmaq olmaz ki, son biçin mövsümündə dünyada istehsal olunan taxılın miqdarı 716 milyon ton olmuşdur. Deməli, ötən illə müqayisədə azalma 6%-ə yaxınlaşmışdır.
Bu sahədə ən ciddi problem isə buğda istehsalının böyük hissəsinin Çinin payına düşməsidir. Beynəlxalq Taxıl Şurasının hesabatına görə, hər il dünya taxıl ehtiyatının 16%-ni istehlak edən Çin bu mövsümdə qlobal istehsalın mühüm hissəsini öz əlinə ala bilmişdir. Məlumatlara görə, Çin son mövsümdə dünya taxıl ehtiyatlarının 46%-ni istehsal etmişdir. Yəni öz ehtiyacından hardasa 3 dəfə çox. Di gəl ki, dünya əhalisinin 1/7-nə sahib olan Çin becərdiyi taxılı ixrac etmək niyyətində də deyil. Bunun bir səbəbi ərzaq təhlükəsizliyi strategiyası ilə bağlıdırsa, digər səbəb isə bu ehtiyatdan bioyanacaq və heyvan yemi istehsalında istifadə etmək niyyətindən qaynaqlanır.
Bəli, bu bir gerçəklikdi; dünyada hazırda bir milyarda yaxın insan aclıqla baş-başa qaldığı halda, inkişaf etmiş ölkələr taxıldan və digər bitkilərdən yanacaq, heyvan yemi kimi istifadə edirlər. İkinci dünya müharibəsindən sonra ilk dəfə ABŞ fermerləri tərəfindən icad olunan bu metod getdikcə inkişaf etdirilmiş və ötən əsrin 80-ci illərində artıq 2 milyard insanın bir illik taxıl ehtiyacından bioyanacaq hazırlamışdır. Tədricən, bioyanacaq istehsalı digər ölkələrə də yayılmışdı. Dünyanın ən böyük neft və qaz idxalatçısı olan Çində bioyanacaq kimi əsasən süpürgə darısından istifadə edilsə də, bu il taxıl istehsalının 130% artması ilə onun da ehtiyacından artıq qalanları bioyanacağa yönəldəcəyi proqnozlaşdırılır. Dünyanın ənənəvi taxıl ixracatçılarının əlində isə ötən illərlə müqayisədə xeyli az məhsul var. Təxminlərə əsasən, bu il biçin mövsümün sonunda ən böyük 8 tədarükçünün əlində dünya ehtiyatlarının 20%-ə qədər, yəni qlobal tələbatı yalnız 26 gün qarşılayacaq miqdarda ehtiyat qalacaq. 10 il əvvəl isə həmin ölkələr cəmi ehtiyatın 30 faizinə sahib idilər.
Bütün bunlar Azərbaycan fermerlərini taxıl istehsalına ciddi önəm verməyə həvəsləndirməlidir. Cənab İlham Əliyevin uzaqgörən siyasəti və xüsusi diqqəti buna stimul verir. Onun kənd təsərrüfatına göstərdiyi diqqət və etina sayəsində ölkəmiz taxıl ehtiyaclarının 90%-ni öz gücünə təmin edəcək duruma gəlmişdir və nəticədə dünyanın əksər ölkələrini taxıl böhranı təhdid etdiyi halda, Azərbaycanı bu təhlükə gözləmir. Dövlət Statistika Komitəsinin verdiyi məlumatlar da iddiamızı təsdiqləyir. Statistik məlumatlara əsasən, 2018-ci il biçin mövsümündə toplanmış məhsul 2833,4 min ton təşkil edib və məhsuldarlıq 29,1 sentnerə bərabər olub. Yığılmış məhsulun 1895,3 min tonu və ya 66,9 faizi buğda, 913,3 min tonu (32,2 faizi) arpa, 24,8 min tonu (0,9 faizi) digər dənli və dənli paxlalı bitkilərdir. Sözügedən göstəricilər Azərbaycanın illik tələbatının 85-90%-nə bərabərdir. Bununla belə, Cənab prezidentin dəfələrlə vurğuladığı kimi, Azərbaycan kəndlisinin öz taxıl tələbatımızın 100%-ni istehsal etmək potensialı var və bu potensial, real gücə çevrilməlidir.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi də bu istiqamətdə mühüm işlər görüb və görməkdədir. Bir çox təsərrüfatlara taxılın itkisiz yığımı üçün müasir texnikaların alınmasında köməklik göstərilmiş, onlara azfaizli kreditlər ayrılmışdır. Bu gün də həmin təsərrüfatların kreditləşdirilməsi davam edir. Nazirliyin Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti bu ilin sonuna qədər fermerlərə 10 mln. manat vəsait ayırmağı nəzərdə tutmuşdur. Plana görə, ayrılan kreditlər hər fermer təsərrüfatı üçün maksimum 200 min manat civarında olacaq və illik faiz dərəcəsi 7%-i keçməyəcək. Beləcə, rəqabətə davamlı fermer təsərrüfatlarının yaranmasına təkan veriləcək.
Nazirlik indiyədək fermerlərin qarşısında yaradılan bürokratik əngəlləri də ortadan qaldırmaqdadır. Güzəştli kredit almaq üçün tələb olunan sənədlərin sayı 15-dən 5-ə endirilib. Müxətlif dövlət qurumları ilə birlikdə daha asan girov mexanizləri hazırlanıb və fermerlərin ixtiyarına verilib. Bu kimi tədbirlərin nəticəsidir ki, başlıca beynəlxalq təşkilatlar bu il Azərbaycanı dünya miqyasında ən islahatçı ölkə kimi tanımışdır. BMT-nin mötəbər qurumu olan Dünya Bankı Duing biznes hesabatında biznesin asanlaşdırılması indeksi üzrə 190 ölkə içərisində Azərbaycanı keçən ildə tutduğu 57-ci yerdən 25-ci yerə, kredit alınmasının asanlaşdırılması üzrə isə 122-ci yerdən 22-ci yerə qaldırmışdır. Sözsüz ki, bu işlərin təşkilində ölkə rəhbəri cənab İlham Əliyevin və I vitse-prezident Mehriban xanım Əliyevanın fermerlərə diqqətinin mühüm rolu olmuşdur. Ölkə rəhbərliyinin hazırladığı aqrar strategiyanın həyata keçirilməsində KTN-nin yeni heyəti də əlindən gələni əsirgəmir, təsərrüfatlarımızın innovativ inkişafını, məhsuldarlığın və keyfiyyətin artırılmasını, regionlarımızda yeni iş yerlərinin açılmasını öz qarşısına hədəf qoyaraq çalışır. Ümidvarıq ki, Nazirlik tərəfindən taxılçılıqla bağlı yürüdülən yeni aqrar siyasət ciddi nəticələr verəcək. Ən azı ona görə ki, Azərbaycan xalqının bu sahədə özünəməxsus təcrübələri var və ölkəmiz taxılın vətənlərindən biri kimi tanınır.
Ölkəmizdə əkilən bir çox buğda sortları milli brendlərimizdir. Bunların sırasına “Mirbəşir-50”, “Qaraqılçıq – 2”, “Tərtər”, “Vüqar”, “Şiraslan-23”, “Tərtər-2”, “Yaqut”, “Bərəkətli-95”, “Turan”, “Əlincə-84” və s. kimi sortlar daxildir.
İndiyə qədər Azərbaycan öz istehsalı olan buğdadan yetərincə istifadə etmir, daha çox idxal məhsullarına önəm verirdi. Bu da böyük tədarükçülərin iridənəli buğdaya yönəlməsindən qaynaqlanırdı. Hər il un istehsalı üçün, təxminən 1.5 milyon ton buğda ölkəmizə gətirilir, nəticədə 100 minlərlə dollar xaricə axırdı. Yerli məhsullarımız isə yem kimi heyvandarlıq sahələrində istifadə olunurdu. Beləcə, fermer təsərrüfatlarımızın əməyi öz həqiqi qiymətini almır, bu da onları işdən soyudurdu.
Nazirliyin yeni heyəti isə Azərbaycanda taxılın yeni və daha məhsuldar sortlarının inkişafına təkan verməyi planlaşdırır. Bu istiqamətdəki səylər əsasən fermerlərin təcrübələrinə əsaslanır. Məsələn, Cəlilabad rayonunda bir fermerin Rusiyadan gətirdiyi Volqoqrad sortunu becərərək, daha çox məhsuldarlığa nail olduğu təsbit edilmişdir. Azərbaycanda ən yaxşı halda hər hektardan 36.1 sentnerə yaxın məhsul almaq mümkün idisə, Cəlilabad rayonunun Eçara kənd sakni İmran Sadıqov Rusiyadan alıb təcrübə məqsədilə əkdiyi Volqoqrad sortundan 70 sentnerə qədər məhsul yığmışdır. Fermerin çovdar sahəsindəki təcrübəsi isə daha uğurlu olmuşdur: hər hektordan 90 sentner. Bu kimi təcrübələrdən faydalanıb, bəzi seleksiyalarla yerli şəraitə uyğunlaşdırılmış yeni sortların əmələ gətirilməsi istiqamətində addımlar atmalıdır.
Əlbəttə ki, aqrar sahədə lazımi addımların atılması və yeni sortların əmələ gətirilməsi üçün aqrar sektorun elmi-tədqiqat mərkəzlərinin fəaliyyətini gücləndirmək tələb olunur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 22 may 2018-ci ildə imzaladığı “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” Fərman bu siyasətin hüquqi bazasını təşkil edir. Fərmanın tələblərinə görə, aqrar sahədə elmi tədqiqat institutlarının fəaliyyətinin gücləndirilməsi, təhlil, qiymətləndirmə və proqnozlaşdırmaların aparılması, aqrar-sənaye kompleksi üzrə müxtəlif xidmətlərin, o cümlədən dövlət sifarişlərinin yerinə yetirilməsi, kənd təsərrüfatının inkişafı ilə bağlı məlumat bazasının yaradılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılmasının və innovativ inkişafının təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs statusu olan Aqrar Tədqiqatlar Mərkəzinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. Prezidentin bu uzaqgörən siyasəti, sözsüz ki, Kənd Təsərrüfatı Nazirliyinin də işini xeyli asanlaşdırır və yüksək məhsuldarlıq hədəflərinin daha tez reallaşmasına şərait yaradır.
Prezidentimizin qarşıya qoyduğu ən vacib vəzifə elm və texnologiyaların sürətli inkişafı yolu ilə ölkəmizi dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir. Bu strateji məqsədə çatmaq üçün isə birinci növbədə elmin nailiyyətlərini geniş miqyaslı istifadə etməklə məhsuldarlığı qaldırmaq (inkişaf etmiş ölkələrdə taxıl məhsullarının məhsuldarlığı 60-90 sentner/hektar ətrafındadı), yeni növ məhsullar yetişdirmək, resurslardan səmərəli istifadə etmək zəruridir.
Artıq taxıl istehsalında inkişaf proqramlarının ilkin nəticələrini də görməkdəyik. Bu il 3 mlyon tona yaxın taxıl istehsal olunmuşsa, Kənd Təsərrüfatı Nazirliyi gələn il bu rəqəmi 3.3 milyon tona qədər artırmağı planlaşdırır. Taxıl istehsalının artırılması gələn ilin dövlət büdcəsi ilə əlaqədar hazırlanan sənədlərdə də öz əksini tapmışdır. «Gələn il məhsulun ümumi həcmindən 2 mln. 111 min ton buğdanın payına düşəcək ki, bu da cari ilin göstəricisindən 2,2% çoxdur», - hökumətin gələn ilin büdcə zərfinə daxil olan materiallarında belə qeyd olunur.
Proqnozlara görə, 2018-ci ildə respublikada 3 mln. 296,2 min ton dənli və dənli-paxlalı bitki yığılacaq. Hökumətin qiymətləndirmələrinə görə, 2020-ci ildə Azərbaycanda dənli və dənli-paxlalı bitkilərin yığım həcmi 3 mln. 493,4 min tona, 2021-ci ildə 3 mln. 628,4 min tona, 2022-ci ildə isə 3 mln. 655,5 min tona çatacaq.
Beləcə, Azərbaycan öz taxıl ehtiyaclarını ödəməklə qalmayacaq, həm də bu məhsulun idxalatçısından ixracatçısına çevriləcək.
Mənbələr:
https://data.worldbank.org/indicator/AG.YLD.CREL.KG
https://ru.actualitix.com/country/wld/ru-cereal-yield.php
http://www.agro.gov.az/945-2017-c-ld-btklk-sahsnd-yksk-nalyytlr-ld-olunub.html
https://www.karasaban.net/tarim-politikalari-ve-tarimsal-yapidaki-degisimlertayfun-ozkaya/
https://ekspress.az/news/315-gelen-il-taxil-istehsali-5-artacaq
https://report.az/iqtisadiyyat-xeberleri/ask/azerbaycanda-aqrar-tedqiqatlar-merkezi-yaradilir/
https://www.aznews.az/news/iqtisadiyyat/173831.html
https://www.aznews.az/news/cemiyyet/101962.html
http://agrocredit.gov.az/az/projects/view/14
http://www.kokpit.aero/cin-ve-abd-ucaklarda-biyoyakit-kullanacak?filter_tag=comac&page=2
https://www.bbc.com/turkce/haberler-41249663
Paylaş: