Sabiq maliyyə naziri, professor Saleh Məmmədov bir məqalə yazıb və dərc olunması üçün Musavat.com saytına göndərib. Onu təqdim edirik.
***
Dünən Neft bazarında növbəti qara gün- cümə günü oldu. WPI (ABŞ) neft qiyməti gün ərzində 7%, son 7 həftə ərzində isə 30% düşərək 2018-ci ilin ən aşağı səviyyəsinə -50,42 dollara endi. Brent də 5,5% enərək 58,8 dollara düşmüşdür. İqtisadiyyatı qara narkotikə oturdulan ölkələr üçün ağır günlər başlayır. Rusiya artıq ölkə iqtisadiyyatını 35 dollar/barel qiyməti ssenarisinə uyğun hesablamağa başladı. Deməli, Rusiya idarəçiləri bundan sonra da yaxşı bir şey gözləmirlər. ABŞ iqtisadiyyatı Çin, Türkiyə, Avropa hesabına möhkəmləndirdikdən sonra iqtisadi siyasətdə çox arxayın və sabit kimi görünür. Dünya böhranı qapının bir addımlığındadır.
Belə şəraitdə Azərbaycanın vəziyyəti necə olacaq, bizi ən çox düşündürən bu sualdı. Mənə elə gəlir ki, bu sualın cavabı daha çox subyektiv amillərdən asılı olacaq (yəni siyasətin hansı yöndə aparılmasından). İlk nəzərdə elə çox seçim də görünmür. İki ssenari mümkündür: 2008-ci il böhranı zamanı davranış və ya 2014-cü il regional böhran zamanı istifadə olunan yol. Əlbəttə, təcrübə göstərdi ki, 2008-ci ildə ölkə düzgün qərarlar hesabına böhrandan daha rahat və başqalarına nisbətən çox daha az zərərlə çıxdı, təəssüflər olsun ki, bunu 2014-cü il böhranı haqqında demək olmur. 3-4 il keçməsinə baxmayaraq bu gün də bu böhran öz möhürünü iqtisadiyyata vurmaqda davam edir. Bu günə əldə olunan şərait də (bəzi uğurlar və hazırlıq işləri) 2008-ci il böhranın ssenarisinə bənzəyir. Bu şərait nədən ibarətdir:
1. 2018-ci ildə xeyli faydalı islahatlar aparılmış, sanki, bu böhrana hazırlıq işi görülmüşdür. Ölkə ilk dəfə olaraq ciddi islahatçı olkələr sırasında yer almışdır. Doing buzines indeksinə görə sıralamada 33 pillə irəliləyərək 25-ci yerdə möhkəmlənmişdir. Yeri gəlmişkən 2008-ci il böhranı zamanı da bu sahədə ciddi islahatlar aparılmış, bu indeksə görə ölkənin tutduğu yer 97-ci yerdən 33-cü yerə qaldırılmışdır. Həmçinin digər sahələrdə, xüsusilə kadr sahəsində gənc potensiallı, korrupsiya və rüşvətdən uzaq hökümət üzvlərinin (xüsusilə neft-qazdan sonra ölkənin əsas yaşam mənbəyi olan kənd təsərrüfatı üzrə) təyin olunması, səmərəli maliyyə və vergi sisteminin qurlması imkan verir ki, iqtisadiyyat bu böhranı zərərsiz başa vura bilsin.
2. Ölkənin böyük miqdarda valyuta ehtiyyatların toplanması əsas verir ki, heç nədən çəkinmədən genişləndirici maliyyə siyasəti tam gücü ilə davam etdirilsin. Ölkədə 50 milyard dollara yaxın valyuta rezervləri toplanmışdı, bu məbləğ son dörd ilin büdcəsindən də xeyli çoxdur. Belə rezervlərin olması panikaya qapanmağa qətiyyən əsas vermir.
Nə etməli:
1. Real vəziyyəti açıq olaraq əhaliyə çatdırmaq, ölkənin potensial imkanlarını təhlil etmək, başlanan islahatlar kursundan qətiyyən dönülməyəcək haqqında əhalini, iş adamlarını və xarici investorları inandırmaq lazımdır. Bu ölkədə baş verə biləcək maliyyə panikasının qarşısını almaq üçün çox vacibdir. Hazırkı dövrdə dünya alimlərini ən çox maraqlandıran bir məsələ var: təbiətin dağıdıcı enerjisini faydalı enerjiyə çevirmək kimi, eyni üsullarla ictimai dağıdıcı enerjini də faydalı enerjiyə çevirmək və milli iqtisadi inkişaf üçün ondan istifadə etmək. Bu bizim ölkə üçün daha çox lazımdır.
2. İslahatlar dayandırılmamalı, çox daha böyük sürətlə davam etdirilməlidir. Xüsusilə ölkə üçün ən başlıca sahədə (həm də ən diqqətdən kənar qalan) - tətbiqi elmdə geniş idarə və maliyyələşdirmə islahatları aparılmalıdı. Elm və texnoloji inkişaf ölkənin milli iqtisadiyyatının bütün sahələrinə sirayət etməlidir. Bütün inkişaf etmiş ölkələrin iqtisadiyyatı bu yolla irəliləmişdir, Azərbaycan iqtisadiyyatının müstəsnalıq təşkil etməsi qeyri mümkündür.
"Gəlirlər hissəsinin strukturunda valyuta ehtiyatlarının və neft fondundan ayırmaların payı çoxaldılmalı, vergi dərəcələrinin azaldılması üzrə səmərəli siyasət davam etdirilməlidir” |
3. Cari tədbirlər içərisində - təbii ki, büdcənin yenidən baxılması zəruridir. Hazırda parlamentdə müzakirədə olan büdcə neftin qiymətinin 60 dollar ssenarisinə uyğun hazırlanmışdı. Dünən artıq brent neft qiymətləri 58, WBİ isə 50 dollara qədər endi. Bu ssenari ilə büdcənin yerinə yetirilməsi mümkün deyil. Professor Fikrət Yusifov və bir sıra başqa mütəxəssislər dəfələrlə bu məsələnin müzakirəsi zamanı ölkə ictimaiyyətini xəbərdar etmişdir ki, neftin qiyməti yenidən düşəcək və səhv etmirəmsə, büdcənin tərtibini neftin qiymətinin 40-45 dollar ssenarisinə üstünlük verilməsini təklif etmişdir. Mənim fikrimcə, bu ən optimal variantdı. Büdcənin yenidən baxılması zamanı ümumi həcm deyil, yalnız struktur üzərində işlənməsi daha səmərəli olardı. Gəlirlər hissəsinin strukturunda valyuta ehtiyyatlarının və neft fondundan ayırmaların payı çoxaldılmalı, vergi dərəcələrinin azaldılması üzrə səmərəli siyasət davam etdirilməlidir. Dünya böhranlarından çıxmağın ən yaxşı tədbirlərindən biri hər zaman və hər bir ölkədə vergi dərəcələrinin azaldılmasına söykənən "Təklif nəzəriyyəsi" olmuşdur. Vergi dərəcələrinin azaldılması heç vaxt vergilərin azalmasına səbəb olmamış, tam əksinə ümumi vergi məbləğini artırmışdır. Çünki, əvvəla, vergi dərəcələrinin azaldılması korrupsiyanın və vergidən qaçmanın qarşısının alınması hesabına onun ödənməsi imkanlarını və bununla da ümumi vergi məbləğini artırır. Digər tərəfdən, sahibkarların sərəncamında qalan mənfəət məbləği investisiyalara yönəldilir və yeni vergi obyektləri yaradır ki, bu da mütləq ümumi vergi məbləğinin artırılmasına gətirib çıxarır. Büdcənin xərc istiqamətinin də strukturunun böhrandan çıxmağa yönəldilməsi vacibdir. Milli iqtisadiyyatın iki istiqamətinin payının ciddi surətdə artırılması məqsədəuyğundur: Bunlardan biri tətbiqi elmdir. Böhrandan mənfəətlə çıxmaq üçün elm xərclərinin ən azı iki milyard manata çatdırılması tələb olunur (büdcədə - 136 milyon manat nəzərdə tutulmuşdur). Bu tədbir hətta büdcənin kəsirinin artırılması, neft fondu, hətta xarici dövlət borcu hesabına da olsa həyata keçirilməlidir. Azərbaycan birinci və ikinci qrup ölkələr arasında (BMT təsnifatı üzrə) bu göstərici üzrə ən geridə qalan ölkələrdəndir. Əgər bu ölkələr üzrə elmə adambaşına ortalama 1000 dollar xərclənirsə, Azərbaycan üzrə bu rəqəm 10 dollara çatmır. Təbii ki, elm xərclərinin artırılması elmin idarə olunması və maliyyələşməsi sisteminin İsrail, Sinqapur, İsveçrə, ABŞ kimi ölkələrin təcrübəsinə əsasən tamamilə yenidən qurulmasını tələb edir. Bu məqsədlə Elm və texnoloji inkişafın sürətləndirilməsi qanunun büdcə qanunu ilə ilə birlikdə qəbul olunması zəruridir. İkinci investisiya tələb edən sahə kənd təsərrüfatıdır. Kənd təsərrüfatının inkişafı üzrə ciddi islahatlara başlanmışdı. Amma bu islahatlar maliyyə vəsaitləri ilə dünya ölkələri səviyyəsində təmin olunsa səmərə tez və böyük olacaqdır. Son dövrlər kənd təsərrüfatının idarə olunması və maliyyələşdirilməsi dözülməz vəziyyətə salınmışdı: kapital qoyuluşlarının ümumi investisiyalarda payı xeyli azalmış, subsidiyalar başqa ölkələrlə müqayisədə zəruri səviyyədən xeyli aşağı olmuşdur. Əgər 1991-ci ildə milli iqtisadiyyata qoyulan investisiyaların 15%-i kənd təssərrüfatına yönəldilirdisə, 2017-ci ildə bu rəqəm 3.5%-ə enmişdir. Dünya miqyasında kənd təsərrüfatının normal fəaliyyəti dövlət dəstəyi olmadan həyata keçirilə bilməz. Əgər əksəriyyət ölkələrdə dövlət dəstəyinin payı kənd təsərrüfatının ümumi gəlirlərindən 30-75% təşkil edirsə, Azərbaycanda bu rəqəm 3-7% ətrafında cərəyan edir ki, bu səviyyədə dövlət dəstəyi tam yetərsiz sayılır. Ümumi milli iqtisadiyyatda olduğu kimi kənd təsərrüfatının maliyyələşməsində də əsas payı (50%-dən yuxarı) tətbiqi elm xərcləri tutmalıdır ki, bu sahə intensiv əsaslarla inkişaf etdirilə bilsin.
Bu yolla Azərbaycan nəinki hazırkı böhrandan zərərsiz çıxa bilər, həmçinin, "qara narkotik"dən birdəfəlik qurtarmaqla ölkəni inkişaf etmiş ölkələr səviyyəsinə qaldıra bilər.
Professor Saleh Məmmədov
Paylaş: