Dünən Aslan İsmayılov yenə öz ampluasında idi. Maraqlıdır ki, söhbəti hansısa aktyorun hansısa məktəb direktorunu döyməsindən başlayan bu adam sözünü hərləyib-fırlayıb yenə müxtəlif mövzulara, o cümlədən “yumurta mafiyası”na gətirdi. Adını hüquqşünas qoyan Aslan İsmayılova dəfələrlə hüquq dərsi keçməyimə baxmayaraq, hələ də işin mahiyyəti üzrə danışmağı ona öyrədə bilməmişəm. Bilmirəm, bu, mənim müəllimlik qabiliyyətsizliyimdən qaynaqlanır, yoxsa Aslanın anlamaq keyfiyyətində nəsə problem var? Hansı mövzudan danışarsa-danışsın, hüquqşünasın mütləq gəlib yumurta məsələsinə çıxması mənə bir lətifəni xatırladır. Yazılarımın birində də qeyd etdiyim həmin lətifə belədir:
Ömrünü bitə həsr etmiş bir akademik olur. Bütün əqli potensialını bitə qurban verən bu zavallı adam sözügedən həşəratın ayağından tutmuş başına qədər cild-cild kitablar yazır. Biti bitdən yaxşı tanıyır. Di gəl ki, elmin başqa sahələrindən çox da xəbəri olmur.
Kasıbı dəvənin üstündə ilan vuran kimi, yazıq akademikin də bəxti gətirmir. Dövr dəyişilir, hökumət alimlərin savadını yoxlamaq üçün attestasiya imtahanı elan edir. Bitşünas alim də bir tikə çörəyini itirməmək üçün məcburən imtahana girməli olur.
İmtahan yazılı keçirildiyindən əlini uzadıb bir bilet çəkir. Biletdə üç sual düşür – biri itdən, biri pişikdən, biri isə balıqdan.
Akademik başlayır ilk sualdan:
- İt ev heyvanıdır. Üstündə tükləri olur, tüklərin üstündə də bitləri olur.
Beləcə, itdən bitə keçən akademik, ən yaxşı bildiyi sahə olduğundan bu mövzudan ayrılmaq istəmir. Müəllimlər görürlər ki, onu, bir il də keçsə, sevimli həşəratından ayırmaq mümkün olmayacaq, çıxışına müdaxilə edirlər:
– Aydındır, cənab akademik. Birinci sualı bildin. Keç ikinciyə.
Sözünün yarımçıq kəsilməsinə mimikalarıyla etiraz edən bitşünas pişikdən danışmağa başlayır:
- “Pişik ev heyvanıdır. Üstündə tüklər olur, tükün də üstündə bit olur” – deyəndə, müəllimlər işin nə yerdə olduğunu anladıqlarından akademiki “yormamaq” qərarına gəlirlər:
– Oldu, cənab akademik. Deyək ki, bunu da bildin. İndisə keç balığa.
- Balıq su heyvanıdır. Üstündə pulcuqları olur. Pulcuğu olmasaydı, tükü olardı. Tükün də üstündə biti olardı və s.
Lətifədəki bitşünas kimi, Aslan İsmayılov da bu gedişlə deyəsən yumurta akademiki olacaq. Açığı, hüquqşünaslıqda bəxti gətirməyən Aslan İsmaylovun yumurtaşünaslığa transfer olunması ölkəmizin aqrar inkişafı üçün də faydalıdır. Necə olsa, Azərbaycanda quşçuluq sektoru getdikcə inkişaf edir və Aslana da fermaların birində iş tapılar. Baxmayaraq ki, onun indiyədək ən kəskin mövqe tutduğu adamlardan biri mənəm, bu cür reabilitasiya olunmasına sevinər və məmnuniyyətlə Aslanı fermalarımdan birində quşların arasına qataram.
Aslan İsmayılov dünənki çıxışında çox insanlara ilişdi. Yəqin ki, onların hər biri bu adamın cavabını verəcək. Mən isə əsasən iki məsələ üzərində dayanmaq istəyirəm. Bunlardan biri “Yeni Müsavat” qəzetinin Baş redaktoru, dostum Rauf Arifoğlu barədə söylədikləridir.
Sözsüz ki, Rauf bəyin ona cavab verməyə kifayət qədər qabiliyyəti və imkanları çatır, bu məsələdə heç kimə ehtiyacı yoxdur.
Mənim onun əvəzinə cavab verməyimin isə bir səbəbi var: Rauf Arifoğlu mənim fikirlərimə qəzetində yer verdiyi üçün bu adamın haqsız təhqir və hücumlarına məruz qalır. Məhz bu səbəbdən də mənim cavab vermək hüququm, mənəvi borcum doğur.
Keçmiş vəkil dünənki çıxışında guya Rauf Arifoğlunu aşağılamaq üçün ona “Arifin oğlu Rauf” dedi. Yalnız öz keçmişinə xor baxan bir zehniyyətdən bu qabalığı gözləmək olardı. Özünün adını iki dəfə, soyadını, Allah bilir nə qədər, atasının adı olmasa da, soyadını iki dəfə dəyişən bu adam, əlbəttə, kiminsə öz atasının adı ilə tanınmaq istəməsini xor görməli idi. Onu da əlavə etmək yerinə düşərdi ki, Aslan İsmayılovun qardaşının soyadı tamamilə fərqlidir, nə özünün, nə də atasının familyasına uyğun gəlir – Mustafayev. Aslanın özü də Prezident Aparatına işə düzəlmək istəyəndə verdiyi sənəddə adını Çıraqov kimi, Vəkillər Kollegiyasına sənəd verəndə isə İsmayılov kimi göstərir. İsmayılov, Mustayev, Çıraqov – eyni ailənin 3 müxtəlif soyadı. Hansı daha doğrudur, yəqin ki, ailə fərdləri də bundan bixəbərdirlər.
Xatırladım ki, Aslan İsmayılovun adı kimi, soyadının da saxta olduğu təsadüfən ortaya çıxıb. Yadınızdadırsa, Milli Şuranın ilk rəhbəri və prezidentliyə namizədi Rüstəm İbrahimbəyovla dəyərli elm xadimi Nizami Cəfərov arasında bir mübahisə düşəndə tanınmış kinorejissor Aslan İsmayılovu özünə vəkil seçmişdi. Məhkəmə prosesi zamanı iddiasından hardasa geri çəkilən Rüstəm İbrahimovdan fərqli olaraq, vəkilin kraldan çox kralçılığı tutmuş və opponentindən yağlı cavab almışdı. Nizami Cəfərov mətbuata açıqlamasında Rüstəm İbrahimbəyovun vəkilinin atası ilə eyni soyadı daşımadığını açıqlamışdı. Beləcə, Aslanın “İsmayılov” olduğu halda, atası Ziyəddinin “Çıraqov” soyadını daşıması məlum olmuşdu. Daha sonra Aslanın öz atasının ona qoyduğu addan belə, imtina etməsi ortaya çıxmışdı.
Belə olan təqdirdə, öz ata və soyadından imtina edən birinin Rauf Arifoğluna “Arifin oğlu” deməsi istər-istəməz bəzi maraqlı suallara yol açır: Ay Aslan, Rauf öz atasının adını qürurla daşıyan şəxsiyyətdir. Onun atasının kimliyi bəllidir - Arif Abbasov. Bəs sən hansı Ziyəddinin oğlusan –Çıraqov Ziyəddinin, Mustafayevin Ziyəddinin, yoxsa İsmayılov Ziyəddinin?
Hüquqşünasın dünənki çıxışında ən çox diqqətimi cəlb edən iddiaları isə Sumqayıt işi ilə bağlı açıqlamaları oldu. Unutmamısınızsa, Musavat.com-un 13.09.2018 saylı buraxılışında ona çoxsaylı suallar ünvanlamışdım. O suallardan bəziləri bunlar idi:
“- Nə üçün 22 il susduqdan sonra birdən bu məsələnin üzərinə getməyə qərar verdiniz?
- Sumqayıt içi ilə bağlı sənədlərin yerini dövlət orqanlarına siz demisiniz. Onlar tapa bilmədiyi halda siz onların yerini haradan bilirdiniz?
- Nə üçün yalnız sizin çıxışınız itib və sizin bundan xəbərinizin olduğu doğrudurmu?
- İttiham aktı itirilsə də, sizin işi məhkəməyə təqdim etməniz sübut etmirmi ki, təşkilatçıları, yəni erməniləri ört-basdır etmək sizin işinizdir?
- Moskvanın sizə belə yüksək etimad göstərməsinin səbəbi nə idi?
- Nə üçün işdə qaranlıq qalmış məsələləri araşdırmadan məhkəməyə təqdim etdiniz?
- Təşkilatçıların ermənilər və Moskva olduğu indi araşdırmalarda məlum olur. Bəs siz istintaq zamanı təşkilatçıları nə üçün axtarmadınız? Erməniləri ört-basdır etmək üçün?
- İşin istintaqının yarımçıq aparılması prokurorun məsuliyyəti deyil? Axı istintaqı prokuror aparıb başa çatdırdıqdan sonra məhkəməyə təqdim edir.
- Başa çatmamış, tam sübutlar toplanmamış işə görə 4 ölüm hökmü və daha yüksək cəzalar istəmisiniz. Nə üçün? Bu hüquqa zidd deyil?
- Sizin sərt cəzalar tələb etməniz – 4 nəfərə ölüm hökmü istəməniz -ermənilərin sərt cəzalar verilməsi haqda tələblərini yerinə yetirmək istəyinizdən irəli gəlirdi?
- Mənsur İbayevin çıxardığı qərarda qeyd edilir ki, “iş tam araşdırılmayıb və işdə qaranlıq məqamlar var. İş ibtidai istintaqa qaytarılsın”. Siz də Mənsur İbayevdən narazısınız və onu sərt tənqid edirsiniz. Siz onun qərarında nədən narazısınız?
- Mənsur İbayevin çıxardığı qərar sizin hansı planlarınızı pozurdu?
- Mənsur İbayevin qərarı sizə üzərinizə götürdüyünüz öhdəliyi yerinə yetirməyə mane oldu?
Aslan İsmayılov isə çıxışında bu sualların yalnız bir qisminə - məsələnin mahiyyətinə dəxli olmayan hissəsinə cavab verdi. Məlum oldu ki, o, Sumqayıt işinin prokuroru yox, məhkəmədəki dövlət ittihamçısı olubmuş. Nə gözəl, bəs onda düzgün araşdırılmayan işin yenidən ibtidai istintaqa göndərilməsi barədə niyə vəsadət qaldırmayıb? Əksinə, hakim Mənsur İbayevin çıxardığı ədalətli qərara etiraz edib. Hüquqşünas bu suala aydınlıq gətirmək əvəzinə, guya, özünün günahsızlığını təsdiqləmək üçün bu işə Azərbaycan tərəfindən yox, SSRİ Prokurorluğu tərəfindən təyin olunduğunu deyirdi. Halbuki, elə bu etirafın özü bu adamın kimə işlədiyini tam anlamıyla gözlər önünə sərir.
Onun dünənki çıxışı barədə çox uzun-uzadı danışıb dəyərli zamanınızı almaq istəmirəm. Sadəcə Aslan İsmayılovdan yuxarıdakı bütün suallara cavab verməsini gösləyirəm. Səmimi şəkildə hər şeyi etiraf etsə, bu, onun Azərbaycan xalqına ən böyük töhfəsi olar və özünün də dediyi kimi, axirətə alnı açıq, üzü ağ və qorxusuz gedə bilər.
Mürvət Həsənli,
ADAM-ın sədri
Paylaş: