Elçin Qurbanov
Auditorlar Palatasının Hüquq və Qanunvericilik Komitəsinin sədri
Bir neçə gün əvvəl ADAM sədri Mürvət Həsənlinin Musavat.com saytında dərc olunan ““Qardaş, qardaş” deməklə strateji müttəfiqlik olmaz” sərlövhəli məqaləsi xeyli müzakirələrə səbəb oldu. Sosial şəbəkə müzakirələrində müəllifin irəli sürdüyü fikirlərlə razılaşanlar da oldu, ona qarşı çıxanlar da. İqtisadçı olmayanlar belə, məsələnin mahiyyətinə varmadan bu mövzuda fikirlərini yürdür, problemə elmilikdən çox, müəllifə duyduqları münasibətdən çıxış edərək yanaşırdılar. Belə yanaşmalardan biri də tanınmış hüquqşünas Aslan İsmayılova məxsus idi.
Uzun müddətdir ki, Türkiyənin hansısa bir quşçuluq müəssisəsinin nümayəndəsi kimi çıxış edən tanınmış hüquqşünas ixtilafda olduğu iş adamının yazısına münasibət bildirərək, irəli sürülən təklif və iddiaların iki qardaş dövlət arasında nifaq toxumu səpmək məqsədi daşıdığını bildirir, opponentini təhqirə varacaq qədər sərt dillə tənqid atəşinə tuturdu. Doğrusu, bu ittihamları dinlədikdən sonra “nifaq toxumlarını” ayırd etmək məqsədilə sözügedən yazını dəfələrlə oxudum. Amma bu “toxum”ları görmək nəinki mənə qismət olmadı, əksinə, məqalədə Türkiyə haqqında xoş sözlərin deyildiyinin, iki qardaş ölkənin iqtisadi, siyasi, hərbi və strateji müttəfiqliyinin təbliğ edildiyinin bir daha şahidi oldum. Müəllif məqaləsinin müxtəif yerlərində eynilə bu cür yazırdı:
Sitat 1.
“Sözsüz ki, Forumda iştirak edən 16 ölkə arasında bizim əsas güvənc yerimiz də elə Türkiyədir. Nədən ki, Türkiyə dar gün dostumuz, qardaş ölkəmiz, strateji müttəfiqimizdir. Necə ki, Türkiyənin inkişaf etməsi, dünya dövlətləri arasında layiq olduğu yeri tutması bizim gücümüzə güc qatdığı kimi, Azərbaycanın və digər türkdilli dövlətlərin tərəqqisi də Türkiyəni böyüdür, siyasi çəkisini artırır. Deməli, strateji müttəfiq kimi bizlər bir-birimizin böyüməsində, iqtisadi və siyasi cəhətdən öz ayaqları üzərində durmasında qarşılıqlı şəkildə maraqlı olmalıyıq. Bir-birimizin axsayan tərəflərini bərpa etməli, hərbi əməkdaşlıqdan tutmuş iqtisadiyyata, mədəni-mənəvi dəyərlərin qorunmasına qədər bütün sahələrdə əməkdaşlığımızı gücləndirməliyik”.
Sitat 2.
“Bu gün dünyanın bölünməsində Türkiyənin əzmli duruşu da strateji müttəfiqlərinin mövcudluğundan qaynaqlanır. Nə qədər ki bizlər varıq, Türkiyə də öz əzəmətini qoruyacaq. Bizlərin suverenliyi təhlükə altına girərsə, Türkiyə də indiki gücünü itirə bilər. Odur ki, bizim suveren dövlət kimi güclü iqtisadiyyata sahibliyimiz qardaş ölkənin də maraqlarına uyğun olmalıdır”.
Sitat 3.
“Özümüzün ən ağır günümüzdə belə bu investisiyanı (“Petkim” layihəsinə - E.Q.) ona görə dayandırmamışıq ki, biz yalnız Türkiyə ilə bərabər güclü olacağımızı anlamışıq. Hazırda ən azı 20 milyard dollarlıq sərmayə yatırdığımız bu layihə bizim kimi kiçik dövlətlərin böyük fədakarlığı deməkdir. Təkcə onu xatırlatmaq kifayətdir ki, Azərbaycanın xarici valyuta fondu 40 milyard dollar civarındadır. Dar gün üçün saxladığı sərmayənin yarısı qədər vəsaiti yalnız qardaş dövlətlər bir-birinə yatıra bilərlər”.
Sitat 4.
“Biz neft-kimya sahəsindəki təcrübələrimizi Türkiyənin xeyrinə yönəltdiyimiz kimi, onların da aqrar sahədəki təcrübələrini öz kənd təsərrüfatı sahəmizə tətbiq etmək istəyirik”.
Sitat 5.
“Bu ( Azərbaycanın aqrar sektoruna investisiya qoyuluşu – E.Q.) həm də strateji ortaqlığımızın da ən mühüm predmetinə çevrilər, Azərbaycan-Türkiyə əlaqələri daha möhkəmlənər və adına nə deyəcəyimizdən asılı olmayaraq, birgə ittifaqların təməlləri qoyular”.
Sitat 6.
“Əks halda, Türkiyənin bu yerini başqaları doldura və nəticədə hər iki qardaş ölkə itirə bilər” və s.
Yuxarıda da göründüyü kimi, yazıda Türkiyə-Azərbaycan müttəfiqliyinin əsasları göstərilir, hər iki dövlətin iqtisadi inkişaf sahəsində bir-birinə yardım etməsi arzulanır və bununla da qardaş ölkələrin daha sarsılmaz ittifaqının yaradılmasının zəruriliyi irəli sürülür. Yeri gəlmişkən, qeyd edilməlidir ki, son yüzilliyin hər bir anında siyasi mövqeyindən asılı olmayaraq, heç bir Azərbaycan türkü Türkiyə ilə münasibətlərimizin pozulmasında maraqlı olmayıb, əksinə, hətta öz itkilərimiz hesabına Türk dünyasının yeganə şanslı üzvü kimi Türkiyənin ayaqda qalmasına çalışıb. Bu gün kommunist olduğu üçün bir çoxlarımızın bəyənmədiyi Nəriman Nərimanov belə Türkiyənin Qurtuluş savaşına ən böyük dəstəyi verən şəxsiyyətlərdən olub. Məlumata görə, N.Nərimanov 1920-ci ildən sonra Moskva qarşısında məsələ qaldıraraq, Qərb imperializminə qarşı ölüm-qalım mübarizəsi aparan Türkiyəyə Azərbaycandan və Orta Asiyadan topladığı 10 ton qızıl, xeyli miqdarda Bakı nefti, texniki və hərbi avadanlıqlar göndərib. Qardaş ölkənin qlobal imperializm üzərində qələbəsində bu yardımların da xüsusi rolu olub və Türkiyə insanları bunu indiyədək böyük şükranla xatırlayırlar.
ADAM sədrinin Türkiyə barədə dilə gətirdiyi fikirlər də qardaşlıq əlaqələrinin güclənməsinə, hər iki dövlətin bir-birinə söykənərək beynəlxalq iqtisadi rəqabətə duruş gətirməsinə çağırışdan başqa bir şey deyil. Həqiqətən də yaranmış şəraitdən faydalanan hər iki dövlət yalnız bu yolla böyümə və müstəqil qalma hədəflərini reallaşdıra bilərlər. Zəif Türkiyə Azərbaycan üçün nə qədər ən güclü hamisini itirmək deməkdirsə, öz ciddi aqrar potensialı olduğu halda, ərzaq məhsullarında belə idxaldan asılı Azərbaycan da Türkiyə üçün bir o qədər zəif tərəfdaşdır. Tərəfdaşı, strateji müttəfiqi zəif olan ölkə isə heç bir zaman dünya dövlətləri arasında öz layiqli yerini tuta bilməz. Məhz bu səbəbdəndir ki, soyuq müharibə illərində dünyanın ən qüdrətli dövlətləri əks qütbə qarşı zəif tərəfdaşlarını gücləndirir və geopolitik yarışın qalibi olmağa səy göstərirdilər. ABŞ-ın bu müharibədən qalib çıxmasının başlıca səbəbi də “Marşall” planları ilə öz müttəfiqlərini gücləndirmək olmuşdur.
Üstəlik, məqalədə də qeyd olunduğu kimi, Azərbaycanın bu gün neft ixracatına söykənərək ayaqda durmaq imkanları yox dərəcəsindədir. Ölkəmiz qısa müddət ərzində qeyri-neft sektorunu inkişaf etdirməsə, Cənubi Qafqazın ən çarəsiz dövlətinə çevriləcək və tədricən torpaqlarını, beynəlxalq nüfuzunu, ən nəhayət, müstəqilliyi itirəcək. Kraldan çox kralçılıq edənlərdən fərqli olaraq, Türkiyə dövlətinin belə bir arzusu yoxdur, ola da bilməz. Odur ki, qardaş ölkə də Azərbaycanın qeyri-neft sektorunun inkişafı proyektlərini dəstəkləməli və bu sahədə əlindən gələni əsirgəməməlidir. Yəqin ki, əsirgəmir də.
Hüquqşünas Aslan İsmayılovun Azərbaycanın bir iş adamının öz aqrar sektorumuzun inkişafı barədə arzularını türkçülüyə xəyanət kimi qiymətləndirməsini də anlamaq olmur. Ən azı ona görə ki, türkçülük hələ Türkiyəçilik demək deyil. Bu siyasi nəzəriyyənin formalaşmasında Anadolu insanları qədər xidmətləri olmuş Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələnməsi nəinki türkçülüyə zidd deyil, əksinə, onun başlıca hədəflərindəndir. Sözügedən nəzəriyyənin təməl daşlarını atan Ziya Gökalp “Türkçülüyün əsasları” əsərində də qeyd etdiyi kimi, bu ideyanın başlıca qayəsi bütün Türk dünyasının inkişafı və iqtisadi, siyasi, hərbi ittifaqlar qurmasıdır. Z.Gökalp Turançılığı öz nəzəriyyəsinin son hədəfi kimi göstərsə belə, bu hədəfə gedən iki təməl prinsip üzərində xüsusi olaraq dayanmışdır. Bunlardan biri yaxın türk boyları arasındakı birliklər, digəri isə regional hədəflərdir. Azərbaycan, Türkiyə, Türkmənistan üçün yaxın türk boyları arasındakı birlik Oğuzçuluq, regional hədəf isə öz yerli dövlət maraqlarıdır. Yəni Azərbaycan türkü üçün Azərbaycançılıq, Türkmənistan üçün Türkmənistançılıq, Türkiyə üçün Türkiyəçilik, özbəklər üçün Özbəkistançılıq və s. kimi prinsiplər fundamental dəyərlərdir. Bu mənada öz dövlətinin iqtisadi maraqlarını dilə gətirən Mürvət Həsənli, Azərbaycanda yaşadığı halda Türkiyəçi kimi çıxış edən Aslan İsmayılovdan daha türkçü, daha vətənpərvər, daha milli təfəkkür əhli kimi görünür.
Son olaraq onu vurğulamaq istərdim ki, öz şəxsi ambisiyalarını dövlət maraqları kimi təqdim etmək ziyalıya yaraşmır. Ziyalı adlanan şəxs hətta düşməninin belə haqq sözünü qəbul etməli, fərdi ambisiyalarını milli maraqlardan üstün tutmamalı, əksinə birincini digərinə qurban verməyi bacarmalıdır. Nə yazıq ki, Aslan İsmayılovun Mürvət Həsənliyə qarşı mövqeyində bunun tam əksini müşahidə edirik. Hüquqşünas öz şəxsi mənafeyi naminə iş adamının haqlı mövqeyini təhrif etməkdən belə çəkinmir, fürsətdən istifadə edib rəqibinin fikirlərini siyasiləşdirərək, ona qurşaqdan aşağı zərbələr endirməyə çalışır. Bu yerdə İmam Əlinin bir aforizmi yada düşür: “Fikrin kim tərəfindən deyilməsinə yox, fikrin özünə qiymət verin”. Məncə, əsl ziyalı mövqeyi də belə olmalı və ən azı, milli məsələlərdən fürsətçilik üçün faydalanılmamalıdır.
Paylaş: