Mübariz Mənsimov son vaxtlar Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə görə yerli məmurlar tərəfindən ona edilən xəbərdarlıq nəsihətlərinə sərt cavab verib.
Azərbaycan 24 onun fikirlərini olduğu kimi təqdim edib:
”Bu gün bir azərbaycanlı məmur yanıma gəlmişdi. Sözünün məğzi bu idi ki, rüşvəti, yalanı görməyin, danışmayın. Yəni, görmə, duyma, danışma. Bu günə qədər olmayıb, ancaq bu yazdıqların sənə Azərbaycanda düşmən qazandıracaq.
Dedim ki, üzərimə topla gəlsəniz, nə olacaq? Gülüb, keçəcəm. Sözlərinə çox gülməklə bərabər bir şeyi anladım ki, Allah birisinin bəsirətini bağlayanda ancaq belə olur. Şərəfli həyat varkən, sırf kreslonu qorumaq naminə edilənlərə göz yumursansa, bu qorxaq həyatı yaşamağın nə mənası var? Mən 90-cı illərdə “Palmali”ni qurarkən də çox belələrinə rast gəldim. Onların gözü qorxa bilər, ancaq dənizçilər fırtınadan qorxmaz. Biz qorxmadıq və bu gün alnıaçəq, üzüağ millətimizin xidmətindəyik.
Dünən nə demişiksə, bu gün də eyni mövqedəyik. Dünən də açıq dənizlərdən, okeanlardan qorxmadıq, sabah da qorxmadan haqqı deməyə davam edəcəyik.
Hər kəs öləcək, kimsə bu dünyadan yapışıb qalmayacaq. Ancaq öldükdən sonra kimisinin arxasından lənət, kimisinə isə rəhmət oxuyacaqlar. Çalışaq, hər birimizin arxasından rəhmət oxunsun.
O məmurun məsləhəti mənə İmadəddin Nəsiminin bu beytini xatırlatdı:
Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar,
Gör bu miskin aşiqi sərpa soyarlar ağrımaz..
Məncə, kimsə haqqdan qaçmamalıdır. Çünki hər birimizin bir gün Haqq günü olacaqdır.