Xəbər lenti

 Azərbaycanın ən ciddi problemlərindən biri də parçalanmışlığıdır. Bütün əhalisi böyük bir şəhər qədər olmayan bu ölkədə onlarla siyasi təşkilat var və heç birinin digəriylə sözləri düz gəlmir. Bəzən bir partiya liderinin söylədiyi ən adi həqiqət belə, digərinin üzvləri tərəfindən süngüylə qarşılanır. Bu qərəzli mövqelər isə ilk baxışdan nə qədər fikir müxtəlifliyi kimi görünsə də, həqiqi plüralizm sayıla bilməz. Plüralizm hər şeydən öncə fərqli fikrə hörmət deməkdir. Başqa biri tərəfindən söylənən eyni həqiqətlərə sırf özgə dillə etiraf olunduğu üçün qarşı çıxmaq nə demokratik, nə də mənəvi dəyərlərə sığar. Həzrət Əli demişkən, “sözün kim tərəfindən deyildiyinə yox, sözün özünə qiymət vermək” lazımdır.

Bu mənada son parlament seçkilərində liderlərinin sözləri çəp gəldiyi üçün münasibətləri soyuyan iki partiyanın –ADP və BAXCP-ni bir-birinə yaxınlaşdıran addımlar günün ən xeyirli tələbinə çevrilmişdi. Sözsüz ki, bu alicənab addım həmin partiyaların üzvləri tərəfindən atılmalı idi. ADP-nin mətbuat katibi Nurəddin İsmayılın BAXCP sədri Qüdrət Həsənquliyevin bir müsahibəsi üçün söylədiyi xoş sözlər də bu alicənablığın ifadəsidir. Könül istərdi ki, ölkənin digər təşkilat və partiyaları da bu nümunəni əxz edib bənzər addımlar atsınlar. Bizim milli birliyə, demokratik qüvvələrin həmrəyliyinə təşnə olan Vətənimizdən başqa bölüşə bilmədiyimiz heç nə yoxdur.

ADP-nin Mətbuat katibi Nurəddin İsmayılın redaksiyamıza göndərdiyi məktubu Ovqat.com oxucularına təqdim edirik.

 

“Tanınmış jurnalist H.Oğuzun BAXCP sədri Q.Həsənquliyevdən aldığı müsahibə təmsil olunduğum partiyanın zaman-zaman hakimiyyət qarşısında qaldırdığı məslələrlə üst-üstə düşməsi baxımından diqqətimi cəlb etdi. Təqdirəlayiq, ictimai-siyasi, sosial-iqtisadi sferanın bütün spektrlərini əhatə edən, qərəzdən, patoloji düşüncədən uzaq müsahibədir. İstər sualların qoyuluşu, istərsə də cavablandırmalar yerli-yerindədir və yaşadığımız ictimai mühitin problemləri bu müsahibədə əksini tapıb.

Düzünə qalsa, parlamentdə təmsil olunduğundan Qüdrət bəyin mövcud reallıqları hakimiyyətdə qıcıq doğuracaq qədər açıq formada dilə gətirəcəyinə inanmırdım. İslahatların, demokratik dəyişilmələrin vacibliyinin, qaçılmaz olduğunun vurğulandığı müsahibə Qüdrət bəyin hazırkı siyasi mühiti düzgün qiymətləndirməsindən və uzun illər topladığı praktikadan soraq verir.

Deputat köhnə idarə metodlarının ölkənin inkişafında başlıca maneə çevrildiyini, başladılan struktur və kadr islahatlarının bu manelərin aradan qaldırılmasında mühüm rol oynaya biləcəyini qeyd edir. Gündəmə gətirilən ağrılı problemlər günümüzlə səsləşir.  Haqlı olaraq göstərilir ki, münbit şəraiti, potensial imkanı, yararlı əkin sahələri olan aqrar bir ölkə nəyə görə zərurət olmadan xaricdən baha qiymətə kənd təsərrüfatı məhsulları almalıdır? Sadəcə Azərbaycanda azad bazar iqtisadiyyatının, orta və kiçik biznesin, fermer təsərrüfatının inkişafına stimul verməklə bu problemləri həll etmək mümkünsə, niyə də edilməsin və istehlakçılarımızın mənafeyi qorunmasın? Rentabelsiz bir çox sahələrin özəlləşdirilməsi, əlbəttə, həmin müəssisələri dövlətin belinə yük olmaqdan xilas etməklə yanaşı yaradıcılığın, təşəbbüskarlığın genişlənməsinə və yeni iş yerlərinin açılmasına səbəb olduğu düzgün izah edilir.

Müsahibin məhkəmə sistemində edilməsi gərəkən dəyişiklilər barədə təklifləri də önəmlidir və neçə ki, hakimlər icra orqanlarının asılılığından qurtarmayıb, onların müstəqilliyindən, həqiqətən, söhbət gedə bilməz.

Hakimiyyətin üçüncü və vacib qanadı olan qanunverici orqanın işlək vəziyyətə gətirilməsi, tərkibinin təkcə YAP-yönümlülülərdən deyil, proporsonal və mojaritar seçki sisteminə uyğun olaraq müxalif kəsimlərin də yer aldığı, fraksiyaların, alternativ fikir və layihələrin sərbəst ifadə olunduğu bir məclis halına gəlməsinin vacibliyi ölkədə təkhakimiyyətliyin aradan qaldırlıması üçün əsas şərt olaraq qeyd edilir. Dövlət qurumlarında, nazirliklərdə, ictimai nəzarəti təmin etməli olan orqanlarda, mərkəzi və yerli seçki komissiyalarında da müxalif düşərgəyə yer verilməsi düzgün tövsiyyə edilir.

Dövlətin iqtisadi əsaslarını sarsıdan, beynəlxalq nüfuzuna zərbə vuran korrupsiya və rüşvətxorluğun qarşısının alınması üçün mövcud idarəetmənin dəyişdirilməsi, ayrı-ayrı klanlar tərəfindən nə qədər müqavimət göstərilməsinə baxmayaraq, bu rüsvayçılığın aradan qaldırlması üçün siyasi iradə nümayiş etdirlməsinin önə çəkilməsi müsahibədə əsas çağrışlardan biridir. 

Vətəndaş cəmiyyəti institutlarının, KİV-in demokratik cəmiyyətdə müstəsna rolunun diiqətə çəkilməsi dövlətin hər sahəyə total nəzarətinin aradan qaldırılmasına, siyasi plürallığın təmin edilməsinə istiqamətində verilən mesajlardır.

Müəllifin gəldiyi qənaətlərdən biri də odur ki, siyasi sahələrdə demokratik dəyişikliklər etmədən iqtisadi sahədə atılan cari addımlar effektsiz olacaq. Müsahibə bütövlükdə cəmiyyətin bütün sahələrində inkişafa yol açan geniş islahatların keçirilməsi, daxili sabitliyin qorunması, xarici siyasətin perspektiv təməllərə söykənməsi, vətəndaş həmrəyliyinin gücləndirilməsi, ölkənin hərbi qüdrətinin artırılması, idarə etmənin təkmilləşdirilməsi, Qarabağ probleminin həllində daha qətiyyətli və rasional addımların atılması kimi tezisləri özündə əks etdirir.

Nurəddin ismayıl

24.01.2018




Ana səhifəyə qayıt        Baxış: 818          Tarix: 24-01-2019, 21:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma