Xəbər lenti

  

“Qara günə qoyulan qara metallurgiyamız” silsiləsindən

III yazı

İnformasiyaların təhlili göstərir ki, dəmir monopoliyası yalnız daxili və xarici rəqiblərinin məhsulları barədə yanlış xəbər yaymaqla qalmamış, həm də müxtəlif beynəlxalq araşdırma təşkilatlarının müəssisələr haqqında verdiyi yekun rəyi saxtalaşdırmaqla məşğul olmuşlar. Görünür, məqsəd təkcə istehlakçıları yox, həm də ölkə rəhbərliyini aldatmaq olduğundan bu metodlara əl atılmış, beləcə, inhisarçı maraqlar naminə Azərbaycanın ağır sənaye quruculuğu strategiyasına ağır zərbə vurulmuşdur. Bu bəd niyyətin həyata keçirilməsində metal monopoliyasına hakimiyyət dairələrindəki himayədarları ilə yanaşı, ölkənin nüfuzlu media quruluşları da yaxından kömək etmişlər.

Metallurgiya sənayesi və dövlət müstəqilliyi

Halbuki, qara metallurgiya sənayesinin inkişafı istər indiki prezident İlham Əliyevin, istərsə də onun sələfi mərhum Heydər Əliyevin ən mühüm iqtisadi strategiyası olmuşdur. Hətta 2001-ci ildə “Baku Steel Company”nin açılışı mərasimində mərhum ölkə başçısı qara metallurgiyanın inkişafını ölkəmizin dövlət müstəqilliyinə bərabər tutaraq demişdir:

Metallurgiyanın dirçəldilməsi və inkişafı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması üçün vacib olan dövlət əhəmiyyətli strateji məsələdir. Bu məsələnin həlli üçün respublikamızın dünya ölkələri ilə iqtisadi əlaqələr yaradılmasına imkan verən əlverişli coğrafi mövqeyi, zəngin enerji və material ehtiyatları, 160 ildən çox tarixi olan metallurgiya sənaye təcrübəsi vardır. Xüsusən müasir dövrümüzdə metallurgiyanın inkişafı ardıcıl, elmi cəhətdən əsaslandırılmış siyasətlə aparılır”.

 

Mərhum ölkə başçısının bu sözlərindən də göründüyü kimi, o, dövlət müstəqilliyimizin qorunub saxlanılmasının vacib amillərindən biri kimi gördüyü metallurgiyanın inkişafını həm də sənayeləşmənin təməl hədəflərindən biri olaraq qəbul edirdi. Bu da səbəbsiz deyildi. Heydər Əliyevin də dediyi kimi, Azərbaycanın bu sahədə həm 160 illik təcrübəsi, metal istehsal edəcək savadlı kadrları və ən əsası zəngin dəmir filiz yataqları var. Hətta sovet hakimiyyəti illərində belə, Azərbaycan özünün ağır və maşınqayırma sənayesi ilə tanınırdı.

Təsadüfi deyil ki, mərhum Heydər Əliyevdən miras qalan bu iqtisadi inkişaf strategiyası onun siyasi varisi tərəfindən də əxz edilmiş, İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən ağır sənayenin inkişafına xüsusi diqqət ayırmağa çalışmışdır. İndiki ölkə başçısının xüsusilə ikinci və üçüncü prezidentliyi dövründə bu sahənin inkişafı üçün əlindən gələni əsirgəmədiyini etiraf etməmək ədalətsizlik olardı. Prezidentin 2014-ci ili “sənaye ili” elan etməsi, ondan bir il qabaq, yəni 2013-cü ildə “Azərbaycan Polad İstehsalı Kompleksi” adlı qurum yaratması da, görünür, bu strateji hədəflərdən irəli gəlirdi. 2014-cü ilin 10 Yanvar tarixində Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında İlham Əliyevin dilə gətirdiyi bu fikirlər də iddiamızı təsdiqləyr:

“2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Bu, perspektivli bir sahədir. Xüsusilə nəzərə alsaq ki, metallurgiya sənayesinin inkişafı üçün bizdə kifayət qədər yerli xammal, təbii resurslar vardır. Müasir metallurgiya kombinatının tikintisi, əlbəttə ki, çox böyük bir nailiyyət olacaqdır. Hesab edirəm ki, bu il bu sahəyə xüsusi diqqət yetirilməlidir”.

Göründüyü kimi, Azərbaycanın son 27 il ərzində əsas siyasi iradəsi olan hər iki lider ölkəmizdə mettallurgiyanın inkişafını iqtisadi inkişaf strategiyamızın əsas hədəfi kimi görmüş və bu istiqamətdə mühüm addımlar atılmışdır. Atılan ilk addımlardan biri isə Türkiyənin Uludağ universitetinin ən nümunəvi məzunlarından olan Samir Cəfərovun Azərbaycan Polad İstehsalı Kompleksinin rəhbəri vəzifəsinə gətirilməsi olmuşdur. İnsafən, Kompleksə rəhbərlik etdiyi müddətdə xeyli ciddi işlər görən Samir Cəfərovun sədrliyi uzun sürməmiş, metal monopoliyasının məqsədyönlü fəaliyyəti sayəsində cəmi ilyarımdan sonra o, gözdən salınaraq, vəzifədən uzaqlaşdırılmışdır. Beləcə, mərhum Heydər Əliyevin müstəqilliyimizin qarantı hesab etdiyi metallurgiyanın inkişafı strategiyası yarımçıq qalmış, ölkədən və yaxın regionlardan yığdığı dəmir qırıntılarına ümid bağlayan “Baku Steel Company”ni rəqabətdə daxili və xarici rəqiblərinə uduzmağa başlamışdır. Uduzan hər dəcəl uşaq kimi o da məğlubiyyətinin bədəlini “cığallıq”la ödəmişdir.  

 

Rəsmi sənədlər necə təhrif olundu?

Yuxarıda da qeyd etdiyimi kimi, metal monopoliyasının “cığıllığ”ından biri də rəsmi sənədləri ya təhrif, ya yanlış şərh edərək, həm ölkə ictimaiyyətini, həm də rəhbərliyini aldatmaq olmuşdur.  Bunun ən bariz nümunəsini Yaponiyanın “Marubeni Protechs Corporation”ın Daşkəsən dəmir-filiz yataqları barədə hesabatının təhrif olunmasında görə bilərik. Hesabat tam olaraq ictimaiyyətə açıqlanmasa da, onun bəzi detalları barədə metal monopoliyasının sözçüsünə çevrilən Haqqin.az və Virtualaz.org saytında müəyyən məlumatlar getmiş və xeyli şübhə doğuran həmin məlumatlar tamamilə metal monopolistlərinin xeyrinə şərh olunmuşdur. Bütün bunlara baxmayaraq, təhrif olunan həmin məlumatların əsas informativ dəyəri ondadır ki, dəmir monopoliyası, bəlkə eyni arqumentlə ölkə rəhbərliyini də çaşdırmış və bu yolla “Daşkəsən Filizsaflaşdırma” ASC-nin fəaliyyəti iflic vəziyyətə salınmışdır.

I təhrif: Maya dəyəri

Ekspertlərin qənaətinə görə, Virtualaz.info saytının 29 iyun 2015-ci il tarixli buraxılışında dərc olunan “Daşkəsənin dəmir filizi: milyardlarla dollar risk altında” sərlövhəli yazıda ən ciddi təhrif Daşkəsən yataqlarından hasil olunacaq filizdən hazırlanacaq metalın maya dəyəriylə bağlıdır. Məqalənin iddiasına görə, “Marubeni Protechs Corporation” guya hesablayıb ki, ASPC-in (Azərbaycan Polad İstehsalı Kompleksi-H.O.) istehsal edəcəyi armaturun 1 tonunun maya dəyəri 434 dollar təşkil edəcək. Rusiyanın konsaltinq şirkətlərinin apardığı bazar araşdırmalarına görə isə, hazırda bu ölkədə 1 ton armaturun topdansatış qiyməti heç 420 dollar da deyil: “Deməli, Azərbaycan armaturunun Rusiyaya satılmasına bəri başdan ümid bağlamağa dəyməz”.

 

Ekspertlər bu iddianı şübhə altına alırlar. Onların fikrincə, heç bir ciddi konsaltinq şirkəti bu cür proqnoz verə bilməz. Çünki bu, onların araşdırma sahəsinə aid olmayan mövzudur. “Marubeni Protechs Corporation” şirkətinin 23 aprel 2014-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyi ilə bağladığı müqavilə şərtlərində də belə bir nüans nəzərdə tutulmayıb. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müqaviləyə əsasən, "Marubeni Corporation" şirkəti (Şirkətin adı rəsmi xəbər agentliyi AzərTAC-da belə gedib-H.O.) Gəncə və Daşkəsəndə dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin yaradılması ilə bağlı Azərbaycan tərəfinə məsləhət xidməti göstərəcək:

“Sənədə uyğun olaraq, "Marubeni Corporation" bu sahədə Azərbaycanda xammal bazasını araşdıracaq, dəmir filizi hasilatı və polad istehsalında müasir texnologiyaların tətbiqi, istehsal oluna biləcək məhsulların çeşidi barədə təkliflər verəcək, ölkə və region üzrə, eləcə də perspektivli hesab olunan digər bazarları təhlil edəcəkdir”.

Əslində isə, əldə etdiyimiz məlumatlara əsasən, sirr kimi saxlanılan hesabatda Daşkəsən yataqlarının rentabelliyi barədə rəy verilib. İqtisadiyyat və Sənaye Nazirliyinin Azərbaycan Polad İstehsalı Kompleksi ilə birgə apardığı araşdırmalarda isə yataqlardan çıxarılan filizlərin işlənməsi nəticəsində əldə olunacaq 1 ton məhsulun maya dəyərinin heç 200 dollara çatmayacağının proqnozlaşdırıldığı iddia olunur. Nə yazıq ki, xəbərini etibarlı mənbədən aldığımız bu araşdırmanın nəticələri barədə hər hansı rəsmi xəbəri tapmaq bizə müəyyəssər olmadı. Əgər iddialar doğrudursa, metal monopoliyasının Daşkəsən yataqlarından çıxarılacaq filizdən alınması nəzərdə tutulan məhsulun maya dəyərini 2 dəfədən artıq şişirtdiyi ortaya çıxır.

Rəsmi informasiya kanallarında dərc olunan bəzi məlumatlar da rentabellik iddialarını təsdiqləyir. Məsələn, 2015-ci ilin iyun ayında Azərbaycan Polad İstehsalı Kompleksinin keçmiş sədri Samir Cəfərov işdən uzaqlaşdırıldıqdan sonra “Baku Steel Company”nin atdığı ilk addım “Marubeni Protechs Corporation” şirkətilə görüşmək olub. Yenə AzərTAC-ın 17 sentyabr 2015-ci il tarixli məlumatına görə, tərəflər “Azərbaycan metallurgiya sənayesinin perspektivləri, Daşkəsən filizinin emalı və istifadəsi haqqında müzakirələr” aparıblar. Əgər doğrudan da, Daşkəsən yataqları rentabelli deyildisə, neçə ay  əvvəl mənfi rəyi verən şirkətlə eyni mövzunu yenidən müzakirəsinə nə ehtiyac var idi?

II təhrif: Filizin tərkibi

“Marubeni Protechs Corporation”ın hesabatında təhrif olunan digər xüsus filizlərin tərkibi ilə bağlıdır. 1993-cü ildə Daşkəsən filiz kombinatı işini dayandırana qədər şaxta üsulu ilə hasil edilən filizdə dəmirin səviyyəsinin 40 faizdən 25 faizə qədər endiyini xatırladan məqalə müəllifinin iddiasına görə, “Marubeni Protechs Corporation” guya qeyd edib ki, “müstəqil araşdırmalar nəticəsində yeni metallurgiya zavodunu uzun müddət təchiz edə biləcək həcmdə xammal ehtiyatları aşkarlanmaya bilər”. Halbuki, rəsmi statistik məlumatlar Azərbaycan Polad İstehsalı şirkətinin hələ 2015-ci ilin aprelində tərkibi istehsala tam cavab verən dəmir filizi çıxarıldığını göstərir. Həmin ilin 23 aprelində AzərTac-ın yaydığı bir xəbərdə deyilir:

““Daşkəsən Filizsaflaşdırma” ASC Azərbaycanda ilk dəfə olaraq dəmir filizi konsentratının keyfiyyətinin 65 faizə qədər yüksəldib”.

Xəbərdə o da vurğulanır ki, Azərbaycan Polad İstehsalı Kompleksinin struktur vahidi olan “Daşkəsən Filizsaflaşdırma”ya Rusiyanın “Elekrtostal Ağır Maşınqayırma Zavodu”ndan istehsal prosesində istifadə olunan müasir avadanlıqlar və ehtiyat hissələri alınıb: “Avadanlıqların hesabına kombinatda olan istehsal prosesləri müasirləşdirilir. Görülən işlərin nəticəsində istehsal olunan dəmir filizi konsentratının tərkibinin keyfiyyəti yüksəlir, eyni zamanda müəssisənin istehsal gücü artırılır. İlin sonunda kombinatın istehsal gücü 700 min tona çatdırılacaq. Gələcəkdə kompleksin 1,7 milyon ton dəmir filizi konsentratına ehtiyacını təmin etmək üçün istehsal mərhələli şəkildə artırılacaq”.

 

Elədirsə, nüfuzlu xarici şirkətin “rentabelsiz olduğunu ortaya çıxartdığı” yataqlara bu qədər xərclər niyə çəkilirdi? Bu suala qaneedici cavab verilmədikcə, yapon şirkətinin məlum hesabatı üzərində əmələ gələn şübhə buludu da dağılmayacaq.

Bir sözlə, metal monopoliayasının “Marubeni Protechs Corporation” şirkətinin hesabatını təhrif edərək, ölkə ictimaiyyətini və rəhbərliyini çaşdırmağa çalışdığı bir zamanda “Daşkəsən Filizsaflaşdırma” müəssisəsi özünün ən parlaq hasilat dövrünü yaşayırdı. Nəzərə alsaq ki, bu yataq keçmiş SSRİ-nin ən zəngin dəmir ehtiyatı müəssisəsi sayılırdı və o zaman çıxarılan filizin sadəcə 60%-i dəmir idi, 65%-lik göstərici ilə Azərbaycan metallurgiyasının Rusiyadakı həmkarlarına uduzacağı şübhəli görünür. Elə bu faktın özü də sözügedən hesabatın təhrif edildiyini bir daha sübut edir.

III təhrif: Şişirdilmiş investisiya miqdarı

Rəyini soruşduğumuz mütəxəssislərin təsbit etdiyi digər təhrif qara metallurgiya kompleksinin yaradılmasına sərf ediləcək investisiya ilə bağlıdır. Virtualaz.info-da dərc olunan məlum məqalədə deyilir:

“Daşkəsəndə filiz hasilatına, filizsaflaşdırma kombinatının yenidən qurulmasına və digər işlərə 1,8 milyard dollar investsiya tələb olunur. İldə 1 milyon ton istehsal gücünə malik metallurgiya zavodunun tikintisi isə 2,7 milyard dollar lazımdır. Yəni söhbət kifayət qədər ciddi investisiyadan gedir”.

Müəllifin üst-üstə 4.5 milyard dollara yüksəltdiyi bu maliyyə hesabatını hardan çıxartdığı bəlli deyil. Bizim etibarlılığına şübhə etmədiyimiz qaynaqlardan aldığımız məlumatlarda isə bundan dəfələrlə aşağı həcmdə investisiyadan söhbət gedir. Məlumata görə, ildə 1 milyon ton dəmir almaq üçün qurulması nəzərdə tutulan filizsaflaşdırma kompleksinə üst-üstə 1.5 milyarddan az investisiya qoyulmalıdır. İddia olunur ki, Azərbaycan Polad İstehsalı Kompleksinin hazırladığı iş proqramında nəzərdə tutulan məbləğin 50-70 milyonu Daşkəsəndəki filiz yataqlarına, 15 milyonu isə Quşçu-Gəncə dəmiryolunun yenidən bərpasına gedəcəkdi. Gəncədə açılması nəzərdə tutulan zavodlara isə 1.2 milyard dollar həcmində investisiya qoyulması tələb olunurdu və bu investisiyalar iki mərhələdə həyata keçiriləcəkdi. İlk mərhələdə dəmir filizini birbaşa reduksiya edən zavoda alman isehsalı olan “Midnex” tipli avadanlıq alınmalı idi. Bu avadanlığın alınması və quraşdırılması 600 milyon dollara başa gələcəkdi. İkinci mərhələdə inşa olunacaq polad emalı zavodlarına da eyni şəkildə 600 milyon kapital qoyuluşu nəzərdə tutulurdu.

Mütəxəssislərin rəyinə görə, hansısa nazirin bir neçə ildə mənimsədiyi vəsait qədər olan bu məbləğ ildə bir milyon ton dəmir istehsal edən zavodların qurulması üçün kifayət idi. Həmin proqram həyata keçiriləcəyi təqdirdə Azərbaycanda dəmir məmulatlarının maya dəyəri 200 dollardan aşağı olacaq və metallurgiya sənayesinə yatırılan investisiyalar uzaqbaşı bir il ərzində geri qayıdacaqdı.

Sual oluna bilər: “Baku Steel” və onun timsalında metal monopoliyası faktiki olaraq özünün də daha ucuz saf metalla təmin olunması mənasına gələn bu layihəyəyə niyə qarşı çıxır, “qara piar” kampaniyaları ilə mərhum Heydər Əliyevin müstəqiliyimizin qarantı hesab etdiyi ağır sənayenin inkişafı strategiyasını dayandırmağa çalışırdı?

 

İnhisarçı maraqlar, yoxsa imperialist hədəflər?

Mütəxəssislər bunun başlıca səbəblərindən birini inhisarçı maraqlarla əsaslandırırlar. Onların bildirdiyinə görə, Daşkəsən dəmir filizi yataqları yalnız başına heç bir iqtisadi anlam ifadə etmir. Ora investisiya qoyan istənilən şirkət filizi reduksiya etmədən və dəmir külçəyə çevirmədən uzağı 40-50 dollara sata bilərdi. Necə ki, SSRİ dövründə bu yataqdan çıxarılan filizlər Gürcüstanın Rustavi Metallurgiya Zavoduna, “Gürcüstankömür” İstehsalat Birliyinə və Bakı Ağırlaşdırıcılar Zavoduna göndərilir, nəticədə qara iş bizə, yağlı tikə gürcülərə qalırdı, heç bir ağlı başında olan xarici investor həmin vəziyyətə düşmək istəməzdi. Filiz yataqlarından dəmir emalına qədər metallurgiya kompleksinin yaradılması isə ölkədə ikinci monopolist gücün ortaya çıxması demək idi. Bu da “Baku Steel”-in dəmir monopoliyasını əldən verməsi mənasına gəlir. Görünür, elə bu səbəbdən də 2015-ci ildən özəlləşdirməyə çıxarılan “Daşkəsən Filizsaflaşdırma” müəssisəsinə tamah salan xarici sadəlövhü indiyədək tapmaq müşkülə çevrilib. Hökumət məcburən onlara metallurgiya kompleksi qurmağı vəd etsə də, buna yerli metal monopoliyası imkan vermir.

Bizim fikrimizcə isə, digər səbəblərdən biri qara metallurgiyanın həqiqətən də Azərbaycanın müstəqillik qarantı olması ilə bağlıdır. Belə ki, indiyədək yalnız neft və ehtiyatları ilə ayaqda durmağa çalışan ölkəmiz iqtisadiyyatını şaxələndirmədən müstəqilliyini də uzun müddət davam etdirə bilməz. Ölkəmizdə yaradıla biləcək əsas qeyri-neft sektorlarından biri də ağır sənayedir. Azərbaycanın dəmir filiz ehtiyatları isə ona 100 il  qədər böyük həcmdə xarici kapital gətirə, bunun əsasında isə ciddi metallurgiya sənayesi qurula və yan sektorlar inkişaf etdirilə bilər. Deməli, doğrudan da, məsələyə mərhum Heydər Əliyevin məntiqilə yanaşsaq, ölkəmizin ağır sənayesinin inkişafına vurulan zərbə əslində müstəqilliyimizə edilmiş qəsddir və bu yerdə xarici imperialist maraqların “quyruğu” görünür.

(ardl var)

Heydər Oğuz,

“Hürriyyət”




Ana səhifəyə qayıt        Baxış: 1 306          Tarix: 5-02-2019, 00:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma