Xəbər lenti

 

BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevlə Naxçıvan Muxtar Respublika rəsmiləri arasında son vaxtlar soyuq yellərin əsməsi müxtəlif suallara yol açır: Bu kəskin polemikalar hakimiyyətdaxili ziddiyyətlərin inikasıdırmı? Naxçıvan rəhbərliyinin deputatdan gözləntisi nədir və Qüdrət Həsənquliyev hansı məqamlarda bu gözləntilərə qaneedici cavab verməyib?

Hər kəsi maraqlandıran bu və bənzər suallarla BAXCP sədrinin mövqeyini öyrənməyə çalışdıq. Bəri başdan qeyd edirik ki, jurnalist tərəfsizliyi və həqiqətlərin gün üzünə çıxması naminə Muxtar Respublika rəhbərliyinin də mövqeyini işıqlandırmağa hazırıq.

Hələlik isə Qüdrət Həsənquliyevin “Hürriyyət” qəzetinə müsahibəsini təqdim edirik.

II Hissə

(Əvvəli bu linkdə: “İnanmazdım ki, Naxçıvanda bu qədər dar düşüncəli, tərbiyəsiz adamlar nazir postu tuta bilərlər” - QÜDRƏT HƏSƏNQULİYEV)

 

-Naxçıvandan politoloq Anar İbrahimov adlı şəxs Sizin ittihamlarınıza cavab verdi. Bilmirəm oxudunuz, ya yox? Oxudunuzsa, bu cavabı qənaətbəxş hesab etdinizmi?

-Oxumamışam, sadəcə mənə söylədilər ki, bir nəfər nəsə yazıb.

-Anar İbrahimov iddia edir ki, siz rəqəmləri təhrif etməklə yanaşı, həm də müqayisəni düzgün aparmayıbsınız...

-Mən bayaq da söylədim; rəsmi statistik məlumatlara görə, Naxçıvan öz büdcəsinin 21.7 faizini ödəyir, 300 milyon 360 min manat dotasiya alır...

-Anar müəllim də cavab verir ki, Gəncə və digər rayonlar yerli büdcəyə bizdən də az vergi ödəyir, daha çox dotasiya alır...

-Deyək ki, Gəncə də, o biri rayonlar da pis vəziyyətdədir.Yeri gəlmişkən deyim ki, belə deyil. 34 rayon və şəhər ümumiyyətlə dotasiya almır və bəziləri yerli xərcləri ödəməklə yanaşı, büdcəyə milyonlarla manat vergi ödəyir. Öz xərclərini tam ödəyə bilməyən bütün digər rayonlar üst-üstə Naxçıvandan 3 dəfə az 104 milyon manat dotasiya alır. Bunlar öz yerində, mən Naxçıvan sözçüsünün məntiqini də anlaya bilmirəm. Bəyəm, digər rayonlarda vəziyyət pisdirsə, bu, əsas verir ki, Naxçıvan neqativlikdə o biri rayonlarla yarışsın? Mən deyirəm ki, Naxçıvan Azərbaycanda xüsusi bölgədir və onun iqtisadiyyatının inkişaf etdirilməsi Dağlıq Qarabağın işğaldan azad olunması qədər əhəmiyyətli məsələdir. “Başqa rayon qanunu pozur, mən də pozum, inkişafdan geri qalıb, mən də geri qalım” anlayışı bu qədər önəmli strateji məsələlər müzakirə olunduğu zaman nə dərəcədə əsaslı arqumentdir? Yəqin başa düşdünüz ki, bu anlayışla Muxtar Respublikanın iqtisadiyyatını inkişaf etdirmək mümkünsüzdür.

Digər tərəfdən, mən təkcə Naxçıvanın problemini qaldırmıram, axı. Prezident seçkilərində televiziya vasitəsilə, adi günlərdə yazılı mətbuatda, parlamentdə Azərbaycanın müxtəlif problemlərini qabardıram, yürüdülən siyasətin ayrı-ayrı sahələrini bəzən kəskin tənqid edirəm, hökuməti daha qətiyyətli, daha radikal islahatlara çağırıram. Amma bu çıxışlarım Azərbaycanda heç vaxt bu cür aqressiv qarşılanmayıb. Misal üçün, mən ölkə Konstitusiyasının dəyişdirilməsindən tutmuş, (parlamentli respublikaya keçid), özəlləşdirmə prinsiplərinə (böyük özəlləşdirmənin aparılmayacağı təqdirdə, iqtisadi islahatların ciddi nəticələr verməyəcəyi barədə), məhkəmə-hüquq islahatları və s. məsələlərə qədər çoxsaylı problemləri dilə gətirmişəm. Hətta bu çıxışlarıma qulaq asan cənab Prezident seçki marafonu bitdikdən sonra təbrik üçün ona zəng edəndə mənə dedi ki, sizin və digər namizədlərin dilə gətirdiyiniz və bizim məqbul hesab etdiyimiz bütün problemlərin həlli üçün müvafiq addımlar atacağıq. İki fərqli yanaşmaya diqqət yetirin; Cənab Prezident bütün səmərəli təklifləri nəzərə aldığı halda, Naxçıvan rəhbərliyi adi bir tənqidi süngüylə, söyüşlə qarşılayır. Mən nə qədər konstruktiv mövqe sərgiləsəm də, Azərbaycan reallığını başa düşsəm də, bir müxalifət partiyasının sədriyəm və həmişə problemləri qabardıb aparılan siyasəti tənqid edə bilərəm və edirəm. İş burasındadır ki, Naxçıvanla bağlı qalmaqala səbəb olan həmin müsahibədə ümumiyyətlə nəyisə tənqid də etməmişəm. Sadəcə təklif vermişəm ki, Naxçıvanın inkişafı üçün bu addımlar atılmalıdır. Hətta hesab edirəm ki, əksinə, o müsahibədə Naxçıvan rəhbərliyi barədə tərif demişəm. Demişəm ki, Naxçıvana ayrılan dotasiyalar hesabına yollar çəkilib, xəstəxanalar tikilib, inzibati binalar, yeni məktəblər inşa edilib. Amma bunlar gəlir gətirən istehsal və emal müəssisələri deyil ki, orada daimi iş yerləri olsun, insanlar işləyib, rahat həyat sürə bilsinlər. Mənim bu həqiqəti dilə gətirməyim onlarda belə təəssürat yaradıb ki, guya, müsahibəm Naxçıvan rəhbərliyinin formalaşdırmağa çalışdığı “qurub-yaradan lider” imicinə mənfi təsir edib, bu obrazı zədələyib.

-Ola bilər; sizin gündəmə gətirdiyiniz problemlər Naxçıvan rəhbəliyi tərəfindən korrupsiya ittihamı kimi qəbul edilir. Yəni, belə deyək, Naxçıvandakı şirkətlər Muxtar Respublika rəhbərliyinə məxsus olduğu üçün onlardan vergi toplanılmır, yaxud ayrılan dotasiyalar səmərəli istifadə edilməyərək, mənimsənilir kimi nəticələr ortaya çıxır.

-Xeyr, fikirlərimin o şəkildə dərk olunması mümkün deyil. Çünki mən müsahibəmdə yarana biləcək bu iddialara kifayət qədər aydınlıq gətirmişəm. Demişəm ki, bu cür ittihamların əsası yoxdur. Əgər həqiqətən də Naxçıvan rəhbərliyinə məxsus, bütün sakinləri işlə təmin edə biləcək o cür şirkətlər mövcud olsaydı, vergi alınmasaydı belə, kifayət qədər iş yerləri yaranar və insanlar gün-güzaranlarını təmin etmək üçün xaricə axışmazdılar. Nəticədə bölgədən xaricə köçlər hər gün artan templə davam etməzdi. Heç uzağa getməyək, Bakıda hətta Naxçıvanın ayrı-ayrı kəndlərinə aid qəbristanlıqlar var. O gün bir hüzr yerində idim. Ordubaddan bir nəfər mənə telefonunda Əylis kəndinin qəbristanlığını göstərdi. Mehdiabadda olan bu qəbristanlıqda kiçik ağ başdaşlarının qoyulduğu onlarla, bəlkə yüzlərlə məzar var. Yaxud mənim öz kəndim Əbrəqunusda əhalinin böyük əksəriyyəti kəndi tərk edib. Ailədə 6 uşaq var idisə, kənddə onlardan biri qalıb, digərləri başqa şəhərlərə, ölkələrə köçüb. O gün mənə rəsmi şəxslərdən biri məlumat verdi ki, kəndimizdə 170 evdən ailə üzvlərinin əksəriyyəti faktiki olaraq kəndi tərk edib. Mən burda öz kəndlilərimizin yas mərasiminə gedəndə, görürəm ki, bütün kənd ordadır. Deyirəm; İlahı, Əbrəqunusda kimsə qalıbmı, görəsən? Naxçıvanın, demək olar, bütün kəndləri eyni vəziyyətdədir; ya körpə uşaqlar, ya da ağsaqqallar və ağbirçəklər qalıblar. Ağsaqqalların öz asudə vaxtlarını səmərəli keçirmələri də çətinləşdirilib. Çayxanalar, mağazaların çoxu bağlatdırılıb, kənd yerlərində, məsələn, Əbrəqunusda təqaüdçülər evi dağılıb, kitabxana, klub, xəstəxana uçub, getdikcə istifadəsiz hala düşən şərab zavodları dağılıb. Həmin yerləri insanlar, görünür, şərtlər ağır olduğundan götürüb, nəsə tikmirlər, qurmurlar. Kəndin mərkəzinə girəndə xarabalıqla qarşılaşırsan. Elə bilirsən, müharibədən çıxıb. Ağsaqqallar əksər hallarda qaz borularının üstündə oturub dərdləşirlər. Özü də, təkcə bizim kənddə belə deyil. Kəndlərdə bir çayçı olsa, ağsaqqallar oturub orda hal-əhval tutsalar, bunun kimə ziyanı olar?

Mən müsahibəmdə bu problemlərdən danışmışam. Yoxsa kimisə korrupsiyada ittiham etməmişəm.

-İddialar var ki, hansısa geopolitik məqsədə uyğun olaraq Naxçıvan qəsdən boşaldılır. Siz bu barədə nə düşünürsünüz?

-Deməzdim ki, Naxçıvan qəsdən boşaldılır. Amma fakt ortadadır. O şey ki ortadadır, onu mübahisə predmetinə çevirməyin səbəbini mən başa düşmürəm. Necə durub demək olar ki, Naxçıvan güclü iqtisadiyyata malikdir? Bunu demək, yaxud reallıqları dilə gətirənləri təhqir və ittiham etmək üçün gərək vicdanını itirəsən.

-Partiya funksionerlərinizin ittihamlara cavabları xeyli yumşaq oldu. Halbuki, onlar ölkənin bir sıra məsələlərinə, xüsusilə ölkə rəhbərliyinə ünvanlanmış söyüş kampaniyalarına aktiv cavabları ilə seçilirlər. Sizə yönələn hücumlara laqeyd qalmaları, doğrusu, anlaşılmaz oldu. Bunu özünüz belə məsləhət bildiniz, yoxsa başqa səbəblər var?

-Açığını deyim, mənim tərəfimdən bu cür göstəriş oldu. Mən tərəfdarlarıma dedim ki, konfliktdə maraqlı deyiləm, siz də bu məsələnin çox üstünə getməyin. Məni şəxsən təhqir edən adama özüm münasibət bildirdim. Dedim ki, o, sözün bütün mənalarında öz böyüklərinə dediyi sözləri mənə ünvanlayıb. Bununla da əslində iqtidarın siyasətinə qarşı çıxıb. Ona görə ki, iqtidar söyüş söyənləri qınayır, onları mənəvi terrorda ittiham edir. Əslində mənə qarşı aqressiv münasibətlə iqtidarın dilini qısa etmək, onun söyüş kampaniyasında ortaya qoyduğu mövqeyindəki mənəvi haqqını ortadan qaldırmaq məqsədi güdülürdü. Əgər öz nazirin bu cür təhqir ritorikası ilə çıxış edirsə, xaricdəki söyüş kampaniyasından fərqlənməyən davranış sərgiləyirsə, hansı mənəvi haqla sən özgə gədələri qınayırsan? Əksinə, Naxçıvanın naziri xaricdəki gədələrdən daha aqressiv mövqe tutmuşdu. Ona görə ki, mən üzərimə o cür gəlməyə əsas verməmişdim.

-Təhqiri bir kənara qoysaq, həmin statusda ciddi bir məqam vardı. Adam deyirdi ki, Azərbaycan Milli Məclisinin deputatı Naxçıvanın daxili işlərinə qarışa bilməz. Sizə elə gəlmir ki, bu, muxtar hüquqa işarə idi? Ümumiyyətlə, görünən budur ki, Naxçıvandakı bütün demokratik problemlərin kökündə muxtar hüquqluluq dayanır və yerli rəhbərlik muxtariyyəti fərqli başa düşür...

-Ola bilər. Bayaq siz soruşdunuz ki, Ziyafət Əsgərov niyə mənim çıxışımı separatizmi stimullaşdırmaq kimi qiymətləndirib. Görünür, siyasi rəhbərlikdə olanlar bəzi məsələlərlə əlaqədar məndən daha geniş informasiyaya malikdirlər. Bəlkə də, dediyiniz kimi, mənə qarşı irəli sürülən iddiaların da, Ziyafət Əsgərovun xofunun da hansısa siyasi əsasları var. İstisna etmirəm ki, Naxçıvan nazirinin ilk baxışdan məntiqsiz görünən fikirləri təkcə gerizəkalılıqdan qaynaqlanmır. O, sadəcə yazılmış mətnin altına öz imzasını qoyub və buna görə təltif olunması da dediklərimə ciddi əsas yaradır.

-Yeri gəlmişkən, Zifayət Əsgərovun təbirilə desək, separatçılığı stimullaşdıran muxtar hüquqluluq Konstitusiyanın unitar dövlətçilik prinsipi ilə toqquşur. İndiki şəraitdə belə bir ayrıcalığa ehtiyac varmı və bu imtiyaz hansı zərurətdən qaynaqlanır?

-Muxtariyyətin olması o demək deyil ki, özünü müstəqil dövlət kimi aparasan. Naxçıvan yerli problemlərin həllində muxtar hüquqlara malikdir, ümumi dövlətçilik baxımından isə Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan unitar dövlətdir. Hətta federativ və ya konfederativ dövlətlərdə belə, insan hüquqları, qanunun aliliyi, dövlət hakimiyyətinin həyata keçirilməsi və s. kimi məsələlər vahid Konstitusiya ilə tənzimlənir. Ona görə də Azərbaycan Milli Məclisinə seçkilər keçiriləndə Naxçıvanda formalaşdırılan seçki dairələrinin, qanunən, Muxtar Respublikanın Mərkəzi Seçki Komissiyasına heç bir aidiyyəti olmur. Düzdür, Naxçıvan MR MSK -sı bəzən bu seçki dairələrinin tərkibini müəyyənləşdirməkdən belə çəkinmir, bunun üçün müxtəlif müdaxilələrə əl atır. Məsələn, qalmaqal yaradan məlum müsahibəmdən bir az əvvəl Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının sədri polislə hədələyərək, mənim seçildiyim dairədə qırmızı diplomla universiteti bitirmiş, cəmi 10 gün əvvəl Azərbaycan MSK tərəfindən üzv seşilmiş gənc seçki komissiyasının katibini istefa verməyə məcbur etmişdi.

-O, yəqin, sizin partiyadan idi.

-Bəli, bizim partiyanın üzvü idi və namizədliyi bizim partiya tərəfindən irəli sürülmüşdü. Qanunla həmin yerə yalnız biz üzv təqdim edə bilərik. Bizim fikrimizi öyrənmədən, onun yerinə başqa bir adam təyin etmək istəyirlər. Hətta bu məqsədlə qanunsuz olaraq MSK-ya bir adamın namizədliyini təklif ediblər. Sözüm ondadır ki, Azərbaycan MM-ə seçkilərdə Naxçıvandakı dairə seçki komissiyasının tərkibi Azərbaycan MSK tərəfindən formalaşdırılır. Naxçıvan MSK-nın ordakı seçki komissiyalarının işinə qarışmaq səlahiyyəti yoxdur. Amma qarışır.

Naxçıvan qanunları Azərbaycan qanunları ilə ziddiyyət təşkil etməməlidir. O, sadəcə yerli əhəmiyyətli məsələlərin həlliylə məşğul olmalıdır. Muxtariyyətlərin xarici siyasət yürütmək, Dövlət Sərhəd Xidməti, Gömrük Komitəsi, ordu qurmaq səlahiyyəti yoxdur. Bu kimi məsələlər, istisnasız, mərkəzi hakimiyyətin səlahiyyətlərinə daxildir. Məsələn, İsveçrə konfederativ dövlətdir, amma onun subyektləri müstəqil şəkildə sərhəd, miqrasiya, ordu, gömrük, xarici siyasətlər yürüdə bilməzlər. Bunlar mərkəzi hakimiyyətə aiddir. Amma Naxçıvanda ümumi dövlət prinsiplərinə zidd olaraq səfərbərlik üzrə ayrıca çağırış xidməti fəaliyyət göstərir. Halbuki, onun muxtar respublikaya heç bir aiddiyyatı olmamalıdır. Eyni zamanda Miqrasiya Xidməti var; tam qanunsuzdur. Naxçıvan MR Gömrük Komitəsi də, həmçinin, qanundan kənar yaradılmış qurumdur. Bu kimi dövlət xidmət qurumlarının olması faktiki surətdə unitarlığa ziddir. Yenə deyirəm, hətta konfederativ dövlətlərin subyektlərinin belə, bu cür səlahiyyətləri yoxdur. Amma bizdə bu cür ənənələr formalaşıb. Zamanında hesab edilib ki, əlavə iş yerləri açılır, insanlar işlə təmin olunurlar. Məhz bu səbəbdən həmin qurumları bir qədər normal qarşılayıblar.

-Qüdrət bəy, bütün regionların yerli səlahiyyətləri var. Gəncənin də, Şəkinin də, Sumqayıtın da. Amma heç biri muxtariyyət deyil. Deməli, Naxçıvan muxtar respublika olmadan da yerli səlahiyyətlər əldə edə bilərdi...

-Muxtar respublika statusu Naxçıvanın tarixi taleyi ilə bağlıdır. Vaxtilə Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan arasında razılaşma əsasında bu status Naxçıvana verilib.

-Aydındır. Amma o zaman buna zərurət vardısa, bu gün göründüyü kimi, ciddi problemə, hətta rəsmilərin etirafına görə, separatizm qaynağına çevrilir. Sizcə, bu statusu ləğv etməyin vaxtı çatmayıbmı? Üstəlik, Qars müqaviləsini imzalayan sübyektlərdən yanlız Türkiyə mövcuddur. Nə Rusiya SSFR, nə Azərbaycan SSR, nə Ermənistan SSR, nə də Gürcüstan SSR və onların birgə ittifaqı olan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası var. Dolayısıyla, Qars müqaviləsinin nə qədər qüvvədə olması da mübahisəlidir.

-Mənə elə gəlir ki, nə vaxtadək Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyib, Naxçıvanın muxtar statusunu müzakirəyə çıxarmaq olmaz. Amma gələcəkdə hansısa tarixi şərait yaranarsa, Naxçıvanla Azərbaycanın digər bölgələri arasında ərazi bütövlüyü təmin olunarsa, əlbəttə, muxtariyyət statusu da ləğv edilməlidir. Bununla belə, hazırda Naxçıvandakı bəzi dövlət qurumları muxtariyyət hüdudlarını aşır və onlar ləğv olunmalıdır. Məsələn, gömrük keçid məntəqələrinin əməkdaşları Bakıdan təyin olunmalı, Naxçıvan Gömrük Komitəsi isə ləğv olunmalıdır. Bu zaman Naxçıvana gedib gələn insanlar gömrük yoxlamalarından qanusuz olaraq keçirilməz, əmlakları müsadirə olunmaz və qanunsuz rüsum ödəməzlər.

-Yadıma bir hadisə düşdü. Türkiyəyə oxumağa gedəndə mərhum Heydər Əliyevin müşaviri Rza İbadovun qəbulunda olmuşduq. Rza İbadov Türkiyəyə zəng edib dedi: Sizinlə konuşan Naxçıvan cümhurbaşkanının yardımçısıdır. Türkiyədən soruşdular: - Naxçıvan cümhuriyyətmi? Rza bəy cavab verdi ki, bəli, Azərbaycanın daxilində yerləşir. Soruşdular ki, kardeş, cümhuriyyət içində cümhuriyyətmi olur? Sizcə, bu, səhv sual idi?

-Rza İbadovun o sözünü qəribçiliyə salmayın. Naxçıvan Muxtar Respublikadır. Respublikadırsa, onun başçısı da var. Türkiyədə buna cümhurbaşkanı deyirlər. Mən bu anlaşılmazlığı aradan qaldırmaq üçün parlamentdə məsələ qaldırmışdım. Demişdim ki, gəlin, Rusiya təcrübəsindən biz də yararlanaq. Bilirsiniz ki, Rusiyada da muxtar respublikalar var və başçıları prezident adlanırdı. Sonradan bu milli muxtar respublikaların başçıları qubernator adlandırıldı. Biz də muxtar respublikanın başçısını qubernator adlandıra bilərik. Yaxud sadəcə muxtar respublikanın başçısı deyə bilərik. Necə ki, rayon İcra hakimiyyətinin rəhbərlərini başçı adlandırırıq. Adını nə qoyuruqsa qoyaq, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Ali Məclisin sədri ola bilməz. Yəni orda hakimiyyət bölgüsü prinsipinə əməl olunmalıdır. Bunu ölkənin Konstitusiyası tələb edir. Konstitusiyada yazılır ki, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyətlərin bölgüsü prinsipi əsasında həyata keçirilir. Bu, imperativ bir normadır. Bu normaya əməl olunmalıdır.

-Bəzilərinin fikrincə, Naxçıvanın muxar hüququ ermənilərin işinə yarayır. Ermənilər iddia edə bilərlər ki, Azərbaycan hökuməti bizə heç bir muxtar hüquq vermədiyi halda, Naxçıvan muxtar dövlət statusuna malikdir. Halbuki, Naxçıvan Azərbaycan xalqının qurucu subyekti olan milli çoxluğa məxsusdur, ermənilər isə etnik azlıqdır. Sizcə, bu, həqiqətən ikili yanaşma deyilmi və nə dərəcədə doğrudur?

-Ermənilər bunu iddia edə bilməzlər. Çünki biz dəfələrlə elan etmişik ki, Dağlıq Qarabağa dünyada mövcud olan ən geniş muxtariyyət statusu verməyə hazırıq. Amma o da həqiqətdir ki, bu gün Naxçıvanda mövcud olan sərhəd, gömrük, hərbi çağırış və səfərbərlik, miqrasiya xidmətləri kimi qurumlar sabah yenidən Azərbaycanın tərkibinə qayıdacağı təqdirdə Dağlıq Qarabağ ermənilərini də eyni səlahiyyətləri tələb etməyə şirnikləşdirə bilər. Bunlar isə müstəqil dövlətin artributlarıdır.

 

Söhbətləşdi: Heydər Oğuz

“Hürriyyət”




Ana səhifəyə qayıt        Baxış: 3 969          Tarix: 25-11-2019, 20:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma