Xəbər lenti

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə müsahibəni təqdim edirik:

- ATƏT sədri Bakıdan İrəvana səfər etdi. Onun gündəliyində əsasən Dağlıq Qarabağ konfliktinin həlli məsələsi durur. Bu səfərdən gözləntiləriniz nədir?
- Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə bir həll variantı var. Bu yol da bizim Dağlıq Qarabağı könüllü sürətdə ermənilərə verməyimizdən keçir. Ona görə də ATƏT-in missiyası ilə Qarabağ münaqişəsinin ədalətli həllinə heç vaxt ümid etmək olmaz. Mən bu səfərdən heç nə gözləmirəm. Əslində istər ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər biri, istərsə də onların təmsil etdikləri dövlətlər bu münaqişənin uzanmasında və ya ermənilərin xeyrinə həllində maraqlıdır.

- Ermənistan Baş naziri Nikol Paşinyan ciddi cəhdlə Dağlıq Qarabağdakı erməni separatçılarını danışıqlarda tərəf etməyə çalışır, özünün danışıqlar aparmaq səlahiyyətində olmadığını bildirir...
- Əgər, danışıqlar prosesinə tərəf kimi Dağlıq Qarabağ qatılırsa, bu zaman Ermənistan bir dövlət kimi danışıqlar prosesindən çıxmalıdır. Bu halda Ermənistan hansı əsasla danışıqlar prosesinə qatılır? Azərbaycan ərazilərinin işğalında ruslar da iştirak edib. Əslində qalsa, burada Ermənistanı və Dağlıq Qarabağdakı separatçıları bir kənara qoymaq və danışıqları Rusiya ilə aparmaq lazımdır. Sadəcə olaraq, indi Rusiya özünü vasitəçi kimi təqdim edir. Qarabağ məsələsinin həllində Azərbaycan və Rusiya tərəf müqabili olmalıdır. Bu münaqişənin həlli prosesində Ermənistanın və Dağlıq Qarabağdakı separatçı rejimin heç bir rolu yoxdur. Çünki bu ərazilərin işğaldan azad olunmasına Rusiya imkan vermir. İndiki status-kvo Rusiyanın bölgədəki maraqlarına xidmət edir. Qısa xülasə belədir.

- Bəzən iddialar səslənir ki, Azərbaycan və Ermənistan arasında vasitəçilərin iştirakı olmadan məxfi danışıqlar prosesi aparılır. Bu iddianı nə dərəcədə ciddi və real hesab edirsiniz?
- Ola bilsin ki, qeyri-rəsmi kanallarla hansısa əlaqələr mövcuddur. Hətta Paşinyan hakimiyyətə gələndə dedi ki, atəşkəsi təmin etmək məqsədilə Azərbaycan prezidenti ilə danışıqlar aparılmalı, Müdafiə nazirləri arasında kontaktlar olmalıdır və s. İndi mümkündür ki, belə kontaktlar da var. Amma bunlar münaqişənin həllini deyil, tərəflərin problemlə bağlı konkret situasiyalarda narahatlıqlarını bir-birinə çatdırılmasında rol oynayır.

- Siz indiki mərhələdə danışıqlardan heç bir müsbət nəticə gözləmirsiniz?
- Hesab edirəm ki, bu danışıqlar bizə yalnız ziyan verə bilər. Bundan bir nəticə gözləmək sadəlöhvlük olar. Həmsədrlərin təmsil etdiyi hər üç dövlət Dağlıq Qarabağın Ermənistana verilməsində maraqlıdır. Onlar doğurdan da problemin ədalətli həllini istəyirsə, çalışmalıdırlar ki, problemlə bağlı beynəlxalq hüquqa istinad olunsun. Ancaq görürsünüz ki, həmsədrlərdən heç biri beynəlxalq hüququn adını çəkmir. Əgər beynəlxalq hüquq tətbiq edilməsə münaqişə necə Azərbaycanın xeyrinə həll edilə bilər? Biz daha çox beynəlxalq hüquqa söykənməliyik.
- Ermənistanın danışıqları başqa formata keçirmək, danışıqlar prosesində separatçıları tərəf kimi tanıtmağa çalışmasının arxasında hansı məqsədlər durur?
- Məncə, heç nə durmur. Sadəcə olaraq Paşinyan özünü əvvəlki liderlərdən fərqli şəxs kimi cəmiyyətə təqdim etməyə çalışır. Əslində demaqoq çıxışlar edir. Rusiya Paşinyanı alternativ variant kimi hakimiyyətə gətirib və məqsəd erməni xalqının narazılığını aradan qaldırmaq, onu idarə etməkdir. Çünki orada da korrupsiya baş alıb gedir. Bu baxımdan Paşinyan özünü xalqa lider kimi sırımaq məqsədilə qeyri-standart çıxışlar edir. Gah deyir, biz əraziləri qaytarmayacağıq, gah deyir müharibə ilə alsınlar, gah da deyir müharibə ilə həll prosesi yoxdur. Yəni Paşinyanın verdiyi bəyanatları da ciddiyə almaq lazım deyil. Çünki onun özü müstəqil biri deyil və Rusiyanın adamdır. Moskvadan hansı təlimat gələcəksə, Paşinyan da onu həyata keçirəcək. Paşinyanın özünün bu məsələdə müstəqil fikri və yaxud siyasəti ola bilməz.

- Nikol Paşinyanın Tehran səfəri Azərbaycan ictimaiyyətində dərin narahatlığa səbəb oldu. Siz, bu səfəri və Tehran-İrəvan münasibətlərini necə şərh edirsiniz?
- Məncə, İran belə səfərlər vasitəsilə Azərbaycan-İsrail münasibətlərinə özünün etirazını ifadə edir. Yəni siz elə edirsiniz, biz də belə edərik. Amma Tehranda baş tutan danışıqların heç bir mənası və nəticəsi yoxdur. Sadəcə olaraq, İran Ermənistan vasitəsilə Azərbaycana təzyiq edir. Mümkün qədər özünə ziyanlı saydığı qüvvələrlə Azərbaycanın əməkdaşlığının qarşısını almaq istəyir və s. Ancaq ABŞ bir neçə dəfə İranı blokadaya alıb, ona qarşı sanksiyalar tətbiq edib. Azərbaycan belə hadisələr zamanı faktiki İranın yanında olub. İran baxmayaraq ki, islam ölkəsidir, amma “Quran”ın tələbinə əməl etmirlər. Ümumiyyətlə , “Quran” müsəlmanların bir-birilə münasibətlərində kafirlərə dəstək verməsini qadağan edir, müsəlmanların-müsəlmanlarla qardaş olmasını tələb edir, hətta bizim aramızda hansısa problemlər olsa da, “Quran” deyir ki, bir-birinizə qarşı kafirlə əməkdaşlıq etməməlisiniz. Amma İran “Quran”ı bir tərəfə qoyaraq, onun tələblərinə zidd olaraq kafirlərlə dostluq edir. Bu qəbuledilməzdir.

- ABŞ və Türkiyə münasibətlərində də gərginlik müşahidə edilir. Vaşinqtonda açıq şəkildə deyilir ki, əgər Türkiyə Rusiyadan S-400 kompleksləri alsa ciddi sanksiyaya məruz qalacaq. Dalana dirənən bu münasibətlərin perspektivini görürsünüzmü?
- Əslində biz bunu ABŞ-Türkiyə münasibətləri kimi deyil, dünyada gedən yeni münasibətlər sistemində dəyişikliklər kimi götürməliyik. Çünki ABŞ ənənəvi düşmənləri ilə danışıqlar aparır, ənənəvi müttəfiqləri ilə düşmənçilik edir. Şimali Koreya ilə ABŞ-ın intensiv danışıqları diqqəti cəlb edir. Məncə, indiki halda Türkiyənin bölgədə güc olması meyllərinə qarşı ABŞ üz ağardır. ABŞ arzu etmir ki, Türkiyə bölgədə güc olsun, regionda gedən proseslərə aktiv müdaxilə etsin. ABŞ əvvəlki illərdə olduğu kimi sözə və ələ baxan bir Türkiyənin olmasını istəyir. Ancaq Türkiyədə öz maraqlarını genişləndirmək, bölgədə hakim güc olmaq, Osmanlının daxili siyasətini davam etdirməyə çalışır. Bu da ABŞ-ın maraqlarına ziddir. Əslində baxanda ABŞ-Türkiyə münasibətlərində olan problemlər Türkiyənin iddiası ilə bağlıdır.

Məncə, ABŞ birmənalı olaraq Türkiyə ilə müttəfiqlikdən imtina edə bilməyəcək. Çünki Türkiyə NATO-nun üzvü və əsas gücüdür. Üstəlik Yaxın Şərqdə, Qafqazda və Orta Asiyada gedən proseslər Türkiyənin iştirakı olmadan mümkün deyil. Bu mənada dünya siyasətində Türkiyənin Osmanlı coğrafiyası və keçmiş SSRİ məkanında yeni dövlətlər üzərində olan nüfuzu mütləq nəzərə alınmalıdır. Üstəlik Türkiyənin geopolitik coğrafi mövqeyini nəzərdən qaçırmaq mümkün deyil. Ən azından Türkiyə Avropa ilə Asiya arasında bir körpüdür. Bu körpünü keçmək istəyən Türkiyə ilə mütləq yaxşı münasibətdə olmalıdır. Ona görə də düşünürəm ki, ABŞ siyasətində Türkiyəyə qarşı müşahidə olunan pressinqlər uzun müddət davam edə bilməz. Çünki bunun özü ABŞ-ın maraqlarına ciddi təsir göstərər.

- Son günlər Ankara-Moskva münasibətlərində də ziddiyyətlər üzə çıxır. Bu xüsusilə, İdlib məsələsində özünü göstərir. İdlibin təhlükəsizlik zonası elan olunmasına baxmayaraq Rusiya bu şəhəri almaq üçün Bəşər Əsədə aviasiya vasitəsilə hər cür dəstək verir. Bu mənada türk-rus münasibətlərində qırılma nöqtəsi gözlənilirmi?

- Mən Türkiyə ilə Rusiya münasibətlərini birmənalı zorən əməkdaşlıq əlaqələri hesab edirəm. M. Ə. Rəsulzadənin məşhur bir ifadəsi var: eyni təhlükəyə məruz qalan qüvvələrin bir-birilə müttəfiq olmaqdan başqa seçimi yoxdur. Bu baxımdan hesab edirəm ki, Türkiyə-Rusiya yaxınlaşması əslində ABŞ-ın bu ölkələrə eyni cür münasibət göstərməsindən qaynaqlanır. ABŞ-ın münasibəti dəyişərsə və Türkiyənin maraqlarına nəzərə alacağı təqdirdə türk-rus münasibətləri uzun müddətli olmayacaq. Yəni düşməni münasibətlər olmayacaq, amma strateji əməkdaşlıq da olmayacaq. Yox, əgər ABŞ indiki siyasətini davam etdirəcəksə Rusiya-Türkiyə münasibətləri strateji xarakter alacaq.\\Teleqraf.com




Ana səhifəyə qayıt        Baxış: 795          Tarix: 7-03-2019, 23:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma