Prezident İlham Əliyevin bir neçə gün əvvəl güc strukturlarının rəhbərliyində apardığı kadr dəyişiklikləri cəmiyyətimizdə birmənalı qarşılanmadı. Bunu hakimiyyətdaxili qruplaşmalardan birinin digəri üzərində qələbəsi kimi qiymətləndirənlər də oldu, super güclərin geopolitik mübarizəsinin Azərbaycana yansıması kimi görənlər də. Kadr dəyişikliyinin milli təhlükəsizlik zərurətindən doğduğunu düşünənlər də az deyil.
Yeni təyinatların analizi irəli sürülən heç bir versiyanın əsassız olmadığını göstərir. İstərsəniz, gəlin, bu versiyaları bərabər təhlül edək.
Hakimiyyətdaxili mübarizə
Sirr deyil ki, artıq neçə ildir, hakimiyyət daxilində əsasən iki klan arasında mübarizə şiddətlənməkdədir. Mərhum prezident Heydər Əliyev tərəfindən qurulan köhnə qvardiyaya qarşı hakim ailə fərdlərinin ətrafında yeni güc mərkəzi formalaşır və bəzi nazirliklərin önəmli postları həmin şəxslərə ötürülürdü. Əsasən iqtisadi nazirliklərdə daha çox görülən bu tendensiya keçmiş DTX rəhbəri Mədət Quliyevin timsalında tədricən güc strukturlarına da sirayət etməyə başlamışdı. Mədət Quliyevin (həqiqətən də əks klana mənsub olub-olmamasını deyə bilmərik, amma cəmiyyətimizdə bu cür qənaət formalaşmışdı) DTX-dan uzaqlaşdırılması isə istər-istəməz məlum kadr dəyişikliyinin klanlararası mübarizənin təzahürü kimi qiymətləndirilməsinə yol açır.
Təyinatların geopolitik boyutu
Kadr dəyişikliyinin geopolitik mübarizənin bir inikası olaraq görülməsi də səbəbsiz deyil. Yayğın qənaətə görə, adına şərti olaraq “köhnə qvardiya” dediyimiz, son 25 ildir dəyişilməyən ənənəvi hökumət üzvləri Rusiyaya yaxınlığı ilə seçilirlər. Onlara alternativ kimi formalaşan “yeni qvardiya” isə Qərb dövlətləri, xüsusilə ABŞ-la əməkdaşlığa meyllidir. Təsadüfi deyil ki, I vitse-prezident Mehriban Əliyeva ötən ayın 29-da dünyanı idarə edən ailələrdən birinin nümayəndəsi kimi tanınan “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə Parisdə görüşmüş və bunun mətbu orqanlarda gen-bol təbliğatı “köhnə qvardiya”ya mesaj kimi qiymətləndirilmişdi. Maraqlıdır ki, “köhnə qvardiya”nın bu mesaja cavabı da özünü çox gözlətmədi. Üzərindən heç bir ay keçməmiş, bu ayın 18-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşdü. Məlumata görə, həmin görüşdə iki ölkənin güc qurumları və xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyəti, həmçinin bu ilin sonunadək təhlükəsizlik sahəsindəki əməkdaşlıq planı müzakirə olundu. Üzərindən cəmi bir neçə gün keçdikdən sonra isə haqqında danışdığımız kadr dəyişiklikləri baş verdi. Hakimiyyətin iki əsas qvardiya rəhbərlərinin bir-birinin ardınca keçirdikləri görüşdən sonra gələn bu dəyişiklik həqiqətən də geopolitik münasibətlərin kadr dəyişikliyi prosesində mühüm rol oynadığı versiyasını gücləndirir.
Rusiya-ABŞ gərginliyi və yeni təyinatlar
Bəzi ekspertlərin fikrincə, xüsusilə DTX-da aparılan kadr dəyişikliyində digər geopolitik amillər də var. Bu amilləri əsasən ABŞ-ın Cənubi Qafqaz və Yaxın Şərq uğrunda apardığı mübarizə ətrafında qruplaşdırmaq olar.
Bəllidir ki, ABŞ Rusiyanın yenidən qlobal güc mərkəzinə çevrilməsinin qarşısını almaq üçün onu mərkəzə doğru sıxışdırmaq, çərçivəyə almaq siyasəti yürüdür. Bu məqsədlə indiyə qədər Rusiyanın təsir dairəsində olan məkanları tədricən ələ keçirir və Moskvanın dünyaya açılan qapılarını bir-bir sıradan çıxarır. Xüsusilə Rusiyanın dünyaya açılan qapılarından olan Qara dəniz və Baltik ətrafında yürüdülən bu sıxışdırma sıyasəti Kremlin sərt təpkiləri ilə qarşılanır. Baltik dənizində öz istəyinə böyük ölçüdə nail olmağı bacaran NATO-nun növbəti hədəfi isə Qara dəniz və Xəzər hövzəsidir. Ukrayna və Qara dəniz ətrafında yerləşən keçmiş Varşava Paktı ölkələrində möhkəmlənməyə çalışan NATO-nun növbəti hədəfi Cənubi Qafqazdır. İlk əvvəl Gürcüstanda başlayan prosesin daha sonra Ermənistana və Azərbaycana sıçrayacağı gözlənilir. Moskva isə bu hadisələrə seyrçi qalmaq niyyətində deyil.
Təsadüfi deyil ki, Gürcüstanda əks inqilabi proseslər artıq başlayıb, Tiflisdə Qərbə bağlı qüvvələrlə Avropaya inteqrasiya tərəfdarı arasında ciddi insidentlər yaşanır. Bir neçə gün öncə Rusiyalı deputat Sergey Qavrilovun Gürcüstan parlamentində keçirilən iclasa sədrlik etməsinə və spiker kreslosuna oturmasına etirazla başlayan gərginliyin arxasında Moskvanın qonşu ölkədə hibrid savaşı çıxarmaq niyyəti dayandığını gürcü siyasilər də etiraf edirlər. Gürcüstan prezidenti Salome Zurabişvili Tiflisdə baş verən etiraz aksiyaları ilə bağlı bəyanatda hadisələri təxribat və böyük cinayət adlandırıb. Onun fikrincə, Rusiyanın beşinci kolonu bu gün həddən artıq təhlükəli oyuna girişib: "Rusiya düşmənimizdir və işğalçıdır. Ölkəmizin və cəmiyyətimizin parçalanması Rusiyadan başqa heç kimə sərf etmir və bu gün o, Rusiyanın ən təcrübəli silahıdır. Daxili qarşıdurmanı yaradıb, genişləndirənlər Rusiya siyasətini və onun planlarını reallaşdıranlardır”.
Zənnimizcə, Azərbaycanda kadr dəyişikliklərinin Gürcüstandakı hadisələrlə eyni zamana düşməsi təsadüfi deyil. Bu, Rusiyanın Cənubi Qafqazı yad ünsürlərdən təmizləmək əməliyyatının tərkib hissəsi də ola bilər, Azərbaycanın fırtına öncəsi proseslərə hazırlıq cəhdi də. Hansı versiyanın daha ağır gələcəyini sonrakı proseslər sübut edəcək.
İran-ABŞ gərginliyi
ABŞ-la İran arasındakı ziddiyyətlərin son zamanlar kulminasiya nöqtəsinə çıxması da Azərbaycanı təhlükəsizlik kəmərlərini məhkəmləndirməyə təhrik edə bilər. Yeni təyinatlarda bu amilin başlıca rol oynadığı da istisna deyil. Prezidentin son təyinatlarla bağlı qərarını şərh edən sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu mətbuata verdiyi açıqlamasında bu amil üzərində xüsusi dayanıb. Onun fikrincə, təyinatların başlıca səbəblərindən biri İran ətrafında gərginləşən vəziyyət və bunun Azərbaycana təsiri ilə bağlıdır: “Hər kəs bilir ki, İran-ABŞ münasibətləri gərginləşən xətt üzrə gedir… İrana qarşı hər hansı bir hərbi əməliyyat böyük qaçqın axınına səbəb ola bilər. Bu zaman humanitar böhranla üzləşə bilən ölkələrdən biri, bəlkə də birincisi Azərbaycan olar. İranda əhalinin önəmli bir hissəsinin azərbaycanlı olması, həm də həmsərhəd dövlət olduğumuz üçün. Digər tərəfdən, İrana qarşı ABŞ və müttəfiqlərinin apara biləcəyi əməliyyatlar Rusiya üçün “göydəndüşmə” bir şansdır. Həm neftin qiyməti qalxacaq, həm də Rusiya İrana kömək adı ilə “isti dənizlərə” çıxış imkanı əldə edəcək. Bu zaman Rusiya qoşunlarının keçə biləcəyi yeganə quru ərazisi Azərbaycandır. Deməli, həm də buna görə ölkənin təhlükəsizlik sistemini, polisi gücləndirmək lazımdır”.
Peşəkarlıq baxımından yeni təyinatlar
Bununla belə, son təyinatların Azərbaycan üçün müsbət cəhətləri də yox deyil. Özəlliklə, Əli Nağıyevin təyinatı xüsusi xidmət orqanlarında peşəkarlığın artırılması baxımından müsbət qiymətləndirilir. Artıq heç kimə sirr deyil ki, bundan öncəki nazirlər - istər Mədət Quliyev, istərsə də onun sələfi Eldar Mahmudov icra etdikləri vəzifələrə tamamilə yad adamlar idi. Azərbaycan bu qeyri-professionallığın ağır nəticələrini xüsusilə Eldar Mahmudovun dövründə ağır bədəllər ödəyərək yaşadı. “Oboxeis”likdən nazir vəzifəsinə yüksəldilən bu adamın dönəmi iş adamlarının soyulması, iqtisadi cinayətlərin tuğyan etməsi, Azərbaycanın maliyyə gücünün xaricə daşınması ilə yadda qaldı. Eldar Mahmudovun nazir postunda belə, “oboxeis” xislətindən kənara çıxa bilməməsi sahibkarlıq mühitinin tamamilə məhv olması, işgüzar insanlarımızın və kapitalımızın xaricə axını ilə nəticələndi. Azərbaycan iqtisadiyyatı özünün qeyri-neft sektorunu qura bilmədi. Daha sonra dünya bazarında neftin ucuzlaşması ölkədə dərin iqtisadi böhrana səbəb oldu. Üzərindən illər keçməsinə baxmayaraq, hələ də bu böhrandan tam xilas ola bilməmişik.
Mədət Quliyev nə ilə yadda qaldı?
Eldar Mahmudovdan sonra DTX-nın rəhbərliyinə gətirilən Mədət Quliyev də öz işinin əhli deyildi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alan Mədət Quliyev daha sonra Penitensiar Xidmətin rəhbəri kimi fəaliyyət göstərmişdi. Hətta özü belə, mətbuata verdiyi açıqlamada bu günə qədərki bütün təyinatlarının onun üçün də sürpriz olduğunu etiraf edərək demişdir: “Ümumiyyətlə, bu günə qədər olan bütün təyinatlarım mənim üçün gözlənilməz olub. Lakin təyinatlarımdan sonra həmişə öz xidmətlərimlə məşğul olmuşam”.
Özünün belə gözləmədiyi, dolayısıyla nə edəcəyini əvvəlcədən proqnozlaşdırmadığı, tam hazırlıqsız vəziyyətdə təyin olunduğu bir postda hansı effektli fəaliyyətdən danışmaq mümkündür sualına cavab verməyi cənab Mədət Quliyevlə dəyərli oxucuların öhdəsinə buraxırıq. Bizim fikrimizcə isə, Mədət Quliyevin DTX-dakı fəaliyyəti qolu arxadan bağlanmış “terrorçuların” zərərsizləşdirilməsi, şortik geyinməsi, velosiped sürməsi kimi hadisələrlə yadda qalıb. Bəlkə də onun DTX rəhbəri ilə bir araya sığmayan fəaliyyətinin nəticəsidir ki, Prezident onu ictimaiyyət arasında çox görünməyən bir vəzifəyə - Müdafiə Sənayesi Nazirliyinə göndərdi. Üstəlik, bir müddət əvvəl ümumiyyətlə ləğv olunmuş həmin nazirlik sırf Mədət Quliyevə vəzifə verilsin deyə, yenidən bərpa olundu. Elə bu faktın özü sübut edir ki, Müdafiə Sənayesi Nazirliyinin varlığı ilə yoxluğu arasında elə də ciddi fərq yoxdur və Mədət Quliyev xüsusi peşə bacarığına görə deyil, Prezidentə sadiqliyinə görə bu vəzifəyə layiq görülüb.
Niyə Əli Nağıyev?
Onun yerinə gətirilən Əli Nağıyev haqqında isə eyni sözləri demək mümkün deyil. Bəyənib-bəyənməməyimizdən asılı olmayaraq, Əli Nağıyevin peşəkar olduğunu bütün təhlükəsizlik ekspertləri təsdiqləyirlər. Mətbuata açıqlamasında regiondakı və ölkə daxilindəki mövcud situasiyanın DTX rəhbərliyində həm bacarıqlı, həm sadiq, həm də təcrübəli bir şəxsin olmasını tələb etdiyini vurğulayan Şərq-Qərb Araşdırmalar Mərkəzinin prezidenti, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclunun fikrincə, bu kriteriyalara məhz general Əli Nağıyev uyğun gəlir: “Azərbaycanın milli təhlükəsilik sistemində bu gün həyatda olan və fəaliyyət göstərən şəxslər arasında Əli Nağıyev peşəkarlıq baxımından bir nömrəli fiqurdur. O da gətirildi.”
Bənzər fikirləri MTN-nin keçmiş rəhbəri Namiq Abbasov da səsləndirib: “Əli Nağıyev professional çekist və təhlükəsizlik mühitini əməliyyat baxımından düzgün qiymətləndirməyi bacaran kadrdır”
Azpolitikaya yazılı açıqlamasında sabiq nazir onu da vurğulayıb ki, Əli Nağıyev MTN-də işlədiyi müddətdə ölkəmizin milli təhlükəsizliyinin təminatında mühüm rol oynayıb.
DTX-nın yeni fəaliyyət istiqaməti
Prezidentin dövlət təhülkəsizliyi işini Əli Nağıyevə həvalə etməsi həm də DTX-nın bundan sonrakı fəaliyyət istiqamətlərini proqnozlaşdırmağa imkan verir. Bilindiyi kimi, general Nağıyev bundan əvvəl MTN-də İqtisadi Cinayətkarlığa Qarşı mübarizə şöbəsinə rəhbərlik edib. Daha sonra nazirliyin I müavini vəzifəsinə gətirilən Ə.Nağıyevin həmin postunda da eyni sahəyə nəzarət etdiyi bildirilir. Eldar Mahmudovun nazir təyin olunması ilə bu qurumu tərk edən general bir aydan sonra Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin sədr müavini vəzifəsinə gətirilib. Bir sözlə, generalın bu zamana qədərki iş fəaliyyətinə nəzər salanda eyni xətt üzrə mütəxəssisləşdiyini görə bilərik. Yəqin ki, bundan sonra DTX-nin rərhbəri kimi Əli Nağıyevin əsas işi də elə iqtisadi cənayətkarlıqla mübarizə olacaq. Nəzərə alsaq ki, Azərbaycanda iqtisadi tənəzzülə səbəb olan bir çox böyük cinayətlər Əli Nağıyevin baş düşməni Eldar Mahmudovun zamanında həyata keçirilib, yeni nazirin bu cinayətlərə qarşı amansız olmasının digər bir səbəbi də ortaya çıxır. Kim bilir, bəlkə də bu mübarizə Eldar Mahmudovun hər kəs tərəfindən gözlənilən həbsinin nəhayət reallaşmasına qədər uzana bilər.
Bununla yanaşı, yuxarıda da qeyd etdiyimiz kimi, Əli Nağıyevi getdikcə sərhədlərimizə doğru yaxınlaşanan geopolitik hesablaşmalardan doğan təxribatların qarşısının alınması, milli dövlətçiliyimizin təməllərini sarsıda biləcək hadisələrin zərərsizləşdirilməsi, dövlət təhlükəsizlik qurumlarımızın xarici təsirlərdən təmizlənməsi, qonşu dövlətlərdən gələ biləcək təhlükələrin zamanında təsbiti və aradan qaldırılması kimi ağır və məsuliyyətli işlər də gözləyir.
Əli Nağıyevin bütün bunlara gücü çatacaqmı? Yaşayıb, görərik. Hər halda milli dövlətçiliyimizin qarşısında əngələ çevrilən bu tendensiyalara qarşı mübarizədə ona uğurlar arzulayırıq.
Heydər Oğuz
Ovqat.com
Paylaş: