Xəbər lenti

 

Azərbaycanın daxil olduğu geosiyasi məkanda gərginlik durmadan artır. Bir tərəfdən ABŞ-İran münasibətləri, digər tərəfdən isə Cənubi Qafqazda vəziyyət gərginləşir. Rusiya-ABŞ  münasibətləri də ürəkaçan deyil. Starteji müttəfiqimiz Türkiyənin Rusiyadan S-400 silahları alması da Vaşinqtonda yaxşı qarşılanmayıb. Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması, onun NATO-dan çıxarılması kimi məsələlər müzakirə olunur. Bir sözlə, ölkəmiz sanki od çəmbərinin arasında qalıb. Və belə bir mürəkkəb zamanda AMİP lideri Etibar Məmmədovun fəallaşdığı hiss olunur.

Ərtafımızda baş verən hadisələrlə Etibar Məmmədovun fəallaşması arasında hər hansı əlaqə varmı?

AMİP sədri Arzuxan Əlizadə ilə söhbətimiz bu suallar ətrafında oldu.

Arzuxan bəyin Ovqat.com-a müsahibəsini təqdim edirik.

-Arzuxan bəy, yerləşdiyimiz geosiyasi məkanda yaşanan gərginliklə bağlı fikirlərinizi öyrənmək istərdim. Bu hadisələrin Azərbaycana nə kimi təsirləri ola bilər və gözlənilən neqativ təsirləri zərərsizləşdirmək üçün xarici siyasətimizi necə qurmalıyıq?

-Azərbaycan həqiqətən qaynar geosiyasi məkanda yerləşir və qonşularımızın əksəriyyəti də bizimlə dost münasibətində deyillər. Bu da, təbii ki, ölkəmiz üçün hər zaman təhlükə yaradır. Digər tərəfdən, Azərbaycanın karbohidrogen ehtiyatları ölkəmizə marağı artırır. Üstəlik, döyük dövlət də deyilik, yenicə müstəqillik qazanmışıq. Şübhəsiz ki, Azərbaycanda böyük güc mərkəzlərinin, xüsusilə İran və Rusiyanın həm iqtisadi, həm də siyasi maraqları toqquşmaqdadır. Qərb dövlətləri isə Azərbaycana təbii sərvətlərlə zəngin məkan kimi baxırlar. Beynəlxalq diqqətlərin üzərimizə fokuslaşdığı belə bir çətin şəraitdə Azərbaycan öz müstəqilliyini qorumağa və xarici siyasətini bu amilləri nəzərə alaraq qurmağa çalışmalıdır və çalışır. Açığını desəm, mövcud hakimiyyətin yürütdüyü xarici siyasətdə bizi qane etməyən məqamlar da var, amma əsasən xarici siyasi kursun vəziyyətimizə müvafiq qaydada qurulduğunu və özünü doğrultduğunu etiraf etmək lazımdır. Balanslaşdırılmış xarici siyasət kursu ölkəmizə maraqları daha da artırır.

Bilirsiniz ki, son dövrlərdə çəkilən və istifadəyə verilən trans-milli enerji xətləri – Bakı-Ceyhan neft kəməri, TANAP, Cənubi Qaz Dəhlizi, tarixi İpək yolunun bərpasına hesablanmış kommunikasiya əlaqələrin qurulması və s. kimi beynəlxalq layihələr də təsdiqləyir ki, qlobal güc mərkəzlərinin Azərbaycana maraqları güclüdür və əsasən Qərb dövlətləri ölkəmizdə stabilliyin qorumasına çalışırlar.

O, başqa məsələdir ki, qonşu dövlətlər arasında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən, iğtişaşlar yaratmaqda maraqlı olan qüvvələr də var. İran və Rusiya kimi dövlətlər bu məsələdə daha aktiv görünürlər. Xüsusilə, Rusiya keçmiş sovet məkanına aid ölkələrin öz orbitindən kənarlaşmasına imkan vermək istəmir və bu, Azərbaycanla əlaqədar siyasətdə də özünü göstərir. Bildiyimiz kimi, Azərbaycanın dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınmış torpaqları artıq 30 ildir işğal altındadır və bu vəziyyətin yaranmasında Rusiya önəmli rol oynayıb, oynamaqdadır.

Eyni zamanda İranın da Azərbaycanda çox ciddi maraqları var. Ölkəmizin müstəqil və güclü dövlət kimi formalaşmasını öz torpaq bütünlüyü üçün təhdid olaraq görən İran zaman-zaman Azərbaycanın suverenliyinə kölgə salmağa çalışan mövqe ortaya qoyur. Bütün bunların fonunda bizim strateji müttəfiqimiz Türkiyənin Azərbaycan siyasəti milli maraqlarımıza daha çox cavab verir və ölkəmizin digər qüvvələrə qarşı müqavimət gücünü artırır. Amma nə yazıq ki, bu gün Türkiyənin özündə də çox ciddi problemlər meydana gəlməkdədir...

-Bəs ətrafımızda gərginləşən münasibətlər konteksində bizi hansısa təhlükə gözləyirmi?

-Əlbəttə, hansısa dövlətlər Azərbaycanda stabilliyin pozulmasında maraqlı ola bilərlər. Amma Azərbaycanın öz daxili qüvvələri iqtidarlı, müxalifətli bir araya gəlib bu təxribatların qarşısını almalıdırlar. Zaman-zaman qeyd edildiyi kimi, Azərbaycanda “5-ci kolon” deyilən xaricə bağlı qüvvələr də yox deyil və onlar müxtəlif təxribatlara cəhd edə, əl ata bilərlər. Amma biz, AMİP olaraq, dəfələrlə stabilliyin  qorunub saxlanılmasında maraqlı olduğumuzu bəyan etmişik və bu əqidəni daşıyan qüvvələrlə müttəfiqlik əlaqələri qururuq. Hesab edirəm ki, zərurət yaranda bütün milli qüvvələr bir araya gələcək və dövlət maraqlarını təhdid edən proseslərə qarşı birgə müqavimət göstərəcəklər.

-Belə bir söz var, deyirlər: “var idi hər yarağımız, çatmırdı saqqal darağımız”. Bir tərəfdən də Gürcüstan başlayıb Azərbaycana qarşı torpaq iddialarına. Rəsmi Bakının bu iddialara cavabı isə xeyli yumşaq görünür. Gürcülərin açıq təcavüzkar mövqeyi qarşında bu qədər təmkinli davranışımız nə dərəcədə doğrudur? Cənubi Qafqazın ən qüdrətli ölkəsi kimi, biz nədən ehtiyat edirik?

-Açığını desəm, Azərbaycan hökumətinin Keşikçidağ böhranı ilə əlaqədar sərgilədiyi mövqe partiya olaraq bizi qane etmir və problemlə bağlı fikrimizi rəsmən bildirmişik. Hesab edirik ki, Gürcüstana qarşı daha sərt mövqe sərgilənməlidir. Gürcüstana bir dövlət kimi mövcudluğu üçün Azərbaycana borclu olduğu xatırladılmalıdır. Bu gün Gürcüstandan keçən neft, qaz kəmərlərinin sayəsində qonşu ölkənin iqtisadiyyatı çox ciddi şəkildə inkişaf edib, iqtisadi cəhətdən Avropaya inteqrasiya yolunu tuta bilib, bu da onun müstəqilliyinin əsas qarantıdır. Gürcüstan ən azı böyük güzəştlərlə, bəzi hallarda hətta pulsuz enerji daşıyıcıları ilə təchiz edilməsi səbəbindən Azərbaycana minnətdar olmalıdır.

Digər tərəfdən, gürcü rəsmiləri unutmamalıdırlar ki, bizi onlarla eyni tale birləşdirir. Gürcüstanın iki bölgəsi – Cənubi Asetiya və Abxaziya vilayətləri rəsmən Rusiya tərəfindən işğal olunub və biz dövlət olaraq bunu rəsmən pisləmişik.

O da sirr deyil ki, Gürcüstan ərazisinin bir hissəsi tarixi Azərbaycan torpaqlarıdır və orda yarım milyona yaxın soydaşlarımız yaşayır. Onlar zaman-zaman, xüsusilə siyasi kataklizmlər baş verəndə  gürcü dövlətini dəstəkləyiblər. Azərbaycanın birbaşa vasitəçiliyi ilə soydaşlarımız Gürcüstanda siyasi sabitliyin qorunub saxlanılmasında qarant rolu oynayıblar. Fikrimcə, rəsmi Tbilisi onu da unutmamalıdır ki,  Azərbaycana qarşı bu cür təxribat xarakterli insidentlər bu ölkədəki soydaşlarımızı dərindən narahat edir və onları özündən narazı salır. Halbuki, Gürcüstan ərazisində yaşayan azlıqlar arasında bəlkə də separatizmə yuvarlanmayan yeganə qüvvə bizim soydaşlarımızdır. Gürcüstandakı ermənilər belə, dindaş olmalarına baxmayaraq, zaman-zaman separatçı fikirlərini dilə gətirir, Axalkalakinin Ermənistana birləşdirilməsini tələb edirlər. Bu ölkənin torpaq bütünlüyünü və suverenliyini ən azı gürcülər qədər istəyən bir toplumu özündən uzaqlaşdırmaq cəhdi birinci növbədə qonşu dövlət üçün ciddi problemlər yarada bilər.

Azərbaycan Gürcüstana xatırlatmalıdır ki, bu ölkə ilə dostluq əlaqələrinin qurulması və inkişafı asanlıqla əldə olunmayıb. Və belə gözəl əlaqələri qurmaq çətin, dağıtmaq isə xeyli asandır. Bilirsiniz ki, Qamsaxurdiya dövründə də soydaşlarımıza qarşı bu cür xoşagəlməz siyasət yürüdülürdü. Bunun nəticəsində minlərlə soydaşımız öz dədə-baba torpaqlarını, Borçalı mahalını tərk etmək məcburiyyətində qalmışdır. Sonrakı dövrlərdə - Şvernadze və Saakaşvilinin zamanında iki dövlət arasında qardaşlıq münasibətləri bərpa olundu və qorundu.

 Təəssüflər olsun ki, son prezident seçkilərindən sonra bu cür insidentlərlə yenidən qarşılaşırıq. Rəsmi Bakı Tbilisiyə indiki dövrün müstəqilliyimizin ilk dövrlərindən fərqləndiyini, Azərbaycanın öz soydaşlarına sahib çıxa bilməyəcək qədər zəif olmadığını diplomatik dillə başa salmalıdır. Gürcüstan rəsmiləri bundan sonra da həmin təxribatın qarşısını almasalar, Azərbaycan Borçalı mahalına iddiasını ortaya qoymalı, indiyədək onlara etdiyimiz bütün iqtisadi güzəştlərə yenidən baxılmalıdır.

-Gəlin, razılaşaq ki, insidentin yaranmasında bizimkilərin də səhvi az olmayıb. Azərbaycan sərhədçiləri vaxtında tədbir görsəydi və o cür aşağılanmağımızı bizə rəva görməsəydi, gürcülərin də bizə yanaşması fərqli olardı...

-Bəli, Sərhəd Qoşunları komandanlığının bu məsələdə lazımi iradə ortaya qoymaması insanı çox narahat edir. Xüsusilə sərhədçilərimizdən birinin öz xidməti vəzifəsini yerinə yetirərkən, o cür aşağılanması bizim dövlət adımıza ləkədir. Hesab edirəm ki, öz vəzifə borcunu lazımi səviyyədə yerinə yetirə bilməyən əsgər və zabitlər sərt şəkildə cəzalandırılmalıdır...

-Hətta Sərhəd Qoşunları komandanı Elçin Quliyevin özünün istefa verməsini tələb edənlər də oldu.

-İctimaiyyətdə o cür tələblərlə çıxış edənlər də var. Biz də hesab edirik ki, Sərhəd Qoşunları komandanı bu insidentdə ən böyük məsuliyyəti daşıyan şəxsdir. Amma onun bu məsuliyyətinin çərçivəsini müəyyənləşdirmək Ali Baş Komandanın vəzifəsidir. Çünki insidentə yol açan səbəblərin mahiyyəti barədə ən təfsilatlı məlumata Ali Baş Komandan malikdir. Bizim proseslərə qiymət vermək səlahiyyətimiz və informasiyamız olmadığından hər hansı fikir bildirməyimiz düzgün olmaz. Fikrimcə, insident araşdırılmalı və günahkarlar barədə ictimaiyyətə təfsilatlı məlumat verilməlidir.

Ümumiyyətlə, bu gün yalnız Gürcüstanla deyil, bütün sərhədlərimizdə vəziyyət xeyli gərgindir. Ermənistanla sərhədlərimizdəki vəziyyət bəllidir. Rusiya ilə sərhədlərimizdə də növbəti gərginliklərin çıxma ehtimalı yüksəkdir. Bilirik ki, vaxtilə “Sadval” təşkilatının apardığı pozuculuq fəaliyyətinə bu gün radikal dini qruplar əlavə olunub. İŞİD kimi  terror təşkilatına mənsub olanlar əsasən şimal sərhədlərimizdən ölkəmizə sızırlar. İranla sərhədlərimizdə isə vəziyyət daha mürəkkəbdir. Məlumata görə,  hər gün qaçaqmalçılıq yoluyla İrandan ölkəmizə külli miqdarda narkotik maddələr keçirilir. Əfqanıstandan Avropaya və dünyanın digər bölgələrinə narkotik ticarətinin bir marşrutu da Azərbaycandan keçir. Şübhəsiz ki, bu məsələlərdə Sərhəd Qoşunları Komandanının vaxtında öz sözünü deməməsi də önəmli rol oynayır.

-Ətrafımızda gərginliyin artdığı bir zamanda xaricdəki müxalif qruplar inqilab şüarları ilə çıxış edirlər. Sizcə, bütün bu çağırışlar xarici dövlətlərin Azərbaycandakı stabilliyi pozmaq  planının tərkib hissəsi ola bilərmi? Əgər elədirsə, bizdən tələb olunan nədir?

-Son dövrlər bu barədə əməlli-başlı təbliğat işinin aparıldığının şahidi oluruq. Ötən ilə qədər inqilabın yalnız fəsli göstərilir, narazı kütlə “bir payız axşamı”na hazırlaşmağa çağırılırdı. İndisə günü də konkertləşdiriblər - 17 Noyabr. Amma hesab edirəm ki, bütün bunlar əsası olmayan populist çağırışlardır.  Zənnimcə, bütün bu çağırışların məqsədi ölkədə həyata keçirilən islahatları tormozlamaqdır.

-Əslində inqilab pis şey deyil, əgər mütərəqqi ideyalarla həyata keçirilərsə. Azərbaycanda inqilab tərəfdarlarının böyük əksəriyyəti isə söyüşü mübarizə metodu seçib...

-Həmin insanların söyüş ritorikasından istifadə etməsi xüsusilə qəbulolunmazdır. Biz partiya olaraq, söyüş ritorikası ilə bağlı öz mövqeyimizi rəsmən açıqlamışıq. Söyüş ritorikasından tamamilə əl çəkmək lazımdır. Bu yolu tutan şəxslər başa düşməlidir ki, söyüş onların özünə də (qarşı tərəf vasitəsilə) qayıdır və cəmiyyətdə xoşagəlməz tendensiyanın yaranmasına səbəb olur. Xüsusilə də gənclərimizin bu ruhda tərbiyyələnməsi ümumiyyətlə yolverilməzdir.

Hesab edirəm ki, mütərəqqi inqilablar yalnız islahatlar və qarşılıqlı anlaşmalar yoluyla həyata keçirilə bilər. İnqilab beyinlərdə və təfəkkürlərdə olmalıdır. Biz AMİP olaraq üsyanların, inqilabların əleyhinəyik. Üsyanlar, iğtişaşlar dövlətləri illərlə geriyə atır. Təkamül yolu ilə, siyasi islahatlarla cəmiyyət dəyişilməlidir. Onu da qəbul edirik ki, ölkədə çox ciddi dəyişikliklərə ehtiyac yaranıb.

-Amma hökumətin belə bir iradəsi hiss olunurmu? Axı bunun üçün gərək ilk növbədə siyasi iradə ortaya qoyula...

-Şübhəsiz, bunun üçün hakimiyyət siyasi iradə ortaya qoymalıdır. Amma unutmayaq ki, heç bir hökumət öz-özünə siyasi islahatlara getməz. Xüsusilə də pos-sovet ölkələrində. Azərbaycanda da digər pos-sovet ölkələri kimi idarəçilər köhnə sistemin qalıqlarıdır və öyrəşdikləri metodlardan kənara çıxa bilmirlər. Bunun üçün də ölkədə fəaliyyət göstərən siyasi qüvvələr, ziyalılar bir araya gəlib hökuməti islahatlara getməyə vadar etməlidirlər. Xaricdən inqilab çağırışları isə cəmiyyətin mütərəqqi hissəsini parçalamağa yönələn çıxışlardır daha çox. İlk baxışdan cəlbedici görünsə də, əslində proseslərin tormozlanmasına hesablanıb. Təsadüfi deyil ki, o çağırışı edənlər Azərbaycanda hakimiyyətə sivil təzyiq göstərə biləcək siyasi təşkilatları və liderləri hədəfə alırlar.

-Hər dəfə ölkədə gərginlik yarananda AMİP lideri Etibar Məmmədovun aktiv siyasətə qayıdışı gündəmə gəlir. Son zamanlar da onun ayaq səsləri hiss edilir. Hətta siyasi partiyalardan birinin sədri Etibar bəyi açıq şəkildə siyasi aktivliyə dəvət etdi. Liderinizin bu çağırışlara cavabı necə olacaq?

(ardı var)

Söhbətləşdi: Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 1 351          Tarix: 25-07-2019, 21:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma