Xəbər lenti

  

Arayış və ya zəruri haşiyə

Cənab Prezident!

Sizə bu məktubu yazıb yazmamaq barədə xeyli düşündüm, sonunda yazmağa qərar verdim. Çünki mənim bir neçə ay öncə qarşılaşdığım hadisə yalnız fərdi məsələ deyil, həm də dövlətimizin milli təhlükəsizlik sistemində mövcud olan ciddi çatışmazlıqlarla bağlıdır. Dövlət hər birimizin ortaq dəyəri olduğundan və onun taleyi ölkə rəhbərliyini daha çox maraqlandırdığından sizi bəzi həqiqətlərdən xəbərdar etməmək ölkə rəhbərinə və dövlətə qarşı ən böyük haqsızlıq olardı.

Cənab Prezident!

Məktubumun sizin qarşınızda əhəmiyyətini azaltmaq üçün ətrafınızda olan bəzi məmurların qulağınıza “o müxalifdir, sözünə əhəmiyyət verməyin” deyə pıçıldayacağına əmin olduğumdan, əsl mövzuya keçməmişdən əvvəl bu məqama da aydınlıq gətirmək istəyirəm. Etiraf edim ki, mən həqiqətən də heç bir zaman sizin və hakimiyyətinizin yaltaq müdafiəçisi olmamışam. Əksinə, müstəqilliyin ilk günlərindən indiyədək əks mövqedə dayanmışam və hazırda da müxalif partiyalardan birinin – Ədalət partiyasının sədr müaviniyəm.

Bununla belə, sizin hakimiyyətinizə qarşı müxalifliyimin kökündə heç də şəxsinizə qarşı kin-küdurət hissləri deyil, ölkəmizin daha yaxşı idarə olunması istəyi dayanıb. Artıq neçə ildir ki, sizin “qudurğan” məmurlara qarşı mübarizəniz, ölkənin onlar tərəfindən talanmasını etirafınız mənim və əksər müxaliflərin  nə qədər haqlı olduğunu göstərir. Mən də bir jurnalist kimi, zaman-zaman sizin bu müsbət hesab etdiyim işlərinizi, aparmaq istədiyiniz islahatları dəstəkləmişəm və dəstəkləməkdəyəm. Fikrimcə, əsl vətəndaş və jurnalist də məhz bunu etməlidir – neqativ hallara qarşı süngüylə çıxmalı, müsbət addımları yüksək qiymətləndirməlidir.

 Əlahəzrət Zaman da sübut etdi ki, Sizə və hakimiyyətinizə qarşı ən ciddi təhlükə bizim kimi ölkəsinin daha yaxşı idarə olunmasını arzulayanlardan yox, ətrafınıza cəmləşən, sizin ifadələrlə desək, “anti-milli ünsür”lərdən gəlməkdədir.

Məni bu məktubu yazmağa cəsarətləndirən başlıca amillərdən biri isə son zamanlar hüquq mühafizə və təhlükəsizlik orqanlarında apardığınız kadr islahatları ilə əlaqədardır. Xüsusilə DTX-nin rəhbərliyini dəyişməyiniz və keçmiş idmançı rəisin yerinə öz işini bilən, təhülkəsizlik orqanlarında böyük təcrübələr qazanan birini gətirməyiniz məndə sözlərimin yanlış anlaşılmayacağı barədə ümidlər yaratmışdır. Ümidvaram ki, dövlət təhlükəsizliyindən birbaşa məsul olan Əli Nağıyev cənabları bu məktubda qeyd edəcəyim bəzi xüsusları diqqətə alacaq və müvafiq tədbirlər görəcək.

Zira təhlükəsizlik anlayışının 3 kateqoriyaya bölündüyünü cənab Əli Nağıyevin də bildiyinə əminəm. Bunlardan biri risk, digəri potensial təhdid, ən sonuncusu isə real təhlükədir. Hər bir riskin potensial təhdidə, potensial təhdidin isə real təhlükəyə çevrilmə ehtimalı var və mənim bəhs edəcəyim xüsuslar qarşılaşdığım problemlərin real təhlükə həddində olduğunu göstərir və dövlətimizin gələcəyi naminə dərhal qarşısı alınmalıdır.

Zəruri bildiyim bu arayışlardan sonra əsas mətləbə keçirəm.

Cənab prezident!

Aprel ayının sonlarında bəzi fermerlər üzləşdikləri problemləri işıqlandırmaq üçün mənə müraciət etmişdilər. Mən də onları dinlədikdən sonra iddialarını sübut edə biləcəkləri faktlar istəmişdim. Günün sonunda şikayətçilər bəzi saytlarda dərc olunan şikayətlərini mənə göndərdilər. Həmin yazılarda Beyləqanda və digər rayonlarda  "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin fəaliyyətindən narazılıq ifadə olunur və bunlar video-görüntülərlə təsdiqlənirdi. Mən də bir jurnalist kimi həmin MMC-nin sədri Anar Hüseynov barədə Google-də axtarış aparmış və onun FETÖ ilə bağlantısı olduğuna dair iddialarla tanış olmuşdum. Saytlarda dərc olunan şikayətlərə bu məlumatları da əlavə edib “KTN-ni kim idarə edir: İnam Kərimov, yoxsa Anar Hüseynov – Azərbaycanın aqrar sektoru FETO caynağında?” sərlövhəli bir yazı yazmışdım. Üzərindən bir müddət keçəndən sonra may ayının 4-də bu yazı ilə əlaqədar DTX-nə dəvət olundum. Həmin gün anam vəfat etdiyindən 3 gün sonra DTX-ya getdim.

DTX-da mənə yazdığım yazı ilə əlaqədar istintaq aparıldığını və buna görə çağrıldığımı bildirdilər. Mən də suallarına cavab verəcəyimi dedim. Müstəntiqləri isə ancaq bir məsələ maraqlandırırdı: Anar Hüseynovun FETÖ üzvü olub-olmaması.

Halbuki, həmin yazıda DTX-nı daha çox maraqlandıracaq inkarolunmaz faktlar mövcud idi. Məsələn, şikayətçilərin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”ndə baş alıb gedən rüşvətxorluqla, dövlət əmlakının talan edilməsi, gübrə subsidiyalarının mənimsənilməsi və s. iqtisadi cinayətlərlə bağlı iddiaları, fikrimcə, daha çox araşdırılmalı və lazımi ölçü götürülməli idi. Müstəntiqlər isə bu real faktları bir kənara atıb, yanlız mülahizələrlə sübut oluna biləcək məqamlardan yapışmışdılar. Bunu onlara irad tutduğumda isə məni heyrətləndirəcək cavab verdilər: “Biz terroru araşdırırıq. Dövlət əmlakını mənimsəmək, korrupsiya kimi məsələlər bizim araşdırma mövzumuz deyil”.

Müstəntiqlərin bu cavablarından anladım ki, DTX-nın istintaq idarəsində çalışanların ya dövlət təhlükəsizliyi anlayışından xəbərləri yoxdur, ya da bilərəkdən bunu gözardı edirlər. Halbuki, dövlət təhlükəsizliyi anlayışı ötən əsrin ikinci yarısından etibarən tamamilə dəyişmiş, terror, asayişin pozulması kimi bəsit təhdidlərə qarşı mübarizəyə yeni və daha mühüm amillər əlavə olunmuşdu. Xüsusilə II Dünya müharibəsindən sonra milli təhlükəsizlik məfhumunun əhatə dairəsi genişlənmiş, bura iqtisadi, maliyyə, mədəniyyət, sosial, səhiyyə və s. kimi təhlükəsizlik təhdidləri də əlavə edilmişdi. Müharibədən sonra qurulan BMT-yə üzvlük sazişində belə, bu məqam öz əksini tapmışdır. Müqavilənin 55-ci maddəsinə görə, beynəlxalq sülhün və təhlükəsizliyin mühafizəsi iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə məsələləri ilə birbaşa əlaqəlidir. Məhz bundan sonra milli təhlükəsizlik xüsusatlarına hərbi, asayiş kimi məsələlərlə yanaşı, iqtisadi, sosial, mədəni, təhsil və səhiyyə təhlükəsizliyi bəndləri salınmışdır.

Xüsusilə 1970-ci illərdən sonra iqtisadi və maliyyə təhlükəsizliyi milli özünüqoruma strategiyalarının bir nömrəli prioritetinə çevrilmişdir. Təsadüfi deyil ki, məhz o zamandan etibarən dövlətlərin bir-birinə qarşı savaşlarında iqtisadi və maliyyə embarqoları ön plana çıxmışdır. Bu gün belə, dünyanın ən böyük hərbi qüdrəti olan ABŞ-ın rəqiblərinə qarşı müharibələrdə əsasən iqtisadi savaş metodlarına əl atdığı inkaredilməz həqiqətlərdəndir.

İqtisadi savaşların ən güclü silahı isə yalnız embarqolarla məhdudlaşmır, hədəfə alınan ölkələri korrupsiya və rüşvətxorluq bataqlığına sürükləmək, qeyri-qanuni yollarla dövlətdən oğurlanan pulların xaricə axınını təşkil etmək, iqtisadiyyatı çökdürmək üçün monopoliyalar yaratmaq kimi metodlar daha güclü silah kimi qəbul edilir. Bu yollarla dövlətlər daha qısa müddətdə çökdürülür, defolt vəziyyətinə gətirilərək, asanlıqla ələ keçirilir. Rayonlardan gələn şikayətlər Anar Hüseynovun timsalında KNT-nin də məhz iqtisadi təxribatla məşğul olduğu təəssüratı yaradırdı və həmin yazının qələmə alınmasının səbəbi də bu idi. Onun FETÖ üzvü olub-olmaması isə kiçik təfərrüatdı.

DTX müstəntiqləri isə qeyd etdiyim kimi, dövlətçiliyimiz üçün real təhlükə yarada biləcək ciddi təhdidləri bir kənara atıb təfərrüatla maraqlanırdılar. Açığı, bunu məni sorğulayanların 19-cu əsrin təhlükəsizlik nəzəriyyələri ilə hərəkət etməsinə və müasir prinsiplərdən xəbərsizliyinə yozub çox dərinə getməmiş və onları maraqlandıran suallara cavab vermişdim. Yəni Anar Hüseynovun FETÖ üzvü ola biləcəyi ehtimalı ilə bağlı suallara.

Əvvəla, mənim fikrimcə, FETÖ xarici güc mərkəzləri tərəfindən Türk dövlətlərini çökdürmək projesi olduğundan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin, iddia edildiyi kimi, korrupsiya ilə məşğul olması təsadüfi deyildi və şüurlu, yaxud şüursuz xarici güc mərkəzlərinə xidmət edirdi.

İkincisi, Anar Hüseynovun FETÖ-nün Azərbaycan qanadının bir nömrəli şəxsi Elnur Aslanovun ən etibarlı kadrı olması da onun bu şəbəkəyə bağlılığı barədə şübhələri artıran xüsusdur. Zira Anar Hüseynov 2007-ci ildən 2014-cü ilə qədər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsində Elnur Aslanovla bir yerdə işləmiş və onun ən yaxın adamı olmuşdur. Hətta aldığım məlumata görə, siyasi izdivac kimi Azərbaycan tarixinə düşən Rəbiyyə Aslanovla Putinin dostu İlham Rəhimovun toyunda qonaq-qaranı qarşılayanlardan biri də Anar Hüseynov olmuşdur. Nə yazıq ki, həmin iddiaları təsdiqləmək üçün youtube kanalında bütün axtarışlarıma rəğmən toy mərasimindən çəkilən videoları tapa bilmədim. Düşünürəm ki, əlaqədar qurumlar bu informasiyanı araşdırıb məlumatların nə dərəcədə dəqiq olduğunu yoxlaya bilərlər. Əgər bu fakt doğrudursa, Elnur Aslanovla Anar Hüseynovun nə qədər yaxın olduqları öz təsdiqini tapacaqdır. İnsanları bir-birinin xeyir-şərində özünü ev sahibi kimi aparması, yəqin razılaşarsınız ki, bir halda mümkündür – eyni hədəfdə birləşəndə. Sözügedən toyun hansı məqsədlə planlaşdırıldığı və sonradan niyə təxirə salınması barədə hər hansı fikir söyləməyi isə artıq hesab edirəm. Bunun Azərbaycanda siyasi hakimiyyəti dəyişdirmək üçün  hazırlanan ssenarinin tərkib hissəsi olduğunu özünüz məndən yaxşı bilirsiniz.

Qeyd edim ki, mənim bu arqumentim DTX müstəntiqləri tərəfindən yetərli hesab olunmamış, məndən Anar Hüseynovla yanaşı  Elnur Aslanovun da FETÖ üzvü olumasını təsdiqləyən sənəd tələb olunmuşdur. Mənim cavabım isə belə olmuşdur: “2014-cü ildə Elnur Aslanovun FETÖ üzvü olduğu barədə məlumatlar yayılmış, daha sonra onun Fəthullah Gülənə yazdığı məktub saytlarda yayınlanmışdır. Həmin ifşadan sonra Prezident İlham Əliyev də Elnur Aslanovu işdən uzaqlaşdırmışdı”.

Bu cavabımdan sonra müstəntiqlər məndən həmin Sərəncamı şəxsən görüb-görmədiyimi soruşmuşdular. Mən də rəsmi xəbər portallarında şəxsən oxuduğumu demişdim. Növbəti sualları isə belə olmuşdu:

“Orda Elnur Aslanovun FETÖ-cü olduğu rəsmən yazılmışdı?”

Mən isə suala bu cür cavab vermişdim:

“Prezident MTN-ni ləğv edəndə bu qurumun ölkəmizin milli maraqlarına xəyanət etdiyini yazmışdımı? Siz deyəsən Prezidentin sərəncamları ilə jurnalist yazılarını qarışdırırsınız. Prezident Sərəncamlarında o detallar qeyd olunmur”.

Əsaslandığım dəlillərdən biri də Anar Hüseynovun təhsili ilə bağlıdır. Aldığım məlumata görə, o, Fətulla Gülənə məxsus orta təhsil müəssisəsindən məzun olduqdan sonra Qafqaz universitetinə daxil olmuş, ali məktəbi bitirdikdən sonra Elnur Aslanovun yanında işləmişdir. Yəqin, razılaşarsınız ki, bu heç də təsadüfi seçimə bənzəmir. Üstəlik, təhsil aldığı fakültənin də onun iş karyerası ilə heç bir əlaqəsi yoxdur. Adam ilahiyyatı bitirib, işə Prezident Aparatında Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsində başlayıb, Elnur Aslanov işdən qovulduqdan sonra “ASAN Xidmət”ə transfer olunub. Yeni himayədarı İnam Kərimovun qanadları altında indi KTN-də çox mühüm vəzifələri icra edir və nazirin ən yaxın adamı sayılır. Sual olunur: məsləkcə molla olan bu adamın KTN-də nə işi var? Yoxsa, İnam Kərimovun aqrar sektorda innovativ tədbirlər deyərkən nəzərdə tutduğu pomidor və ya pambıq kollarına Quran oxumaqdır? Yoxsa, İnam Kərimov orta əsrlərdə olduğu kimi, yağış yağmayanda, gün tutulanda, sərt küləklər əsəndə müsəllaya çıxmaqla məhsuldarlığı artırır və Anar Hüseynov da öz dini möüzələri ilə ona züy tutur? Əgər həqiqətən də "aqro-innovativ" tədbir deyəndə bunu nəzərdə tutursa, ona məşhur bir atalar sözünü xatırlatmaq yerinə düşərdi: "Müshəf oxumaqla donuzlar darıdan çıxmır".

Yuxarıda İnam Kərimova ünvanladığım suallara cavab axtarmağı həm də sizin və dövlət təhlükəsizliyindən məsul olan Əli Nağıyevin öhdəsinə buraxıram. Mən isə sadəcə onu vurğulamaq istəyirəm ki, Fəthullah Gülən məktəblərinin FETÖ oylağı olması barədə fikirlər mənə aid deyil. Bunu Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan cənablarının özü dəfələrlə iddia etmiş və “hinlərinə girəcəyik” deyərkən həmin təhsil müəssisələrini nəzərdə tutmuşdur. Siz də görünür, türkiyəli həmkarınızın bu arqumentini haqlı görmüş və Azərbaycandakı məktəbləri bağlamışsınız. Belə çıxır ki, DTX-də mənim “istintaq”ımı aparanlar əslində Türkiyə prezidentini və Sizi sorğulayırdılar.

Cənab prezident, yeri gəlmişkən, onu da vurğulamaq istəyirəm ki, KTN-də bu gün yüksək vəzifədə işləyənlərin böyük əksəriyyəti həmin məktəblərin yetirmələridir. Bu fakt onu göstərir ki, İnam Kərimovun Anar Hüseynova üstünlük verməsinin əsl səbəbi heç də onun məsəllaya çıxarkən züy tutması ilə əlaqədar deyil və məsələnin daha ciddi səbəbləri var. Bu səbəbləri yəqin ki, təhlükəsizlik xidmətləri daha yaxşı araşdıra bilərlər. Təbii ki, bu orqanın daxilindəkilər imkan verərlərsə...

Mənim sorğulanmada üzləşdiyim digər suallar və onlara verdiyim cavablar barədə uzun-uzadı danışmaq istəmirəm. Sadəcə onu vurğulamaq istəyirəm ki, “istintaq” (niyə dırnaq arasında yazdığımı daha sonra izah edəcəyəm) zamanı mənə ünvanlanan sualların heç biri nəyisə araşdırmaq məqsədi güdmürdü. Müstəntiqlər o yazını yazarkən əsaslandığım məntiqi sorğulayırdılar. Halbuki, bu, onların vəzifəsi olmamalıdır. Onlar sadəcə hansı məntiqə əsaslandığımı öyrənə bilərdilər. Məntiqi sorğulamaq isə fəlsəfə institutlarının işidir. Mən bunu müstəntiqlərin özlərinə də söylədim. Sorğulanmam zamanı müstəntiqlərdən birinin etirafına isə, yumşaq desək, təəccübləndim. Anar Hüseynovun FETÖ məktəblərində oxuduğunu deyərkən həmin müstəntiqin reaksiyası eynilə bu cür oldu:

“Mən də o məktəbdə oxumuşam. Sizin məntiqinizlə, mən də FETÖ-cüyəm?”

Mən isə ona bu cavabı verdim:

“Əvvəla, o məktəblərdə oxumusunuzsa, bu istintaqı aparmaq hüququnuz yoxdur. Çünki siz artıq mənim ittiham etdiyim tərəfsiniz və sorğulamada tərəfsiz ola bilməzsiniz.

İkincisi, mən bilən qeyri-ənənəvi məktəbləri bitirənlər dövlət təhlükəsizliyi orqanlarına işə götürülə bilməzlər. Siz hansı yolla buralara gəlib çıxıbsınız?”

Mənim bu arqumentlərimi yaxına buraxmayan həmin müstəntiq az sonra otaqdan çölə çıxdı, geri qayıdanda isə istintaqı aparmaqdan imtina etdi. Kim bilir, bəlkə də bu, təsadüfi deyildi və sorğulamanı dinləyən daha yetkili birisi tərəfindən iradlarım haqlı görülmüş, müstəntiq bayıra çağırılaraq prosesdən uzaqlaşdırılmışdı. Mənə isə bu, könüllü imtina kimi təqdim olunurdu.

Cənab Prezident, həmin sorğulamadan hardasa 3 ay vaxt keçir. Hələ də istintaqın nə yerdə qaldığı mənə məlum deyil. Haqqında yazı yazdığım Anar Hüseynov da hələ ki öz işini davam etdirir. Məntiqlə, əgər bu istintaq məni sorğulayırdısa, davamı olmalı idi və növbəti sorğulamalara çağırılmalı idim (Yeri gəlmişkən onu da qeyd edim ki, istintaqa çağrıldığım barədə ilk sorğulama zamanı mənə rəsmi çağırış vərəqəsi də göndərilməmişdi).

 Yox, əgər şübhəli şəxs Anar Hüseynov idisə, ən azı istintaq bitənədək öz vəzifəsindən uzaqlaşdırılmalı idi. Yuxarıda vurğuladığım kimi, bu zəruri addım da atllmayıb.  

İstintaqın tamamilə hərəkətsizliyi, fikrimcə, başqa mətləblərdən xəbər verir. Belə anlaşılır ki, hörmətli çekistlərimizin məqsədi yazıda qeyd etdiyim məsələləri araşdırmaq yox, sadəcə mənə psixoloji təzyiq göstərmək və yazıları dayandırmaq imiş. Mətbuat azadlığına qəsd kimi xarakterizə ediləcək bu ehtimalı qüvvətləndirən digər amillər də var. Bunlardan biri təkcə mənim deyil, KTN-dəki yolsuzluqlarla bağlı yazı yazan digər sayt rəhbərlərinin də “istintaq”a dəvət edilməsidir. Qulağıma çatan məlumata görə, onlar daha ağır psixoloji təzyiqə məruz qalmışlar.

Sorğulamanın təzyiq məqsədilə aparıldığını təsdiqləyən digər amil həmin yazıların saytlardan silinməsidir. Dəqiq məlumatım var ki, bu yazılar DTX-nın baş redaktorlara təzyiqləri nəticəsində saytlardan yığışdırılıb. Yuxarıda “İnam Kərimovun kimliyini araşdırmağa DTX-dakılar imkan verərsə...” deyərkən nəzərdə tutduğum da məhz bu idi.

Bir vətəndaş və yazar kimi məni incidən ən mühüm amil isə sorğulanmamla bağlı Anarın yaxın çevrəsində barəmdə işlətdiyi fikirlərdir. “Heydər Oğuzu, bax, belə susdurarlar”.

Ortaq jurnalist dostlarımız vasitəsilə mənə çatdırılan bu fikirlər əslində daha ağır sözlərlə ifadə olunmuşdu. Sadəcə etik normaları nəzərə aldığımdan onun tam nə dediyini yaza bilmir və “kolxozçu” təfəkkürünü ciddiyə almağımdan bu ədəbsizliyi Anar Hüseynovun cahilliyinə bağışlayıram.

Məni əsl narahat edən isə həmin sözlərin ağırlığı deyil, absurd bir faktdan qaynaqlanmasıdır. Məsələ burasındadır ki, mən 1990-cı ildən bəri sizin və atanız barədə xeyli tənqidi məqalələr yazmışam. Vətənpərlik hissləri ilə yazılmış bu yazılar sərtliyi ilə seçilib. Amma heç bir zaman nəinki DTX və ya əvvəlki adıyla MTN, hətta hansısa polis serjantı tərəfindən təhdid olunmamışam. Kimsə məni susdurmağa da cəhd göstərməyib. Hətta bəzən tənqidimin mükafatını almışam. 1992-ci ildə Türkiyəyə oxumağa göndərilməyim də tənqidi yazılarımın bəhrəsidir. Mərhum atanız Heydər Əliyev cənabları onun barəsində yazdığım ilk yazıma görə məni qəbul etmiş və cəsarətimi alqışlamışdır. Daha sonra nə işlə məşğul olduğumu, haranı bitirdiyimi soruşmuşdu. Mən də qaynaqçı işlədiyimi, orta təhsilli olduğumu demişdim. Heydər Əliyev isə yazımdakı məntiqi mülahizələrimi bəyəndiyini, amma yanlış yolda olduğumu bildirmiş və mənə xaricdə oxumağı məsləhət görmüşdü. Beləcə, məni oxumağa təşviq edənlərdən biri sizin atanız olmuşdur.  Baxmayaraq ki, məzun olduqdan sonra atanızın arzuladığı “adam” ola bilməmiş, yenə də müxalif mövqedə qalmışam. Amma buna görə açıq və ciddi təhdidlə üzləşməmişən. Sizin hakimiyyət sadəcə məni çörəklə imtahana çəkmişdir. Mən də bu fakta istinad edərək, indiyədək Azərbaycanda söz azadlığının deyildiyi qədər boğulduğuna inanmamış və bunu hər yerdə dilə gətirmişəm.

Fəqət son vaxtlar sizin hakimiyyətiniz barədə bu müsbət qənaətimə də kölgə düşməyə başlamışdır. Çünki son bir neçə ildə iki real təhdidlə qarşılaşmışam. Onlardan birinin səbəbi Beynəlxalq Bankın sədri Cahangir Hacıyevdən məhbəsdə aldığım müsahibə, digəri isə keçmiş terminlərlə desək, bir “kolxoz” sədrinin əməlləri barədə yazdığım yazıdır. Ən ciddi təhdidlə isə “kolxoz” sədrini tənqidimdə yaşamışam. Bir yazıya görə jurnalisti DTX-nə çağırmağın həm də simvolik bir mənası  var. Belə çıxır ki, bu ölkədə prezidenti də, naziri də tənqid edə bilərsən, amma kolxoz sədrlərini əsla.

Cənab Prezident, əfvinizə sığınaraq, soruşmaq istəyirəm: bu ölkə kim tərəfindən idarə edilir və kimin maraqları dövlət təhlükəsizlik məsələsi kimi qəbul olunur? Sizin təbirinizlə desək, "qudurğan" məmur ordusu, görün, nə qədər harınlayıb ki, adi bir “kolxoz sədri” belə özünü ölkənin sahibi kimi aparır.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 021          Tarix: 28-07-2019, 12:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma