Xəbər lenti

 

 

Ədalət partiyasının sədri İlyas İsmayılov Türkiyədə keçirilən seçkilərdə qazandıqları qələbə münasibətilə Cümhur ittifaqını, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanı və MHP lideri Dövlət Baxçalını ayrı-ayrılıqda təbrik edib.

Partiya sədrinin təbrik məktublarını Ovqat.com oxucularına təqdim edirik:

 

Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayib Ərdoğan bəy!

Mən ilk növbədə bütün dünyaya demokratiya dərsi verən böyük Türk xalqını, habelə Sizi 24 iyun 2018-ci il tarixində keçirilən Prezident seçkilərində əldə etdiyiniz böyük qələbə münasibətilə təbrik edir, növbəti hakimiyyətiniz dövründə şəxsinizə və partiyanıza uğurlar diləyirəm. Hesab edirəm ki, ən yaxın rəqibinizdən 22% çox səs toplamağınız təsadüfi deyil, qardaş Türk xalqının 2003-cü ildən indiyədək yürütdüyünüz uğurlu siyasətə verdiyi ən gözəl qiymətdir. Sizin bundan sonra da geniş siyasi təcrübələrinizə və qətiyyətli xarakterinizə söykənərək uğurunuzu davam etdirəcəyinizə inanıram.

Cənab Ərdoğan!

Qazandığınız bu uğur təkcə rəhbəri olduğunuz AK Partiyanın və Türkiyənin deyil, bütünlüklə İslam dünyasının zəfəridir. Çünki siyasi həyatınız boyunca qarşıya qoyduğunuz hədəflər İslam dünyasının yüksəlməsi, tərəqqisi və qlobal gücə çevrilməsiylə bağlı olmuşdur. Həqiqətən də hakimiyyətdə olduğunuz 15 il ərzində addımbaaddım bu hədəfə doğru yürümüş, Türkiyəni həm İslam dünyasının sözçüsünə, həm də qlobal təsir gücünə malik bir dövlətə çevirmişsiniz. Dolayısıyla, Sizin əldə etdiyiniz uğurdan hər bir müsəlmana müəyyən paylar düşür.

Azərbaycan da Sizin qələbənizə sevinənlərin sıralarında ilk sıralarda yer alır. Bizlər Türkiyəni özümüzün digər Vətəni sayır və bu ölkədə baş verənlərə laqeyd qalmır, canı bir, qanı bir, dili, dini bir qardaşlarımızın sevincinə sevinir, acısını paylaşırıq. Odur ki, Türkiyədə əldə edilən hər bir nailiyyət həm də bizim uğurumuzdur.

Bütün İslam dünyasında Qərb imperializminin qanlar axıtdığı, tarixi coğrafiyaları dəyişdirməyə çalışdığı indiki çağda Sizin kimi sözü ötkəm, qətiyyətli liderin yenidən Türkiyə prezidenti seçilməsi tarixi bir şansdır. Qələbəniz bütün Türk və İslam dünyası üçün xeyirli olsun!

Ədalət partiyasının sədri

Hüquq elmləri doktoru

İlyas İsmayılov

 

 

Hörmətli MHP sədri Dövlət Baxçəli bəy!

Sizi Türkiyədə keçirilən son seçkilərdə üzvü olduğunuz Cümhur ittifaqının qələbə çalması münasibətilə təbrik edirik.

Siz son seçkilərdə milli iradəni partiya və şəxsi maraqlarınızdan üstün tutaraq, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanı dəstəkləyəməyə qərar verdiniz. Bununla da əsl dövlət adamı kimi, milli maraqları naminə hər fədakarlığa hazır olduğunuzu ortaya qoydunuz. Göstərmiş olduğunuz bu iradə və nümunə Türkiyənin separatizmə qarşı mübarizəsinə ən böyük töhfəni verdi və bütün İslam və Türk dünyasının ümidgahına çevrilən qardaş ölkənin istiqbalının, əbədi bəqasının güvənli əllərdə olduğunu bir daha təsdiqlədi. Bəlkə də məhz bu iradəniz nəticəsində böyük Türk xalqı Sizi  və təşkilatınızı yenidən parlament partiyası statusunuzu davam etdirməklə mükafatlandırdı

Bu müqəddəs davanızda Sizə həmişə uğurlar diləyir və seçkilərdə qazandığınız önəmli uğur münasibətilə bütün ülküdaşlarımızı təbrik edirəm.

Ədalət partiyasının sədri

Hüquq elmləri doktoru

İlyas İsmayılov




Ana səhifəyə qayıt        Baxış: 740          Tarix: 25-06-2018, 12:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma