Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərini hədəfə alan köhnə mübahisələr yenidən atəşlənməkdədir. Söhbət bizi bir millət, iki dövlətə çevirən ortaq dəyərlərimizdə şırım açmış Səvəfi-Osmanlı mübahisələrindən gedir.
Bəzi çevrələr tərəfindən vaxtaşırı gündəmə gətirilən bu mövzuyla əlaqədar şair-publisist Heydər Oğuzun 2016-cı ildə qələmə aldığı silsilə yazılarını təqdim edirik:
I Yazı
Son zamanlar Səvəfi dövlətinə və Şah İsmayıl Xətaiyə qarşı Azərbaycanda ciddi kampaniyanın aparıldığı diqqəti cəlb edir. Xüsusilə Türkiyədə təhsil alan və qardaş ölkəylə müxtəlif əlaqələri olan vətəndaşlarımız tərəfindən irəli sürülən arqumentlərdə Azərbaycan türkünün əsrlər boyu özünün ən böyük qəhrəmanı qəbul etdiyi, səhv, yaxud doğruluğundan asılı olmayaraq, müstəqillik, cənublu-şimallı bütövlük rəmzimizə çevrilmiş bu dəyərlərimiz müzakirə predmetinə çevrilir, həmin dəyərlər barədə danışılarkən qərəzlə dolu mənbələrə istinad olunur.
Türk tarixində sağalmaz yaralar açmış Şah İsmayıl – Sultan Səlim münaqişəsinin indiki dövrdə yenidən gündəmə gətirilməsi milli hədəflərimiz baxımından nə qədər təhlükəli olsa da, tariximizə çirkab atılmasının ardı-arası kəsilmədiyindən, irəli sürülən ittihamlara cavab vermək, bəzi müəmmaları aydınlaşdırmaq qərarına gəldik. Oxuduğunuz bu yazıda ittihamların nə qədər əsassız olduğunu isbat etməkdən daha çox, türklüyün ruhuna, dövlətçilik ənənələrinə və qüdrətinə xəncər kimi saplanmış Osmanlı-Səfəvi münaqişəsinin əsas səbəbləri barədə mülahizələrimizə və hazırda bu təhlükəli müzakirələrin gündəmə gətirilməsində güdülən məkrli niyyətlərə, yaxud onun arzuolunmaz nəticələrinə toxunmaq istəyirik. Bu baxımdan incələməyə çalışdığımız məsələyə bir neçə aspektdən nəzər salmağa çalışacağıq.
Osmanlı-Səvəfi münaqişəsinin kökü
Səfəvinin bostanına daş atanların söykəndiyi əsas arqumentlərdən biri Şah İsmayıl Xətai tərəfindən qurulan Səvəfiliyin əslində fars şovinizminə xidmət etməsi barədə irəli sürülən ittihamdır. İttiham sahiblərinin fikrincə, Orta Asiyadan Anadoluya qədər uzanan türk coğrafiyasının tam ortasında birdən-birə İsmayıl adlı 5 yaşlı uşaq peyda oldu və o, bir neçə il ərzində türk hegemoniyasına qarşı mübarizə apardı, nəhayət, dünyaya ağalıq edən super gücü parçaladı; onun qurduğu antitürk sisteminin ağır nəticələri daha sonra bu super gücü meydana gətirən qüdrətli bir qövmü dünənki kölələrinin quluna çevirdi…
Ən fantastik filmlərin ssenarisində belə, indiyədək rast gəlmədiyimiz bu mülahizələrin nə qədər absurd olduğunu əsaslandırmaq üçün uzun-uzadı danışmağa ehtiyac yoxdur. Mülahizənin hər tərəfindən məntiqsizlik və fantastika yağır. Təsvir olunan bu “Dəccal” təbiətli uşağın həmin əsrarəngiz gücünü hardan aldığı, niyə türklərin oymaq-oymaq axışaraq, aşıq oynamaq çağını yaşayan İsmayıla qoşulduğu suallarına isə heç bir cavab verilmir. Axı nə qədər qeyri-adi gücə malik olsa da, bir uşaq bu qədər geniştərkibli cəmiyyəti aldada bilməzdi. Hətta aldatsa belə, onun “fırıldağ”ının həyata keçməsi üçün münbit şərait lazım idi.
Bəs, görəsən, həmin münbit şərait nədən ibarətdir?
Zənnimizcə, əleyhdarlarının Şah İsmayıl gücünün əsas səbəbinə aydınlıq gətirən bu suallara cavab axtarmaması unutqanlıqdan yox, araşdırma nəticəsində məddahına çevrildikləri Osmanlının bir sıra naqisliklərinin ortaya çıxması ehtimalı ilə bağlıdır. Belə ki, tarix əvəzinə Məlikməmməd nağılı danışan fantastiklərin etiraf edə bilmədiyi reallıq Osmanlı xənadanlığı dövründə ən çox əziyyət çəkən millətlərin başına türklərin gəlməsiydi. Bunu hadisələrə tərəfsiz yanaşan bütün tarixçilər və dövlət adamları etiraf edirlər.
Məsələn, məşhur ABŞ tarixçisi Bernard Levis Osmanlı xənadanlığında yaşayan türklər haqqında deyir: “Osmanlı boyunduruğundan ən son qurtulan xalq türklər olmuşdur”.
Yəqin, bu sətirləri oxuyan Şah İsmayıl əleydarları düşünə bilərlər ki, yəhudi əslli bu tarixçi türk düşmənidir. Onun ürəyində türklərə qarşı nə qədər düşmən olub-olmadığını demək bizə düşməz. Dilində isə bu adamın erməni “soyqırımı” məsələsinin müzakirəsində həmişə türklərin və dolayısıyla Osmanlıların tərəfində dayandığının şahidi olmuşuq.
Maraqlıdır ki, türk millətinə sayqısı şübhə doğurmayan Mustafa Kamal Atatürkün Osmanlılara münasibəti də Bernard Levisın mövqeyindən çox fərqlənmirdi. Osmanlı xarabalıqları altından dartıb indiki Türkiyəni çıxaran Atatürk öz çıxışlarının birində eynilə belə deyirdi: “Osmanlı halkı içindeki Türk milleti de tamamen esir vaziyyete getirilmişti.Bu netice arz ettiğim gibi, milletin kendi iradesine ve kendi hakimiyetine sahip bulunmamasından ve bu irade ve hakimiyetin şunun-bunun elinde istimal edile gelmiş olmasından kaynaklanıyordu.” (Bax.: Atatürk, Nutuk, İstanbul, 2002 s.103-105.)
Devşirilən Avropa “yetimləri”
Atatürkün qeyd etdiyi kimi, Osmanlı xənadanlığı dövründə “əsir vəziyyətinə gətirilmiş” türklərin ən faciəli dövrü isə 16-ci əsrə təsadüf edirdi. Xüsuslə bu əsrdə türk köləliyinin başlıca səbəbi Osmanlıların ilk quruluş illərindən etibarən yürütdüyü “devşirmə siyasəti”ilə bağlı idi. İlk təzahürləri ikinci Osmanlı sultanı Orxan Qazinin zamanında ortaya çıxan, getdikcə geniş yayılan və türklər üçün dözülməz hala gələn devşirmə siyasəti “könüllü köləlik” deməkdir. Sultanlar işğal etdiyi Avropa ərazilərində gözəgəlimli uşaqları toplayıb saraya gətirirdilər. Səltənətin mədəni-mənəvi atmosferində böyüdülən bu kölələr daha sonra azad olunur və onlara ən yüksək dövlət vəzifələri verilirdi. Kölədən azad insana çevrilmə prosesi isə dərilərinin rənginə görə dəyişilirdi. Türklər kimi əsmər olanların devşirilməsi üçün 7, sarışınların devşirilməsi üçün isə 9 il müddət verilirdi. Devşirilmiş xristian uşaqlara saraylarda mühüm işlər tapşırılırdı. 15-ci əsrin sonlarından etibarən isə hakimiyyətin devşirmələrə ötürülməsi prosesi ucqarlara da yayıldı. Mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün Osmanlı tabeçiliyində olan bütün türk oymaqlarındakı bəyliklərin səlahiyyətləri alınıb “Avropalı yetimlərə” həvalə edilirdi.Bu da istər-istəməz türk oymaqlarında dirənişlərə səbəb olurdu.
Türkəslli tayfa liderlərinin 5 yaşlı uşağa pənah aparmalarının səbəblərindən biri elə bu amil idi.
Digər başqa bir səbəb isə Osmanlıların Avropa ölkələrini fəthə can atdığı həmin dövrlərdə bu siyasətin yaratdığı acınacaqlı durumdan qaynaqlanırdı. Tarixçılərin etirafına görə, Osmanlıların Avropaya yürüşləri artıqca Qərbdən Şərqə uzanan ticarət yolları bağlanır, avropalı tacirlər daha etibarlı marşrut arayışına başlayır və beləcə, bu ticari əlaqələrdən qidalanan bir çox türk oymaqlarının çörək ağacı kəsilirdi. Üstəlik, Osmanlı təhlükəsi üzündən birləşərək daha güclü hala gəlmiş Avropa ölkələrinin fəthi də çətinləşirdi. Nəticə etibarilə Osmanlıların qənimət olaraq ölkəyə gətirdikləri xarici kapital da qıta çıxmışdı.
Yarandığı gündən bəri işğal siyasətilə coğrafiyasını genişləndirməyə çalışan və böyük ordular saxlayan xənadanlığa isə indi daha artıq sərmayə lazım idi. Hərbi xərcləri qarşılamaq üçün Osmanlı yerli əhalidən daha artıq vergilər alır, bunu verə bilməyənlərin var-dövlətini müsadirə edirdi. Tamamilə yoxsullaşanAnadolu əhalisinin Şaha ümid yeri kimi baxmaqdan başqa çarəsi qalmamışdı. 16-cı əsrin Anadolu aşıqlarından və sufi şeyxlərindən olan Pir Sultan Abdal Osmanlı represiyalarından bəhs edən məşhur şeirlərindən birində yaşadıqlarını belə təsvir edir:
“Hızır paşa bizi berdar etmeden,
Açılın kapılar, Şaha gidelim.
Siyaset günleri gelip yetmeden,
Açılın kapılar, Şaha gidelim.
Gönül çıkmak ister Şahın köşküne,
Can boyanmak ister Ali müşküne.
Pirim Ali on’ki imam aşkına,
Açılın kapılar, Şaha gidelim.
Her nereye gitsem, yolum dumandır,
Bizi böyle kılan ahd-ü amandır.
Zincir boynum sıktı hayli zamandır,
Açılın kapılar, Şaha gidelim”.
Bernard Levisin “Osmanlı boyunduruğu” dediyi əsarəti “boynunu sıxan zəncirə” bənzədən böyük türk ozanı, nə yazıq ki, arzuladığı səadətə qovuşa bilməmiş, 1590-cı ildə həbs edilərək, “Səvəfi casusu” adıyla asılmışdı. Ozanın Şah Təhmasib zamanında yaşadığını nəzərə alsaq, Anadolu türklərinin Osmanlı zülmündən Səvəfilərə sığınmasının əsrlər boyu davam etdiyini anlaya bilərik.Azərbaycan ərazilərində hökmranlıq etməsinə baxmayaraq, Şah İsmayılın bizdən daha çox Anadolu türkləri tərəfindən sevilməsinin, haqqında şeirlər, türkülər yazılmasının səbəbi də, zənnimizcə, bu amansız repressiyalarda axtarılmalıdır.
Cəlali dirənişləri
Təsadüfi deyil ki, Anadolu türklüyünün Osmanlılara qarşı öz varlıqları uğrunda mübarizəsi yalnız Şah İsmayıl zamanında deyil, ondan sonra da davam etmişdir.16-cı əsrin əvvəllərində Şeyx Cəlal tərəfindən başladılan və adını da qurucusundan alan Cəlali üsyanlarının 17-ci əsrin sonlarına qədər davam etməsi də Osmanlı xənadanlığının türkə qənim kəsilməsinin ən bariz nümunəsidir. Tarixçılərin bildirdiyinə görə, hardasa 200 il davam edən bu üsyanların əsas səbəblərindən biri torpaqsız, evsiz-eşiksiz qoyulan, hər yerdə aşağılanan və etiraz edincə öldürülən türkün çarəsizlikdən quldurluğa qurşanması, qaçaq həyatı yaşaması ilə bağlıdır. Eynilə rus imperiyasında acından ölümə tərk edilən, haqsızlığa, ədalətsizliyə düçar olunan Azərbaycan türkünün çarəni qaçaqlıqda tapması kimi…
600 illik Osmanlı tarixinin təkcə 200 illiyinin, yəni 3/1-nin Cəlali üsyanlarına səhnə olduğunu, 17-ci əsrdən sonra zatən zəiflədiyini və Avropalıların təbiriylə desək, ölümünü gözləyən “xəstə adama” çevrildiyini nəzərə alsaq, onun nə qədər türk imperiyası olduğunu anlaya bilərik. Heç uzağa getmədən, 16-cı əsrdə Pir Sultan Abdal kimi böyük türk ozanını “Səvəfi casusu” kimi asan Osmanlı xənadanlığının saraylarında bəslədiyi şairlərin əsərinə baxsaq, hər şey aydınlaşar. Fəqət bəziləri kimi hansısa xənadanlığın türk tarixindən silinməsi kimi düşüncəmiz olmadığından, ortaq keçmişimizin paxırlarını açmaq niyyətimiz də yoxdur. Sadəcə, Səvəfiliklə Osmanlı müqayisəsində bir tərəfin tamamilə inkar edilib, digər tərəfə yönəlmənin haqlı olmadığını dilə gətirmək üçün bunları yazmaq məcburiyyətində qaldıq.
O ki qaldı Şah İsmayılın qurduğu Səfəvi dövlətinin “farsçılığa”, “Sasaniliyə” xidmət etdiyifikrinə, zənnimizcə, bu arqument o qədər zəifdir ki, barəsində uzun-uzadı danışmağa belə, ehtiyac yoxdur. Əvvəla, ona görə ki, Şah İsmayılın hansı millətə aid olduğu və kimə xidmət etdiyi mübahisəyə yer olmayacaq qədər açıqdır. Ortaya qoyulacaq əks-arqument üçün isə arxivlərdə eşələnməyə, qərəzli salnaməçilərin yazdıqlarını “çürütməyə” belə ehtiyac yoxdur. Şah İsmayılın özü bu iddiaların əsil cavabını saf türkcə ilə qələmə aldığı şeirləriylə verib.
Farsca divanlar yazan Osmanlı padşahlarından fərqli olaraq, bu gün “Sasanini xortlatmaq”da ittiham olunan Şah İsmayıl Xətainin türkcə “Divan”ı, “Dəhnamə”si bütün həqiqətləri çılpaqlığı ilə ortaya qoyur. Özünü tanımayanların Şaha daş atmasına verilən ən yaxşı cavab da, zənnimizcə, Xətai beynindən süzülən bu bənd ola bilər:
“Xətayi aydır: – Ya ğəni,
Verən mövla alır canı,
Əvvəl kəndi-kəndin tanı,
Sоnra elə nəzər eylə”.
Başqa bir gəraylısında məfhumları qarşırdıranları obrazlı şəkildə tənqid edən Xətainin aşağıdakı sözləri də gözəl cavablardandır:
“Gövhərin keçməyən yerdə,
Satma, qardaş, kərəm eylə.
Lə’l daşını çay daşına
Qatma, qardaş, kərəm eylə.
Gördün bir yerdə aşina,
Hər nə dersən öz başına,
Yоl daşını yоl quşuna
Atma, qardaş, kərəm eylə”.
Şahın ən böyük hədiyyəsi
Şah İsmayılın təbirincə desək, “yol daşını yol quşuna atanlar” belə bir fikir də irəli sürürlər ki, bu şeirləri əslində Xətainin özü yazmayıb. Onun saraya topladığı şairlər Şahın adından türkcə şeirlər yazıb divan toplayıblar. Məlum iddia doğru olsa belə, qətiyyən Şah İsmayılın türklüyə xidmətini inkar etmir, əksinə daha da qüvvətləndirir. Zira, Xətai qurduğu dövlətin sarayını o dövrün ideoloji tribunası, mediası hesab olunan türk şairlərinin üzünə açmaqla üzvü olduğu cəmiyyətə böyük xidmətlər göstərmişdi. Türk dili məhz onun hakimiyyəti dövründən etibarən, elitar təbəqənin ünsiyyət vasitəsinə çevrilmiş, bu dildə yazılan əsərlər 16-cı əsrdən başlayaraq, fars, ərəb ədəbiyyatı səviyyəsinə yüksəlmişdir.
Təsadüfi deyil ki, məhz Xətai hakimiyyəti zamanı türk ədəbiyyatının ən böyük zirvəsi hesab olunan Füzuli meydana çıxmış və islam ədəbiyyatına türk möhürü vurmuşdur. Şairin “Bəng-ü Badə” əsərində Şah İsmayıla bəslənən böyük ehtiram da türk ədəbiyyatına verilən bu töhfənin mükafatı idi. Cəsarətlə demək olar ki, Şah İsmayılın bu töhfəsindən sonra türk dili Osmanlı sarayına yol tapmış və böyük mədəniyyət yarada bilmişdir.
Ümumiyyətlə, 15-16-cı əsrlərə qədər siyasi hakimiyyətin türklərdə olmasına baxmayaraq, ədəbi əsərlərimizin və mənəvi mədəniyyət nümunələrimizin ərəb və fars dillərində yazılmasının səbəbi dilimizin dövrün ədəbi ənənəsinə çevrilmiş əruzauyğun gəlməməsi ilə izah olunur. Xətainin ərsəyə gətirdiyi türkcə divanında heca vəznindən bol-bol istifadə edilməsi yeni bir ənənə idi və ədəbiyyatımızın formalaşmasına ciddi köməklik göstərmişdir. Məsələyə bu baxımdan yanaşanda, Şah İsmayılın təkcə torpaqlarımızın ərazilərini genişləndirməklə qalmadığını, bununla yanaşı milli mədəni irsimizi yaratdığını söyləmək mümkündür. Ciddi mədəniyyətə söykənməyən istənilən dövlət və onun qurucusu olduğu xalqlar yer üzündən silinirlər. Millətləri bu yoxolmadan qoruyan əsas amillərdən biri də mədəniyyətdir. Hazırda bir millət kimi özümüzü qoruyub saxlamağımızda Şah İsmayılın mədəniyyətimizə verdiyi bu hədiyyənin də önəmli rolu olmuşdur. Özü də bu fikirlər təkcə Azərbaycan türkləri üçün yox, həm də bütün türk dövlətləri üçün keçərlidir.
Bilgisizlik, yoxsa şüurlu təxribat?
Zənnimcə, bütün bunlar nəzərə alınmadan Səvəfilərə və Şah İsmayıla daş atılmasının iki səbəbi ola bilər: ya bilgisizlik, ya da qəsdən yürüdülən siyasət.
Bu qədər bilgisizliyin mümkünlüyü az inandırıcı göründüyündən, biz ikinci versiyanı daha həqiqətəuyğun hesab edirik. Hansı məqsəd güdüldüyündən asılı olmayaraq, istəsək də, istəməsək də uzun illər boyu milli dövlətçilik simvollarımıza çevrilən, bizə vahidlik, milli birlik düşüncələri aşılayan bu dəyərlərə qarşı aparılan kampaniya Azərbaycan insanını məhzəb bölünmələrinə aparır və Yaxın Şərqin digər ölkələri kimi, ideoloji zəmində çarpışmaları tətikləyir. Nədən ki, Azərbaycan xalqı da digər müsəlman ölkələri kimi, bu iki məzhəb arasında haçalanmış vəziyyətdədir. Tarix boyu hansısa məzhəbi simvolizə edən şəxsiyyətlərin geniş xalq kütlələrinə açıq auditoriyalarda müzakirəyə çıxarılması məzhəblər arasındakı çatı böyüdə və arzuolunmaz nəticələr doğura bilər.
Qeyd edək ki, məzhəb münaqişələriylə bir-birinin qanına susadılmış Yaxın Şərqdən sonra qlobal imperializmin əsas hədəflərindən biri də Qara dənizdən Xəzərə qədər uzanan Şimali Qafqaz və Orta Asiyadır. Bu fikri ABŞ-ın “kölgə kəşfiyyatı” adlandırılan “Stratfor”un bir neçə gün öncə yayınladığı “Orta Asya: Böyük oyunda yeni raund” adlı araşdırması da təsdiqləyir.
Araşdırmada açıq şəkildə Orta Asiyada ABŞ-ın müdaxilə etməyəcəyi yeni məzhəb müharibəsi poliqonunun yaradılmasından bəhs edilir və Yaxın Şərq ölkələrində təcrübə keçmiş dini radikal qrupların səhnəyə çıxarılacağı bildirilir.
Azərbaycan da Rusiya ilə ABŞ arasında əzələ nümayişi meydanıdır. Özünü ziyalı adlandıran hər kəs gözlənilən təhlükələri göz önündə tutaraq, müdafiə etdikləri “həqiqətləri” ya daha dar çərçivədə masaya yatırmalı, ya da susmağı bacarmalıdırlar. Bütün hallarda milli təəssüb hissini alovlandıran tezislərin gündəmə gətirilməsindən uzaq olmaq məsləhətdir.
Məzhəb ziddiyyətlərinin önünü açan bu müzakirələrin Türkiyə-İran arasında yaxınlaşmaya mane törədəcəyi də istisna deyil. Məlum olduğu kimi, son zamanlar Yaxın Şərqdə çətin vəziyyətə düşən Ankara müttəfiqlərinin tərkibinə yenidən baxmaq məcburiyyətində qalmış, Rusiya və İranla yaxınlaşmışdı. Bu isə ilk növbədə ABŞ və digər Qərb ölkələrinin maraqlarına ziddir. Mümkündür ki, hansısa sehrli əl bu yaxınlaşma potensialının qarşısını almaq üçün Azərbaycanda iki ölkəni qarşı-qarşıya gətirir. İrəli sürdüyümüz bu versiyanın nə qədər həqiqətə uyğun olub olmadığı, böyük ehtimalla, yaxınlarda aydınlaşacaq…
Heydər Oğuz
Strateq.az
28 Sentyabr 2016
Paylaş: