Xəbər lenti

 

Son zamanlar yaşanan Qüds qalmaqalından sonra Osmanlı imperiyasının Yaxın Şərq coğrafiyasında dünya imperializminə qarşı ötən əsrin əvvəllərində apardığı mübarizə müzakirə predmetinə çevrilib. Xüsusilə körfəz ölkələrinin bəzi siyasi xadimləri İsrail və ABŞ-ın haqsız mövqelərinə etiraz etmək əvəzinə, qanlarıyla, canlarıyla bu torpaqları qoruyan türk hərbçilərinin əleyhinə hədyanlar danışır, açıqlamalar verirlər. Tarixi sənədlər isə türk ordusunun şərəflə öz hərbi missiyalarını yerinə yetirdiyinə şahidlik edir.

Azərbaycanın ən məşhur tarixçi alimlərindən, mübariz ziyalılarından olan Cəmil Həsənlinin bir neçə saat öncə paylaşdığı status da bu qəhrəmanlıq salnamələrinə işıq tutur.

I Dünya müharibəsində türk ordusunun imza atdığı nadir qələbələrdən biri Kut müharibəsindən bəhs edən həmin statusu Ovqat.com oxucularına təqdim edirik:

 

“Dostlar! Bu gün 1916-cı ilin aprel ayının 29-da Osmanlı ordusunun qazandığı Kut ul-Amare zəfərinin 101 illiyinə həsr edilmiş konfrans başa çatdı. Çanaqqaladan sonra türk ordusunun ikinci böyük qələbəsidir Kut döyüşü. Xəlil paşanın komandanlığı altında Osmanlı ordusu tarixi qələbə qazandı və sonrakı həyatını Xəlil paşa Xəlil Kut paşa adı ilə yaşadı.

Bu ad Azərbaycanda yaxşı tanınır. 1918-ci ildə İslam Ordusu tərəfindən Bakının qurtuluşu zamanı Kut qəhrəmanı Xəlil paşa Şərq qüvvələri komandanı idi. Mən bu konfransda Bağdaddan Bakıya Türk – İngilis qarşıdurması mövzusunda məruzə etdim. Bakı zəfəri Kut qələbəsindən sonra Osmanlı Ordusunun Birinci Dünya Müharibəsində sonuncu qalıcı zəfəri oldu.

 

Kut-ul Amaredə Türk ordusu 13 min ingilis əsgərini, 481 zabitini və 13 generalını əsir aldı. Britaniya ordusu mühasirədə olanda general Carles Taunşend əsgərlərin Hindistana göndərilməsinə icazə vermək üçün Xəlil paşaya 1 milyon funt sterliq təzminat təklif etdi. Az sonra bu məbləğ 2 milyon funt sterlinqə yüksəldi. Lakin Kut döyüşü ərəfəsində yeni paşa məqamı almış Xəlil bəy bundan imtina etdi. Təslim olmaqdan ayrı çarə qalmadı. Taunşend başda olmaqla 13 general zabit şərəfinin nişanəsi olan qılınclarını bellərindən açıb Xəlil paşaya təqdim edəndə, paşa qılıncları qaytardı və dedi ki, siz əsir deyilsiniz, Osmanlı dövlətinin müsafirlərisiniz. Onlar savaşdan sonra öz ölkələrinə gedənə qədər İstanbulda əsir kimi deyil, müsafir kimi yaşadılar.

 

1952-ci ilə kimi Türkiyə hər il Kut qələbəsini kutladı. Ölkə NATO-ya girəndə, 1952-ci ildə Kut zəfərinin qeyd edilməsi dayandırıldı.

Kutda əsir düşən generlallar öz ölkələrinə qayıtdıqdan sonra “Kut klubu” yaratmışdılar. 1957-ci ildə Xəlil paşada qida borusunun xərcəngi aşkar olanda onlar öz vəsaitləri hesabına müalicə üçün paşanı Londona dəvət etdilər. Hətta onlardan biri uzun yol gələn paşanın ayaqqabılarını tozlu görəndə hörmət əlaməti kimi əyilib onu təmizlədi. Lakin paşanı xərçəngdən qurtarmaq mümkün olmadı. Həmin ilin avqustunda Xəlil Kut paşa vəfat etdi.

 

Kut zəfərindən 101 il sonra bu günlərdə yenidən Osmanlı ordusunun döyüş marşları çalındı. Xəlil paşanın xatirəsi yad edildi. Konfransdan sonra gözəl Boğaz gəzisi, Zeytunburnunda Fatih Sultan Mehmet Universitetində Mevlavi salonunu, 1453-cü il İstanbulun fəthi ponaramasını seyr etmək, qarşı-qarşıya olan Ayasofya və Sultan Əhməd məscidlərini ziyarət etmək, daha öncə böyük tarixçi və fikir adamı professor İlber Ortaylı ilə görüş son dərəcə yaddaqalan oldu”.




Ana səhifəyə qayıt        Baxış: 1 839          Tarix: 23-12-2017, 20:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma