Dünya siyasətinin müəyyənləşməsində önəmli rol oynayan G-7 sammiti bu gün öz işinə başladı.
Ovqat.com xəbər verir ki, ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Yaponiya və Kanada liderlərini bir araya gətirən sammitdə müzakirə olunacaq mövzuların başında “Bərabərsizliyə qarşı mübarizə” gəlir.
Təhlükəsizlik, iqlim dəyişikliyi, qadınlara qarşı zorakılıq və cinsi bərabərlik kimi mövzuların da masaya yatırılacağı sammitdə əsasən üç məsələnin ağır basacağı gözlənilir: Amazon meşələrində başlayan yanğın, Ukrayna və İran problemi.
Qeyd edək ki, hər 3 məsələ sammit başlamamışdan əvvəl də dünya ictimaiyyətində ciddi müzakirələrə səbəb olmuşdu. Xüsusilə, Amazon meşələrindəki yanğının bu qədər sərt təpkiylə qarşılanacağı təxmin edilmirdi.
Sammit öncəsi verdiyi açıqlamada Fransa prezidenti Emmanuel Makronun Amazon meşələrində yanğına qarşı tədbir görəcəklərini söyləməsinə göstərilən müxtəlif reaksiyalardan hətta bu mövzunun da mübahisəsiz keçməyəcəyi aydınlaşmışdı. Fransa prezidentinə ilk müsbət reaksiya İngiltərə və Almaniyadan gəlsə də, meşə yanğınlarının getdikcə yayıldığı Braziliyadan isə qınaq səsləri yüksəlmişdi. Ölkə prezidenti Jair Bolsonaro məsələnin Braziliyanın iştirak etmədiyi iclasda müzakirə ediləcəyini sərt şəkildə tənqid edərək bunu “müstəmləkəçi zehniyyətin" göstəricisi adlandırmışdı.
Braziliya prezidentinin G-7 liderlərinə bu sərt təpkisi səbəbsiz deyildi. Dünyadakı yağış meşələrinin yarısını təşkil edən Amazon meşələrində yanğınların bu il 83 faiz artması bir çox ölkələrin Bolsonaro hökumətini sərt tənqid etməsinə səbəb olmuşdu. Xüsusilə beynəlxalq təşkilatların Braziliya hökumətini yanğına qarşı lazımi addımlar ata bilmədiyi üçün tənqid hədəfinə çevirməsi Bolsonaranı ciddi narahat etmiş və o, hökumət kabinəsini xüsusi müşavirəyə çağırmışdı.
Müşavirədə bu yanğınların hər quru mövsümündə yaşandığı vurğulansa da, bu il 72 mindən çox yanğın qeydə alınması vəziyyətin deyildiyi qədər normal olmadığından xəbər verir. Yanğının əsas səbəbi isə Braziliyada yürüdülən aqrar siyasətlə əlaqələndirilir. İttihamlara görə, braziliyalı fermerlər əkin sahələrini genişləndirmək üçün ağacları təmizləyirlər. Ən yaxşı təmizləmə üsulu isə onları yandırmaqdır. Dolayısıyla, dünyanın ağ ciyəri hesab olunan Amazon meşələrinin Braziliya hökuməti tərəfindən qəsdən yandırıldığına eyham vurulur. Bolsonaranı qəzəbləndirən də məhz bu ittihamlardır.
G7 sammitində müzakirələr zamanı ən ciddi mübahisələrin yaşanacağı məsələ, yəqin ki, Ukrayna və İran problemi olacaq. Ukrayna məsələsində Rusiyanı qarşılarına alan və son sammitdə onu öz tərkiblərindən uzaqlaşdıran G-7 ölkələrinin Moskvaya təsir imkanları xeyli azalıb. Onlar yalnız neftin qiymətlərini aşağı salaraq, Rusiyanı iqtisadi cəhətdən zəiflədib müəyyən güzəştlərə getməyə məcbur edə bilərlər.
Di gəl ki, bu məsələdə də qarşılarına İran problemi çıxır. Zira İrana qarşı tətbiq edilən neft embarqosu və bu ölkənin sanksiyalara qarşı dirənişi neftin qiymətlətinə ciddi təsir göstərir və ABŞ-ın enerji strategiyasını ləngidir.
İranda ABŞ və Qərb dövlətlərinin bu çarəsizliyinin fərqindədir və bütün təzyiqlərə baxmayaraq, öz mövqeyindən geri çəkilmir.
Son aylar İranın Amerikaya aid pilotsuz təyyarəni vurması, daha sonra isə İngiltərənin bir tankerini saxlaması beynəlxalq münasibətlərdə xeyli gərginlik yaratsa da, hər iki güclü rəqib təmkinlərini pozmadı. ABŞ İranın bu hərəkətinə qarşı simvolik bir neçə sanksiya qərarları ilə yetindi. İngiltərə isə İranın tankerini buraxaraq, konflikti bitirmək yoluna getdi.
Bir çoxları Trampın bu qətiyyətsizliyinin səbəbini növbəti seçkilərə qədər İran konfliktini təxirə salmaq niyyətilə əlaqələndirsə də, hər halda nəhəng dövlətlərin Fars körfəzində növbəti gərginlikdə maraqlı olmadıqları, İrana sadəcə təzyiq edərək hansısa güzəşt qoparmaq istədikləri ortaya çıxdı.
Təsadüfi deyil ki, ABŞ və İngiltərənin bu “dişsizliyi”ni görən ərəb ölkələri də İrana qarşı mövqelərindən tədricən geri çəkilirlər. Bunun ən bariz nümunəsi BƏƏ-nin son zamanlar Yəmən koalisiyasından ayrılması və İranla daha sıx diplomatik əlaqələr yaratmasıdır.
Göründüyü kimi, Fransada toplanan G-7 liderlərinin qarşısında çətin imtahanlar dayanır və bu imtahandan üzüağ çıxmaq təkcə onların iradəsindən asılı deyil.
Paylaş: