ABŞ-ın Türkiyəni təhdid etməklə uğur qazana bilmədiyi üçün şirnikləşdirmə yolunu tutub.
Ovqat.com xəbər verir ki, Rusiyanın hərbi eksperti Aleksey Leonkov belə deyib.
ABŞ müdafiə naziri Mark Esperin Türkiyənin F-35 proqramına təkrar qəbulunun mümkün olduğu, amma bunun üçün S-400 proqramından tamamilə imtina edilməsinin və həmin sistemlərin ölkənin xaricinə çıxarılmasının lazım gəldiyi barədə fikirlərinə münasibət bildirən Leonkov bu sözləri super dövlətin qorxuları ilə əlaqələndirib.
Ekspertin fikrincə, Türkiyənin F-35 proqramından çıxarılması da, Esperin son şərhi də “tragikomedi”dir və əsl səbəb ABŞ-ın silah bazarındakı maraqlarından qaynaqlanır: "Əgər bir NATO ölkəsi Rusiya kimi rəqibdən silah alarsa, ittifaqın digər üzvləri də bunu nümunə götürə bilərlər və beləcə, presedent yaranar”.
ABŞ-ı qorxudan əsas məsələnin bu olduğunu düşünən Leonkov Pentaqon rəhbərinin məlum bəyanatını jurnalistin sualından diplomatik yayınma cəhdi kimi qiymətləndirib.
Hərbi ekspert, NATO-nun baş katibi Cens Stoltenberqin də bəzi fikirlərinə aydınlıq gətirib. Onun fikrincə, rus silah sistemlərinin NATO standartlarına uyğunlaşmadığı barədə iddialar həqiqəti əks etdirmir və bunun əyani sübutu Yunanıstandır: "Əgər F-35-lər Türkiyə ordusuna təhvil verilsəydi, türkiyəli mütəxəssislər bu təyyarələrin texniki ayarlarını S-400-lərin yaddışına yazardı. Beləcə, F-35-lər də Türkiyədəki S-400-lər tərəfindən “dost təyyarəsi” kimi qəbul olunardı. Eynilə Yunanıstanda olduğu kimi. Yunanıstanın da S-300 sistemləri var və bu ölkə də F-16-lardan istifadə edir. Ancaq nədənsə, Yunanıstan S-300 havadan müdafiə sistemləri alanda heç kim bunun mənfi tərəfləri barədə düşünmürdü".
Paylaş: