Xəbər lenti

   

Rusiya Federasiyasının İstanbuldakı baş konsulu Andrey Buravovun Türkiyənin “Cümhuriyyət” qəzətində ilginc mesajlarla dolu məqaləsi dərc olunub. Sərlövhəsindən müharibə qoxusu gələn məqalədə ilk baxışda Qərb ölkələrinə, xüsusilə Avropaya sülhpərvər dostluq mesajları ünvanlanır. Amma məqalənin əsas qayesinin bu olduğunu düşünsək, istər-istəməz ortaya belə bir sual çıxır: Avropaya mesaj niyə məhz Türkiyə ünvanlanır?

Məqalənin sətir aralarına nəzər salanda bu sualın cavabı ortaya çıxır. Xüsusilə bu sətirlər ismarışın təkcə Avropaya deyil, həm də Ankaraya çatdırıldığı təsiri bağışlayır: “Keçmiş Sovet coğrafiyasında Rusiyanın sərhədlərində qeyri-sabitlik nöqtələri yaratmaq üçün ardıcıl addımlar atılır, bunun üçün müxtəlif üsullara baş vurulur: "rəngli inqilab" texnologiyalarından istifadə olunur, "dondurulmuş" problemlər kukla liderləri vasitəsi ilə canlandırılır, hərbi çevrilişlər edilir, Rusiya və ruslarla qardaşlıq əlaqələrində olan ölkələrdə bəzi qruplar Rusiya əleyhdarlığına sürükləndirilərək yeni böhranlar yaradılır”.

Ankaranın keçmiş “Sovet coğrafiyası”da əsas müttəfiqinin Azərbaycan olduğunu və artıq vəd olunan payız fəslinə qədəm qoyduğumuzu nəzərə alsaq, rus konsulunun məqaləsindən bizim də “çıxaracağımız dərslər” var.

Aktuallığını nəzərə alıb Andrey Buravovun "İkinci Dünya Müharibəsindən çıxarılmayan dərslər” sərlövhəli məqaləsinin tərcüməsini Ovqat.com oxucularına təqdim edirik:

 

 “1 sentyabr 2019-cu ildə Avropanın bir çox dövlətləri və ümumiyyətlə bütün dünya böyük bir fəlakətin - İkinci Dünya müharibəsinin başlanmasının 80 illiyini anacaqlar. Bu müharibədə həyatını itirənlərin quru statistikası belə insanları şoka salır - müharibədə 55 milyon insan, o cümlədən 26,6 milyon SSRİ vətəndaşı həlak oldu.

 

Dünya tarixi baxımından 80 il uzun bir müddət deyil. Ancaq belə görünür ki, bu dövr beynəlxalq birliyin, daha doğrusu, bir qisminin İkinci Dünya Müharibəsi tragediyasından və ya sonrakı Soyuq Müharibədən hələ də  dərs çıxarması, yaxud çıxarmaq istəməsi üçün yetərli deyil.

 

 

Bu müharibədən öyrəniləcək ən vacib dərslər bunlardır: qlobal hegemonluğun qurulması səylərindən, öz məhdud milli və ya spesifik bloklarının maraqları naminə başqalarının təhlükəsizliyi üzərində öz təhlükəsizliyini təmin etmək siyasətdən, separatçı və müəyyən dövlətləri beynəlxalq təcrid vəziyyətinə sürükləmək səylərdən və geosiyasi nizamı pozan metodlardan vaz keçilməlidir.

 

Oxşar metodlardan İkinci Dünya Müharibəsi ərəfəsində də istifadə edildi. Məxfilik möhürü damğasının qaldırıldığı çox sayda sənədlə sübut olunan real faktlar, dövrün Avropa elitalarının faşist Almaniyasının hücumlarını özlərindən uzaqlaşdırmağa və bu təhdidi Şərqə, xüsusilə də Sovet Rusiyasına yönəltməyə çalışdıqlarını göstərir. Bu siyasətin nəticəsində 30 sentyabr 1938-ci ildə Böyük Britaniya və Fransa hökumətləri tərəfindən Münhen Sazişi (Çexoslovakiyanın Südet bölgəsinin Almaniyaya birləşdirilməsi haqqında saziş) imzalandı.

 

Lakin bu şəraitdə Sovet rəhbərliyi London və Parislə birlikdə Varşavanın iştirakı ilə kollektiv təhlükəsizlik sisteminin qurulması səylərindən əl çəkmədi və Hitler ordusunun 1939-cu ilin martında Çexoslovakiyaya girməsindən sonra belə bir sistemə ehtiyac daha da artdı. Paris və London kollektiv təhlükəsizlik sisteminin yaradılması ilə bağlı təkliflərimizə laqeyd yanaşaraq, ölkəmizlə danışıqları sürətlə tərk etdilər. 1939-cu ilin yazında müharibənin qaçılmaz olduğu bir vaxtda bu ölkələrin müharibəyə cəlb olunmayacaqlarını düşündükləri və Hitlerin hücumlarını Şərqə yönəltməyə çalışdıqları bəlli oldu.

 

Bir tərəfdən, Sovet-İngilis-Fransız danışıqlarının uğursuzluğunun tam ortaya çıxdığı və İngiltərə ilə Fransanın Almaniya ilə yaxınlaşma ehtimalının daha yüksək olduğu, digər tərəfdən SSRİ ilə militarist Yaponiya arasındakı hərbi gərginliyin artdığı bir dövrdə Moskva özü üçün müstəsna və arzuolunmaz diplomatik manevrlər etmək məcburiyyətində qaldı. Öz dövlət təhlükəsizliyi üçün hərəkətə keçən sovet hökuməti, bir neçə Avropa dövlətinin indiyə qədər etdiyi kimi, 1939-cu il avqustun əvvəlində Berlinin təklif etdiyi danışıqlara müsbət cavab verdi və 23 Avqustda onunla qarşılıqlı hücum etməmək barədə Sazişini imzaladı.

 

Molotov-Ribbentrop Paktı kimi bilinən bu saziş daha sonrakı dövrlərdə spekulyasiyalara, bəzi Qərb tarixçiləri və siyasətçiləri tərəfindən səsləndirilən müxtəlif fərziyyə və ittihamlara yol açdı. Onlar bir tərəfdən öz tarixlərinin utancverici hadisələrini silmək, digər tərəfdən isə Sovet İttifaqını, daha sonra onun varisi Rusiya Federasiyasını qaralamaq üçün bu addımı hadisələrin ümumi kontekstindən çıxararaq dəyərləndirdilər. Bəziləri daha da irəli gedərək SSRİ-ni müharibənin səbəbkarı kimi olmasa da, bəşəriyyətin düşməni, təcavüzkar qüvvə kimi göstərməyə çalışdılar. Bu cür “mütəxəssislər”ə xatırlatmaq lazımdır ki, Rusiya və digər keçmiş Sovet respublikaları Hitler Almaniyasının məğlubiyyətinə, Avropanın və dünyanın nasist təhlükəsindən azad edilməsinə ən vacib və həlledici töhfə vermişlər.

 

1980-ci illərin axırı - 1990-cı illərin əvvəllərində Soyuq müharibənin və bununla əlaqədar ikiqütblü amansız ideoloji mübarizənin sona çatdırılması, qlobal təhlükəsizlik və geniş əməkdaşlıq zəminində Avropada və dünyada nizamın yenidən qurulması üçün görünməmiş imkanlar yaratdı. Bu kontekstdə, məsələn, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının siyasi-hərbi qüdrətinin formalaşdırılması və gücləndirilməsi yolu ilə Avropanın təhlükəsizliyi üçün yeni təməllər yaratmaq daha məntiqli olardı. Rusiya bu məsələ ilə bağlı çoxsaylı təkliflər və təşəbbüslər irəli sürüb və yenə də qapıları açıq saxlayır.

Qərb tərəfdaşları təəssüf ki, başqa bir yol seçdi və NATO-nun Şərqə genişlənməsi və Rusiyanın sərhədlərinə yaxınlaşması kimi qarşıdurma istiqamətində hərəkət etmək yolunu seçdi. Keçmiş Sovet coğrafiyasında Rusiyanın sərhədlərində qeyri-sabitlik nöqtələri yaratmaq üçün ardıcıl addımlar atılır, bunun üçün müxtəlif üsullara baş vurulur: "rəngli inqilab" texnologiyalarından istifadə olunur, "dondurulmuş" problemlər kukla liderləri vasitəsi ilə canlandırılır, hərbi çevrilişlər edilir, Rusiya və ruslarla qardaşlıq əlaqələrində olan ölkələrdə bəzi qruplar Rusiya əleyhdarlığına sürükləndirilərək yeni böhranlar yaradılır. Bu cür ssenarilər 2008-ci ilin avqustunda Gürcüstanda və 2013-2014-cü illərdə Ukraynada baş verən hadisələrə səbəb oldu.

Bunlar yaşanarkən, Qərb liderləri və siyasi ekspertlər baş verənləri bilərəkdən təhrif edərək ictimailəşdirirlər. Geniş miqyaslı informasiya müharibəsi aparılaraq Rusiya əleyhinə isteriya yaradılır və birtərəfli əsaslandırılmamış iqtisadi sanksiya mexanizmləri tətbiq olunub. Rusiyanın keçmiş hərbi gücünü və SSRİ-nin geosiyasi üstünlüyünü canlandıran təcavüzkar ölkə imici yaradılmağa çalışılır. Ancaq dünyanı nəzarət altında saxlamaq üçün böyük hərbi bazalar şəbəkəsini inkişaf etdirən Rusiya deyil, ABŞ-dır. Hər il hərbi ehtiyaclar üçün illik xərcləri artıran da Rusiya deyil, ABŞ və NATO-dur. 2018-ci ildə ABŞ-ın silahlanma büdcəsi Rusiya ilə müqayisədə 14 dəfə, NATO-nun ümümi hərbi büdcəsi isə 20 dəfə çox idi.

 

Çıxış yolu

 

Vaşinqton onilliklər ərzində qurulmuş strateji silahlara nəzarət sisteminin bütün əsas elementlərini qırmaq üçün planlı şəkildə hərəkət edir: ABŞ 2002-ci ildə ballistik raket müqaviləsindən, indi isə orta silsilə nüvə qüvvələri sazişindən çıxdı. Bu təhlükəli addımların ardınca ABŞ rəsmilərinin nüvə silahının artırılması ilə bağlı verdiyi açıqlamalar gəlir. ABŞ hökumətinin 2021-ci ilin fevralında başa çatan Nüvə Silahlarının Azaldılması Sazişinin (START) sona çatması üçün danışıqlara başlamaqdan imtina etməsi də bu kontekstdə nəzərdən keçirilməlidir.

Rusiyanın və bəzi digər ölkələrin ABŞ və bir çox Avropa ölkələri ilə münasibətlərini pozan sistematik problemlərin kökündə ABŞ və bəzi Avropa ölkələrin özlərini müstəsna varlıq olaraq görmələri, uydurma mənəvi üstünlüklərinə inanmaları və "Qərb demokratik ənənələrini” unikal dəyər olaraq qiymətləndirmələri kimi amillər dayanır. Bu dalandan qurtuluş isə yalnız və yalnız tərəflər arasındakı dialoqun  İkinci Dünya Müharibəsindən dərhal sonra qurulan Birləşmiş Millətlər Təşkilatının əsasını qoyduğu beynəlxalq hüquq normaları və prinsiplərı çərçivəsində aparılmasının lazım olduğunu başa düşməklə mümkün olacaqdır. Uzunmüddətli müvəffəqiyyətə ancaq fərqli mədəniyyətlərin, qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan sivilizasiyaların tərəfdaşlığının dəstəkləndiyi təqdirdə nail olmaq mümkündür.

 

Hörmət çərçivəsində inkişaf edən dövlətlərarası dialoqun ən vacib nümunələrindən biri çağdaş Rusiya-Türkiyə münasibətləridir. Zaman-zaman bəzi regional problemlərlə bağlı fərqli yanaşmalar və fikir ayrılıqları ortaya çıxsa da, ölkələrimiz həmişə bərabər və düzgün dialoqa hazır olduqlarını göstərir və ən çətin məsələlərdə də ortaq dil tapmağa çalışırlar.

Rusiya heç kimlə toqquşmaq istəmir. Əksinə, ABŞ, NATO və AB də daxil olmaqla bütün maraqlı tərəflərlə ən geniş əməkdaşlığı inkişaf etdirməyə hazırıq. Rusiya Federasiyası rəhbərliyi bu barədə dəfələrlə bəyanatlar verib. Yeni ümumi təhdidlər qarşısında Avro-Atlantik və Avrasiyada bərabərhüquqlu, mübahisəsiz təhlükəsizlik arxitekturası yaratmaqda israrlı səylərə və müstəqil ölkələrin çoxtərəfli əməkdaşlığına müraciət etmək lazımdır”.

Tərcümə Ovqat.com-a məxsusdur




Ana səhifəyə qayıt        Baxış: 927          Tarix: 2-09-2019, 09:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma