Artıq 4 gündür İranın paytaxtı Tehranda erməni olimpiadası davam edir. 2016-cı ildən Dağlıq Qarabağ komandasının da iştirak etdiyi bu yarışlar Azərbaycanın suverenlik haqlarına və torpaq bütövlüyünə eyni dindaş, tarix və mədəniyyət ortağı dövlət tərəfindən açıq hörmətsizlik nümayişi olsa da, ölkəmizin müvafiq qurumları, o cümlədən XİN indiyə qədər heç bir münasibət bildirməyib. Hətta Ovqat.com-un bu barədə nazirliyə göndərdiyi məktub belə cavabsız qalmaqdadır. Nə yazıq ki, eyni diqqətsizliyi İranın Bakıdakı səfirliyi və onun əslən azərbaycanlı olan fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə də sərgiləməkdədir. Biz hələ də hər iki qurumdan məktublarımıza cavab gözləyirik.
Bunlar öz yerində. Erməni olimpiadasında diqqətimizi cəlb edən bir başqa məsələ də var. İranın rəsmi xəbər agentliklərində dərc olunan foto-şəkillərdə erməni qadın atletlərinin yarışlarda hicab qaydalarına uyğun iştirak etmədikləri açıq şəkildə sezilir. Halbuki, bu zamana qədər Avropanın qadın siyasiləri belə İrana rəsmi səfərlərdə örtünür və bu hərəkətləri ilə ölkələrində ciddi mübahisələrə yol açırdılar. Həmin ziyarətlərdən yadda qalan bəzi foto-şəkilləri diqqətinizə çatdırırıq.
- Avropa Birliyinin (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, bir növ, ittifaqın Xarici İşlər naziri sayılan Federika Mogherini 28 İyul 2015-ci il tarixində İrana səfəri zamanı
- Federika Mogherini 16 aprel 2016-cı il tarixindəki növbəti səfərində
- Hollandalı deputat Marietje Şaakinin İran parlamentinin sədri Əli Laricani ilə görüşü (10.06.2015)
- İsveçli qadın deputatlar İran prezidenti Həsən Ruhaninin qarşısında (15 Fevral 2017-cı il). İran sanki bu şəkillə İsveç deputatlarını Həsən Ruhani qarşısında növbəyə düzdüyü mesajını verirdi.
İran İslam Respublikasının hətta Avropanı idarə edən qadınlara belə öz torpaqlarına gələrkən başını açmaq güzəştinə getməməsini, açığını desək, biz də təqdirlə qarşılayırıq. Bu, ilk növbədə, İranın diplomatik danışıqlarda masaya əyləşərkən psixoloji üstünlük qazanmasının təməl şərtidir. İran diplomatiyası məhz bu keyfiyyəti ilə ABŞ-ı, Qərb dövlətlərini öz duruşu qarşısında geri çəkilməyə məcbur edə bilir və dünya hegemoniyasına meydan oxuyur. Qətiyyətli duruşu ilə bu ölkənin öz qadın vətəndaşlarına da eyni həssaslıqla yanaşması da başadüşüləndir.
Bu da İranın hicab bağlamaq istəməyən qadınları:
Baxmayaraq ki, İran qadınları onlara zorla geyindirilən hicaba qarşı dirənişləri ilə hicab qaydalarına etiraz etməyi bacarır, bəzən həyatlarını belə riskə ataraq aksiyalar keçirirlər. Zaman-zaman bir çox xiyaban və meydanlarında nümayiş etdirdikləri bu cəsarətləri ilə İran xanımları da ölkənin demokarikləşməsində mühüm rol oynayırlar. Çünki hicab və ya hicabsızlıq müasir çağımızda əxlaqsızlıq nümunəsi olmaqdan çıxıb, sadəcə geyim tərzinə çevrilib. Hər kəsin öz geyim tərzini seçmək hüququ var və buna dövlət qarışmamalıdır. İran dövləti isə qarışır, etirazını dilə gətirən zərif məxluqlara əsla zərif davranmır. Bəzən bu zərif etirazlar ağır şəkildə cəzalandırılır, həbslərlə, müxtəlif basqılarla nəticələnir. Hətta kişilərlə eyni haqqa sahib olmaq istəyən xanımların bu istəkləri onların ölümünə də yol aça bilir. Bu yaxınlarda stationda futbol seyr etmək eşqinə düşən “Mavi qız” ləqəbli Səhər Xodayarinin 6 ay həbs cəzasına etiraz edərək məhkəmə qarşısında özünü yandıraraq intihar etməsi bunun ən bariz sübutlarındandır.
Hətta qərbli qadın siyasilərinə belə hicab məsələsində güzəştə getməyən İranda zərif cinsin bu cür basqılara məruz qalması ölkə Konstitusiyasının 12-ci və 13-cü maddələrindən qaynaqlanır. Konstitusiyanın 12-ci maddəsinə görə, İranın rəsmi dini İslam, rəsmi məzhəbi isə Cəfəri şiəliyidir. İslam dininin müəddəs kitabı olan Quranda isə müsəlman xanımların örtünməsi Nur surəsinin 31-ci ayəsi ilə əmr olaraq buyurulub.
Avropalı qadın siyasilərə gəlincə, onlar İranın vətəndaşları olmasa da, öz dinlərinin tələblərinə uyğun olaraq, bu ölkəni ziyarət edə bilər. Necə ki, İranda yaşayan digər din mənsubları bu ölkədə öz şəriətlərinə görə yaşamağa məcburdurlar. Bu da İran Konstitusiyasının 13-cü maddəsində belə ifadə olunur:
"Zərdüşt, yəhudi və xristian olan İranlılar qanunlar çərçivəsində öz dini mərasimlərini keçirməkdə sərbəstdirlər və özəl sahələrində, dini təhsillərində öz ayinlərinə uyğun hərəkət edə bilərlər”.
Xristianlıqda isə hicab məsələsi İslam dinindən daha qatı şəkildə şərt olaraq qoyulub. Hətta İslamdan fərqli olaraq hicab qaydalarını pozanların dəqiq cəzası da müəyyənləşdirilib. Belə ki, sristianlar tərəfindən müqəddəs kitab kimi qəbul olunan “Yeni Əhd”in əsas müəlliflərindən biri (27 kitabdan 14 bu şəxsə aiddir) Əziz Pavelə şamil edilən “Korintlilərə məktublar” bölümündə bu barədə deyilir:
“Çünki belə bir (başı açıq) qadın - saçları dibindən qırxılmış qadın kimidir. Bir qadın başını örtmürsə, saçını kəsdirsin. Amma saçını qısa kəsdirmək və ya tamamilə keçəl qırxdırmaq bir qadın üçün eyni şəkildə utancverici bir şeydir. Qadın başını örtülməlidir”.
Qadının örtümməsinin vacibliyinin kişilərə itaət borcundan doğduğuna işarə edən Əziz Pavel fikirlərini belə əsaslandırır:
“Kişi tanrının surəti və onun əks olunmuş işıq olduğu üçün, başını örtmür. Amma qadın hicab bağlamalıdır, çünki o, Tanrının yox, kişinin əks olunmuş işığıdır. Başlanğıcda kişi qadından yaradılmadı, əksinə qadın kişidən yaradılıb. Qadın kişi üçün yaradılıb. Amma kişi qadın üçün yaradılmayıb. Qadın bu səbəbdən də başının üstünə bir şey örtməlidir”. (İncil, Korintlilərə Məktublar: 393)
Məsələ burasındadır ki, İranın hətta avropalı deputatlara, nazirlərə belə tolerans tanımadığı hicab mövzusunda sayı cəmi 70 mindən az olan ermənilərə xüsusi imtiyaz tanıyır. Tehranda keçirilən 51-ci Erməni Olimpiadasında bu həqiqət bir daha ortaya çıxdı. Olimpiadadan çəkilən şəkillərdə erməni qadın atletlərin nəinki başını bağlamadıqları, hətta dizdən yuxarı şortiklərlə yarışa qatıldıqları aydın olur. Bu da azmış kimi, İran Konstitusiyasının 13-cü maddəsinin açıq şəkildə pozulması ilə müşayiət edilən bu detal ölkənin rəsmi informasiya kanalları ilə dünyaya çatdırılır.
Halbuki, xristianlığın İsa peyğəmbərdən sonra ikinci böyük müqəddəsi sayılan Əzizi Pavelin məktublarına əsasən, həmin qadınlar yarışa çıxmamışdan qabaq saçları keçəl qırxılmalı idi. Açıq şəkildə görünən baldırları, qolları və digər bədən üzvləri barədə qərarı isə olimpiadaya xeyir-dua verən erməni keşişi və İran rəsmilərinə buraxırıq. Baş isə mütləq qırxılmalıdır. Bunu İran Konstitusiyasının 13-cü maddəsi və xristianların müqəddəs kitabı tələb edir. Əgər o ateltlər ölkələrinə saçı qırxıq qayıtmasalar, İranın indiyədək sərgilədiyi qətiyyətli duruşuna və qanunun aliliyə hörmətlə yanaşmasına kölgə düşəcək.
Cənab İran rəsmiləri, cəmi 6 gün vaxtınız qaldı. 6 gündən sonra o erməni xanımlar İranı tərk edəcəklər. Əgər başı tüklü vətənlərinə qayıdacaqlarsa, günahı rəsmi Tehranın boynunda qalacaq. Bizdən deməsi, babalı sizin boynunuza!
Ovqat.com
Paylaş: