Xəbər lenti
27-11-2024, 19:25

  

Hörmətli səfir!

Səfirliyinizin İranda keçirilən erməni olimpiadasında qondarma DQR-nın iştirakı ilə bağlı Azərbaycan ictimaiyyətində yaranan narazılıqları ortadan qaldıran bəyanatını təqdirlə qarşıladım. Açığını bilmək istəsəniz, bu bəyanatın məlum xəbərin yayıldığı ilk gün veriləcəyini gözləyirdim. Görünür, Azərbaycanın ərazi bütövlüyünə  açıq şəkildə hörmətsizliyin ifadəsi olan bu hadisənin olub-olmadığına dair sizdə də ciddi şübhələr vardı və şübhələri ortadan qaldırmaq üçün İrandakı müvafiq qurumlarla məsləhətləşmələr aparmağa ehtiyac duymusunuz. Halbuki, biz eyni mənəvi dəyərləri paylaşan iki dövlət kimi bu cür şübhələrin yaranmasını belə ağla gətirən münasibətlərdə olmamalı, irəli sürülən iddiaları araşdırmağa belə lüzum görmədən cəsarətlə təkzib edə bilməliyik. Nə yazıq ki, 2016-cı ildə Dağlıq Qarabağ komandasının erməni olimpiadalarında iştirak etməsi faktı bu cür şübhələrin yaranmasına və məlumatı dəqiqləşdirmə gərəyinin duyulmasına zəmin hazırlamışdır.

Buna baxmayaraq, səfirliyinizin verdiyi bəyanatda Azərbaycanın ərazi bütövlüyünü tanımağınızın bir daha rəsmi şəkildə təyid edilməsi və təmsilçisi olduğunuz dövlətin DQ komandasının yarışlarda iştirakına icazə verməməsi ölkələrimiz arasındakı yaxın münasibətlərin bütün dünya dövlətlərinə növbəti dəfə xatırladılması idi və xüsusilə indiki şəraitdə böyük əhəmiyyət daşıyırdı. Çünki bizim heç birimizin, yəqin razılaşarsınız ki, ilk növbədə İranın dost itirmək zamanı deyil. Əksinə, bütün yaxın və dost dövlətləri yanına çəkməklə qlobal imperializmə qarşı birgə dirənişə indi hər zamankından daha çox ehtiyacımız var. Özəlliklə də ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və s. dövlətlərin Fars körfəzində lövbər saldığı, hər an qardaş, hətta qardaşdan da ötə, dünya azərbaycanlılarının böyük əksəriyyətinin ana vətəninə hücuma hazırlaşdığı zamanda sərgiləyəcəyimiz birlik və bərabərlik tək İranı deyil, həm də regionu gözlənilən fəlakətdən qurtara biləcək ən təsirli silahdır. Amma bunu yalnız biz yox, həm də siz düşünməli, bu bərabərliyə kölgə salacaq addımlardan vaz keçməlisiniz. Təəssüf ki, hazırda İranda keçirilən erməni olimpiadası bu hədəfə qulluq etmir.

Məsələ burasındadır ki, qondarma DQR komandasının bu yarışlarda iştirak etməməsi İrana bəraət qazandıracaq gücdə deyil. Bu yarışların beynəlxalq xarakter alması və özəlliklə ortaq matəm ayımız olan Məhərrəmlikdə keçirilməsi başlı-başına təkcə Azərbaycan üçün deyil, həm də müsəlman dünyası üçün həqarətdir. Məhəmməd Peyğəmbəri bizim üçün miras qoyduğu iki dəyərli yadigardan birinə - əhli-beytin mübarək ruhuna hörmətsizlikdir. Ümidvaram ki, İran bu barədə dərindən düşünəcək və bu ildən etibarən öz imicini korlayan olimpiadalara son qoyacaq. Ən azı ona görə ki, gələn il olimpiadaların tarixi İranın rəsmən matəm kimi qeyd etdiyi Aşura gününə dəng gələcək. Sözsüz ki, böyük İran xalqı özünün matəm günündə erməni qadınlarının dizdən yuxarı şortiklərlə Tehranda hoppanıb-düşməsinə, bayram abu-havasında əylənməsinə xoş baxmır və öz dövlətindən də eyni həssasiyyəti gözləyir.

Üstəlik, səfirliyin qeyd etdiyinin tam əksinə, erməni olimpiadasını təkcə idman yarışı olaraq görmək, onu tamamilə siyasilikdən uzaq tədbir kimi qiymətləndirmək də mümkün deyil. Hesab edirəm ki, sizin bu arqumentiniz də mübahisə açıqdır. Zira istənilən idman yarışı, mədəniyyət müsabiqəsi də bir siyasətdir. Siyasət yalnız quru diplomatik ritorikayla ölçülmür. Mədəniyyətin də, idmanın da siyasi tərəfi var və bununla bağlı hazırlanmış tədbirlər ölkənin hansısa məsələyə münasibətini əks etdirir. Xüsusilə, 70 minlik bir topluluğun öz məktəbilə, dini yaşayışıyla, idman yarışıyla özünəməxsus həyat sürə bildiyi ölkədə əhalisinin az qala yarısını təşkil edən başqa topluluğun heç bir mədəni hüququnun olmaması siyasi yanaşma deyilsə, bəs nədir? Bəli, müxtəlif topluluqlara fərqli yanaşmalar istər-istəməz minillərlə eyni mədəniyyəti, ortaq taleyi və coğrafiyanı paylaşmış böyük İran xalqında cavabı olmayan ciddi suallara yol açır, açmalıdır da.

Dünya müsəlmanlarının hamisi kimi çıxış edən İran qarşıya qoyduğu hədəflərinə çatmaq üçün ilk növbədə öz vətəndaşlarının şüurunda yarana biləcək bu sualların qarşısını almalı, vizyonunu dəyişməlidir. Yalnız məzhəbçi və marjinal milli siyasətlərlə nəinki İslam dünyasını, hətta öz daxili bütövlüyünü də qorumaq mümkün deyil. İran isə minillərlə eyni torpaqlarda yaşayan, fərqli etnik kültürləri mənimsəyən vətəndaşlarından da çəkinir, multikultural dəyərlərdən qaçır. Təbii xarakterindən irəli gələn çoxmədəniyyətli siyasətlər əvəzinə, guya, xalqın böyük əksəriyyətini vahid mərkəzdə birləşdirən dini dəyərləri ön plana çıxarır. Nəticə etibarilə məzhəbçiliyə yönəlir ki, bununla nəinki islam dünyasının vahidliyini bərqərar etmək mümkün deyil, əksinə, 1300 ildən artıqdır islam dünyasının parçalayan yaraların qaysağını qoparmaq olar.

Üstəlik, İranda küçümsənməyəcək sayda fərqli məzhəblərə mənsub əhali var və onlar kompakt yaşayırlar. Məzhəb müharibələrinin getdikcə vüsət aldığı indiki şəraitdə bu qarşıdurmaların tərəfi kimi çıxış etmək istər-istəməz bu azlıqların da dini duyğularını incidir və zaman-zaman üsyanlara gətirib çıxarır.

Aydındır ki, İranı bu siyasətə yönəldən əsas qorxu milli azadlıqlar verəcəyi təqdirdə parçalanacağı ehtimalıdır. Halbuki, İranın türk hakimiyyəti altında keçən minillik tarixi bu qorxunun əsası olmadığını göstərir. 10-cu əsrin sonlarından 20-ci əsrin ilk rübünə qədər İranda qurulan bütün türk dövlətlərinin farslardan daha çox və daha geniş ərazilərə fars mədəniyyətini yaydığı hər kəsə bəllidir.  Sizin də bildiyiniz kimi, 226-cı ildən 651-ci ilə qədər hökm sürmüş Sasanilər dövlətinin sərhədləri ən uzağı müasir İran, İraq, Əfqanıstan, Pakistan, Türkmənistan, Azərbaycan və Türkiyənin bir hissəsini əhatə etmişdi. Onun sələfi Əhəmənilərin əraziləri də təxminən eyni böyüklükdə və eyni coğrafiyada yayılmışdı. 960-970-ci illərdə qurulan türk əsilli Qəznəvilərin dövründə isə bu dövlətin sərhədləri şərqdə Hindistandan başlayıb, qərbdə Ərəb yarımadasında və Anadoluda qurtarırdı. Yəni fars imperatorluqlarından daha geniş ərazilərdə hökm sürürdü. Sonradan bu ərazilərdə müxtəlif türk dövlətləri qurulsa da, hamısının fars dilinə və mədəniyyətinə xüsusi diqqət göstərdiyi, onu dünyaya yaydığı məlumdur. İstər Səlcuqluların, istər Teymurilərin, istər Elxanilərin, istərsə də Səfəvi, Avşar və Qacar dövlətlərinin tarixi buna ən bariz sübutdur. Həmin hesaba Osmanlıları da qatsaq, fars mədəniyyətinin türklər vasitəsilə yayılma arealı daha da böyüyər. Bu mənada fars mədəniyyəti öz yayılma və inkişaf arealını farslardan çox türklərə borcludur.

Sözsüz ki, türklərin fars mədəniyyətinə göstərdiyi bu hədsiz sevgi təkcə bu mədəniyyətin böyüklüyündən irəli gəlmirdi. Həm də türkün ürəyinin böyüklüyünün, farsa düşmən kimi baxmadığının göstəricidir. Təbiətən mulitkultural olan, fərqli mədəniyyətdən qətiyən çəkinməyən, mütərəqqi yeniliklərə açıq və onları mənimsəməyə can atan Türklər bu gün də eyni xarakterdədir. Təsadüfi deyil ki, Şərq dünyasında ilk demokratik cümhuriyyəti quran biz Azərbaycan türkləri olmuşuq (baxmayaraq ki, indiki vəziyyətimizin ürəkaçan olmadığını mən də qəbul edirəm). Şərq dünyasında ilk Qərb mədəniyyəti tərzində musiqi, şeir, memarlıq, incəsənət və s. nümunələri ərsəyə gətirmək də bizim qismətimizə yazılmışdır. Başqa mədəniyyətlərə sayqı və mənimsəmə İran ərazilərində dünyanın super dövlətlərini quranda da, rus imperiyasının çaynağında paramparça olanda da biz türklərin vazkeçilməz xüsusiyyəti kimi ortaya çıxmışdır. Biz dünən də bu cür idik, bu gün də. Əmin ola bilərsiniz ki, sabah da başqa mədəniyyətlərə sayğımızdan vaz keçməyəcəyik. Çünki biz Həzrət Əlinin məşhur sözləriylə ifadə etsək, “Birisi öz pis xüsusiyyətini tərgitmək istəmirsə, mən niyə yaxşı xasiyyətimdən imtina etməliyəm” məntiqini uca tutan millətin övladlarıyıq. Çünki biz geriyə deyil, irəli baxmaqdan yanayıq. Sabah milli azadlıqlarımızı alanda da 1925-ci ildən bəri yürüdülən siyasətləri yada salmayacaq, perspektiv barədə düşünəcəyik. Yetər ki, təmsil etdiyiniz dövlətin rəsmiləri bunu bizim yadımıza salmaya.

İranın separatizm əndişəsini alt-üst edən digər amil türk xalqlarının böyük dövlət qurmaq gələnəyidir. Düzdür, hegemoniyamızın son dövrlərində – Qaçar hakimiyyəti zamanı xanlıqlara bölünsək də, bu, bizim xarakterimizdən deyil, tarixi şəraitdən doğmuşdur. Tarixi şəraiti hər zaman düzgün qiymətləndirməyi bacaran türklər heç bir zaman demokratik dəyərlərə, milli azadlıqlara hörmət göstərən İranın dağılmasını və ya qlobal imperializmin təsiri altında yaşamağı arzulamazlar. Ən azı ona görə ki, İran həm də biz azərbaycanlıların ana vətənidir.

Üstəlik, biz Orxon–Yenisey abidələrindən bu günə qədər gəlib çatan bütün sosial fəlsəfi düşüncələrimizdə əfəndi millətin nümayəndəsi olduğumuza inanmışıq və inanmaqdayıq. Heç bir əfəndi millət başqasının köləliyi altında yaşamaq istəməz. Daha doğrusu, öz evinin ağası da olar, nökəri də. Amma heç vaxt daxili problemlərini, öz evinin məsələsini xaricilərin önündə açmaz, müzakirəyə çıxarmaz. Onların yardımına bel bağlamaz. Azərbaycanın məşhur atalar sözündə deyildiyi kimi, “ev bizim, sirr bizim” məntiqinə sığınaraq, öz evində ya ağa, ya qul olmağı yeylər. Məhz buna görədir ki, ABŞ İranı parçalamaq üçün bu ölkədə yaşayan ən azsaylı xalqları belə dəstəklədiyi halda, Azərbaycan türklərinə güvənmir. Çünki bizdən özünə nökər olmayacağına əmindir.

Cənab səfir, təəssüf edirəm ki, vaxt darlığı səbəbindən və sizin daha çox zamanınızı almamaq niyyətilə fikirlərimi uzun-uzadı bəyan edə bilmirəm. Siz və səfirliyinizin əməkdaşları bu polemikaları genişləndirmək məqsədilə qələmə sarılsa, mən də qaldığım yerdən davam edərəm. Hələlik isə yuxarıda dediklərimi ümumiləşdirərək sizə demək istəyirəm: İran marjinal sosial qrupların maraq dairəsindən çıxmadıqca, böyüməyəcək, getdikcə zəifləyəcək, qlobal güclərin əlində İslam dünyasını inkişafdan uzaqlaşdıran məzhəb müharibələrin baş aktyorlarından birinə çevriləcək. Hətta özü istəməsə belə, qəsdən qurulmuş tələyə doğru sürüklənəcək. Məncə, bu marjinallıqdan qurtulmağın zamanı çatıb. İran vizyon dəyişikliyinə gedərək, demokratik islahatların qapısını açmalı, vətəndaşlarının milli hüquqlarını tanımalı və Yaxın Şərq üçün gözəl nümunə yaratmalıdır. Bu, həm də İran üçün regional gücə çevrilməyin ən qısa yolu və qlobal imperializmin “parçala, hökm sür” siyasətinə qarşı dirənişdə ən mükəmməl silahdır.

Erməni olimpiadası kimi cılız metodlarla könlümüzü yaralamaqdandırsa,  dostluq əlinizi bizə uzadın. Unutmayın ki, Azərbaycan həm də İran daxilində yaşayan milyonlarla türk və yaxın qonşunuz olan Türkiyə deməkdir. Yerləşdiyimiz regionu beynəlxalq imperializmin caynağından isə İran-Azərbaycan-Türkiyə ittifaqı xilas edə bilər. Azərbaycanı bu üçlükdə ortaya salmağım isə gəlişigözəl deyil. Bu üçlü ittifaqın körpüsü sizin zəif görüb aşağıladığınız Azərbaycan ola bilər ancaq.

 

Hörmətlə: Heydər Oğuz,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 758          Tarix: 19-09-2019, 10:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma