Xəbər lenti

 

Tramp hakimiyyəti İraq və Suriyada “təlim keç-təchiz et” proqramları üçün 2018 maliyyə ili büdcəsindən 1 milyard 769 milyon dollar ayırıb. Vəsaitin müdafiə büdcəsinin 64 milyard dollarlıq Xarici Əməliyyatlar Fondundan ayrılması nəzərdə tutulur.

 

Ovqat.com Anadolu Agentliyinin Pentaqondan əldə etdiyi büdcə sənədlərinə əsasən, xəbər verir ki, ayrılan 1 milyard 769 milyonluq vəsaitin 1 milyard 269 milyonu İraqda həyata keçirilən “təlim keç-təchiz et” proqramına sərf olunacaq. Yerdə qalan 500 milyon dollarlıq vəsait isə eyni proqramın Suriya layihəsinə yönəldiləcək.

 

Yarım milyardlıq vəsaitin 393 milyonu silah və avadanlıqların alınmasına - yəni təchizata, qalan hissəsi isə hərbi təlimlərə ayrılacaq.

 

Suriyadakı “təlim keç-təchiz et” proqramı çərçivəsində dəstəklənən qruplara veriləcək silahlar arasında tankəleyhinə raket və digər ağır silahlar da var.

 

Yetişdirilən döyüşçülərə veriləcək silahların siyahısı da açıqlanıb. Siyahıda 12 min ədəd Kalaşnikov avtomatı, 6 min ədəd pulemyot və 3 min 500 ədəd ağır pulemyot, 3 min ədəd Amerika istehsalı RPG-7  və min ədəd Amerika istehsalı AT-4 silahları və ya Rusiya istehsalı olan SPG-9 tankəleyhinə raketlərın alınması nəzərdə tutulur. Həmçinin layihə çərçivəsində döyüşçülərə müxtəlif kalibrəli 235 ədəd minamiyot, 100 ədəd snayper tüfəngi, 450 ədəd PV-7 tipli gecə görüş durbini və 150 ədəd infraqırmızı lazer işıqlandırıcı durbin də veriləcək.

 

  

 

Sənəddə ən diqqəti cəlb edən məqam bu silahların veriləcəyi qruplar barədəsində "sınaqdan çıxmış Suriya müxalifəti" ifadəsinin yer almasıdır. Nədən ki, ABŞ administrasiyası Suriyada “sınaqdan çıxmış” əsas qüvvənin PKK-nin regional qanadı PYD olduğunu dəfələrlə ifadə edib. ABŞ PYD-dən başqa bəzi kiçik ərəb batalyonlarını da dəstəkləyir ki, bu qüvvələrin milliyyəti indiyə qədər ən ciddi müəmmalardan biri kimi qarşıya çıxır. Bəzi müşahidəçilərə görə, həmin “ərəblərin” böyük əksəriyyəti ya ana, ya da həyat yoldaşları vasitəsilə kürd separatçılarına bağlıdırlar. Hətta bu şübhəni nəzərə almasaq belə, ərəb batalyonlarının Suriya Demokratik Gücləri təşkilatı  bünyəsində PYD-yə bağlı olduqları, təşkilatın əsas komandanlığını isə kürdlərin təşkil etdiyi bildirilir.

 

Digər tərəfdən Xarici Əməliyyatlar Fondundan İraq üçün ayrılan 1 milyard 269 milyonluq vəsaitin də bir hissəsinin kürdlərə gedəcəyi gözlənilir. Baxmayaraq ki, bu kürdlər Türkiyənin hazırda “dostları” kimi görünən Şimali İraq muxtariyyətidir. Amma yardımı alıb öz ayaqları üzərində durandan və regiondakı mövqelərini digər təzə müttəfiqlərlə gücləndirdikdən sonra Bərzanilərin yenə Ankaranın dostu olub-olmayacağını da zaman göstərəcək.

 

Məsələyə bu məntiqdən nəzər salanda ABŞ-ın Suriyadakı qüvvələrə ayırdığı yarımmilyarlıq vəsaitin PKK-nın regional qanadına veriləcəyi aydın olur.




Ana səhifəyə qayıt        Baxış: 1 238          Tarix: 2-06-2017, 10:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma