“Sanki, "Qurdlar Vadisi" serialını yaşayıram. İndi də mənim saxta səs yazımı hazırlayıb yayıblar. Özü də gülməli və cəfəng bir çıxış hazırlayıblar”.
Ovqat.com xəbər verir ki, bu sözləri AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlı bir saat əvvəl özünün facebook səhifəsində paylaşıb.
Statusda yayılan səs yazısında nədən bəhs olunması barədə də məlumat verilərək iddialar yalanlanır:
“Orda iddia olunur ki, mən parlament seçkilərindən istifadə edib deputat olamaq istəyirəm və bu zaman Əli bəy kənarda qalacaq. Sonra da İlham Əliyev hakimiyyəti əldə saxlaya bilməyəndə onunla AXCP arasında hər iki tərəfin razılasacağı fiqur kimi hakimiyyətə gələcəyəm. Bu qədər absurd və Cırtdanın nağılına bənzər plan ola bilər?
Əvvəla, mən partiya parlament seçkisinə getməyəcəksə, heç vaxt seçkiyə getmərəm, partiya da iştirak edəndə məndən qabaq Əli bəy bu seçkidə qalib olacaq.
İkinci, hakimiyyət razılaşma yolu ilə deyil, seçki yolu ilə dəyişə bilər.
Üçüncü, Əli Kərimlinin statusu elədir ki, nəinki mən, bu gün müxalifətdə heç kim, onun üstündən adlayıb hakimiyyətə gələ bilməz.
Mən belə ciddi bir planı kiminlə danışa bilərəm? Bunu iqtidar nümayəndəsi ilə danışmaq olmaz, çünkü hakimiyyətin İlham Əliyevdən alınması mövzusunu hakimiyyətin nümayəndəsi ilə etmək olmaz. Eyni məntiqlə, bunu AXCP dən olanlarla da müzakirə etmək olmaz; çünki bu zaman da Əli bəyə qarşı çıxmaq olur.
Mənim səsimdən xüsusi kompüter proqramından istifadə olunaraq yığılmış bu saxta səs yazısı niyə yayılıb? Əgər mən hər hansı bir razılaşmanın içindəyəmsə, o zaman niyə bunu edirlər? Məntiq varmı? Öz planlarını niyə ifşa edirlər? Hakimiyyətin razılığı olmadan kim belə bir saxta səs yazısı hazırlayıb yaya bilər? Bir də bu səsi yazan, niyə video görüntü çəkməyib, bir halda ki, bu iş üçün hazırlıq gedibsə, gərək video da olaydı. Deməli, belə bir danışıq olmayıb. Həm də mənim olduğu iddia olunan bu səs təntiyir, arakəsmələrlə calaq olunduğu hiss olunur.
Səs yazısından belə məlum olur ki, mən bu planı kiməsə diqtə edirəm, mənim tabeçiliyimdə elə bir qurum yoxdur ki, ona belə bir plan həvalə edim.
Əksinə, bu onu göstərir ki, məqsəd məlum olaydan sonra məni partyadaslarımın və cəmiyyətin müdafiəsindən məhrum etməkdir”.
Fuad Qəhrəmanlının bəhs etdiyi həmin səsyazısı Musavat.com-da yayınlanıb.
Xəbəri təqdim edirik:
***
Qızı Selcan Yağmurun məlum status və video müraciəti ilə gündəmə gələn AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlı ilə bağlı yeni şok məlumatlar əldə etmişik.
Musavat.com-a daxil olan eksklüziv səsyazısında F.Qəhrəmanlının AXCP sədri Əli Kərimliyə xəyanətindən, kimliyi məlum olmayan şəxslə separat danışığından bəhs olunur.
Səsyazısı zamanı F.Qəhrəmanlı bildirir ki, həm iqtidarın, həm də AXCP-nin resurslarından istifadə edib, hakimiyyətə gələcək. Hər iki tərəfi aldada biləcəyindən əminliyini ifadə edən AXCP təmsilçisi bildirir ki, Əli Kərimli onun hakimiyyətə işləməsindən xəbərdardır.
“Əgər YAP iqtidarı saxlaya bilmirsə, Əli Kərimli və dəstəsi də hakimiyyətə gələ bilmirsə, onlar optimal variant olaraq mənim namizədliyimin üzərində dayanacaqlar. Çünki hər iki tərəf bilir ki, birinin hakimiyyətdə qalması və ya o birinin hakimiyyətə gəlməsi digəri üçün faciədir. Bu səbəbdən onlar məcbur qalıb, mənim namizədliyimi qəbul edəcəklər. Çünki mən həm iqtidara, həm də AXCP-yə işləyirəm” deyən Fuad Qəhrəmanlı qeyd edir ki, o Ərdoğanın siyasi texnologiyasından istifadə edəcək: “Ərdoğan Nəcməddin Ərbakanı aldatdığı kimi, mən də Əli Kərimlini aldadacam”.
Uzun zamandır hakimiyyətə işlədiyini deyən F.Qəhrəmanlı daha sonra ərz edir ki, təkcə Əli Kərimlini deyil, həm də işlədiyi qüvvələri aldadır: “Siyasətlə siyasətçilər məşğul olmalıdır, qazanan hər zaman bacaranlar olur. Yekunda mən iqtidarı 7 il müddətinə götürməyi bacaracağam”.
Xatırladaq ki, bu AXCP tarixində ilk belə hal deyil və daxildə satqınlığın, xəyanətin, siyasi riyakarlığın əsasını həm bu partiyada, həm də Azərbaycan siyasətində Əli Kərimlinin özü qoyub.
Əbülfəz Elçibəyin Kələkidəki evində yaşayıb, ailəsinin qayğısından bəhrələnən və geri qayıdan kimi ondan üz çevirən, hakimiyyətlə separat əməkdaşlığa gedən, partiya daxilində “Yurd” adlı qruplaşma yaradan və Əbülfəz Elçibəyi AXCP sədrliyindən uzaqlaşdırmaq istəyən Əli Kərimli bu gün özü vaxtilə Elçibəyin düşdüyü durumla üz-üzə qalıb.
Necə deyirlər, tarix təkrar olunur və heç bir xəyanət unudulmur!
Səsyazısına qulaq asın, yaxşı-yaxşı, diqqətlə qulaq asın və görün AXCP adlanan siyasi xəyanət yuvasında nələr baş verir?!
Paylaş: