Xəbər lenti

 

Xəbər verdiyimiz kimi, İraq ordusunun ən böyük gücü, İŞİD-ə qarşı mübarizə aparmaq üçün xüsusitəyinatlı hərbi qüvvə kimi yaradılmış Həşdi-Şabi silahlı qruplaşmasının lideri bir neçə gün əvvəl İranın Qum şəhərində çıxış edərək Azərbaycana hədə-qorxu gəlib. Rəsmi Bakını İsrailin İraqa qarşı əməliyyatlarını dəstəkləməkdə günahlandıran Həşdi-Şabi lideri bunun qisasını alacaqlarını vurğulayıb.

Həşdi-Şabinin mədəni-maarif üzrə müavini, İraq Televiziya və Radio Birliyinin Baş katibi Seyid Həmid əl-Hüseyninin bildirdiyinə görə, Azərbaycan guya İraqdakı bu təşkilata aid silah anbarlarını bombalayan və ya bombalamağa hazırlaşan İsrailə dronlarına öz ərazisində yer veribmiş. Əl-Hüseyninin bu iddiasının söykəndiyi arqumentə gəlincə, Livan mətbuatının rəsmən təsdiqlənməmiş bir xəbərinə əsaslanır.

Məsələ burasındadır ki, sentyabrın 6-da İran səmasında kəşfiyyat uçuşu həyata keçirən bir pilotsuz uçan aparat (PUA) vurulmuşdu. Dünya mediasında əsas müzakirə mövzusuna çevrilən bu hadisə barədə Livan mediası isə ilginc iddia irəli sürmüşdü. İddiaya görə, İsrailə aid həmin PUA Azərbaycan ərazisindən İrana daxil olub və İraqa uçurmuş. Rəsmi Tehranın heç bir reaksiya vermədiyi bu xəbər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yalanlanmışdı. Buna baxmayaraq, Livan və İranın bəzi mətbuat orqanları isə məsələni üzərində xeyli dayanmış, amma ortaya heç bir dəlil qoya bilməmişdilər. Nəzərə alsaq ki, Həşdi-Şabinin hərbi bazaları İraqın cənubunda yerləşir, Azərbaycanla onlar arasında İran və  Şimali İraq kimi uzun məsafələr var, bu iddia qətiyyən inandırcı görünmür. Zira Azərbaycandan havalanan pilotsuz təyyarələrin Həşdi-Şabi bazalarına yaxınlaşması üçün ilk öncə İran ərazisini aşmalı, daha sonra Şimali İraqa, ordan isə Cənubi İraqa keçməlidir. Məntiqlə, İsrail dronları bu qədər çətin və dolanbaclı yolları keçməkdənsə, elə öz ərazilərindən daha rahat həmin əməliyyatları keçirə bilərlər. İsraildən havalanan dronlar onunla can bir qəlb olan Səudiyyə Ərəbistanından keçib rahatlıqla İraqın cənubuna uça bilərsə, Təl-əvivin sağ qulağını sol əliylə qaşımasına nə ehtiyac var?

 

Bu sualın məqbul bir cavabı bulunmadığından Həşdi-Şabi liderinin təhdidlərinin nəfsi-müdafiədən doğmadığı ortaya çıxır. Görünən budur ki, İran və İrana bağlı qüvvələr yalançı bəhanələrlə Azərbaycana hücum planlaşdırırlar. 

Bu ehtimalı qüvvətləndirən amillər isə az deyil. Bəllidir ki, İran ABŞ-a zərbə vurmaq üçün birbaşa onu hədəf almayacağını, regiondakı ABŞ maraqlarına zərbə vuracağını dəfələrlə açıqlamışdır. Azərbaycan da ABŞ-ın maraq dairəsindədir. Ölkəmizin neft və qaz ehtiyatları, ərazilərimizdən keçən transmilli enerji xətləri ABŞ-ın qlobal enerji siyasətinin tərkib hissəsidir və İran öz təbii sərvətlərinə ehtiyacı artırmaqla sanksiyaları dəlmək istəyir. Bu iki amil onun eynilə Səudiyyə Ərəbistanına olduğu kimi bizim strateji önəm daşıyan hərbi, iqtisadi nöqtələrimizə hava hücumları təşkil etməyə həvəsləndirə bilər. Bunun üçün isə, sözsüz ki, ciddi bəhanəyə və məsuliyyəti boynuna götürən birisinə ehtiyac var. Həmin ehtiyacın İraq və Həşdi Şabi vasitəsilə aradan qaldırılması da təsadüfi deyil. İran Səudiyyə Ərəbistanındakı neft zavodlarına hücumda da üçüncü qüvvədən istifadə etmiş və husiləri ön plana çıxararaq məsuliyyəti öz üzərindən atmışdı. Azərbaycana gözlənilən zərbədə də eyni metoddan istifadə olunması bu mənada istisna edilə bilməz.

 

Bəs İranın qarşımıza çıxardığı Həşdi-Şabi nədir, hansı məqsədə qulluq edir?

Həşdi-Şabi o qüvvədir ki, 2016-cı ildə İraqın Mosul əməliyyatına bu hərbi birləşməylə girmək planı Türkiyə prezidenti R.T.Ərdoğanı da narahat etmiş və prezident öz çıxışında məşhur ifadələrini dilə gətirmiş, “İndi deyirlər ki, 30 min adamla Hasdi Şabi gəlir. Ya gəlirsə gəlsin, gələcəyi varsa, görəcəyi də var!”, - demişdi. Ərdoğan həmçinin vurğulamışdı ki, Mosul problemini Mərkəzi İraq hakimiyyəti ilə müzakirə etmək istəmir, vilayətin taleyinə Ankara təkbaşına qərar verəcək: “Mosul ərəb və türkmənlərin yaşadığı, ağırlıqlı olaraq sünnilərdən ibarət bölgədir. İndi bizə “burada bir sünni – şiə müharibəsi olmaması lazımdır” deyirlər. Sənin Bağdad dediyin nədir – tamamilə, şiədən ibarət bir ordu! Biz Mosulun qədərini onlarlamı müzakirə edəcəyik?”

Cənab Ərdoğanın həyata keçməyən sözlərindən biri kimi tarixə düşən bu fikirlərinə rəğmən, İraq ordusu Mosula girdi. Mosulun İŞİD-dən azad olunmasında ən böyük yük də elə Həşdi-Şabinin çiyinlərinə düşdü.

Ərdoğan Həşdi-Şabini nə qədər “şiələrin İŞİD-i” kimi görsə də, ona fərqli yöndən baxanlar da az deyil.

 “Kimisinə görə, bu təşkilat Yaxın Şərq coğrafiyasını məzhəb müharibələrinə sürükləyən beynəlxalq güc mərkəzlərinin sünni İŞİD-ə qarşı yaratdıqları şiə alternatividir, kimisinə görə də İŞİD zülmünə qarşı İraq əhalisinin ortaya qoyduğu dirəniş hərəkatının adı... İlk versiyanı irəli sürənlərin fikrincə, xaricdən qidalanan Həşdi Şabi də region üçün İŞİD qədər təhlükəlidir. Həşdi Şabi tərəfdarları üçün isə bu könüllülər ordusu İraqı və Suriyanı İŞİD zülmündən azad edəcək yeganə silahlı qüvvədir”.

 

Yuxarıdakı cümlələr şair-publisist Heydər Oğuzun 2016-cı ildə qələmə aldığı “Ərdoğanın barmaq silkələdiyi ordu haqda nə bilirik?” yazısındandır. Üzərindən 3 il keçəndən sonra İraqda oturub Azərbaycanı təhdid edən bir qüvvəyə çevrilən Həşdi-Şabini daha yaxından tanımaq üçün həmin məqalədən bəzi hissələri təqdim edirik:

“Həşdi Şabinin kimliyi haqqında mülahizələr müxtəlif olsa da, onun hazırda İraqda ən ciddi hərbi qüvvə olduğunu hər kəs qəbul edir. Təxminlərə görə, Həşdi Şabi ətrafında 300 mindən artıq insan birləşib. Bu sayın şişirdildiyini, 300 min yox, 120 min və ya 150 min Həşdi Şabiçinin olduğunu təxmin edənlər də var. Bir-birindən, hardasa, 2 dəfə fərqli olan bu rəqəmlər isə onun İraqdakı güc nisbətindəki üstünlüyünü qətiyyən azaltmır. Ən aşağı ehtimalda belə, haqqında danışdığımız qüvvənin, bütövlükdə götürəndə, İraqın bütün silahlı qruplarından – həm peşmərgənin, həm İŞİD-in, həm də İraq ordusunun ümumi sayından 2 dəfə çox olduğu bildirilir.

Bütün bu ehtişamı ilə Həşdi Şabi İraqda istənilən gücə qalib gələcək özəlliyə malikdir. Əslində haqqında bu qədər söz-söhbətin yaranması da bununla bağlıdır».

 

Müəllifin fikrincə, Həşdi Şabini “şiənin İŞİD-i” hesab edənlərin əsas arqumenti onun şiə üləmalarından ayətullah Seyid Əli Hüseyn Sistaninin fitvasıyla qurulmasıdır: “Qurulduğu ilk dövrlərdə Sistaninin “Ləbbeykə ya Hüseyn!” şüarı altında İraq xalqını İŞİD-ə qarşı mübarizəyə səsləməsi istər Qərb, istərsə də müsəlman dünyası tərəfindən birmənalı qarşılanmamış, sünnilərdən qısas almaq arzusu kimi qiymətləndirilmişdir. Sistani kimi İraq şiələri arasında ciddi nüfuz sahibi olan bu üləmaya ilk etirazını bildirənlərdən biri də Həşdi-Şabi qüvvələri arasında mühüm yer tutan Müqtəda əs-Sədr olmuşdur. “Mehdi ordusu” adlı hərbi birləşməyə rəhbərlik edən bu gənc lider “Lebbeykə, ya Hüseyn!” şüarı əvəzinə “Ləbbeykə, ya Tikrit!”,yaxud “Ləbbeykə, ya Mosul!” kimi regional adlardan istifadə olunmasının vacibliyinə toxunmuşdu. Regional və beynəlxalq təpkiləri nəzərə alan ayətullah Sistani sonradan bu səhvini düzəltmiş, həmin ərazilərin yalnız şiələrin deyil, həm də bütün iraqlıların vətəni problemi olduğunu etiraf edərək, şüarını dəyişdirmişdi”.

 

Maraqlıdır ki, Həşdi-Şabinin sıraları təkcə şiələrdən də ibarət deyil. Sistaninin məlum çağırışına ölkənin ən müxtəlif çevrələri tərəfindən müsbət cavab verilmişdi: “Təsadüfi deyil ki, bu çağırışa təkcə şiələr yox, İraqın bütün dini, məzhəbçi qrupları qoşulublar. Ölkə xristianlarını təmsil edən Reyyani Kildaninin Anadolu Agentliyinə verdiyi açıqlama da fikrimizi təsdiqləyir. 1700 nəfərlik Kildani batalyonuna rəhbərlik edən bu adam açıqlamasında bildirirdi: “İŞİD Mosulda çox sayda xristianı qətlə yetirdi və köçə məcbur etdi. Şiə avtoritet Əli Sistaninin cihad çağırışı üzərinə biz də Həşdi Şabi sıralarına qoşulmaq qərarına gəldik. Çünki bu çağırış yalnız şiələrə deyil, bütün ölkə xalqlarına yönəlmişdi. BƏƏS rejimi dövründə əlləri qana bulaşmayan onlarla təqaüdçü xristian komandiri yığaraq, lideri olduğum hərəkatın hərbi qanadını qurduq”.

Həşdi-Şabiyə qoşulanlardan biri də İraqda yaşayan yezidi kürdlər oldu. Bu da səbəbsiz deyil. İŞİD-in ən çox zülmünə məriz qalan yezidilər öz qisaslarını almaq üçün istənilən qüvvəylə birləşə bilərdilər.

Bizim üçün ən diqqətəşayan hadisə İraqda yaşayan soydaşlarımızın da Həşdi-Şabi ətrafında birləşməsidir. Heydər Oğuz həmin məqaləsində yazır: “Telafərli alim Ziya Abbasın bildirdiyinə görə, Həşdi Şabidə ərəblərdən sonra ən böyük batalyonlar türkmənlərə məxsusdur. Rusiyanın “Sputnik”xəbər agentliyinə açıqlama verən Ziya Abbasın fikrincə, hazırda Mosul əməliyyatına başlayan bu silahlı birləşmədə, ən azı, 12 min türkmən döyüşür. Nəzərə alsaq ki, Mosulda İŞİD-çilərin cəmi 4-8 min arasında döyüşçüsü var, Həşdi-Şabiçi türkmənlərin say etibarilə onlardan ikiqat artıq qüvvəyə malik olduğu ortaya çıxır».

 

Məlumata görə, Şimali Azərbaycandan da Həşdi-Şabi və bənzər silahlı qüvvələrin sıralarına qoşulanlar var. İranda təhsil alan bəzi tələbələrin həm Suriyada, həm İraqda hərbi təlimlərdən keçirildiyinə dair məlumatlar zaman-zaman media orqanlarında öz əksini tapır. Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərovun belə hərbi təlimlərdə və döyüşlərdə iştirak etmək üçün Suriyaya göndərildiyi bildirilir. Tohid İbrahimbəyli, Oxan Məmmədov adlı Azərbaycan vətəndaşlarının İranda dini təhsil alan azərbaycanlı tələbələr arasında bu istiqamətdə xüsusi iş apardığı da gizli deyil. İrandan Azərbaycana qarşı açılmış soyuq savaşda Nur-az.com, Abna.com, Aran.news, Qafqaz.ir, Rasthaber.com kimi saytlar, “Hüseyniyyun” adı verilmiş Facebook səhifəsi, 2017-ci ilin fevralından başlayaraq Youtube kanalı üzərindən əsasən rus dilində dini motivli verilişlərlə çıxış edən və Rusiyada qurulmuş “Ar-rad TV”, “Ru-clip.ru” kimi internet televiziyaları və digər resurslardan istifadə edilməsi mətbu orqanlarımız tərəfindən təsbit olunmuşdur. Bütün bu qrupların Gəncə hadisələrindən sonra xüsusilə fəallaşdığını da ortadadır.

Qısası, İranın əlində Azərbaycana təzyiq göstərə biləcəyi kifayət qədər təbliğati və hərbi resurslar var və hüquq mühafizə orqanlarımız bu təhdidin zərərsizləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görməlidir.




Ana səhifəyə qayıt        Baxış: 3 152          Tarix: 29-09-2019, 11:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma