Almaniya özünün qərb və şimal bölgələrinin təbii qaz ehtiyacını ABŞ-dan və Qətərdən alınan maye qazla təmin etmək niyyətindədir.
Ovqat.com xəbər verir ki, təchizatçı şirkət “Thyssengas” artıq ABŞ-la bu barədə ilkin razılığa gəlib.
Razılığa əsasən, ABŞ-dan alınacaq maye qaz Belçikadakı terminaldan Hollandiyadan keçərək Almaniyaya nəql olunacaq. Bunun üçün isə ümumi dəyəri 600 milyon avro olan təxminən, 220 kilometrlik qaz kəmərı çəkiləcək.
Almaniyanın bu qərarı Rusiyaya ciddi zərbə kimi qiymətləndirir. Belə ki, Avropanın qaz ehtiyacının 3/1-dən artığını təmin edən Rusiyanın ən böyük müştərisi Almaniyadır. Almaniya öz qaz ehtiyacının 40%-ni Qazpromdan alır.
Moskva Avropaya, o cümlədən Almaniyaya qaz satışını yaxın gələcəkdə artırmağa ümid bağlayırdı. Çünki Almaniyanın ən çox qaz aldığı ikinci ölkə olan Hollandiyanın qazı artıq tükənmək üzrədir. Qaz istehsalından qaynaqlanan 2012-ci il zəlzələsi və ardından ölkədə baş qaldıran etiraz nümayişlərindən sonra Hollandiya hökuməti 2030-cu ildə ixracata son vermə qərarını vermişdi. Hollandiyanın qaz ixracatına son verəcəyi təqdirdə, ən ciddi zərərə uğrayan ölkə isə Almaniya olacaq. Təxminlərə görə, bu addımdan sonra Almaniyanın qərbində və şimalında təxminən 5 milyon ailə qazsız qalacaq.
Öz qaz ehtiyacının 3/1-ni Hollandiyadan alan Almaniya bu ağır vəziyyətə düşməmək üçün indidən alternativ axtarışına başlayıb. Ən ucuz və rentabelli alternativ isə qazı Rusiyadan almaqdır. Bunun üçün sadəcə Rusiyanın “Şimal axını” boru xəttinə bağlanan və maya dəyəri 300 milyon evro civarında olan 100 km-lik kəmər çəkmək kifayət edərdi. Almaniya isə, göründüyü kimi, 2 dəfə daha bahalı alternativə üstünlük verdi.
İqtisadi baxımdan heç də əlverişli olmayan bu qərarın verilməsinin iki başlıca səbəbi var. Səbəblərdən biri Rusiyanın dar ayaqda qaz amilindən strateji silah kimi istifadə etməsidir. 2006-cı ildə Ukraynayla yaşanan qaz böhranı zamanı Rusiyanın soyuq qış aylarında bu ölkəyə verilən qazı kəsməsi Avropa ölkələrində “Moskvanın ipinin üstünə odun yığmaq olmaz” təsəvvürləri yaratmış və bütün ölkələri bahalı olsa belə, başqa alternativ axtarışına vadar etmişdi. Rusiyanın qaz monopoliyasından xilas olmaq üçün isə bir neçə alternativ var idi-ABŞ-dan idxal olunan dondurulmuş qaz və Qatar qazı.
Mütəxəssislərin fikrincə, hazırda Suriyada yaşanan qanlı hadisələrin kökündə dayanan əsas amillərdən biri məhz bununla bağlıdır. Mülahizələrə görə, ABŞ və müttəfiqləri dünyanın ən böyük qaz hasilatçılarından olan Qatar qazını Avropaya nəql edəcək boru kəmərinin təhlükəsizliyini təmin etmək üçün Suriyada inqilabi dəyişiklər etmək istəyirdilər. Məqsəd Rusiyanın qaz strategiyasını sıradan çıxarmaq olduğundan Moskva baş verənlərə laqeyd qalmadı və hərbi müdaxiləyə qərar verdi. Bununla da həmin layihə suya düşmüş oldu.
Almaniyanın daha bahalı qaz layihələrinə yönəlməsinin digər səbəbi, sözsüz ki, Rusiyanı böyük dövlət kimi sıradan çıxarmaq, öz daxili problemlərinə başı qarışmış vəziyyətə gətirməkdir. Bunun ən qısa yolu isə onu iqtisadi böhranlarla sınağa çəkməkdir. Rusiyanın hazırda xarici ixracat gəlirlərində ən başlıca yeri enerji məhsullarının tutması “rus xofu”ndan xilas olmaq istəyən Qərb ölkələrinin ondan aldıqları neft və qazdan imtina etməsini şərtləndirir. Ukraynanın ilhaqından sonra Rusiyaya qarşı həyata keçirilən sanksiyalar da bu məqsədə qulluq edir. Sanksiyaların uğur qazanması üçün isə ilk növbədə Qərbin özü rus qazından asılılıqdan xilas olmalıdır.
Görünən budur ki, Almaniya artıq bu istiqamətdə ilk addımını atdı. Daha sonrakı məhələlərdə bu ölkənin tədricən Rusiya qazından tamamilə üz döndərməsi ehtimalı da istisna deyil və bu ehtimal Moskvanı ciddi düşüncələrə qərq edir.
Nəzərə alsaq ki, Avropa qaz təchizatını Rusiya asılığından xilas etmək üçün ortaya atılan layihələrdən biri Cənub Qaz Dəhlizidir, TANAP və onun davamı olan TAP həmin layihənin tərkib hissəsidir, Azərbaycan da pətəyinə əl uzadılan arının qəzəbinə gələ biləcəyini istisna etməməli, indiki incə məqamda bacardığı qədər təmkinli və düşünülmüş siyasət yürütməyə çalışmalıdır.
Heydər Oğuz
Paylaş: