Dünən gecə Türk mətbuatında əvvəl prezident Rəcəb Tayyib Ərdoğanın "Münbiç və Kobani üçün Rusiya və ABŞ ilə görüşürük" mesajı yayıldı. Daha sonra onun rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışdığı xəbəri gəldi.
Ovqat.com Türkiyə Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, liderlər telefonda Şimali Suriyadakı son vəziyyəti müzakirə ediblər. Bildirildiyinə görə, Ərdoğan telefon söhbətində Barış pınarı əməliyyatının Suriyanın ərazi bütövlüyünün qorunmasına və siyasi həll prosesinə verəcəyi töhfələr barədə danışıb.
Kremldən verilən məlumatda isə Putinin telefon söhbətində Suriya-Türkiyə sərhədindəki humanitar vəziyyətin pisləşməsinə diqqət çəkdiyi bildirilir. Onu ən çox narahat edən isə DSG-nın nəzarəti altındakı İŞİD-çilərin və digər terror təşkilatlarının vəziyyəti olub. Rusiya prezidenti terrorçuların “mövcud vəziyyətdən istifadə etməsinin yolverilməz” olduğunu deyib.
İnsafən, Putinin İŞİD narahatlığı başadüşüləndir. Suriyadakı “xilafət” terroristlərinin 60 ölkədən toplanmasına baxmayaraq, böyük qisminin Rusiya vətəndaşı olduğu sirr deyil. Bunu Putinin özü də dəfələrlə etiraf etmiş, Suriyada minlərlə rus vətəndaşının terrorçuluqla məşğul olduğunu vurğulamışdı.
ABŞ-ın dəstəyi ilə PKK/YPG qüvvələri Şimali Suriyanı nəzarət altına götürəndə həmin terrorçuların böyük qismi ailələri ilə bərabər əsir götürülərək müxtəlif düşərgələrdə və həbsxanlarda saxlanılırdı. Kürd separatçılarının əlində 10 mindən çox İŞİD əsiri olduğu güman edilir. Türkiyə Barış pınarı əməliyyatına başlayınca həmin əsirlərin saxlanıldıqları düşərgə və həbsxanalardan qaçdığı xəbərləri yayılır.
İlk belə xəbər əməliyyat başlayan gün DSG tərəfindən tirajlanmışdı. Məlumatda iddia olunmuşdu ki, Türk Silahlı Qüvvələri İŞİD-çilərin saxlanıldığı Qamışlı həbsxanasını top atəşləri ilə dağıdıb və məqsəd guya orda saxlanılan terrorçuların qaçmasına şərait yaratmaq olub. Türkiyə isə bu faktı yalanlamış, ümumiyyətlə, Qamışlıya hər hansı hücum təşkil etmədiklərini irəli sürmüşdü. Əməliyyatın 6-cı günü Tel Abyadı PKK-dan təmizləyən Türk ordusu növbəti böyük bir sürprizlə qarşılaşmışdı: Tel Abyad həbsxanası boş, qapıları açıq və tamamilə tərk edilmiş vəziyyətdə.
Bu hadisədən iki gün əvvəl isə bir başqa xəbər də Tel Abyada qonşu olmasına baxmayaraq, Barış pınarı əməliyyatının hədəflədiyi ərazilərə aid edilməyən Həsəkədən gəlmişdi. Suriya dövlət televiziyasının yaydığı məlumata görə, İŞİD-çilər bu şəhərdəki həbsxananın qarşısında bomba yüklü maşın partlatmış və onun divarlarını tamamilə dağıtmışdılar. Həbsxanadakı əsirlər də bundan faydalanıb qaçmışdılar. Həmin əməliyyatı düzənləyənlərin isə Qamışlı və Tel Abyad həbsxanalarından qaçan İŞİD-çilər olduğu təxmin edilir.
Görünən budur ki, PKK/YPG TSQ ilə girdiyi assimetrik savaşda assimetrik də taktika izləyir – dünyanın Barış pınarı əməliyyatına sərt təpkisini çəkmək üçün əlindəki əsirləri müxtəlif bəhanələrlə sərbəst buraxır və regionda marağı olan bütün dövlətləri yenidən İŞİD təhlükəsi ilə üz-üzə qoyur.
Digər bir maraqlı məqam odur ki, Barış pınarı əməliyyatı başlamamışdan əvvəl ABŞ-ın Müdafiə Nazirliyinin adı çəkilməyən yetkilisi açıqlama verərək, "iki mühüm İŞİD üzvünün" YPG-nin nəzarətindəki düşərgədən çıxarılıb təhvil alındığını etiraf etmişdi. Səlahiyyətli sözügedən İŞİD üzvlərinin Suriyadan çıxarıldığını və etibarlı bir yerə aparıldığını bildirmişdi. Həmin İŞİD-çilərin aralarında Amerikalı jurnalist Ceyms Foleyin də olduğu əcnəbiləri qaçıraraq, işgəncə verən və öldürən dörd nəfərlik qrupa aid olduqları xəbər verilir.
“New York Times” qəzeti isə ABŞ-ın YPG-dən yalnız 2 İŞİD-çini təhvil alması xəbəri ilə razılaşmır. Qəzet iddia edir ki, ABŞ çoxsaylı “xilafətçi” alıb və onları İraqa aparıb.
Belə çıxır ki, ABŞ öz vətəndaşlarını qətlə yetirən və önəmli gördüyü bəzi İŞİD-çiləri əməliyyatdan əvvəl öz nəzarəti altına alıb və sonradan terrorçuları sərbəst buraxmaq taktikasına start verib. Sərbəst buraxılan İŞİD-çilərdən kimə qarşı istifadə olunacağı isə bilinmir. Onlar əllərinə silah götürüb Türk ordusuna qarşı da savaşa, vətənləri Rusiyaya qayıdıb təxribat da törədə bilərlər. Hər şey həmin qüvvələri illərlə əsir düşərgəsində saxlayıb zamanı gələndə yeni missiyalara hazırlayan və ən sonunda isə onlara azadlıq bəxş edən himayədarlarının əmrinə bağlıdır.
Üstəlik, əli qana batmış bu adamların döyüşməkdən başqa çarələri də yoxdur. Çünki vətəndaşı olduqları dövlətdə də, Suriyada, dünyanın istənilən ölkəsində də bu adamları anti-terror əməliyyatları nəticəsində ölüm gözləyir. Onları erkən gələn ölümdən yalnız döyüşmək xilas edə bilər. Digər tərəfdən aldanaraq özlərini fəda etdikləri müqəddəs dəyərlər də “xilafət” döyüşçülərinə “alınlarına cihad yazıldığını” təlqin edir.
Yuxarıda qeyd edilənlərdən də aydın olur ki, İŞİD terroristlərinin sərbəst buraxılması hər iki lideri ciddi şəkildə qayğılandırır. Bu əndişələrin həmin danışıqlara da yansıdığı bildirilir. Məlumata görə, həm Putin, həm də Ərdoğan Suriyadakı siyasi həll prosesinin davam etməsi lazım olduğu fikrində həmrəydilər və Suriyanın ərazi bütövlüyünü təmin etməkdə maraqlı olduqlarını vurğulayıblar.
Kremldən verilən məlumatda Putinin Türk həmkarını ən yaxın zamanda Rusiyaya dəvət, Ərdoğanın isə bu dəvəti qəbul etdiy bildirilir.
Türkiyə prezidentinin ABŞ-lı həmkarı ilə danışıb-danışmadığı barədə isə hələlik heç bir məlumat verilməyib.
Ovqat.com
Paylaş: