Xəbər lenti

 

"Nə qədər ki, Azərbaycanda “Ailə zirvədə-pyedastal” üzərindədir, ailə dəyərləri yüksək tutulur, ölkənin gələcəyinə inanmaq olar. Bu dəyərlər ayaqlar altına düşərsə, cəmiyyətin məhvi qaçılmaz olacaq. "

Ağabəy Sultanov

Azərbaycanda bosanmalar rekord həddə yüksəlib, statistik rəqəmlər də ölkədə boşanma sayının fəlakət həddinə çatdığını göstərir.

Belə ki, son 6 ilin statistik göstəricilərinə görə, ölkədə nigahların sayı azalmağa, boşanmaların sayı isə sürətlə çoxalmağa başlayıb. Ekspertlər bunun səbəblərini müxtəlif amillərlə ələqələndirirlər. Əsas səbəblərdən biri kimi, 2000-ci illərə qədər ailələrin 70-80 faizinin valideynlərlə birlikdə yaşaması, uşaqların böyük ailədə, nənə-baba yanında tərbiyə alması, ailədə uşaq sayının çox olması, lakin hazırda bu sayın getdikcə azalması və indi gənc ailələrin daha çox müstəqil yaşamaq istəkləri kimi göstərilir. Gənc cütlüklər valideynlərlə birlikdə yaşamaq istəmirlər və bununla da onlara yol göstərən, mübahisələri yoluna qoyan tapılmadığı üçün ən asan yolu ayrılmaqda görürlər.

Bütün bu səbəblərə sosial şəbəkələrin təsirini də ələvə etsək, ortaya xoşagələməz mənzərə çıxır. Ər-arvad xəyanətləri və sayı getdikcə artan dəhşətli qətllər vəziyyəti daha da ümidsiz edir.  

 

Ekspertlər son illərin müşahidələrinə əsasən belə qənaətə gəliblər ki, ailələrin dağımasını sürətləndirən əsas amillərdən biri də qanunlardakı boşluqlar və  məhkəmələrdəki proseslərin formal aparımasıdır. Təsəvvür edin ki, bəzən tərəflərdən biri heç məhkəməyə gəlmir və buna rəğmən, boşanma baş tutur. Halbuki məsələ ciddi araşdırılmalıdır. Bəlkə məhkəmə qarşısına çıxan cütlük heç boşanmaq istəmir, onlara təzyiq edilir? Bəyənmədiyimiz sovet rejimi ailənin qorunub saxlanmasına xüsusi diqqət yetirirdi. Ayrılmaq qərarı mümkün qədər yubadılır, hakimlər ər-arvadı barışmağa səsləyir, ailənin qorunub saxlanması üçün əllərindən gələni edirdilər. Amma indi əksər ölkələrdən fərqli olaraq, Azərbaycanda boşanma prosesi çox asanlaşıb. Boşanmaq istəyən ailənin övladları olduğu təqdirdə, tərəflərdən biri məhkəməyə müraciət edir və məhkəmələr həmin çütlükləri bir neçə dəqiqəyə boşayırlar.

Məsələnin ən ağlasığmaz tərəfi odur ki, əgər boşanan cütlüklərin övladları yoxdursa, onların heç məhkəməyə getmələrinə də ehtiyac qalmır. Sadəcə müvafiq nigah idərələrinə müraciət edərək evliliklərinə son verə bilirlər. Əgər cütlüklərdən biri boşanmadan imtina edirsə, məhkəmə müddəti maksimum 3 ay uzadır. Hətta 3 aydan sonra tərəflərdən biri yenə də narazı olduğu təqdirdə belə boşanma baş tutur.

Bura son zamanlar boşanmaq fikrinə düşən qadınların dərhal başının üstünü alan vəkillərin “fəaliyyətini” də əlavə etsək, mənzərə daha da aydınlaşar. Öz çörəkpulunu ailələri dağıtmaqla qazanan bu vəkillər ölkədə boşanmaların artmasına sanballı” töhvə” verirlər desək, səhv etmərik.

 

Bundan başqa məhkəmələr guya qadınların mənafeyini qorumaq üçün aliment və digər məsələlərdə onların tərəfində çıxış edirlər. Halbuki onların isnad etdiyi qanunlar hökuməti məsuliyyətdən azad etmək üçün qüvvəyə minib. Əksər postsovet ölkələrindən fərqli olaraq (biz heç inkişaf etmiş Avropa ölkələrini demirik), Azərbaycanda uşaqpulu çoxdan ləğv edilib.  

Sovet qanunları rəsmi nigahda olmayan qadınların aliment almasına icazə vermirdi. Bu isə qadınların nigahdankənar uşaq dünyaya gətirməsinin və eyni zamanda, əxlaqsızlığın qarşısını almağa xidmət edirdi. Azərbaycanda atalığın müəyyən edilməsi ilə aliment almaq imkanı qanunla qüvvəyə minəndən sonra ölkədə nigahdankənar uşaqların doğulması halları da sürətlə çoxalmağa başladı. Hətta “qədim peşə” sahibləri belə bu qanundan yararlanaraq vəzifəli kişilərdən dünyaya uşaq gətirmək üzrə bir-birləri ilə yarışa girdilər. Qanunların verdiyi bu imkan kasıblığa dözməyən, varlılarıın yaşayışını qısqanan bir çox evli qadınlara gözqamaşdırıcı fürsət kimi göründü.

Əvvəllər qadınları bu addımdan “boşansam el-oba mənə nə deyər, uşaqlarım böyüyəndə onları niyə atasız qoyduğumi soruşsalar nə cavab verərəm?” kimi düşüncələr çəkindirirdi. İndi isə “öz həyatını” yaşamaq, Türkiyəni, Dubayı, Parisi görmək, lüks maşınlarda gəzmək, bahalı geyimlər geymək, zinət əşyaları ilə bəzənmək məqsədi ilə bir uşaq doğulan kimi boşanaraq ata evinə qayıdıb, ərindən aliment almağı təmin edənlərin sayı sürətlə çoxalmaqdadır. Belələri sonra özlərinə varlı məsuq axtarışına çıxır, hətta bəzən ailələri belə dağıtmaqdan çəkinmirlər.

 

Təbii ki, bu deyilənlər ayrılan bütün qadınlara aid deyil. Boşanmağı son çarə kimi görənlər, ər zorakılığından, qaynana fitnəsindən baş götürüb qaçan gəlinlər də az deyil. Biz unutmamalıyıq ki, boşanma baş verən ailələrdə uşaqlar varsa, bu prosesdən ən çox təsirlənən məhz onlardır. Psixoloqlara görə, həmin uşaqlar cəmiyyət üçün gələcəkdə potensial təhlükəyə cevrilirlər. Belə ki, valideynləri boşanmış uşaqların aldıqları travmalar onların gələcəyinə mənfi təsir göstərir. Araşdırmalara görə, cinayətə qurşanan yeniyetmə və gənclərin əksəriyyəti məhz ayrılan cütlüklərin uşaqları olur.

Buna görə də qanunlardakı boşluqlara mütləq yenidən baxılmalı , nigahdankənar uşaqların doğulmasının qarşısı mümkün qədər alınmalıdır. Aliment təyin edərkən təkcə qadın deyil, qarşı tərəf də dinlənilməli, qadının kişinin evliliyindən xəbəri olub –omadığı öyrənilməli, qadının öz razılığı ilə zina edib-etmədiyi bilinməli və bu arasdırma son qərarın verilməsində mütləq nəzərə alınmalıdır. Öz ailəsinə xəyanət edən kişiyə və zina edən qadına da müəyyən cəza tətbiq edilməlidir ki, digərlərinə də ibrət olsun və əxlaqsızlığın yayılması halları azalsın. Rəhmətlik Ağabəy Sultanovun illər əvvəl peyğəmbərcəsinə dediyi kimi, fəlakətli sona doğru getmək istəmiriksə, ailə dəyərlərinə sahib çıxmalıyıq.

Nazilə Nəriman

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 476          Tarix: 18-10-2019, 14:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma