Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə verdiyi müsahibəsində ötən gün Bakıda keçirilən icazəsiz mitinqi dəyərləndirib.
Müsahibəni Ovqat.com oxucularına təqdim edirik:
- Qüdrət bəy “fit müxalifət”inin dünən şəhərin mərkəzində, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış keçirmək istədiyi aksiya barədə nə dəyə bilərsiniz?
- Aksiyadan iki gün öncə mən Sizə verdiyim açıqlamada qeyd etmişdim ki, Prezidentin son aylar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul etdiyi qərarlar və islahatların davam etdiriləcəyi barədə verdiyi vədlər cəmiyyətdə sosial gərginliyi xeyli azaldıb. Bu səbəbdən geniş xalq kütlələrinin bu mitinqə dəstək verməyəcəyinə mitinqin təşkilatçıları da əmin olduğundan Lökbatana getməkdən imtina edib şəhərin mərkəzində razılaşdırılmamış aksiyaya üstünlük verdilər.
- Əgər xalqın gəlməyəcəyinə əmin idilərsə olmazdımı mitinqi təxirə salsınlar?
- Mitinq xaricdəki və daxildəki bəzi mafioz qüvvələr tərəfindən sifariş edildiyi üçün onu təxirə sala bilməzdilər.
- Sizcə iqtidar niyə şəhərin mərkəzində onlara mitinq keçirməyə imkan vermir?
- 19 yanvar mitinqində Əli Kərimli çıxış edərkən bir qrup şəxs yerdən dövlət hakimiyyət orqanlarının üzərinə yürüş etməyi tələb etməyə başladı. Əli Kərimli isə bildirdi ki, hazırda az olduqları üçün bunu etmək olmaz. Yalnız növbəti mitinqlərdə iştirakçıların sayı artacağı təqdirdə bunu edəcəklər. Bu isə polislə ciddi toqquşma və şəhərdə kütləvi iğtişaşlar deməkdir. Hansı ki, düşmənlərimiz də bunu arzu edir. Ona görə də iqtidar bir müdddət mitinqlərə iacazə vermədi, amma görəndə ki, bundan istifadə edib “Azərbaycanda sərbəst toplaşma azadlığı pozulub” deyərək ölkənin beynəlxalq imicini korlayırlar, onda şəhərin kənarında mitinqlərə icazə verdi. Məncə məqsəd odur ki, mərkəzi dövlət hakimiyyəti orqanlarının üzərinə yürüş olarsa, onun qarşısı başqalarının əmlakına ciddi ziyan vurulmadan böyük dağıntılarsız alınsın.
- Qayıdaq dünənki aksiyaya. Necə hesab edirsiniz, polis adekvat güc tətbiq etdi ya yox?
- Polisin günbəgün öz peşəkarlığını artırdığı göz qabağındadır və alqışlanmalıdır. Siz Fransada, Almaniyada, Rusiyada, İspaniyada icazəsiz aksiyalarda polisin daranışı ilə Azərbaycan polisinin davranışını müqayisə edin və əminəm ki, qürur duyacaqsınız. Aksiyanın qarşısının qətiyyətlə alınmasına gəldikdə isə bu, Prezidentin mitinqi sifariş etmiş həm xarici güclərə, həm daxildəki mafiozlara mesajı idi ki, heç kim ölkədə sabitliyi pozub, islahatların qarşısını ala bilməz.
- Mitinqə qatılanların sayı barədə barədə nə deyə bilərsiniz? Çünki bu çox önəmlidir.
- Sosial şəbəkələrdə yayılan kadrlardan da görünir ki, ən çoxu dörd və ya beş yüz adam aksiyaya qatılıb. Bu isə o deməkdir ki, hətta həmin partiyaların üzvləri belə avantürist aksiyalardan beziblər. Xalqımız dəyişiklik istəyir, amma sabitliyin pozulması hesabına yox. İnsanlarımız başa düşür ki, sabitlik pozularsa biz nəinki indikindən artığına nail olacağıq, hətta bu günə qədər nail olduqlarımızı itirəcəyik.Vaxtilə ağzı köpüklənə-köpüklənə “payızda inqilab olacaq” deyənlər barədə demişdim ki, payızı gözləyək, həmin çağırışı edənlərin özləri qorxularından ayaqlarını Azərbaycana basmayacaqlar. Demişdim ki, Əli Kərimliyə inananlar həmişə xəyal qırıqlığına uğrayacaqlar. Çünki özünün avantürist olması bir yana, bu adam sifarişlə siyasi qərarlar qəbul edir. Floridanın Ki Uest (Key-West-red.) şəhərində Qarabağın taleyi ilə bağlı bizə sərf etməyən qərarların qəbul olunması üçün Azərbaycana ciddi təzyiqlərin ola biləcəyi barədə əsaslı məlumatlara baxmayaraq Bakıda AXCP-nin bu məqsədlə təyin olunmuş mitinqini səfirin tapşırığı ilə təxirə saldığı kimi. Bu adam həmişə sifarişlə, tapşırıqla işləyib, demokratik proseslərə ziyan vurub və bu davam etməkdədir.
- Qüdrət bəy Əli Kərimli mitinq zamanı döyüldüyünü bəyan edib, buna münasibətiniz necədir?
- O, bununla bağlı prokurorluq orqanlarına müraciət etməlidir ki, araşdırma aparılsın. Əgər həqiqətən polis tərəfindən qeyri proporsional güc tətbiq olunubsa həmin adam, yaxud adamlar cəzalandırılmalıdır. Onun yalan danışdığı da, polisin də daxilində hansısa təxribatçının, yaxud səlahiyyət həddini aşan birisinin ola bilməsi də istisna olunmamalıdır.
Paylaş: