Xəbər lenti
27-11-2024, 19:25

 

Milli Şuranın oktyabrın 19-da keçirdiyi etiraz aksiyası ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən koordinasiya olunurmuş.

Bu iddia ilk dəfə tanınmış jurnalist Eynulla Fətullayev tərəfindən irəli sürülüb.

Müəllif qələmə aldığı “Müxalifətin mitinqi ABŞ səfirliyindən koordinasiya olunurdu?” sərlövhəli yazısında səfirliklə aksiya iştirakçılarını əlaqələndirən şəxsin Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli olduğunu qeyd edib: “Gültəkin Hacıbəyli paytaxtın mərkəzində destablizasiya cəhdləri barədə səfirliyin informatoru qismində çıxış edərək inadla, yorulmadan Uilyama müxalifətçilərin mənzillərində internetin kəsildiyi, Kərimlinin və onun azsaylı tərəfdarlarının saxlanılması barədə danışırdı. “Mənə Samara (Əli Kərimlinin həyat yoldaşı,-red.) zəng vurur! Evin ətrafında olduqca çox polis cəmləşib, orada çoxlu polis avtobusları var”,-bir vaxtlar İlham Əliyevin həyacanlı tərəfdaşı olan G.Hacıbəyli Böyük Qardaşa isterik tərzdə deyirdi”.

 

Daha sonra eyni iddia digər yarırəsmi media qurumları tərəfindən də dilə gətirildi. APA-nın məlumatına görə, həmin söhbətin lent yazısı Real TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu "Mirşahin vaxtı" proqramında səsləndirilib: “G. Hacıbəyli səs yazısında evində internet kəsildiyi üçün yaza bilmədiyini qeyd edir, aksiya ilə bağlı məlumat verir. ABŞ diplomatı isə xanım Hacıbəyliyə internet bərpa olunan kimi geniş məlumat yazmağı tapşırır və şəhərdə prosesi izlədiyini bildirir.

Proqramda, həmçinin, G.Hacıbəylinin Avropa İttifaqının siyasi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Denis Daniilidis ilə görüşündən də danışılıb. Səsləndirilən audioyazıda G.Hacıbəylinin razılaşdırılmamış aksiyadan əvvəl avropalı diplomatla nahar masası ətrafında söhbət etdiyi, ondan mitinqə kömək etməyi xahiş etdiyi aydın olur.

Digər səs yazısının məzmunu isə zəngin aksiya cəhdi zamanı edildiyini deməyə əsas verir. G.Hacıbəyli aksiyada 500 nəfərin saxlanıldığını bildirir, Əli Kərimli ilə bağlı narahat olduğunu qeyd edir.

Qeyd edək ki, G.Hacıbəyli "facebook" sosial şəbəkəsindəki səhifəsində bu danışığın olduğunu təsdiqləyib, səs yazısının yayılmasına görə istifadəçisi olduğu mobil operatoru ittiham edib. ABŞ və Avropa İttifaqının Azərbaycandakı diplomatik missiyası isə hələlik məsələyə münasibət bildirməyib”.

ABŞ səfirliyinin və Aİ əməkdaşlarının mitinq ərəfəsində Gültəkin Hacıbəyli ilə telefonla danışması ölkəmizdə birmənalı qarşılanmayıb. Hələ ki, rəsmi Bakı tərəfindən dilə gətirilməsə də, yarırəsmi media orqanlarında bu telefon söhbəti Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Yəqin ki, yaxın günlərdə rəsmi Bakı da eyni ittihamlarla çıxış edəcək. Eynulla Fətullayevin sözügedən yazısında da bunun anonsu verilib. Yazıda qeyd olunur ki, Azərbaycan hakimiyyətinin Uilyam Solliyə və ABŞ-ın Azərbaycandakı səfirliyinə çoxlu sualları yığıla bilər: “Doğrudanmı suveren ölkənin daxili işlərinə qarışmağın yolverilməzliyi barədə Vyana konvensiyasının tələblərini kimsə ləğv edib? Bundan əlavə, Bakıda vəziyyəti qarışdırmaq istəyən sistemdənkənar müxalifətin ABŞ səfirliyi ilə koordinasiyalı fəaliyyəti barədə informasiyaya Dövlət Departamentinin reaksiyası necə olacaq?”

Bəs bu ittihamlar nə qədər əsaslıdır?

 

Bizim fikrimizcə, Gültəkin Hacıbəylinin ABŞ səfirliyi və Aİ yetkililəri arasındakı telefon danışığı aksiyanın Qərbdən idarə olunmasını iddia etmək üçün hələ yetərli əsas sayıla bilməz. Zira hər hansı səfirliyin diplomatik missiyasını yürütdüyü ölkənin siyasi, istisadi, sosial vəziyyətini araşdırmaq, bununla bağlı olaraq müxtəlif siyasətçi, yazar, iqtisadçı və s. şəxslərlə görüşmək hüququ var. Bu hüquq isə 18 aprel 1961-ci il tarixli Vyana Konvensiyasının 3-cü Maddəsinin D bəndindən doğur. Həmin bənddə deyilir:

“Bütün qanuni imkanlarla qəbuledən dövlətin vəziyyətini və inkişafını müəyyən etmək və bunlar haqqında göndərən dövlət hökumətinə məlumat vermək”.

Sözsüz ki, səfirlik əməkdaşları bu vəzifələrini yerinə yetirmək üçün müxtəlif vasitələrdən istifadə edə bilərlər. Müxtəlif siyasi, mədəni xadimlərlə, ictimai təşkilat nümayəndələri ilə səfirlik binasında görüşmək, onlarla telefon əlaqəsi saxlamaq da bu səlahiyyət daxilindədir. Üstəlik, telefon əlaqəsi gizli əməkdaşlıq çərçivəsinə daxil deyil. Azərbaycan hakimiyyətinin həmin danışıqları dinləmək imkanları olduğundan səfirlik əməkdaşları bu yolla kimisə casusluğa da cəlb edə bilməzlər.

Digər tərəfdən, belə anlaşılır ki, Gültəkin Hacıbəyli ilə aparılan telefon söhbətinin mövzusu sərbəst toplaşmaq hüququ ilə əlaqədar olub. Bu isə Azərbaycanın daxili işi deyil. Əksinə, 1990-cı illərin ikinci yarısında imzaladığı beynəlxalq konvensiyaların tələbidir. Başqa sözlə desək, Azərbaycan 25 dekabr 2001-ci ildə mərhum prezident Heydər Əliyevin imzaladığı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın və onun 1, 4, 6 və 7 saylı Protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunu ilə faktiki bu tələbləri beynəlxalq öhdəlik olaraq öz üzərinə götürmüşdür (Mənbə: http://www.e-qanun.az/framework/1405).

 

Rəsmi dövlət orqanlarının öz etirafına görə, Azərbaycan insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, ATƏT , Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur. Deməli, həmin təşkilatların və səfirliklərinin də Azərbaycanın beynəlxalq öhdəliklərini necə əməl etməsini yoxlamaq, bununla əlaqədar informasiya toplamaq hüququ var.

Bəyənsək də, bəyənməsək də, Milli Şuranın 2 gün əvvəl keçirdiyi siyasi aksiya da ən fundamental insan hüquqlarına daxildir. Avropa Birliyinin Xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə Komissiyasının ötən gün yaydığı bəyanatda da bu xüsus xatırladılaraq qeyd olunur: "Biz Azərbaycanın beynəlxalq öhdəliklərini tam olaraq yerinə yetirməsini gözləyirik".

Bu durumda rəsmi Bakının ABŞ-ı və Avropa İttifaqını daxili məsələlərimizə qarışmaqda ittiham etməsi absurd və öz öhdəliklərindən boyun qaçırması kimi başa düşülə, ölkəmizin ciddi dövlət imicinə kölgə sala bilər. 

 

O başqa məsələdir ki, ABŞ səfirliyinin Bakıda keçirilən siyasi aksiya ilə bu qədər yaxından maraqlanması həqiqətən də bəzi şübhələrə yol açır və narahatlıq yaradır. Yaxın tarixlərdə istər keçmiş possovet məkanında baş verən rəngli inqilabların, istərsə də Yaxın Şərqi bürüyən ərəb baharlarının arxasında ABŞ səfirliyinin və beynəlxalq qüvvələrə bağlı qeyri-hökumət təşkilatlarının dayanması bu qorxuların təməlini təşkil edir. Məşhur bir aforizmdə deyildiyi kimi, ABŞ-da ona görə inqilab baş vermir ki, orda onun öz səfirliyi yoxdur. Artıq neçə illərdir ki, dünyanın bir çox ölkələrinə inqilablar ixrac edən ABŞ-ın əsas geopolitik hədəflərindən biri də, sözsüz ki, Cənubi Qafqaz coğrafiyasıdır. Qara dənizdən Xəzərə qədər uzanan bu coğrafiyada inqilabi dəyişiklərin baş vermədiyi yeganə ölkə isə Azərbaycandır.

Üstəlik, Azərbaycanın Qərb ailəsinə daxil olması ABŞ-ın iki böyük rəqibi – Rusiya və İranın da arasında bufer zona yarada bilər və bu, Vaşinqton üçün də indiki halda böyük geostrateji əhəmiyyət kəsb etməkdədir. Baxmayaraq ki, ABŞ Suriyadan çıxaraq, bölgəni regional dövlətlərin ixtiyarına buraxıb və bununla da II Dünya müharibəsinə qədərki “öz qınına çəkilmək” siyasətinə geri qayıdıb. Fəqət onun istəsə də, istəməsə də rəqabətə girmək məcburiyyətində olduğu Çinin böyümə və genişlənə projesi sayılan “İpək yolu”nun bir güzərgahı da məhz bu torpaqlardan keçir və həmin marşrtur nəyin bahasına olursa-olsun bağlanmalıdır. Kim bilir, bəlkə də ABŞ-İran konfliktinin də əsas motivlərindən biri də elə budur – “İpək yolu”nun qarşısının kəsilməsi.

Sözsüz ki, İran bu zəncirin bizə nəzərən daha güclü həlqəsidir. Yeri gələndə, öz ərazisinin 20%-ni belə, 30 illik işğaldan azad edə bilməyən Azərbaycan isə iqtisadi və siyasi cəhətdən onsuz da ciddi sarsıntılar keçirir və hər an barıt çəlləyi kimi partlamağa hazırdır. Bu baxımdan ölkəmiz “İpək yolu”nun bağlanmasını istəyən geopolitik oyunçuların daha çox diqqətini cəlb edə bilər.

 

Bununla belə, Azərbaycanın ABŞ-a və Avropa İttifaqına meydan oxuyacaq dərəcədə sərt üsullarla bu böhranı çözməyə çalışması odun üstünə benzinlə getməyə bənzəyir. Rəsmi Bakı unutmamalıdır ki, Azərbaycan iqtisadiyyatının 90%-i Qərb ölkələrinə satdığımız neft və qazdan gəlir. Ölkə başçısı İlham Əliyevin özü də son 5 ildə qeyri-neft sektorunu inkişaf etdirmək çabalarının ciddi nəticə vermədiyini gizlətmir. Hələ də iqtisadiyyatı Qərbə idxal etdiyi enerji resurslarından asılı olan, Bakı-Ceyhan, TANAP, TAP kimi layihələrinin ümidinə qalan bir ölkənin əsla sınaqdan çıxarmağa cəsarət etməyəcəyi siyasətlərlə biz “tünd sirkə öz qabını çatladar” taleyi ilə üz-üzə qala bilərik. Nədən ki, onsuz da azalmaqda və ucuzlaşmaqda olan təbii sərvətlərimiz Qərb ölkələri üçün artıq heç bir önəm daşımır. Bizdən sadəcə ona görə həmin sərvətlərimizi alırlar ki, qismi müstəqilliyimizi qoruyaq, Rusiyanın acından ölən bir quberniyasına çevrilməyək. Bunu ABŞ və Avropa diplomatları dəfələrlə ən yüksək kürsülərdən söyləyiblər.

Zənnimizcə, rəsmi Bakının bu beynəlxalq təhdidə qarşı ən gözəl silahı demokratik islahatlar və indiyədək yürütdüyü müxalifətə düşmən kimi baxmaq siyasətindən əl çəkməsidir. Odur ki, Azərbaycan hakimiyyəti bütün siyasi qrupların liderləri ilə eyni masaya əyləşməkdən və birgə çözüm arayışlarından çəkinməməlidir. Sözsüz ki, Əli Kərimli də, Gültəkin Hacıbəyli də o masa ətrafında oturmalı və öz evimizin problemini öz daxmamızda həll etməyə çalışmalıdırlar. Müxalifətə bu fürsəti yaratmadan onu xariclə əməkdaşlıqda ittiham etmək isə qətiyyən səmimi görünmür. Əgər belə bir problem həqiqətən də varsa, onun səbəbi araşdırılmalıdır. Axı heç bir səbəb olmadan heç kim evin sirrini çölə daşımaz və əcnəbilərdən yardım gözləməz. Bu vəziyyətin yaranmasında incik ailə üzvləri yox, onları incidənlər daha böyük məsuliyyəti daşıyırlar. Bir zamanlar yazdığım alleqorik bir rübaidə dediyim kimi:

Dünya dediyin ov yeridir; kim kimi ovlar,

Gah ovçu ovu, gah da ki ov ovçunu tovlar.

Aləmdə bəşər oğluna ən bağlı köpək də

Döysən, qaçaraq qonşuya ordan sənə havlar.

Heydər Oğuz

Ədalət partiyasının sədr müavini




Ana səhifəyə qayıt        Baxış: 3 465          Tarix: 21-10-2019, 13:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma