Ölkənin gündəmində iki əsas mövzu var:
- Milli Şuranın 19 oktyabrda keçirdiyi aksiyanın zorakılıqla dağıdılması və AXCP sədri Əli Kərimliyə qarşı göstərilmiş fiziki təzyiq;
- Prezidentin Hacıbala Abutalıbovla görüşdə 70 yaşını ötmüşləri istefaya çağırması.
Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun Ovqat.com-a budəfəki müsahibəsində də gündəmin bu iki əsas məsələsini dəyərləndirdik.
-İlyas müəllim, son günlərin ən başlıca müzakirə mövzularından biri Milli Şuranın 19 oktaybrda keçirdiyi mitinqin zorakılıqla dağıdılması və AXCP sədri Əli Kərimlinin döyülməsidir. Bu hadisəni necə qiymətləndirirsiniz?
-Sərbəst toplaşmaq hüququ insanın ən fundamental hüquqlarındandır. İstər Konstitusiyamızda, istərsə də Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalarda bu hüquq açıq şəkildə təsbit olunmuşdur. Azərbaycan hakimiyyəti həmin konvensiyaları qəbul etməklə öz üzərinə imperativ öhdəliklər götürmüşdür. Bu öhdəliklərdən imtina etmək və ya onları yerinə yetirməmək təkcə hakimiyyət üçün yox, həm də ölkəmiz üçün ağır nəticələr doğura bilər. İnsan hüquqlarını kobud şəkildə pozan dövlətlərin başına gələn müsibətlər Azərbaycan hakimiyyəti üçün də nümunə olmalı və eyni vəziyyətlə qarşılaşmamaq naminə beynəlxalq hüquqlara hörmətlə yanaşılmalıdır. Unudulmamalıdır ki, Azərbaycanın müstəqilliyi və suverenliyi məhz imzaladığı həmin konvensiyalara sədaqətindən asılıdır. Onu pozarıqsa, beynəlxalq arenada qarşılaşacağımız təzyiqlər 30 ildə qazandığımız bütün siyasi və iqtisadi dividentlərimizi bir gündə yox edə bilər. Ən sadə bir ehtimalı səsləndirmək istəyirəm: bilirsiniz ki, insan hüquqlarını pozan dövlətlər iqtisadi sanksiyalara məruz qalırlar. Beynəlxalq birlik bu sanksiyaları bizə tətbiq etsə, iqtisadiyyatı böyük ölçüdə neft gəlirlərindən asılı olan Azərbaycan qısa müddətdə defolt durumuna düşə və “burda mən, Bağdadda Səddam Hüseyn” məntiqilə düşünən iqtidar ayağa qalxmış xalq kütlələrinin tapdağı altında qala bilər. Nəzərə almaq lazımdır ki, dünya artıq həmin dünya deyil. Bağdadda indi nə Səddam Hüseyn qalıb, nə də kor xəlifə.
Təəssüf ki, Azərbaycan hakimiyyəti bu həqiqətin fərqində deyil. Bu yaxınlarda XİN-nin bir xanım diplomatının Avropa İttifaqına verdiyi cavabı oxudum. Diplomat deyir ki, Avropa İttifaqı bizim işimizə qarışmasın, getsin, öz məsələlərini həll etsin. Həmin xanım qızımız yəqin bilmir ki, insan hüquqları heç bir dövlətin daxili işi deyil. Dövlətlər BMT-yə üzv olarkən müəyyən konvensiyalara və bəyannamələrə imza atırlar. Həmin sənədlərdən biri də 1948-ci ildə qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir. Azərbaycan da bu Bəyannaməni imzalamış və onun müddəaları 1995-ci ildə hazırlanan Konstitusiyamıza salınmışdır. Hakimiyyəti özünün qəbul etdiyi bu qanunlara əməl etməlidir. Nə yazıq ki, bu sadə həqiqəti, yumşaq desək, bilməyənlər XİN-nin və digər önəmli dövlət qurumlarının sözçülüyünü edirlər. Nəticədə Azərbaycanın dövlət imicinə ağır zərbələr dəyir.
Üstəlik, bütün bu hadisələr Dağlıq Qarabağ müzakirələrinin sürətləndiyi, ermənilərin öz müstəqillik xəyallarını reallaşdırmağa çalışdıqları ərəfədə baş verir. Ermənilərin əllərində dəstəvuz etdikləri əsas arqument bundan ibarətdir ki, Azərbaycan hakimiyyəti heç öz xalqına hörmət etmir, ən fundamental insan hüquqlarını pozur. Biz isə düşmən xalqıq. Azərbaycan xalqı ilə birgə yaşaya bilmərik. Öz xalqını əzən hakimiyyət, görün, bizə nə edər. MŞ-nın mitinqinin sərt üsullarla dağıdılması və Əli Kərimlinin vəhşicəsinə döyülməsi bu mənada düşmən dəyirmanına su tökmək idi və şüurlu yox, instinkti xarakter daşıyır. Bəli, müxalifət liderlərinə, o cümlədən AXCP sədri Əli Kərimliyə qarşı törədilmiş zorakılıqları qəbul etmək qətiyyən mümkün deyil. Bir çoxları bu məsələdə polisləri qınayırlar. Mənim fikrimcə isə, məsələnin daha dərin səbəbi var. Polislər o tapşırığı yuxarıdan almasaydılar, həmin zorakılığı da göstərə bilməzdilər. Bilirsiniz ki, mitinqdən qabaq ölkə başçısı iki beynəlxalq qurumun toplantısında iştirak etmişdi. Hər iki sammitdə də mətləbə heç bir aidiyyatı olmasa da, müxalifəti pisləmiş, onları düşmən qismində təqdim etmişdi. Halbuki, beynəlxalq siyasi ənənələrdə müxalifət - düşmən deyil, indiki hakimiyyətin davamçısı kimi qəbul olunur. Prinsipcə, bu kəlmənin hərfi anlamı da davamçı mənasına gəlir. Ərəbcə kəlmə olan “müxalifət” “xələf” sözündən törəyib. Adətən insanın övladına, irsini davam etdirənə xələf deyilir. Müxalifət də bu mənada iqtidarın xələfidir. Öz xələfini təpik-şillənin altına salan sələflər heç bir topluluğun, o cümlədən Azərbaycan xalqının milli mentalitetində xoş qarşılanmır, yaxşı ifadə ilə adlandırılmırlar. Məni ən çox narahat edən isə Əli Kərimlidən çox, xanım və uşaqların eyni vəhşiliklə üzləşməsidir. Onlara əl qaldıranlar heç olmasa öz ailələrini və övladlarını göz önünə gətirməli idilər.
Fikrimcə, hakimiyyət beynəlxalq qınağa məruz qalmamaq üçün bu vəhşiliyi törədənlərin və onu təbliğ edənlərin hamısını ağır şəkildə cəzalandırmalıdır ki, başqalarına da görk olsun.
Yeri gəlmişkən, bir çoxları Türkiyə prezidentini müxalifətlə xoş davranmamaqda ittiham edirlər. Amma Rəcəb Tayib Ərdoğan belə, ölkənin ən ümdə məsələlərini müxalif liderlərlə müzakirə edir, onlarla bir araya gəlib mehriban münasibətlər sərgiləyir. Heç vaxt təsəvvür etmək mümkün deyil, Türk polisi müxalifət partiyalarından birinin sədrinə əl qaldırsın və Ərdoğan buna laqeyd yanaşsın.
-Gündəmin ikinci mövzusu hakimiyyətdəki 70 yaşını ötmüşlərin istefaya çağırılmasıdır. Buna münasibətiniz necədir?
-Doğrusu, bu rəsmiləşdirilməmiş yaş senzində 70 rəqəminin seçilməsinin səbəbi mənə aydın deyil. Çünki 2017-ci ildə qəbul olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklərə əsasən, pensiya yaşının həddi 65 yaş olaraq müəyyənləşdirilmişdir. Ölkə başçısı öz qoca məmurlarını pensiyaya çıxmağa çağırırsa, bu qanunda nəzərdə tutulan yaş həddini əsas götürməliydi. Yəni 65 yaşdan yuxarıları öz pensiyaya çıxmağa dəvət etməliydi.
Üstəlik, qanunlara tabeçilik könüllü əsaslara və ya ölkə başçısının subyektiv mülahizələrinə söykənmir. Qanunda nəzərə tutulubsa ki, məmurlar 65 yaşdan sonra pensiyaya çıxmalıdır, bu, dəvətsiz-filansız həyata keçirilməlidir. Necə olur; hansısa məktəbin təcrübəli müəllimi 65 yaşına qədəm qoyan kimi dərhal öz işindən uzaqlaşdırılır, amma fəaliyyəti dövlət əmlakını talamaqla məhdudlaşan korrupsioner məmur üçün isə bu hədd 70-dən başlayır. Axı hansısa bir ali və ya orta məktəbdə müəllim işləyən təcrübəli mütəxəssisin cəmiyyətə faydalılıq əmsalı daha yüksəkdir. Korrupsioner məmur isə millətə zərər vurmaqdan başqa bir işə yaramır. Belə məmurların istər ömür yaşına, istərsə gözünün yaşına baxmadan cəzalandırılması lazımdır. Özü də işdən çıxarmaqla yox, məsuliyyətə cəlb edilməklə. Prezident isə onları “könüllü” istefaya çağırır. Onun bu çağırışına isə hələ də əməl edən yoxdur. Çünki ölkə başçısına ən yaxın məmurlar, o cümlədən PA-da oturan qocalar ilk növbədə bu çağırışa hörmətlə yanaşmalıdırlar ki, digərləri də bundan nümunə götürsünlər.
Digər tərəfdən, qeyri-rəsmi yaş senzinin 70-dən götürülməsinin həm də simvolik mənası var. Bilirsiniz ki, bu gün istefaya çağırılan həmin yaşlılar bir zamanlar Heydər Əliyevi hakimiyyətə gətirməkdə xüsusi canfəşanlıq edənlərdir. Tarixin ironiyasına baxın ki, Heydər Əliyev ilk dəfə prezident seçiləndə 70 yaşında idi. Bugünkü həmin yaşlılar isə yaş senzinə etiraz edib onun prezident seçilməsinə çalışırdılar. Həm də o vaxt həmin yaş senzi rəsmiləşdirilmişdi. İndisə isə Heydər Əliyevin hakimiyyətə gəlməsində müstəsna rol oynayanlar qeyri-rəsmi 70 yaş senzinə görə işdən uzaqlaşdırılırlar. Həm də “könüllülük” əsasında. Amma içərilərindən biri cəsarətə gəlib buna yox deyə, keçmişi xatırlada bilmir.
Söhbətləşdi: Heydər Oğuz
Ovqat.com
Paylaş: