Xəbər lenti

  

Son zamanlar İranın Azərbaycana qarşı hücumları əndazəsini aşıb. Bu hücumlar yalnız ideoloji müstəvidə qalmır, şəxsi müstəviyə endirilir. Hədəf nöqtələrindən biri də BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevdir.

Bu hücumlarla bağlı BAXCP sədrinin müavini Bünyamin Qəmbərlinin fikirlərini öyrəndik.

Bünyamin bəyin Ovqat.com-a müsahibəsini təqdim edirik:

 

-Bünyamin bəy, son zamanlar İranın Azərbaycan əleyhinə ideoloji savaşa başladığı açıq şəkildə hiss olunur. Başının ABŞ və körfəz ölkələri ilə ciddi konfliktə  qarışdığı bir zamanda ikinci cəbhə açmasını nəylə izah edə bilərsiniz?

-Məncə, bunun bir neçə səbəbi var. Birinci, mənim fikrimcə, bu ideoloji savaş daxili auditoriya üçündür. Yəni İran uzun müddətdir bütün vasitələrdən istifadə edərək, hətta Azərbaycanın ərazisini müxtəlif ostanlara -vilayətlərə bölərək və  müəyyən əraziləri Azərbaycana aid olmayan ostanlara - vilayətlərə qataraq, assimliyasiya etmək  istədiyi 40 milyondan çox Azərbaycan türkünün bağımsızlıq və Bütöv Azərbaycan uğrunda apardığı mübarizəni zəiflətməyə çalışır. Bu məqsədlə onların dini duyğularına təsir edir, Azərbaycan Respublikasına olan sevgisini öldürməyə və onlarda antiAzərbaycan fikirləri yaratmağa göstərir.

İkincisi, dünyanın müxtəlif olkələrində Güney Azərbaycanın istiqlalı və Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan bir çox təşkilatların, Amerikada və Avropada yaşayan güneyli qardaşlarımızın, eyni zamanda müxtəlif ölkələrin KİV-lərinin verdiyi məlumatlara görə, bu gün ABŞ-da İranla bağlı iki variant müzkirə olunur: Biri İrana qarşı aparılan proseslərin İranın parçalanması ilə nəticələnməsi, digəri isə İran parçalanmadan rejimin dəyişdirilməsi.

ABŞ-ın hansı varıantı seçməsindən asılı olmayaraq, çağdaş İran hakimiyyəti ciddi təşviş içindədir. Bu təşvişin əsas səbələrindən biri də İran rejiminin bütün çabalarına baxmayaraq, assimliyasiya edə bilmədiyi 40 milyondan çox Azərbaycan türkünün apardığı milli mücadilədir. İran Azərbaycan dövlətinin bu mübarizəyə dəstək vermə ehtimalını nəzərə alaraq, qabaqdangəlmişlik edərək Azərbaycana təkcə ideoloji deyil, digər formalarda da basqı edir. Azərbaycan hakimiyyəti isə 40 milyonluq Azərbaycan türkünün haqq və hüquqları uğrunda mübarizəyə ciddi yanaşmaq, onların haqlı mübarizəsinə dəstək vermək və bu hüquqları vermədiyi üçün İrana bütün platformalarda basqı etmək əvəzinə, qorxaqlıq və zəiflik göstərərək susur, bunun nəticədə isə İranın Azərbaycana basqı uyğulamasına şərait yaradır. Digər bir səbəb isə bütün qonşu ölkələrdə etdiyi kimi Azərbaycanda da şiəlik adı altında apardığı ideoloji və antidövlət, antihakimiyyət fəaliyyətini ört-basdır etmək cəhdidir.     

-İranın ideoloji hücumlarının əsas hədəflərindən biri də partiyanızın lideridir. Qüdrət bəyin saytımıza verdiyi müsahibədə dilə gətirdiyi iradların süngüylə qarşılanması nəylə bağlıdır? Rəsmi Tehran deyilənlərdən nəticə çıxarmaq əvəzinə niyə bu cür söz çəkişmələrinə gedir?

-İranın 40 milyondan çox Azərbaycan türkünü assimliyasiya siyasəti haqqında, dövlətimizin varlığına qarşı apardığı qəbuledilməz siyasət, onun Qarabağ məsələsində İslama, müsəlmanlığa və şiəliyə uyğun olmayan mövqeyi və Ermənistana verdiyi maddi, mənəvi və siyasi dəstək haqqında Azərbaycanda onlarla siyasətçi, alim, jurnalist və ictimai xadim dəfələrlə tənqidi fikirlər bildirmişlər. İran bunlara qarşı çox zaman ya susmuş, ya da ciddi səs-küy yaratmayacaq reaksia vermişdir. İranın BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin son dediklərinə dözümsüz yanaşmasının və səs-küylü reaksiyasının isə məncə, bir neçə səbəbi var. Birinci, Qüdrət bəyin millət vəkili kimi yüksək tribunaya sahib olmasıdır. İranın hakim dairələri Qüdrət bəyin fikirlərinin Azərbaycanın həm güneyində həm də qüzeyində, diqqətlə izləndiyini və böyük rəğbət qazandığını yaxşı bilir. Görünür, bir vaxtlar Qüdrət bəyin parlamentdə dövlətimizin adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası adlandırılması haqqında təklifinin Güney Azərbaycanda çox böyük rəğbətlə qarşılandığını və uzun illər ciddi müzakirələrə səbə olduğunu İran rəsmiləri unutmayıb.

İkinci, Qüdrət bəyin həm hakimiyyət, həm də Azərbaycan ictimaiyyəti arasında nüfuz sahibi olmasıdır.

Yəni bütün siyasi fikirlərinə hakim dairələrdə ciddi yanaşılan və Azərbaycan xalqı arasında müzakirələrə səbəb olması bir partiya sədri və millət vəkilinin İranla bağlı fikir deməsi hakimiyyətin siyasətinə və əhalinin fikirlərinə təsir edə bilər. Bu sözlərdən İran hakimiyyətinin  narahatlığı isə hədəfin düzgün tutdurulmasıdır. Deməli İran tərəfi etdiklərinin Azərbaycanda anlaşıldığını və cavabsız qalmayacağını anladı. Səbəblərdən biri Qüdrət bəyin özünü Elçibəy yolunun davamçısı kimi bildirməsidir. Elçibəy yolunun isə Azərbaycanın bütövlüyünə apardığını İran rəsmiləri çox yaxşı bilir. Ən nəhayət Qüdrət bəyin Azərbaycanın bütövlüyünü özünə hədəf bilən bir partiyaya sədrlik etməsidir.

 

- İran hakimiyyətinin bizi qınadıqları əsas məsələlərdən biri Azərbaycanda keçirilən Caz festivalıdır. Festivalın Məhərrəmlik ayına təsadüf etməsi qarşı tərəfin əlində bəhanəyə çevrilib. Bir müddət əvvəl Azərbaycanın İrandakı səfirini qəbul edən Təbriz imamcüməsi də bunu əsas gətirib öz iradını çatdırmışdı. Halbuki, səfirimizin də dediyi kimi həmin İran Məhərrəmliyin ən həssas  dövründə paytaxtlarında erməni olimpiadası keçirirdi. Öz gözündə tiri görməyib başqa gözdə tük axtarmağa nə ad verərdiniz?

Baxın, sizə bir söz deyim. Xatırınızdadırsa bir vaxtlar İranın və ya Rusiyanın xidmətçisi olan, yaxud da siyasətbazlıq edən bəzi adamlar deyirdi ki, guya Əbülfəz Elçibəy Bütöv Azərbaycan hədəfi yaxud da İranın idarəetməsində olan Azərbaycan türklərinin haqları haqqında danışmasaydı, İran Ermənistana yardım etməzdi, Azərbaycanın mövqeyini müdafiə edərdi. Biz o zaman da deyirdik ki, kimin nə deməyindən asılı olmayaraq, İran müstəqil Azərbaycan dövlətinin varlığını qəbul etmir, ya da edə bilmir. Ə. Elçibəyin hakimiyyətdən getməsindən 26, haqqa qovuşmasından isə 19 il keçir və bu dövrdə Azərbaycan hakimiyyəti böyük güclərin İrana qarşı hərəkətlərinə qoşulmamış, dəfələrlə İrana dostluq sərgiləmiş, hətta İranın Azərbaycan sərhədlərini pozmasına belə dözümlülük göstərmiş, amma İran ən adi şeyləri bəhanə edərək Azərbaycana qarşı basqı uyğulamışdır. Bu festival da bu bəhanələrdən biridir. Burda bir atalar sözü yadıma düşdü. Deyir “oğru elə bağırdı, doğrunun bağrı yarıldı”. İranın maraqları tələb edəndə nə müsəlman bilir, nə dost, nə də aşura. İran müsəlmanlığı üstün tutsaydı, 300 min erməniyə verdiyi haqqların, yaratdığı şəraitin yarısını 40 milyondan çox Azərbaycan türkü üçün də yaradardı. Yaxud da fars şovinizminin maraqlarını həyata keçirərək “türk dili cəhənnəm dilidir “ deyərək Quran-i Kərimin “İnsanları bilgisizcə aldatmaq üçün Allaha qarşı yalan uydurandan daha zalim kimdir?” (Ən-am surəsinin 144-cü ayəsi) ayəsinə belə əhəmiyyət verməyən bir ayətullahın yalan və təhqirinə susub,  haqqını tələb edən Azərbaycan türklərini ya məhbəsə atan, ya da edam edən bir rejim mənsublarının dindən, imandan danışmağ təəccüblüdür. Aşura günü ermənilərin toy-bayramla yarışmalar keçirməsinə razılıq verən İslam Dövlətinin dünyəvi dövlət olan Azərbaycanın daxili işlərinə qarışaraq bir festivala irad tutması isə İranda dinin siyasətin əlində bir vasitə olduğunu göstərir.

 

-Caz bir musiqi növüdür və Azərbaycan dünyəvi dövlətdir. Bir musiqi növü İranı niyə bu qədər narahat edir?

Bir daha deyirəm, İranı narahat edən caz festivalı yox Azərbaycan dövlətinin varlığıdır.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 806          Tarix: 25-10-2019, 12:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma