GünAz TV: 2018-ci ilin may ayında Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın dayandırılmış sanksiyaları yenidən tətbiq etməklə, rəsmi Tehranla 5+1 ölkələri arasında 2015-ci ildə imzalanmış nüvə razılaşmasından çıxdığını elan etməsindən sonra İran iqtisadiyyatı acınacaqlı günlərini yaşayır.
Bu faktı İran prezidenti Həsən Ruhani də etiraf edir. O, noyabr ayının 12-də Kirman vilayətinin rəsmiləri ilə keçirdiyi görüş zamanı son bir neçə ayı İranın 1979-cu il inqilabından sonra yaşadığı ən pis günlər adlandırmış, eləcə də hazırda ölkənin çox ağır vəziyyətdə olduğunu demişdi.
Xüsusilə, ABŞ-ın 2018-ci ilin noyabr ayının 5-də İranın əsas büdcə gəlirlərini təşkil edən neft və qaz sektoruna tətbiq etdiyi sanksiyalar mövcud vəziyyətin yaranmasına əsas təsir göstərən amil hesab edilir.
ABŞ-ın İranın enerji, bank, transport və gəmiqayırma sektorlarından tutmuş, petrokimya, metallurgiya və tikinti sahələrinə qarşı qəbul etdiyi sanksiyalar da bu istiqamətdə effektiv rol oynayıb. İranın bir qrup hüquqi və fiziki şəxsinə qarşı qəbul edilmiş embarqolar da ölkənin xarici şirkət və ölkələrlə əməkdaşlığında problemlər yaradıb, bu isə öz növbəsində büdcə gəlirlərinin azalmasına təsirsiz ötüşməyib.
Amerikanın sanksiyaların pozulmasına nəzarət etmək üçün mexanizmlər yaratmasına görə, xarici şirkətlər və dövlətlər ABŞ iqtisadiyyatını, eləcə də onun valyutası- dolların qlobal üstünlüyünü nəzərə almaqla, İranla əməkdaşlıq edərək öz imtiyazlarını itirməkdə maraqlı deyillər.
Rəsmi Vaşinqton bu günə qədər sanksiyaları pozduğu aşkarlanan bütün şəxs, dövlət və ya şirkətlərə qarşı cərimələr kəsib. Bu xüsusda hətta İran neftinin Suriyaya, eləcə də Çinin “Concur” və “Casco” adlı iki şirkətinə daşınmasını təşkil edən Rusiyaya qarşı da analoji intizam tədbirləri tətbiq edilib. Bu səbəbdən daha öncələr də şəffaf və sağlam iqtisadi sistemi olmayan İslam Respublikasının iqtisadiyyatı sanksiyalardan qısa müddət sonra çökməyə başlayıb.
Sanksiyaların İran iqtisadiyyatına göstərdiyi ən böyük təsirlər:
Embarqoların təsirlərindən danışarkən ilkin olaraq neft sektoruna toxunmaq lazımdır. 2015-ci ildə imzalanan nüvə razılaşmasından sonra İranın qara qızıl ixracatı günlük təqribən 2.5 milyon barelə qədər yüksəlsə da, ABŞ sanksiyalarından sonra bu rəqəm dəfələrlə aşağı düşüb. Bəzi mənbələr hazırda İranın gizli yollarla gündəlik 300 min barel neft satdığını desələr də, ABŞ Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk rəqəmin 120 min barel olduğu qənaətindədir.
Xüsusilə, sanksiyalarda müvəqqəti güzəşt müddəti verilən 8 ölkənin də İrandan neft idxalını rəsmən dayandırması ölkənin büdcə daxilolmalarında böhranlı vəziyyətin yaranmasına yol açıb.
Eyni zamanda rəsmi Tehranın Avropa İttifaqına neft ixracatını davam etdirmək, xüsusilə də “İnstex” adlanan barter üsuluna əsaslanan maliyyə kanalının istənilən formada işə salınmasında göstərdiyi təlaşların nəticəsiz qalması İranın Aİ ölkələrinə etdiyi ixracatın 2019-cu ilin ilk 6 ayı ərzində ötən ilin oxşar dövrü ilə müqayisədə 94% azalmasına gətirib çıxarıb.
Əlbəttə ki, neft satışının kəskin tənəzzülə uğramasıyla müşahidə edilən ölkəyə xarici valyuta axışının azalması idxalata da ciddi təsir göstərib. Hələ ki, bu təsir gündəlik təlabat mallarının çatışmazlığında hiss edilməsə də, xaricdən dollar və ya avro ilə alınan xammal idxalatında ciddi problemlər meydana gəlib və bu da öz növbəsində istehsalatın fəaliyyətini hər gün daha da iflic vəziyyətə salır. Vəziyyətin bu formada davam edəcəyi təqdirdə, bu halın gündəlik təlabat mallarına da təsirsiz ötüşməyəcəyi və buna görə də, ölkədə yenidən kvota və kupon sisteminin tətbiq ediləcəyi proqnozlaşdırılır.
İnvestisiyaların xarici daşınması:
Sanksiyaların İran iqtisadiyyatın üçün yaratdığı ən böyük təhlükələrdən biri də istər xarici, istərsə də daxili investorların ölkəyə yatırdıqları pulları digər ölkələrə daşımasıdır. İranın vitse-prezidenti İshaq Cahangirinin sözlərinə görə, embarqolardan sonra ölkəyə 14 milyard dollar dəyərində sərmayə yatırmaq istəyən xarici investorlar (Məhəmməd Cavad Zərifin iddiasına əsasən, 80 milyard dollar-red.) öz fikirlərindən daşınıblar. Buna görə də, 2019-cu ildə İrana yatırılmış sərmayənin həcmi Ümimi Daxili Məhsulun 0%-ni təşkil edib.
Ölkədən geri çəkilən xaricilər bir kənara, İran vətəndaşları da öz investisiyaları və mülklərini sataraq, pullarını digər ölkələrdə, xüsusilə, vətəndaşlıq almaq üçün Türkiyədə mülk almağa sərf ediblər.
Bu xüsusda Türkiyə Mərkəzi Statistika Komitəsinin oktyabr ayının sonlarında yaydığı statistikada cari ilin 9 ayı ərzində İran vətəndaşları tərəfindən bu ölkədə alınan mülklərin sayının ötən ilin analoji dövrünə nisbətən 65% artdığı öz əksini tapıb. Qeyd edilən dövrdə İran vətəndaşları Türkiyənin müxtəlif bölgələrində 3324 mənzil almaqla, iraqlılardan sonra bu ölkənin daşınmaz əmlak sentoruna sərmayə yatıran xaricilər arasında 2-ci yerdə qərarlaşıblar.
Ölkənin tikinti və maşınqayırma sektorlarında da vəziyyət digərlərinə nisbətən ürəkaçan deyil. İstehsal müəssisələrinin ard-arda bağlanması və ya əməkdaşlarının əməkhaqlarını ödəmək iqtidarında olmaması ölkə əhalisi içərisində narazı təbəqənin sayının artmasına yol açıb. Son aylar ərzində müxtəlif müəssisələrin əməkdaşları və fəhlələrinin keçirdikləri etiraz aksiyaları zamanı saxlanılaraq ağır həbsə məhkum edilmələri isə nəinki etiraz dalğalarını səngidə bilməyib, əksinə oxşar səbəblərə görə keçirilən mitinqlər getdikcə artmaqdadır.
Həsən Ruhaninin prezident seçilməsindən sonra aşağı düşən inflyasiya həddi də yenidən sürətlə artaraq, 40%-dən yuxarı həddə çatıb. Bundan əlavə, bəzi qida məhsullarının qiyməti 300%-dən çox bahalaşıb.
Aviasiya və Bank sektorları:
Sanksiyalardan sonra ən ciddi zərbə alan sahələrdən biri də aviasiya sahəsi hesab edilir. Nüvə razılaşmasından sonra İranın “Airbus” və “Boeing” şirkətləri ilə 200 ədəd sərnişin təyyarəsi alıb, 10 il ərzində pulun ödəməklə bağlı razılaşma əldə etməsinə baxmayaraq, şirkətlər sanksiyalardan dərhal sonra onun icrasını dayandırıblar. Razılaşmanın qüvvədə olduğu dövr ərzində İrana yalnız 16 ədəd təyyarə təhvil verilmişdi. Çinin “Comac” və Rusiyanın “Suxoy” aviasiya şirkətləri də İranla əldə edilmiş oxşar razılaşmaların icrasını embarqolara görə dayandırmalı olublar. Eləcə də, hava limanlarının İrana məxsus təyyarələrə yanacaq verməkdən imtina etməsilə yanaşı, bir çox ölkə “Mahan Air” şirkəti ilə olan əməkdaşlığına da xitam verib.
Bank sektorunda mövcud olan sanksiyalar isə bir çox qlobal sığorta təşkilatının İran əmtəələrinin daşınmasını sığortalanmaqdan boyun qaçırmasına səbəb olub. Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti- “Swift”in 2018-ci ilin noyabr ayının 5-də İran bankları ilə pul köçürmələri sahəsində əməkdaşlığı tamamilə dayandırdığını elan etməsi, eləcə də Malaziya kimi digər ölkələrin ərazilərində hətta sıravi İran vətəndaşlarına hesab açılması kimi proseslər də daxil olmaqla, bank xidmətləri göstərməkdən imtina etməsi İran iqtisadiyyatına mənfi təsir göstərən amillər sırasındadır.
İranın milli valyutasının kəskin dəyərdən düşməsi:
Tramp administrasiyasının nüvə razılaşmasını tərk etməsindən öncə dolların məzənnəsi təqribən 4200- 4500 tümən arasında dəyişsə də, ABŞ-ın razılaşmadan çıxdığını rəsmən bəyan etməsindən sonra İran valyutası kəskin ucuzlaşmağa başlamışdı. İlk aylarda hətta dolların dəyəri 19000 tümənə qədər yüksəlmişdi.
Daha sonra dövlətin yeni valyuta bazarı yaratmasıyla, dolların məzənnəsi 11- 12 min tümənə aşağı salınsa da, növbəti aylarda bu rəqəm yenidən balaşaraq, 14 min tümənə qədər yüksəldi. Əlbəttə, milli valyutanın kəskin ucuzlaşması ölkəyə idxal edilən bütün məhsulların, eləcə də istehsalatda istifadə edilən xammalın qiymətinin kəskin dərəcədə bahalaşması ilə müşayiət edilir.
Beynəlxalq təşkilatların İran iqtisadiyyatı ilə bağlı proqnozları:
Bu cür ağır vəziyyət fonunda beynəlxalq təşkilatların İran iqtisadiyyatı ilə bağlı proqnozları da ürəkaçan deyil. Belə ki, Dünya Bankının cari ilin aprel ayının 8-də yaydığı proqnoza görə, İran iqtisadiyyatı mənfi 3.8% inkişafla, 2019-cu ilin sonuna qədər daha da kiçiləcək. Beynəlxalq Valyuta Fondu isə aprelin 9-da yaydığı hesabatda bu rəqəmi mənfi 6% proqnozlaşdırıb.
Hökumətin büdcə kəsrini aradan qaldırmaq üçün qəbul etdiyi tədbirlər planı:
Cari ilin iyul ayında İran hökumətinin sözçüsü Əli Rəbii neft gəlirlərinin azalması fonunda büdcə daxilolmalarının 4 milyard 769 milyon dollar civarında azaldığını, bununla da büdcə kəsrinin dərinləşməkdə olduğunu etiraf etmişdi. O, buna görə də, dövlətin bir sıra tədbirlər qəbul etdiyini və xərclərini azaldacağını demişdi. Sözçü həmin tədbirlərin detallarını açıqlamasa da, sonradan tətbiq edilən bir sıra yeni vergilər dövlətin büdcə kəsrini aradan qaldırmaq üçün əhalinin faydalandığı gəlir sahələrindən vergi tutmaq, eləcə də dövlət şirkətlərinin təqdim etdiyi məhsulların qiymətlərini bahalaşdırmaqla aradan qaldırmağa çalışdığını nümayiş etdirir.
Oktyabr ayının 30-da İran Vergi Təşkilatı vergi məcəlləsində bəzi dəyişikliklər edib, təsdiqlənmək üçün dövlətə təqdim etdiyi barədə məlumat yaymışdı. Bu islahatlar qəbul edilərsə, bundan sonra banklara depozit qoymuş vətəndaşların əldə etdikləri gəlirlərin məbləğindən və müddətdən asılı olaraq, 20%-dən 60%-ə qədər vergi tutulacaq.
Noyabrın 14-dən 15-nə keçən gecə isə İran Milli Neft Emalı Şirkəti öncədən heç bir xəbərdarlıq etmədən, benzinin qiymətini 3 dəfə bahalaşdırıb. Qərara əsasən, bu gündən kvota qoyulmuş hər litr benzinin qiyməti 1500 tümən, hər litr azad benzinin qiyməti isə 3 min tümən olacaq, halbuki bu rəqəm bu günə qədər 1000 tümən idi.
Digər tərəfdən, İran Büdcə və Planlaşdırma Təşkilatı tarixdə ilk dəfə olaraq, növbəti iki il üçün 1 büdcə layihəsi hazırlayayıb, baxılması üçün Milli Məclisə təqdim edib. Həmin layihədə neft satışından əldə edilən pullar büdcə daxilolmaları sırasından tamamilə çıxarılıb. Bununla da, dövlət neft gəlirlərinə alternativ olaraq, digər sahələrə vergi tətbiq etməklə, büdcə kəsrini aradan qaldıracaq.
Rəsmi Tehranın Aİ ölkələrini tam olaraq öz nüvə öhdəliklərinə əməl etməyə məcbur etmək üçün ardıcıl olaraq hər 60 gündən bir öz öhdəliklərini azaltmasını və ABŞ-ın da buna sanksiyalarla cavab verməsini nəzərə aldıqda, gələn aylar ərzində İran iqtisadiyyatının daha da böhrani vəziyyətə düşəcəyini proqnozlaşdırmaq olar.
Paylaş: