Naxçıvanla Türkiyə arasında “Ümid” körpüsünün açılmasının üzərindən cəmi 27 il keçir. Açılışında Heydər Əliyevin, Süleyman Dəmirəlin, Bülənd Ecəvitin, İsa Qəmbərin və s. siyasilərin iştirak etdiyi körpünün “Ümid” adlanması səbəbsiz deyildi. Həmin dövrdə Muxtar Respublikada hər kəs ümidini Naxçıvanla Türkiyə arasında açılan bu körpüyə dikib qardaş ölkəylə yaranacaq əlaqələr nəticəsində üz-üzə qaldığı blokada şəraitindən qurtulacağını düşünürdü. Naxçıvan əhlinə böyük ümidlər bəxş edən körpünün açılışı məhz bu səbəbdən böyük coşqu ilə qarşılanmışdı. “Kiçik torpağ”ın hər tərəfindən insanlar bu açılışa axışır, Muxtar Respublika tarixində görünməmiş izdiham yaşanırdı. Həmin illərdə İliç (indiki Şərur) rayonunun rəhbəri – Kompartiyanın I Katibi işləmiş Məmməd Abbasov bu günü belə xatırlayır:
“Açılışdan sonra insan axını İğdır tərəfə yollandı. Sərhəd hələ rus əsgərləri tərəfindən mühafizə olunurdu. Sərhədçilər mane olmağa səy göstərsələr də, insan axını qarşısında aciz qaldılar.
...Etiraf etmək lazımdır ki, İqdırdan qayıdan adamlar pərişan olmuşdular. Şəhərdə hisli binalar, at və ulaq arabaları, kərmə qalaqları ilə rastlasmışdılar”.
Bəli, blokada şəraitində yaşayan Naxçıvan əhalisi böyük ümidlər bəslədiyi Iğdırda bu mənzərə ilə qarşılaşınca böyük xəyal qırıqlığına uğradılar. Çünki bu körpünün o tayındakı mənzərələr Avropaya açılan qapıya qətiyyən bənzəmirdi. Bununla belə, Türkiyə və İranla qurulacaq iqtisadi əlaqələrdə bu körpünün mühüm rol oynacağı ehtimalı naxçıvanlıların ümidini tamamilə itirməsinə imkan vermədi, qısa müddətdə hər 3 qardaş diyarın inkişafına inam hissi insanlarımızda yüksək əhval-ruhiyyə yaradırdı.
Bəs bu müddət ərzində “Ümid” körpüsünə bağlanan ümidlər özünü doğrultdumu? Qardaş dövlətlər arasında yaranan ticarət əlaqələri kimə nə qazandırdı?
Bütün xarici embarqolara rəğmən, İranın Naxçıvanla həmsərhəd rayonları bu 27 ildə bacardığı qədər inkişaf etdi. Türkiyənin Iğdır rayonu da bu əlaqələrdən öz nəsibini aldı. 27 il bundan əvvəlki Iğdırla onun bugünkü halını müqayisə edən Məmməd Abbasov yuxarıda sitat gətirdiyimiz “Naxçıvana nəfəslik qazandıran “Ümid” körpüsü” məqaləsində yazır: “O vaxtdan 27 il keçib. İğdır hal-hazırda inkişaf etmiş bir vilayət mərkəzini xatırladır. Yeni müasir binalar tikilib, yollar salınıb, tikinti və sənaye müəssisələri yaradılıb. Bunların hamısı bizim ölkə ilə - Naxçıvanla olan ticari-iqtisadi əlaqələrin nəticəsidir”.
Bəs İğdıra, İran Culfasına yeni həyat qazandıran Naxçıvan nə vəziyyətdədir?
Nə yazıq ki, “Ümid” körpüsü Naxçıvan əhlinin ümidi doğrulda bilmədi. Bu körpü sovet hakimiyyətinin sonlarında respublikamızın ən azad düşüncəli insanlarımızın üzərindən keçərək Türkiyəyə köləliyə yollandığı keçid qapısına çevrildi. Ümid yerindən köləlik qapısına çevrilən bu körpü Naxçıvan əhalisinin öz yurd-yuvalarını tərk edib qürbətlərə sığınmasına yaradı. Naxçıvandan seçilən millət vəkili Qüdrət Həsənquliyevin etiraflarına görə, Ümid körpüsünün sayəsində İstanbulda və Türkiyənin digər böyük şəhərlərində Naxçıvan məhəllələri salındı. Həmin məhəllələrdə yaşayanlar illərlə öz evlərinə belə qayıda bilmirlər. Türkiyənin ömürlük kölələrinə çevriliblər. Həmin əzabkeş naxçıvanlıların gündəlik həyatlarını əks etdirən videolardan bəziləri:
Yazı müəllifinin illər öncə qələmə aldığı “Naxçıvan köçkünüyəm” şeiri də məhz xoşbəxt gələcəyə ümidlərini “Ümid” körpüsündə buraxıb Türkiyəyə kölləliyə yollanan bu insanlara həsr olunub.
Muxtar Respublikanın saray məddahlarının böyük inkişafından bəhs etdiyi Naxçıvanın dövlət büdcəsindəki rəqəmlər də onun hansı vəziyyətdə olduğundan xəbər verir. Prezident İlham Əliyevin bir neçə gün öncə Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovla görüşündə bildirdiyinə görə, o boyda məmləkətin yerli təsərrüfatlar hesabına yığılan illik büdcəsi cəmi 83 milyon manatdır. Üstəlik, bu vəsaitə gömrükdən toplanan rüsumlar da daxildir. Türkiyədən İrana, hətta Azərbaycana idxal olunan bir çox malların belə, Muxtar Respublika ərazisindən keçdiyini nəzərə alsaq, 83 milyon dollar heç gömrük rüsumları da etmir. Belə çıxır ki, o boyda Naxçıvanda vergi toplana biləcək rentabelli iş yerləri yox dərəcədədir. Azərbaycandan ayrılan dotasiya hesabına yaşayan Muxtar Respublikada hansı iqtisadi inkişafdan danışılmasına aydınlıq gətirilməsini saray məddahlarının öhdəsinə buraxırıq.
Bizi maraqlandıran isə başqa sualdır: Necə olur, İran –Naxçıvan - Türkiyə arasındakı 3-lü ticarət əlaqələrindən yalnız iki dövlət inkişaf edir, bu 3-lüyün ortasında yerləşən, dolayısıyla həmin ticarət xəttinin mərkəzi sayılan Naxçıvan isə nəinki yerində sayır, hətta işsizlik ucbatından boşalır? Necə olur ki, Məmməd Abbasovun dediyi 27 il bundan əvvəl Naxçıvanın ən kasıb kəndindən belə yoxsul həyat sürən İğdır bu gün vilayət mərkəzinə çevrilir, həmin vaxt onlarla işlək müəssisəsi olan Muxtar Respublika isə indi öz gücünə cəmi 83 milyon manatlıq büdcə vəsaiti toplaya bilir? Necə olur ki, mərkəzi büdcədən bütün digər rayonlardan dəfələrlə artıq dotasiya alan məmləkət hətta bir ovuc əhalisini belə gündəlik tələbat malları ilə təchiz edə bilmir, qonşu ölkələrə məhsul deyil, qul ixrac edir?
Fikrimizcə, uzatdıqca uzada biləcəyimiz bütün bu sualların bir cavabı var: Naxçıvan Muxtar Respublikası yaxşı idarə olunmur. Deputat Qüdrət Həsənquliyevin təbirincə desək, “müharibədən çıxmış”a bənzəyən yaşayış məskənlərindəki ağsaqqalları Sədrin qarşısında fərağat dayandırmaqla ölkə idarə etmək olmaz, cənablar. Yaxşı idarəçilik bu deyil. Yaxşı idarəçilik ilk növbədə azad iqtisadi mühitin, rəqabət və fürsət bərabərliyinin, əlverişli investisiya şəraitinin yaradılmasından keçir. İş adamlarına qazanmaq və qazandırmaq imkanı yaradılmadıqca, əkinə yararlı torpaqlar sakinlər arasında ədalətli bölünmədikcə, hər bir təsərrüfat suyla, aqrotexniki avadanlıqla təchiz edilmədikcə, yerli sənaye müəssisələri işə salınmadıqca Naxçıvan inkişaf etməyəcək. Yalnız şənbə, bazar günləri müəllimləri, həkimləri fəhlə kimi işlədib, adına iməclik deyilən yeni köləlik sisteminə cəlb etməklə dünyanın müasir tələbləriylə ayaqlaşmaq mümkün deyil. Unudulmamalıdır ki, köləlik, quldarlıq quruluşu bəşəri inkişafın qarşısında əngəl olduğu üçün süquta uğradı. Bu gün dünya iqtisadiyyatına hegomonluq edən ABŞ məhz bu səbəbdən quldarlıq quruluşundan könüllü imtina etdi. Baxmayaraq ki, o vaxt bir çox qulların özləri belə köləlik hüququndan vaz keçmək istəmirdilər. Qulların və quldarların iradəsi ziddinə alınan bu qərardan sonra ABŞ durmadan inkişaf etdi və dünyanın super gücünə çevrildi.
Naxçıvanda isə 70-80 yaşlı ağsaqqalların qarşısında fərağat durduğu siyasi sistem xaricə qul ixrac etməklə qalmır, bu coğrafiyada yaşayanları belə köləyə çevirir. Quldarlıq quruluşunun Muxtar Respublikaya gətirdiyi nailiyyət isə öz yerli büdcəsindən 4 dəfə artıq dotasiya ilə dolanmaqdır. Budurmu saray məddahlarının dediyi iqtisadi inkişaf?!
Naxçıvan həm də qeyri-adi qadağaları ilə məşhurdur. Bir zamanlar kiminsə çörək zavodu işləsin deyə, təndirlər uçurulurdu. Bu gün isə Muxtar Respublikaya elektrik lampası, kartof, pomidor, qarpız və s. kənd təsərrüfatı məhsulu keçirə bilmirsən. Yenə də kimlərinsə biznesi daha çox qazandırsın deyə.
Bu məmləkətdə anlamırlar ki, yalnız hər şeyi bir adamın əlində cəmləşdirməklə rentabelli iqtisadiyyat qurmaq mümkün deyil. İqtisadi rentabellilik üçün hər kəs işləməli və bir-birindən nəsə almalı, başqasına nəsə satmalıdır. Əks halda yalnız sənin satacağın nəsnəni mənim almağa pulum olmaz və sən də bazarını itirərsən.
Muxtar Respublika rəhbərliyi hələ də anlamaq istəmir ki, bütün gəlirli sahələri bir əldə toplamaqla əhalinin ölkədən qaçmasına şərait yaradırlar. Boşalan kəndlərin əhali isə düşmən qarşısında duruş gətirə bilməz. Nə yazıq ki, bu gün Naxçıvanda yaşanan dram Azərbaycanın dilbər guşəsini xarici təcavüz qarşısında zəiflədir və bu, yalnız ölkəmizə qarşı deyil, həm də Türk dünyasına endirilmiş zərbədir. Zira Türkiyə ilə Türk dünyasını birləşdirən 11 km-lik qırılğan ərazi məhz bu bölgədə yerləşir. 27 il əvvəl Türkiyə ilə Naxçıvan arasında salınan Ümid körpüsü də məhz bu səbəbdən həmin 11 km-lik sərhəddin tam ortasında inşa edilmişdir. Orta Asiyadan-Türkiyəyə, Türkiyədən-Orta Asiyaya mallar daha güvənli daşınsın deyə.
İndisə bu körpü ilə daha çox Naxçıvandan Türkiyəyə kölələr daşınır və onlar bir daha geri qayıtmırlar. Naxçıvan bu xüsusiyyətilə dünyanın ən böyük kölə yetişdirmə məntəqəsinə çevrilib. Hətta deyilənlərə görə, Muxtar Respublikanın hər bir rayonu dünyanın müxtəlif ölkələri üçün “qara işçi” yetişdirir. Şərur və Sədərək rayonları Türkiyə, Culfa rayonu Ukrayna, Ordubad isə Rusiya üçün ucuz işçi ixrac edən bazaya çevrilib.
Budurmu analoqu olmayan sosial-iqtisadi tərəqqi, cənab saray məddahları? Budurmu sizlərin Naxçıvana qazandırdıqlarınız?
Heydər Oğuz
Ovqat.com
Paylaş: