Naxçıvan Muxtar Respublikasına mərkəzi hökumət tərəfindən ayrılan dotasiyaların azaldılması yerli hakimiyyət orqanlarını alternativ çarə axtarışına sövq edir. Muxtar Respublikanın İran vətəndaşları üçün viza rejimini ləğv etməsi də, görünür, bu təşəbbüslərdəndir.
Ovqat.com xəbər verir ki, İran vətəndaşları üçün viza rejiminin ləğv edilməsi barədə məlumatı Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi yayıb. Məlumatda deyilir:
"İran İslam Respublikası vətəndaşları Naxçıvan Muxtar Respublikasına səfər etdikləri zaman onlara Culfa, Şahtaxtı və Sədərək sərhəd-nəzarət məntəqələrində muxtar respublikaya giriş üçün 5 (beş) avro məbləğində dövlət rüsumu alınmaqla 15 gün qalma müddətli birdəfəlik giriş icazəsi, muxtar respublika ərazisindən hava yolu ilə Bakı şəhərinə və ya Azərbaycan Respublikasının digər rayonlarına səfər edə bilmələri üçün isə sadalanan sərhəd nəzarət məntəqələrində 20 (iyirmi) ABŞ dolları məbləğində dövlət rüsumu alınmaqla 30 gün qalma müddətli birdəfəlik (adi) giriş vizası rəsmiləşdirilməkdədir.
Bununla birlikdə 01 dekabr 2019-cu il tarixdən etibarən yuxarıda adıçəkilən sərhəd-nəzarət məntəqələrində İran İslam Respublikası vətəndaşları üçün rəsmiləşdirilən 15 günlük giriş icazələri və birdəfəlik (adi) giriş vizaları ləğv ediləcək. İran İslam Respublikası vətəndaşları həmin tarixdən heç bir viza və ya giriş icazəsi tələbi olmadan muxtar respublika ərazisinə 15 gün müddətinə səfər edə biləcək".
Məlumuta görə, qərarı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti noyabrın 26-da qəbul edib və sənədi Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev imzalayıb.
O da qeyd olunur ki, dünənki qərar bu istiqamətdə atılmış ilk addım deyil. Bu ilin oktyabrında da Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği azaldılıbmış.
Bəs görəsən, Naxçıvan Muxtar Respublikasının viza rejimi ilə bağlı qərar vermək səlahiyyəti vardırmı?
Məlumdur ki, Muxtar Respublikada bir çox hökumət strukturları vardır. Nazirlər Kabineti, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Vergilər Nazirliyi və s. Bütün bu strukturlar Azərbaycanın qanunvericiliyini əsas götürüb bəzi regional xarakterli qərarlara imza ata bilərlər, atırlar da. Bununla belə, Naxçıvan MR hökumətinin müstəqil şəkildə həyata keçirməyə qəti şəkildə icazə verilməyən səlahiyyət məhdudiyyətləri mövcuddur və bu məhdudiyyətlər hökumətin strukturial xarakterində də öz əksini tapıb. Belə ki, yarandığı gündən indiyədək Naxçıvanda mövcud olmayan nazirliklər və siyasət sahələri var. Bunlardan biri də xarici siyasətdir ki, Muxtar Respublikanın ən yüksək diplomatik strukturu nazirlik səviyyəsində deyil, adından da göründüyü kimi, Azərbaycam XİN-in bir idarəsi şəklində fəaliyyət göstərir - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan MR İdarəsi. Bu isə o deməkdir ki, Naxçıvan Azərbaycanın iradəsindənkənar xarici siyasət yürüdə bilməz.
Viza rejiminin tətbiqi isə xarici siyasətinin tərkib hissəsidir və bu siyasət uzun illərdən bəri Azərbaycan-İran-Türkiyə arasında ciddi müzakirələrə səbəb olmuşdur. Hər iki dövlətin rəsmi Bakıya viza rejimini ləğv etmək üçün ciddi diplomatik təzyiqlər göstərdiyi heç kimə sirr deyil. Rəsmi Bakı isə sonunda öz qərarını vermiş, Türkiyə ilə gediş-gəliş əlaqələrini tam sadələşdirərək viza rejimini ləğv etmişdir. Eyni siyasətin İrana tətbiq edilməməsinin isə bizə bəlli olan və olmayan səbəbləri var.
Naxçıvan MR-nın Azərbaycandan fərqli olaraq İran vətəndaşları üçün nəzərdə tutulan viza rejimini ləğv qərarı bu mənada qanuni deyil və rəsmi Bakının xarici siyasətinə zidd xarakter ehtiva edir. Bunun bir başqa adı isə diplomatik özbaşınalıqdır.
Başqa sözlə desək, mərkəzdən ayrılan dotasiyaları azaldılmış “muxtar iradə”nin itirdiyi vəsaitləri kompensasiya etmək cəhdləri başadüşüləndir, amma bu təşəbbüslər Azərbaycanın xarici siyasətinin ümdə prinsiplərinə zidd olmamalıdır. Zira Naxçıvan Muxtar Respublikasının Konstitusiyası da bunu tələb edir. Konstitusiyanın “Muxtariyyatın əsasları” bölümünün II bəndində eynilə belə deyilir:
“II. Naxçıvan Muxtar Respublikasının mənafeləri ilə bağlı olan bütün digər məsələlər Naxçıvan Muxtar Respublikası tərəfindən həll edilir, o şərtlə ki, bu məsələlərin həlli Azərbaycan Respublikasının dövlət orqanlarının səlahiyyətlərinə aid edilməyib.
III. Naxçıvan Muxtar Respublikasının səlahiyyətlərinə aid edilən məsələlərin həllində o, Azərbaycan Respublikasının ümumi mənafeləri ilə bağlıdır”.
Yuxarıda da qeyd etdiyimiz kimi, İranla viza rejiminin ləğvinin Azərbaycan Respublikasının ümumi mənafelərinə nə qədər uyğun olub-olmadığı mübahisəlidir və etiraf olunmasa da, rəsmi Bakı məhz bu tərəddüdlərə görə Türkiyəyə tətbiq etdiyi viza rejimini İrana çox görüb. Naxçıvanın öz səlahiyyətlərini aşaraq viza rejimi ləğv etməsi bu mənada başqa mətləbləri də ağla gətirir və biz hələlik bu barədə öz mülahizələrimizi səsləndirmirik. Çünki “muxtar iradə”nin sadəcə səhvə yol verdiyini, yaxın günlərdə öz səhvini düzəldəcəyini düşünürük.
Muxtar Respublika rəhbərliyinə sadəcə onu xatırlatmaq istəyirik ki, mərkəzdən ayrılan dotasiyaların yerini doldurmaq təşəbbüslərinin başqa alternativləri də var və bu alternativlər ətrafında baş sındırılması daha doğru olardı. Bunlardan bəzilərini biz təklif edə bilərik:
-İqtisadi inkişafın qarşısında dayanan bütün monopolist əngəlləri aradan qaldırmaq;
-Kəndlərdə, rayonlarda tətbiq olunan ticarət yasaqlarından vaz keçmək və hər kəsə bu hüququ tanımaq;
-İş adamlarından tələb olunan mütləq ortaqlıq qaydasından imtina etmək;
-Fürsət bərabərliyinə dayalı rəqabət ortamı formalaşdırmaq və bunun sayəsində sərhədyanı dövlətlərlə rəqabətədavamlı şirkətlərin formalaşmasına nail olmaq və s.
Paylaş: