Naxçıvan Muxtar Respublikası barədə yazılarımıza müxtəlif reaksiyalar gəlir. Bizə cavab yazanlar arasında “muxtar iradə”nin təhqirdolu namələrini çatdıran “qasidlər” olduğu kimi, ürəyi Naxçıvan dərdi ilə döyünən vətəndaşlarımız da var. Onlardan biri də əslən Şəmkirdən olan ziyalımız Şahin Nəcəfovdur.
Əslən naxçıvanlı “qasid”lərdən fərqli olaraq Şahin bəy Muxtar Respublikadan kənarda dəfn edilən yurddaşlarımızın talesizliyinə ürək yanğısı ilə yanaşaraq yazır: “Deyirlər, insan öz doğulduğu kənddə, doğmalarının uyuduğu torpaqda dəfn ediləndə ruhu dinclik tapır. Doğmalarımızın məzarları bizləri elimizə-obamıza bağlayan ruh telləridir, torpağımıza dönəcəyimiz yoldur. Qərib məzarlar həm də itirdiyimiz yoldur. Qarabağın, Naxçıvanın qərib ruhları bizi xoşbəxt olmağa qoymayacaq”.
Şahin bəyin dünən facebook səhifəsində paylaşdığı statusunu oxuyanda yadıma məşhur şeirim yadıma düşdü:
"Sanmayın tək Qarabağ bölgəsi işğal olunub,
Naxçıvandan Bakıya bölgəmiz işğal olunub".
Naxçıvan “qasid”ləri gözlərinə su versinlər deyə, həmin statusu Ovqat.com oxucularına təqdim edirik:
Naxçıvanın hazırki büdcəsi 383 milyon manatdır. Bunun yalnız 83 milyon manatı yerli gəlirlər hesabına, qalanı isə mərkəzi hökumətin dotasiyası hesabına qarşılanır. Yəni Naxçıvan büdcəsinin yalnız 22-23 faizi yerli gəlirlər hesabına qarşılanır.
Naxçıvan dünyanın ən unikal coğrafi mövqeyi olan məkanlarından biridir. Əhalisinin sayına görə dünyada 18-ci, ərazisinə görə isə 17- ci dövlət olan 80 milyonluq İran ilə həmsərhəddir. Bir tərəfində qar yaganda, digər tərəfində gün çıxan, sanksiyalar altında boğulan bu böyük dövlətin iqtisadi baxımdan nəfəs alacaq ən önəmli pəncərələrindən bəlkə də birincisi Naxçıvandır və ya belə olmalıdır.
Naxçıvanın əsas tərəfdaşı isə 84 milyon əhalisi olan qardaş Türkiyə Cümhuriyyətidir. Naxçıvanın öz əhalisi rəsmi məlumatda 450 min göstərilsə də, sakinlərin ən azı yarısı hazırda dolanışıq və mövcud yerli hakimiyyətin siyasi - iqtisadi basqısı ucbatından başını götürüb Türkiyəyə, paytaxt Bakıya, Rusiya və başqa ölkələrə gedib. Və necə ola bilər ki, 164 milyonun orta göbəyində yerləşən 250 minlik əhali dolana bilməsin? Öz büdcəsinin yalnız 22 faizini yerli gəlir hesabına qarşılaya bilsin? Naxçıvan 164 milyonu birləşdirən bir iqtisadi zona, pul dəhlizidir. Bu unikal coğrafiyada yaşayan, naxçıvanlı olaraq bacarıqlı və zıhmətkeş kimi tanınan insanlar niyə gedib qul kimi başqa ölkələrdə çalışmalıdır? Necə ola bilər ki, 90 -cı illərin çətin dönəmində, müharibə gedən bir şəraitdə, naxçıvanlılar o sərhədlərin hesabına milyonlar qazanır, bəy kimi dolanırdılar, amma indi əksəriyyət evini -obasını tərk edib, Naxçıvan isə dotasiya hesabına özünü saxlayır?
Naxçıvanın coğrafi imkanları və resursları düzgün dəyərləndirilsə, idarəçiliyə yeni baxış gətirilsə, elindən-obasından küsdürülmüş naxçıvanlıların imkan və bacarıqları səfərbər edilsə, bu bölgə sözün həqiqi mənasında Nəqşi-cahan olar, məmləkətimizin iqtisadi mərkəzlərindən birinə çevrilər.
Etiraf edək ki, Azərbaycanla quru sərhədi olmayan gözəl Naxçıvanımız neçə illərdi ki, yalnız Ermənistanın mühasirəsində olmayıb. Həm də indiki rəhbərliyin iqtisadi və siyasi blokadasından da əziyyət çəkib. Naxçıvanı geri salan, naxçıvanlıları pərişan edən bax bu ikiqat blokada olub.
Bu yazını niyə yazıram? Hər dəfə naxçıvanlı dostlarımızın valideyinlərinin, yaxınlarının Bakıda dəfn edildiyini görəndə daha cox kədərlənirəm. Naxçıvanlıların öz elinə-obasına, daşına- torpağına bağlı insanlar oldugunu bilirəm. Deyirlər, insan öz doğulduğu kənddə, doğmalarının uyuduğu torpaqda dəfn ediləndə ruhu dinclik tapır. Doğmalarımızın məzarları bizləri elimizə-obamıza bağlayan ruh telləridir, torpağımıza dönəcəyimiz yoldur. Qərib məzarlar həm də itirdiyimiz yoldur. Qarabağın, Naxçıvanın qərib ruhları bizi xoşbəxt olmağa qoymayacaq.
Şahin Nəcəfov
Paylaş: