Cəmşid Dərələyəzli
2019-cu il noyabrın 24-də İTV-nin efirində Sumqayıt hadisələri ilə bağlı keçirilən dəyirmi masadakı fikirlərə münasibət bildirməzdən öncə onu qeyd etmək istəyirəm ki, həmin söhbətlərdə tək bircə həqiqətdən söz açıldı. Qarabağ və ondan törəyən Sumqayıt olayları kimi hadisələrin ermənilərin və onların havadarlarının bir Türk coğrafiyasında "Böyük Ermənistan" yaradılması yönündə yüzillərə söykənən planlarının tərkib hissəsi olduğu düzgün qeyd edildi. Həmçinin, bu verilişdə o zamankı ölkə rəhbərliyinin zəifliyi də dilə gətirildi.
Bəli, bu da həqiqətdir. Məhz ən yaxın tariximizdə - keçən əsrin 80-cı illərindən başlayaraq, Azərbaycanda K. Bağırov, Ə. Vəzirov və eyni zamanda bu görüşdə iştirak edən Ayaz Mütəllimov kimi səriştəsiz və qətiyyətsiz üçlüyün hakimiyyət başında olmaları sonda ölkəni böyük bir fəlakətlə üz-üzə qoydu. Ötən əsrdə Azərbaycanda dövlətin başında olanların hamısını dilə gətirmək istəməsəm də (Bu, başqa bir mövzunun söhbətidir), təkcə Mircəfər Bağırov haqqında bəzi həqiqətləri dilə gətirmək istəyirəm.
O, 1933-1953-cü illərdə, hakimiyyətdə olduğu 20 il ərzində, Azərbaycan xalqının başına Moskvanın əli ilə dəhşətli faciələr gətirdi və bütün bunlara görə də sonda layiqli cəzasını aldı. Nə yazıq ki, o zaman Stalinin göstərişi ilə öz xalqlarına qarşı ondan daha qorxunc repressiyalar törətmiş, gunahsız insanları məhv etmiş digər respublikaların o dövrdəkü rəhbərləri Bağırovun aqibətini yaşamadılar. Çünki, Bağırovu bu girdaba daha çox batıran da, onun həyatını bitirən də ətrafına yığdığı ermənilər olmuşdu. Amma ədalət naminə qeyd etmək lazımdır ki, arxiv materialları və şahid ifadələrinə əsasən, M. Bağırov o zaman mövcud siyasi-ictimai şəraitdə, Ermənistandan türklərin qismən, Azərbaycandan isə bütünlüklə köçürülməsinin qarşısını ala bilib. Hətta deyilənə görə, Azərbaycandan türklərin bütünlüklə köçürülməsi ilə bağlı Stalinin vermiş olduğu əmrin ləğv edilməsi üçün onunla görüşə gedəndə, öz cangüdəninə silahı yanında götürməsini tapşırıbmış ki, Stalini bu qərardan vaz keçirə bilməsə, öncə onu, sonra isə özünü güllələsin.
Onun həyata keçirə bilmədiyi bir müqəddəs arzusu da olub. Azərbaycanın tarixi torpaqları ilə bağlı xəritə hazırlatdırıb, Stalindən Şimali və Cənubi Azərbaycanın birləşdirilməsini xahiş edib. Mikoyan isə buna imkan verməyib. Sonradan, deyilənə görə, Bağırov bu arzusunu həyata keçirməyi bacarmadığı üçün tikanlı çəpərlər araxasından o taya baxıb göz yaşları töküb.
Faşizm ilə müharibədə azərbaycanlılar rus dilini bilmədikləri üçün rus və erməni komandirlərin onları güllələdiyini eşidib cəbhəyə gedib, orada bunu törədənlərdən birinin, sonradan Sovet İttifaqının birinci katibi olmuş Nikita Xruşovun qardaşını elə yerindəcə güllələyib. Cəbhədən birbaşa Stalinin yanına gedərək azərbaycanlılardan ibarət dviziyanın yaradılmasına nail olub. Ölkə rəhbərinə xas qətiyyət məhz belə olmalıdır. Ayaz Mütəllimov isə bu verilişdə acizliyini etiraf edərək bildirdi ki, o zaman Qorbaçovla görüşəndə ondan nə etmək istədiyini soruşub. Məncə artıq şərhə ehtiyac yoxdur.
Ermənilərin bizim coğrafiyamızda “Böyük Ermənistan” yaratmaq planına gəlincə, qeyd edim ki, hər bir soydaşımız, xüsusən də gənc nəsil bilməlidir ki, bu planın gerçəkləşməsi millət olaraq, həm də bizim özümüzün acizliyimizin və düşüncəsizliyimizin nəticəsidir. Çünki keçmişdə fərd olaraq da, dövlət olaraq da bizim bu yöndə heç bir zaman onillərə, yüzillərə hesablanmış milli, ideoloji və coğrafi strategiyamız olmayıb. Sadəcə bu yöndə arzular və bir də yeri gələndə pafoslu danışmağımız olub. Daha dəqiq desək, kimliyindən və mövqeyindən asılı olmayaraq, tarixən hər birimiz sadəcə bu gün üçün yaşayırıq, sabahı düşünmürük. Gələcək fəaliyyətimiz üçün strateji planlar hazırlamadığımıza görə başımıza gətirilən faciələri təkrar-təkrar yenidən yaşayırıq. Məhz bunun nəticəsidir ki, biz həm milli-mənəvi dəyərlər, həm də ərazi cəhətdən itirə-itirə gedirik.
Mən tarixçi olmasam da, bütün bunların səbəbi barədə gözlərimlə görüb şahidi olduğum hədisələrə əsasən öz fikrimi çatdırmaq istəyirəm. Sözügedən verilişdə də qeyd edildiyi kimi, Qarabağ və Sumqayıt hadisələri dünənin və bu günün məsələsi deyil. Yenə də təkrar edirəm ki, bu hadisələr yüzlliklərə hesablanmış və Rusiya tərəfindən zərgər dəqiqliyi ilə hazırlanmış erməni genplanının tərkib hissəsidir.
Buna görə də Qərbi azərbaycanlı, ömrünün ən enerjili dövrünü ermənilərin içərisində yaşamış bir soydaşınız olaraq, keçən əsrin 80-cı illərindən sonra, ermənilərin bu xəyanəti ilə bağlı şahid olduğum bəzi hadisələrin xronologiyasını sizlərlə bölüşmək istərdim. Çünki, bu da bir gerçəkdir və gələcək nəsil bunları bilməlidir.
Qərbi Azərbaycandan, indiki Ermənistandan son yüz ildə, soydaşlarımızın kütləvi deportasiya tarixləri-1905, 1915, 1918, 1948-53, sonda isə 1988-ci illərdir. Hələ zaman-zaman davam edən “mədəni” deportasiyaları demirəm. Belə ki, dinc dövrdə Ermənistandan bir çox kəndlərin əhalisi müxtəlif bəhanələrlə (sürüşmə, bənd salma, dövlət planı adı altında) köçürülüb. Oxuyub vətənə dönən gəncləri isə ermənilər işlə təmin etmədiklərindən yenidən, həm də bu dəfə birdəfəlik doğma torpaqları tərk edib gedirdilər. Amma o zamanlar Azərbaycanda başbilənlərdən heç kim bu təhlükəli prosesin ferqinə varmırdı və yaxud da bilib etinasız yanaşırdı. Bu laqeydilyin acınacaqlı nəticələri göz qabağındadır.
1988-ci ildə baş verən son deportasiya isə ən azından, 1828-ci ildə baş verənlər qədər millətimin alnına vurulmuş qara bir ləkədir. Bu tarix qədim oğuz ellərinin, yəni Qərbi Azərbaycan coğrafiyasının ermənilərin xeyrinə tam süqut ili oldu. O il Rusiyanın Azərbaycan torpaqlarında bir erməni dövlətinin qurulması genplanının birinci fazasının başa çatma tarixidir. İkinci mərhələsi də, təbii ki, Dağlıq Qarabağ və onun aran rayonlarının istilasıdır ki, orada da vəziyyət hər kəsə məlumdur.
Keçən əsrin 60-cı illərindən sonra (təxminən 20 il davam etdi) Ermənistanda türklərlə ermənilərin münasibətlərində düşmənliklər sanki "yox olub getmişdi”. Yalnız hər il aprelin 24-də soyqırımla bağlı təkcə İrəvanda anım günü keçirilirdi. Belə ki, həmin vaxtlar İravanın az qala yarısı qara bayraqlarla bəzədilirdi. Ermənistan hökuməti isə buna göz yumurdı. Hər iki millətin nümayəndələri o dövrdə “dostca, qardaşca”, hətta bəzi hallarda kirvəcə yaşayıb gedirdilər. C. Cabbarlının məşhur pyesindəki İmamverdi ilə Allahverdi kimi dostluq edirdilər. Lakin bütün bu mehribanlığa rəğmən, gizlində də olsa, milli ədavət daşıyıcıları və onların havadarları öz mövqelərində qalmaqda idilər. Ara-sıra türk düşmənliyini yenidən alovlandırmaq üçün Zori Balayan kimi daşnaq quyruqları qızışdırıcı ədəbiyyat yayıb, aranı qatırdılar. Hətta, gizli təşkilatlar yaradıb, müxtəlif adlarla ianələr toplayırdılar. Arabir torpaq iddaları ilə də bağlı çıxışlar da olurdu. Təsadüfi deyil ki, Ermənistan Ali Soveti hətta 60-cı illərdə belə, Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı qərar çıxarmış və bu qərarı baxılmaq üçün SSRİ Ali Sovetinə göndərmişdi. Lakin Heydər Əliyevin 60-cı illərin sonlarında Azərbaycan Mərkəzi Komitəsinin Birinci katibi təyin olunması, ermənilərin bu qərarı o dövrdə müvəqqəti də olsa geri çəkmələrinə səbəb oldu. Lakin 80-cı illərin birinci yarısında, ermənilər o zaman Azərbaycan Kommunust Partiyasının Birinci Katibi Kamran Bağırovun fərsizliyindən istifadə edib, Azərbaycanın Qazax –Tovuz rayonlarının ərazilərindən 500 min kv.km məhsuldar torpaq sahələrini ələ keçirmiş oldular.
Bütün bunlarla yanaşı, hətta 80-ci illərin əvvəində ermənilər İravan-Gorus istiqamətində yolları genişləndirmək qərarı verdilər və bu əməllərini onunla əsaslandırdılar ki, guya NATO Türküyə -İrəvan sərhəddində qoşun toplayıb. Gələcəkdə təhlükə yarandıqda bu yolla Azərbaycandan qoşun birlikləri gətiriləcək. Başladılar bu qərarı reallaşdırılıb yolları genişləndirməyə. Sonradan ermənilər həmin yolu qısa bir zamanda, 1987-ci ilin əvvəlinə qədər Gorusa çatdırdılar. Sonra Gorusun Laçınla qardaşılığını elan edib, Laçına qədər olan yolu da asfalt örtüyü ilə yenidən qurdular. Artıq 1988-ci il hadisələrinə qədər İrəvandan Xankəndinə gedən yol yüksək səviyyədə tam hazır idi.
Ermənistanda kütləvi ixtişaşlara isə, məhz həmin planların icrasını başa çatdırandan, 1988-ci ilin Sumqayıt ssenarisındən (erməni və onların havadarlarının yazdığı) sonra təkan verildi. İlk ixtişaşlar, türklərin (onu da qeyid edim ki, Şura höküməti bizi necə manqurtlaşdırmışdısa, ermənilər daima bizləri öz adımızla "türk "deyə çağırırdılar, bizim isə acığımız tutardı ki, türk deyilik, azərbaycanlıyıq) seyrək yaşadığı mahallarda başladı. Daşnaq quyruqları əksər hallarda Sumqayıtda ermənilərin özləri tərəfindən təcavüzə uğramış qızları (İTV-nin verilişində də bu haqda söhbət getdi) paltarları cırılmış və üst-başları qanlı vəziyyətdə erməni xalqının qarşısına çıxarıb, onları coşdurur və türklərin yaşadığı kəndlərin üzərinə saldırırdılar. Keçirilən bütün mitinqlərdə, rayonun birinci katiblərindən tutmuş, bütün rəhbər işçilər ön cərgədə olardı. 1988-ci ilin mart ayından türk kəndlərinin rayon mərkəzləri ilə əlaqələri tam kəsildi və 1905-ci ildəki kimi, artıq tərəflər bir-birilərinə qarşı səngərlər qurmağa başladı.
1988-ci ilin may ayının ortalarında, Ermənistan mahallarına nəhayət, (iş-işdən keçəndən sonra) Ə. Vəzirovun nümayəndələri gəldi. Onlar Dərələyəz mahalında da oldular. Kəndlərə, mahalın ozamankı birinci katibi olan Tanrverdiyanla gəlmişdilər. Gələnlərdən biri o dövrdə Azərbaycan Ali Sovet sədrinin birinci müavini Naim Fətəliyev, ikincisi səhv etmirəmsə Mərkəzi komitə katiblərindən Ramiz Zeynalov, üçüncüsü isə adını unutduğum, əslən Ermənistandan olan və Azərbaycan rayonlarının birinin keçmiş birinci katibi idi. Onlar gələndə kəndin içərisində yüklənmiş vəziyyətdə yola düşəcək bir neçə köç maşını da dayanmışdı. Onlar camaatla söhbət etdilər. Sonra erməni katibdən aralanıb camaata dedilər ki, köçməyinizə bir söz deyə bilmərik, lakin çalışın evlərinizi satın, sonra çıxın. Bu sözdən sonra camaatın sonuncu ümid çırağı da sönmüş oldu. Bəli, bizim mahiyyətimiz budur. Aylarla Azərbaycandan dəstək gözlə, o da sonda gəlib, manqurtluğunu bir daha bəyan edib getsin.
Bundan sonra biz tamamilə ümidimizi itirdik. O zaman işimlə əlaqədar iyun ayının ortalarında rus əsgərlərinin müşaiyəti ilə rayon mərkəzinə getmişdim. Birinci katibin yanına gedib onunla görüşməli və vəziyyəti öyrənməli idim. Mən Birinci katibin otağına girəndə qeyri-ixtiyari olaraq gözüm otaqda divardan asılmış xəritəyə sataşdı. Xəritədə qara boya ilə geniş bir dairə çəkilmişdi. Dairədə Azərbaycanın Qarabağ da daxil, Mingəçevirə kimi əraziləri, Türkiyənin Van və Sarıqamış diyarı və Gürcüstanın bir hissəsi Ermənistanın ərazisinə aid edilmiş, ortasında isə böyük həriflərlə “Velikaya Armenia” (Böyük Ermənistan) yazılmışdı. Mən bununla da "Böyük Ermənistan" erməni Genplanını ilk dəfə o otaqda görmüş oldum. Bu görüşdə mən həm də sovet hökumətinin süqutunun tam şahidi oldum. Çünki, bu xəritə o zaman Birinci katibin otağında asılmışdı. Bunun isə nə demək olduğunu o zamanın kommunistləri daha yaxşı bilirlər.
Artıq o tarixdən 31 il keçir. Bu illər ərzində ermənilər Rusiyanın sayəsində erməni Genplanının ikinci fazasının gerçəkləşməsi istiqamətində mübarizələrinə davam edirlər. Biz nə edirik? Biz sadəcə, milli düşüncə sahibləri çərçivəsində son iki yüz ildə bizim olanın bizim olduğunu sübut etmək üçün çabalayırıq. Qalanlar isə öz kefində, pul qazanmağında, gününü başa vurmaqdadır.
Bir şeyi anlamırıq ki, bu problem təkcə ölkə başçısının problemi deyil, ümummilli problemdir və hər bir vətəndaş bu yöndə öz mövqeyini və əməlini ortaya qoymalıdır. İnanın ki, bizim artıq itirmək və itirilmək limitimiz çoxdan tükənib. Biz ciddi şəkildə düşünüb erməni Genplanına qarşı, ortaya elə bir Genplan çıxarıb qoymalıyıq ki, itirdiklərimizi mərhələ-mərhələ geri qaytara bilək. Cənab Prezidentin bu yöndə İravanla, Zəngəzurla, Göyçə ilə bağlı qarşıya qoymuş olduğu hədəflərə dəstək ola-ola çatmalıyıq. Yoxsa, bunu bizə nə Vətən, nə də gələcək nəsillər bağışlayacaq.
Onu da unutmayaq ki, tarixin bütün dövrlərində olduğu kimi, indi də bu istiqamətdə Rusiya və rus analtiklər heç bir zaman bizi dəstəkləməyib və dəstəkləməyəcəklər. Çünki, bizim coğrafiyamızda onlar bu erməni dövlətini məqsədli şəkildə yaradıblar. İndiki halda da onlar bu yolla Türküyənin timsalında NATO-nu öz sərhədlərindən uzaq tutmaq və bir də gələcəkdə heç bir zaman arzu etmədikləri ikinci bir qüdrətli Türk dövlətinin yaranmasına imkan verməmək üçün bizim xeyrimizə addım atmayacaqlar. Birdəfəlik anlamalıyıq ki, Rusiya bizim dostumuz deyil və heç bir zaman da olmayacaq.
Paylaş: