Xəbər lenti

 

Londonda keçirilən NATO sammitində bütün gözlər Türkiyənin üzərindədir.

Bir müddətdir ki, Türkiyəni Qərb ittifaqından, hətta Qərb mədəniyyətindən qoparmaq və tamamilə içinə qapadaraq, III dünya ölkəsi etmək istəyən, “Türkiyə NATO-dan çıxsın” deyərək, kampaniya aparan dairələr bu zirvə görüşünə ümid bağlamışdılar.

Bu zərərli dairələr həm Türkiyə daxilində, həm də xaricdə mövcuddur. Siz onların bir-birinə düşmən kimi göründüklərinə baxmayın. Onlar bir-birinin qida mənbəyidirlər.

Qərb mediasında “Türkiyə NATO-dan çıxarılsın” yazanlarla ölkə daxilində “NATO-dan çıxaq” deyən başlar eyni zehniyyət sahibidirlər. Onlar “düşmən qardaşlar”dırlar.

Bu arada, Qərb mediasında Türkiyənin NATO-dan çıxarılması yönündə qara təbliğatı ən çox gülənçilərin apardığını unutmayaq.

Tariximizin ən önəmli qərarlarından biri

Cümhuriyyət tarixinin ən önəmli qərarlarından biri 1952-ci ildə NATO-ya üzv olmağımızdır.

NATO-ya, ümumiyyətlə Qərb ittifaqına üzv olmağımız DP ilə CHP-nin ortaq iradəsi və müştərək qələbəsidir.

Siz indi həqiqətə zidd şəkildə özünə kamalçı deyən Qərb düşmənlərinə baxmayın. Onlar 1960-cı illərdə törəmiş və Atatürkün həqiqi fikirlərilə əlaqəsi olmayan BƏƏS-çı (Ərəb Sosialist Dirçəlişi Partiyası – tərc.) başlardır.

Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürk yaşasaydı, 1952-ci ili gözləmədən, 1949-cu ildə Türkiyənin NATO-nun qurucu üzvü olmasını təmin edərdi. Atatürk bu ölkəni Qərb sivilizasiyasının bir mənsubu etmək üçün çox səy göstərmiş böyük bir liderdir.

Belə bir dövlət adamının Qərb düşməni kimi göstərilməsi necə istənilə bilər? İnana bilmirəm.

1952-ci ildə NATO-ya daxil olmağımız atatürkçü milli konsensus nəticəsində reallaşdı və tamamilə doğrudur.

Bununla bağlı olaraq, həm Kamal paşanı, həm Cəlal Bayarı, həm İsmət paşanı, həm də Adnan Menderesi hörmətlə və minnətdarlıqla yad edirəm.

Xoru məyus edən fotoşəkil

 Axşam Boris Conson, Anqela Merkel, Emanuel Makron və Tayyib Ərdoğanın dördlükdə baş tutan görüşündən sonra Qərbdə və içimizdə olan bu xor böyük məyusluq keçirdi. Çünki həmin görüşdən sonra fotoşəkil çəkdirən liderlər Türkiyənin ittifaq üçün önəmini və birliyin davam etdirilməsini nümayiş etdirən duruş sərgilədilər.

Bizi Qərb ittifaqından qoparmağa çalışmağın, NATO-dan çıxmağı müzakirəyə açmağın zəhər içməkdən fərqi yoxdur.

Türkiyə bu ittifaqın şərəfli mənsubu kimi, NATO daxilində qalaraq, daha güclü bir ölkə ola bilər.

Bu ölkənin getməli olduğu yön

Dördlü görüşdən sonra çəkdirilən həmin fotoşəkil bu ölkənin getməli olduğu yönü göstərir.

Özümüzü aldatmayaq, tənqid olunmalı çox tərəfi olsa da, bu gün Qərb dünyasından kənarda hüquqi dövlət və liberal demokratiya nümunəsi yoxdur.

Əlbəttə, ən başda Rusiya olmaqla, çoxyönlü münasibətlərimizi inkişaf etdirməliyik.

 S-400-lə bağlı da haqlıyıq. Bizə “Patriot”lar verilsəydi, S-400 almağa məcbur olmazdıq.

Lakin bu müstəqil mövqeyimizi Qərb ittifaqının bir parçası olaraq nümayiş etdirməliyik və elə də edəcəyik.

Strateq.az-ındır




Ana səhifəyə qayıt        Baxış: 939          Tarix: 5-12-2019, 15:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma