Artıq pambıq mövsümü bitmək üzrədir. İndiyədək yayılan məlumatlara nəzər salanda isə xeyli müəmmalı məqamlar gözə dəyir. Məsələn, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, dekabrın 4-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 293 min 119 ton məhsul təhvil verilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 32,5 faiz çoxdur. Keçən il dekabrın 4-dək 221 min 284 ton pambıq tədarük olunmuşdu.
Yenə rəsmi statistik məlumata görə, əkin sahəsi müqayisəsində də ötən illə bu il arasında ciddi fərq var. Ötən il 132 min hektar, bu il isə cəmi 100 min hektar sahədə pambıq əkilib. Yəni bu il 32 min hektar ərazi pambıq əkini dövriyyəsindən çıxarılıb. Kənd Təsərrüfatı Nazirliyi bunu pambığa yararsız torpaqların daha səmərəli istifadəsi məntiqiylə əsaslandırır. Başqa sözlə desək, ötən il yararsız ərazilərdə də pambıq əkildiyini bir növ etiraf edir.
Halbuki, ötən il eyni sözləri kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli deyəndə onu süngüylə qarşılayan da həmin KTN idi. Ekspert pambıqçılığın inkişafı adı altında bir çox örüş sahələrinin şumlandığını və heyvandarlıq üçün yem bazası olan otlaqların məhv edildiyini deyib həyəcan təbili çalmışdı. Onun sözlərinə görə, bu örüş sahələrinin bir də özünə gəlməsi üçün on illərlə zamana ehtiyac var. Bu isə Azərbaycanda heyvandarlığın inkişafına ciddi zərbə vuracaq və ət idxalını xeyli artıracaq.
KTN rəhbərliyi isə Vahid Məhərrəmlinin müxalifət nümayəndəsi olduğunu əsas gətirib haqq sözünə cin-əcinnə əbası geyindirib yamanlayırdılar. İndi isə özləri rəsmən həmin arqumentlə 32 min hektarı pambıq əkini dövriyyəsindən çıxardıqlarını boyunlarına alırlar.
Hardasa 25% az ərazidə ötən illə müqayisədə nə az, nə çox düz 60 min ton çox pambığın yığılması da bir çox suallara yol açır. Düşünə bilirsinizmi, 60 min ton pambıq nə deməkdir? Ötən il ən çox pambıq yığan rayon Saatlı rayonu idi. Rayon cəmi 25 min ton pambıq yığmışdı. Bərdə və Ağcabədi rayonları Saatlını izləyərək hər biri cəmi 20 min tonla kifayətlənmişdi. Belə çıxır ki, bu il 25% az ərazidə tədarük edilən pambığın ümumi həcmi ötən illə müqayisədə 3 ən məhsuldar rayonun yığdığı “ağ qızıl” qədər çox olub.
Elədirsə, sual yaranır: Axı ötən il də həmin 100 min hektar münbit ərazi əkilmişdi. Bəs nə olmuşdu ki, həmin ərazilər az məhsul vermişdi?
Fikrimizcə, bu sualın iki məntiqli açıqlaması var: Ya Kənd Təsərrüfatı Nazirliyi bu il statistik rəqəmləri saxtalaşdırıb, ya da ötən il ən azı 60 min ton pambıq gizlədilib.
Üçüncü versiya isə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən irəli sürülür ki, bunun da heç bir məntiqi əsaslandırması yoxdur. İstərsəniz, gəlin, nazir İnam Kərimovun bu il məhsuldarlığı necə artırdıqları barədə mülahizələrinə nəzər salaq: “Bu il 100 min hektar sahədə pambıq əkini həyata keçirilib. İlin əvvəlindən aqrotexniki qaydalara düzgün əməl edilməsi, səpinin vaxtında həyata keçirilməsi, düzgün sortların seçilməsi, gübrə ilə təminatın vaxtında həyata keçirilməsi, suvarmanın təşkili sayəsində yüksək məhsuldarlıq gözlənilir. Bütün bitkilərdə olduğu kimi, pambıqda da məhsuldarlıqda əsas məqamı yığım təşkil edir. Bu gün respublikamızda yığım kombaynlarla həyata keçirilir və bu il ötən ilə nisbətən yığımın 90%-nin kombaynlarla həyata keçirilməsi nəzərdə tutulur. Cari ildə pambıq yığımı daha sürətli, daha operativ həyata keçiriləcək”.
Göründüyü kimi, cənab nazirin Salyan rayonunun Maraşlı kənd fermerləri qarşısında söylədiyi bu fikirlərindən belə anlaşılır ki, guya, pambıqçılıqda builki məhsuldarlığın 2 mühüm səbəbi var: Biri aqrotexniki qaydalara düzgün əməl edilməsi, digəri isə məhsulun kombaynla yığılmasıdır.
Həmin sözlərin mülahizədən çox nağıla bənzəməsini sübuta yetirmək üçün analizə 2-ci amildən başlamağı uyğun görürük. Zira İnam Kərimovun bu barədə mülahizələrini Vahid Məhərrəmli kimi öz gözündə tiri qoyub iqtidarın gözündə tük axtaran müxalif ekspert yox, KTN-nin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov külli-küfan edir. Vüqar Hüseynov bir neçə ay əvvəl virtualaz.org-a verdiyi açıqlamada, pambığın əllə yığımı zamanı itkinin az, keyfiyyətin isə yüksək olduğu bildirmişdi: “Buna görə də fermerlər əllə yığıma üstünlük verirlər”.
Əllə yığımda itki azdırsa, məntiqlə, kombaynla yığımda bunun tərsini düşünməliyik. Konkret ifadə ilə desək, Vüqar Hüseynovun sözlərindən belə çıxır ki, kombaynla yığım itkini artırır. İtkinin artımının məhsuldarlığa müsbət təsirini anlamaq üçün isə gərək İnam Kərimov kimi Fransanın nüfuzlu universiteti Sorbonnanı bitirəsən. Bizim isə bu şansımız olmadığından, görünür, məsələni anlamaqda çətinlik çəkirik.
Amma bizim anlamadığımız bir başqa məsələ da var; Əgər kombaynla yığım doğrudan da məhsuldarlığı artırırdısa, ötən il niyə bu imkandan istifadə olunmurdu? Axı, prezident İlham Əliyev ötən il Bərdədə keçirilən pambıq müşavirəsində demişdi ki, “biz dövlət xətti ilə böyük həcmdə müasir texnika almışıq, - 500-ə yaxın pambıqyığan kombayn, - onların böyük hissəsi artıq alınıb”. Bu il pambıq yığımında istifadə olunan kombaynlar da elə o qədər imiş. Hər halda “Aqrolizinq” ASC-nin sədri Elmin Rəhmanov belə deyir. Elmin müəllim KTN-nin rəsmi saytı Agro.gov.az-a açıqlamasında deyib: “Hazırda mexanikləşdirilmiş üsulla pambıq yığımına 435 kombayn cəlb olunub, ehtiyatda isə 34 kombayn saxlanılır”.
Bizim fransız qaldığımız bu müəmmaya aydınlıq gətirməyi hörmətli İnam müəllimin öhdəsinə buraxaraq, keçirik onun mülahizəsinin aqrotexniki qaydalar hissəsinə.
Etiraf edək ki, İnam Kərimovun mülahizəsinin bu hissəsi kifayət qədər məntiqli görünür. Həqiqətən də “səpinin vaxtında həyata keçirilməsi, düzgün sortların seçilməsi, gübrə ilə təminatın vaxtında həyata keçirilməsi, suvarmanın təşkili” kimi amillər məhsuldarlığı artıra bilər. Amma burada da başqa suallar ortaya çıxır: Əvvəla, bu il əldə edilən uğurun bu səbəbi ötən il niyə yaddan çıxmışdı? İnam müəllim və onun komandası ötən il istənilən aqrar sahə üçün hava-su kimi lazım olan bu xüsusları bilmirdilərmi? Bilirdilərsə, niyə əməl etmirdilər? Xüsusilə səpini vaxtında həyata keçirmədən, suvarmanı təşkil etmədən nəinki məhsuldarlığın artmayacağını, hətta məhsulun yetişməyəcəyini bilmək üçün axı heç kənd təsərrüfatı mütəxəssisi olmağa da ehtiyac yoxdur. 5-ci sinifin şagirdi belə bunun zəruri şərt olduğunu bilir. İnam müəllim bunu bilmirdisə, niyə o kresloda oturmağı özünə rəva bilib?
İkinci sual: Düzgün aqrotexniki qaydalarla məhsuldarlığı nə qədər artırmaq olar? Rəsmi statistik məlumatlara görə, ötən il orta məhsuldarlıq 17,6 s/ha idisə, bu il hardasa 30 s/ha-dır. İki göstərici arasındakı fərq 70%-dir. Bu qədər böyük fərqi yalnız aqrotexniki qaydalarla əsaslandırmaq isə mümkün deyil. Deməli yuxarıda bəhs etdiyimiz ehtimallar (ya Kənd Təsərrüfatı Nazirliyi bu il statistik rəqəmləri saxtalaşdırıb. Ya da ötən il ən azı 60 min ton pambığı gizlədib) daha inandırıcı görünür.
Prinsipcə, Kənd Təsərrüfatı Nazirliyinin rəsmi statistik məlumatları saxtalaşdırdığı digər dövlət qurumları tərəfindən də etiraf olunub. Bunun ən bariz dəlili Vergilər nazirinin müavini Sahib Ələkbərovun bu ilin iyun ayında kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi ilə əlaqədar qarşıda duran məsələlərlə bağlı keçirilən seminar-müşavirədə etdiyi çıxışdır. “APA-Economics”in məlumatına görə, nazir müavini həmin seminarda belə demişdi: “Kənd təsərrüfatı sahəsində çalışanlara dövlət tərəfindən subsidiyalar verilir, onlar bir sıra əlavə güzəştlərdən və yardımlardan istifadə edirlər. Lakin təəssüflər olsun ki, bu sahədə hesabatlılıq günün tələblərinə cavab vermir, müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqlar mövcuddur”.
S.Ələkbərov onu da əlavə etmişdi ki, Vergilər Nazirliyində və Dövlət Gömrük Komitəsində hesabatların alınması tam elektronlaşdırılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Dövlət Statistika Komitəsində və Əmlak Məsələləri Dövlət Komitəsində bu prosesin davam etdirilir: “Bu istiqamətdə görüləcək işlərin məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarının vergiyə cəlb edilməsi yox, real vəziyyəti düzgün əks etdirən uçotun və şəffaflığın təmin edilməsidir. Eyni zamanda bu, kənd təsərrüfatı sahəsində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması və onların pensiya təminatı üçün də çox vacib olan bir məsələdir”.
Bir sözlə, Vergilər nazirinin müavininin sözlərindən belə anlaşılır ki, İnam Kərimova inanmaq olmaz və aqrar sektora nəzarət başqa qurumlara həvalə edilməlidir. Görünür, bu il pambıqçılıqda məhsuldarlığın 70% artmasının da sirri elə bu həqiqətdə gizlənir. Elədirsə, ötən ilki uğursuzluğun əsl səbəbini kim araşdıracaq və məsuliyyətini kim necə daşıyacaq?
Heydər Oğuz,
Ovqat.com
Paylaş: