Naxçıvan MR də fevralın 9-da seçkiyə getmək barədə qərar verib.
Ovqat.com xəbər verir ki, bu barədə Sərəncamı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov imzalayıb.
Sərəncamda deyilir:
“Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamına uyğun olaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 2020-ci il fevralın 9-na təyin edilsin".
Sual oluna bilər: Naxçıvan Ali Məclisinin sədri hansı əsasla seçicilərin iradəsi ilə formalaşan parlamenti buraxıb, növbədənkənar seçkilərin keçirilməsinə qərar verib? Axı heç bir halda Ali Məclis sədrinin iradəsi seçici iradəsindən üstün deyil və Prezidentin Milli Məclislə bağlı Sərəncamında Ali Məclisin buraxılması nəzərdə tutulmamışdı və tutula da bilməzdi.
Zira hüquq fəlsəfəsinə görə, seçici iradəsi milli iradənin təcəllisi sayılır və demokratik dövlətçilik prinsipinə görə, heç bir dəyər onun fövqünə çıxa bilməz. Məhz buna görədir ki, Azərbaycanda Milli Məclisin buraxılmasının “qılıf”ı tapıldı və deputarların “öz ricası” və Konstitusiya Məhkəməsinin razılığı ilə prezident parlamenti buraxdı. Naxçıvanda isə demokratik dövlətçiliyin bu ənənəsi pozulub və bu, Konstirusiyanın II maddəsinin 1. bəndi ilə əsaslandırılıb. Həmin müddəada isə deyilir:
“II. Bu Konstitusiya ilə müəyyən olunan hallarda və qaydada Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi həm qanunvericilik, həm icra hakimiyyəti sahələrində aşağıdakı səlahiyyətləri həyata keçirir:
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkiləri təyin edir”.
Göründüyü kimi, burada söhbət Ali Məclisin buraxılması səlahiyyətindən getmir. Sədr yalnız Ali Məclisə seçkilərin gününü təyin edə və bu da növbəti seçkilərə şamil oluna bilər. Dekabrın 9-da keçirilməsi nəzərdə tutulan seçkilər isə növbədənkənardır. Deməli, onun keçirilməsi üçün Azərbaycanda olduğu kimi “hüquqi qılıf”ı da hazırlanmalı idi. Yəni Naxçıvan deputatları da mandatından imtina etməli və parlament hüquqən öz fünskiyasını yerinə yetirə bilməz hala gəlməli idi. Amma bunlar edilmədi. Bu gün iş vaxtının bitməsinə az qalmış məlum Sərəncan imzalandı.
Belə çıxır ki, Naxçıvan Ali Məclisi bu Sərəncamı tələsik imzaladığından hüquqi prinsiplərə əməl etməyi ya yaddan çıxarıb, ya da buna zamanı qalmayıb. Bu isə iki halda ola bilərdi: Ya Naxçıvan MR rəhbərliyi iki ayağını bir başmağa dirəyib Ali Məclisə seçkilərin keçirilməsi üçün dirəşib, ya da buna indiyədək rəsmi Bakı icazə verməyib.
Ovqat.com-un aldığı məlumata görə, Ali Məclisin indiyədək yubanmasının səbəbi rəsmi Bakının buna “yaşıl işıq” yandırmaması imiş. Naxçıvan rəhbərliyinin seçkilərdən istifadə edərək varis planını reallaşdıracağından xəbərdar olan mərkəzi hakimiyyət Muxtar Respublikada seçkiləri daha sonraya saxlamaq istəyirmiş. Görünür, Naxçıvan rəhbərliyi rəsmi Bakını seçkilərdən istifadə edərək varis planını reallaşdırmayacağına inandıra bildiyindən məlum Sərəncam imzalanıb.
Aldığımız məlumata görə, Vasif Talıbov öz yerinə kiçik oğlu Seymur Talıbovu gətirmək istəyir. Hətta bunun üçün Naxçıvandakı önəmli qurumları Seymur Talıbovun qohumlarına tapşırıb. Vasif Talıbovun Muxtar Respublikanın DİN-nin rəhbəri vəzifəsinə öz qudasını gətirməsi də bu siyasətin tərkib hissəsidir.
Məlumata görə, bu planın qarşısını almaq istəyən rəsmi Bakı 2017-ci ilin avqustunda Əhməd Əhmədov nazir postundan uzaqlaşdırılandan sonra həmin vəzifəyə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasovu təyin edibmiş. Muxtar Respublikanın kəskin etirazı ilə qarşılanan bu təyinatın ömrü cəmi bir neçə saat çəkmişdi. Rəsmi Bakının geri çəkilməsi bu təyinatın həqiqətən də Naxçıvan MR-in səlahiyyəti daxilində olması idi. Qeyd edək ki, biz də həmin vaxt bu barədə fikirlərimizi yazmış və rəsmi Bakının sərəncamının hüquqi cəhətdən əsassız olduğunu bildirmişdik. Həmin vaxtdan cəmi 2 gün sonra Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri postuna Vasif Talıbovun qudası Fazil Ələkbərov gətirildi.
Bildirildiyinə görə, Vasif Talıbov oğlu Seymuru da özünün müavini təyin etdirmək istəyirmiş. Bu isə mərkəzi hakimiyyətin səlahiyyətləri daxilində olduğundan rəsmi Bakının razılığının alınması vacib imiş. Rəsmi Bakı isə buna razılıq vermədiyindən Seymur Talıbov yerli səlahiyyətlər çərçivəsində atasının köməkçisi ola bilib. “Naxçıvan” Universitetinin yeni rektorunun təyinatını da varis planının həyata keçirməsinin elanına hesablanıbmış.
Bəs görəsən Bakı ilə Naxçıvan arasında yeni ziddiyyətlərin qaynağı kimi ortaya çıxan bu plan baş tutacaqmı?
Muxtar Respublikada 9 Fevralda keçirilməsi nəzərdə tutulan seçkinin nəticələri bu suallar yanaşı çox şeyə aydınlıq gətirəcək.
Ovqat.com
Paylaş: