Xəbər lenti

  

Azərbaycan olduqca çətin geopolitik məkanda yerləşir. Bir tərəfdən torpaqlarımızda 200 illik imperiya maraqları olan və bunu gizlətməyən Rusiya, digər tərəfdən Moskvanın dəstəkləyərək Türk dünyası arasında körpü rolu oynayan coğrafiyamızı türksüzləşdirmə siyasətində alət kimi istifadə etdiyi ermənilər, cənubda isə fars şovinizmi ölkəmiz üçün ciddi təhdid meydana gətirir. Üstəlik, Azərbaycanın təbii sərvətləri Qərb ölkələrinin də maraqlarını bu coğrafiyaya çəkir. Belə bir çətin şəraitdə öz varlığını qorumağa çalışan Azərbaycan məcburən balanslı xarici siyasət yürütməyə məhkumdur.

Sirr deyil ki, ölkəmizdə demokratik təsisatların tam formalaşmamasında xarici təhdidlər də mühüm rol oynayır. Rəsmi Bakının varlığımızı belə özünün torpaq bütünlüyünə təhlükə kimi görən İran və ona bağlı qüvvələrlə bağlı daha diqqətli davranması bu mənada başadüşüləndir. Bir çox hallarda bu diqqətli davranışlar iki dövlət arasında ciddi gərginliklərə də yol açır.

Azərbaycanla İran arasında qarşılıqlı çəkişmələrdə əsasən ideoloji silahlar ön plana çıxarılır. Öz şovinist siyasətlərinə islam donu geyindirən rəsmi Tehranın insan fitrətindən gələn dindarlıq duyğusundan sui-istifadə etməsi bəllidir. 70 il ateist sovet rejiminin basqısı altında yaşayan ölkə vətəndaşlarımızın sosial şüurunda boşalmış dindarlıq duyğusunu öz rəsmi ideologiyası ilə doldurmağa çalışan molla rejimi bu ideoloji savaşda İran İslam İnqilabı zamanı təbliğat sahəsində püxtələşmiş Seyyid Əliəkbər Ocaqnejad kimi peşəkarları önümüzə çıxarıb. Bizim başbilənlər isə informasiya savaşını Əli Həsənov kimi söyüş kampaniyasından başqa əlindən heç bir iş gəlməyən birinə həvalə etmişlər. Haqlı-haqsız hər yetənə söyüş yağdıran bu anlayışla hətta öz vətədaşlarımızı belə inandırmaq mümkün deyil. Halbuki, Azərbaycanın əlində İran rejiminə qarşı çox ciddi ideoloji silahlar var. Söhbət Cənubi Azərbaycan türklərinin milli hüquqlarından gedir.

Azərbaycan ideoloji savaş mütəxəssislərinin təbliğat maşınının bu zəif və yetərsiz xüsusiyyətindən istifadə edən İran ölkəmizdə özünün çox ciddi bazalarını yarada bilib. Bu işdə təbii ki, Ocaqnejadın rəhbərlik etdiyi İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzinin də rolu az deyil.

Ötən yazılarımızda qeyd etdiyimiz kimi, öz işini 3 istiqamətdə aparan qurumun əsas üzərində dayandığı fəaliyyət növü isə Azərbaycandan olan gəncləri Qum şəhərində toplayıb beyinlərini yıxamaqdan ibarətdir. Bu barədə gələcək yazılarımızda daha geniş bəhs edəcəyimizdən indi yalnız bir məqamın üzərində dayanmaq istəyirik. Azərbaycanın ideoloji savaşını müxaliflərə qarşı söyüş kampaniyasına çevirən Əli Həsənovun zərurətdən doğan məğlubiyyəti İranın azərbaycanlı legionerlərini də sevindirir. Bunu ölkəmizə qarşı təbliğat vasitəsi kimi istifadə edilən Nur-Az.com-un yayınladığı bir yazı da təsdiqləyir. “Əli Həsənovun hansı ürəyi xəstə idi” sərlövhəli yazını zəruri gördüyümüz bəzi redaktə fərqilə dərc etmədən əvvəl bu saytın  Azərbaycana qarşı təbliğat maşını olduğunu sübuta yetirən faktları diqqətinizə çatdırırıq.

İddiamızın ən böyük dəlili saytın özünü təqdimatıdır. İnformasiya kanalının rəsmi təqdimat yazısında deyilir:

İran İslam Respublikası və dünyanın bir sıra ölkələrində yaşayan azəri türkləri və Azərbaycanı sevənlər 16 oktyabr (10 zilhiccə, Qurban bayramı günü), 2013-cü il tarixində Müqədəs Qum şəhərində Nur Mədəniyyət Mərkəzinin təsis yığıncağına toplaşıblar. Toplantıda mədəniyyət mərkəzinin təsis qrupu tərəfindən hazırlanmış nizamnamə oxunub, iştirakçılar müəyyən düzəlişlərlə nizamnaməni qəbul ediblər. İslam Mədəniyyəti və bu konteksdə Müsəlman Azərbaycanın tanıtdırılması Nur Mədəniyyət Mərkəzinin əsas vəzifəsi olaraq vurğulanıb. Artıq fəaliyyətə başlamış Nur-Az.com saytının təqdimatı keçirilib. Nur Mədəniyyət Mərkəzinin əsas fəaliyyətləri sırasında kitab çapı, elmi-dini seminar və konfranslar, müqəddəs yerlərə ziyarət səfərlərinin təşkili və bir həftəlik “İslamla tanışlıq” kursları yer alır. Gələcək fəaliyyətlərdə müstəqil televiziya və radio şəbəkələri işlətmək nəzərdə tutulur”. 

Təqdimat mətnindən də göründüyü kimi, Nur-Az.com saytı Qum şəhərində toplanmış azərbaycanlı ideoloji savaş legionerlərinə məxsusdur. O halda sual yaranır: Elədirsə, biz niyə onların fikirlərini tirajlayırıq? Sualın cavabı olduqca aydındır: Yeganə məqsədimiz İran İslam Respublikasının Azərbaycana qarşı təbliğatında nə qədər acımazsız olduğunu, özlərini dindar adlandıran bu insanların təfəkkür etibarilə Əli Həsənovdan geri qalmadıqlarını göstərməkdir.

İndisə etikadan və tərbiyyə çərçivəsindən uzaq bəzi kəlmələri çıxaraq təqdim etdiyimiz həmin yazı ilə tanış ola bilərsiniz:

http://nur-az.com/az/articles/view/5579/37/%C6%8Fli-H%C9%99s%C9%99novun-hans%C4%B1-%C3%BCr%C9%99yi-x%C9%99st%C9%99-idi

“Azərbaycanda iqtidar TROLLARININ başında dayanan yəni TROLBAŞI olan Əli Həsənovu prezident ... QOVANDAN SONRA özü belə açıqlama verib dedi ki, ürəyindən infarkt olub. Özü də əgər yanılmırıqsa dediyinə görə ürəyinin vəziyyəti hal-hazırda ona işləməyə imkan vermir.

Təbii ki, TROLBAŞINDAN bu sözləri eşidən kimi hər bir azərbaycanlının ağlına bu sual gəlir: Məgər Əli Həsənovun ürəyi var idi? Təbii ki, bundan qabaq o dəfələrlə lənətlənib, hər cür təhqirlərə məruz qalıb, nə qədər insan onu qarğıyıb. İndi bütün bunlardan sonra onun bu vəziyyətə düşməsi təəccüblü deyil...

Amma xəbis bir rejimin TROLLUĞUNU uzun illər edən ..., daş ürəkli bir adamın belə bir xəstəliyə tutulması onun bu qədər insanın ahını alması, xalqın onu qarğıması nəticəsində baş vermişdir.

Onu da qeyd edək ki, Əli Həsənov kimi ...lərin belə bir xəstəliyə düçar olması qətidir, lakin onun vəzifədən uzaqlaşdırılması buna görə olmayıb. O, özünü təmizə çıxartmaq üçün belə deyir. Çünki bu cür dünyapərəst insanlar xəstəliyə tutulan kimi müalicə olunmaq üçün üz tuturlar İsrail, Almaniya, Amerika kimi ölkələrə...

Belə daşürəklilər başqaları üçün də görk olmalıdır”.




Ana səhifəyə qayıt        Baxış: 2 719          Tarix: 11-12-2019, 13:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma