27 illik YAP hakimiyyətinin bu uzun müddət boyunca atdığı nadir faydalı addımlardan biri də son günlər start verilən ağac əkmək kampaniyasıdır. Nəsiminin 650 illiyi münasibəti ilə keçirilən bu kampaniya çərçivəsində guya 650 min ağacın əkilməsi inandırıcı olmayan hədəf kimi qarşıya qoyulsa da və bunu reallaşdırmaq çox da mümkün görünməsə belə, hər halda əkilən hər ağac Azərbaycan təbiətinə verilmiş töhfə olacaq. Ən azı ona görə ki, istər Sovet Azərbaycanı dövründə, istərsə də müstəqilliyimizi qazandıqdan sonra neftimizin imperialist qüvvələr tərəfindən acgözcəsinə istismarı təbiətimizin qətli ilə nəticələnmiş, torpaqlarımız şoranlaşmış, fauna və floramıza ciddi zərbələr dəymişdir.
Azərbaycanın su ehtiyatlarınız azlığı isə itirdiklərimizin bərpasında ciddi əngəllər yaradır və bizi müasir texnologiyalardan faydalanaraq ölkəmizin yaşıllaşdırılması istiqamətində incə düşünülmüş addımlar atmağa vadar edir. Müasir damlama texnologiyası və ağacəkmə kampaniyaları ilə bu vəzifənin öhdəsindən gəlmək imkanlarımız var və belə görünür ki, YAP hakimiyyəti də bunu həyata keçirməyə çalışır. Yaşıllaşdırma hədəfinə Nəsiminin 650 illik yubileyi donu geyindirilməsi də, bizcə, gözəl təşəbbüsdür və mədəniyyətimizin təbliğinə xidmət edir.
Di gəl ki, YAP-ın nadir yaxşı əməllərindən sayılan bu siyasət ölkəmizdə bəzi müxaliflər tərəfindən istehza ilə qarşılandı. Hakimiyyətin hər addımına qulp qoymaqla məşğul olan müxalifləri hardasa başa düşmək də olar. Zira müxalifətin missiyası yaxşı-yaman bütün hər şeydə qüsur axtarmaqdır və bu, cəmiyyətimizin daha da tərəqqi və inkişafı üçün faydalıdır da. Bizim anlamadığımız isə ağacəkmə kampaniyasının İran İslam Respublikası və Qumda yetişdirilən ideoloji legionerlərini niyə qıcıqlandırmasıdır.
Axı Ərəbistan sərhasında meydana çıxan İslam dini tarixən ağacəkmə kampaniyalarını yüksək qiymətləndirilib. Hətta bəzi hədis kitablarında Məhəmməd peyğəmbərin ağacəkmə kampaniyalarını təşviq etməsinə dair rəvayətlər də var. Məsələn, səhih hədislərdən birində vurğulanır ki, “bir azdan qiyamət qopacağını bildiyiniz halda belə, əlinizdə bir tingə varsa, onu dünya dağılmamışdan əvvəl dərhal əkməyə çalışın”. Yaxud bir başqa hədisdə belə deyilir: “Bir insan ağac əksə, başqa bir insan, ya da Allahın hər hansı məxluqundan biri o ağacın meyvəsindən yesə, kölgəsində daldalansa, bu, ağacı əkənə bir sədəqədir”.
İndi gəlin, görək, adına “İslam Respublikası” yarlığı yapışdıran İranın Qum şəhərində yetişdirdiyi azərbaycanlı legionerləri YAP-ın (mənim bu partiyaya zərrə qədər hörmətim olmasa belə) apardığı bu kampaniyaya necə reaksiya veriblər?
İranın rəsmi dairələrinin Azərbaycana və Qafqaza öz rəsmi ideologiyalarını yaymaq məqsədilə yaratdığı Qafqaz Mədəniyyət Mərkəzinin (Qeyd edək ki, bu gün Azərbaycanda fəaliyyət göstərən və dini lider ayətullah Xamneinin təmsilçisi Seyyid Əliəkbər Ocaqnejadın rəhbərlik etdiyi Bakı İran Mədəniyyət Mərkəzinin də hədəfləri eynidir və bunlar arasında üzvi əlaqələri növbəti yazılarımızda araşdıracağıq) təbliğat ruporu kimi çıxış edən Qafqaz.ir saytı bu barədə dərc etdiyi “Nəsimi üçün ağac əkməkdənsə, gedin, onun Allahına bir dəfə səcdə edin” sərlövhəli yazısına belə başlayır:
“Sonuncu etiraz aksiyası xəbis hakimiyyətin dərisinə necə saman təpibsə başlarını itiriblər, bilmirlər nə işlə məşğul olsunlar. Deputatxananı buraxıb ağac əkməyə gedirlər. Ad da olur ki, guya Nəsiminin 650 illiyinə dair iş görürlər. Miskin hakimiyyət o qədər başını itirib ki, zooparkı, sirki xatırladan deputatxananın buraxılmasıyla olmayan islahatla ayaqlaşa bilməməsi arasındakı əlaqənin nə olduğunu bilmədikləri kimi dahi şairimiz Nəsimiylə ağacəkmə arasındakı əlaqənin də nə olduğunu bilmirlər. Gedin, öz dədə-babanızın dünyaya gəldiyi günün ildönümündə ağac əkin. Ağaclarınız da başınıza dəysin. Ondansa ölkədə Nəsiminin ideallarını yaşadın”.
Şəkildə: Yeri gəlmişkən “legionerlər” ağacəkmə kampaniyasına qarşı çıxmaqla dini liderləri Xamaneinin də bostanına daş atıblar
Doğrusu, İranın azərbaycanlı legionerlərinin müxalifətin baş tutmayan mitinqi ilə Azərbaycanda aparılan islahatlar arasında nə cür əlaqə qururlar, anlamaq mümkün deyil. Axı ölkə başçısı İlham Əliyev hələ o mitinqlərdən əvvəl kadr və struktur islahatlarına gedəcəyini bəyan etmişdi. İlk dəfə ötən il dilə gətirilən bu ideya Prezidentin yeni il münasibətilə təbrik mesajında bir daha təkrarlanmışdı. Onda müxalifət hansısa etiraz aksiyasına hazırlaşmırdı da. Əksinə, müxalifətin 19 yanvarda keçirdiyi izdihamlı mitinq ölkə rəhbərliyini bu istiqamətdə bir qədər ləngitdi. Bu ləngimə hətta 19 yanvar mitinqinin hakimiyyətdəki bəzi qüvvələr tərəfindən güc nümayişi kimi qiymətləndirilməsinə belə yol açdı.
15 oktyabr müşavirəsinin videosu
Həqiqətən də ölkə başçısı təhlükəsizlik və asayişlə bağlı iki mühüm kadr islahatlarına getdikdən sonra qaldığı yerdən davam etdi. Söhbət Əli Nağıyevin DTX sədrliyinə, Vilayət Eyvazovun isə Daxili İşlər naziri vəzifəsinə gətirilməsindən gedir. Bu ilin iyun ayının 20-də reallaşdırılan həmin kadr dəyişikliyindən sonra bəndi-bərəni möhkəmləndirən prezident İlham Əliyev oktyabrın 15-də iqtisadi müşavirə keçirdi. Müşavirədə hakimiyyətin “köhnə qurd”larının iştirak etməməsi ölkə başçısının gözlənilən kadr islahatlarından sonrakı komandasında kimlərin təmsil olunmasının mesajı kimi başa düşüldü. Məhz bu mesajdan cəmi 4 gün sonra İlham Əliyev Milli Şuranın 19 oktyabr mitinqiylə qarşılaşdı. Polislərin sərt müdaxiləsi ilə qarşılaşan MŞ əvvəl növbəti mitinqə qərar versə də, sonradan bu plandan vaz keçdi. Zənnimizcə, bu, iki halda ola bilərdi: ya Milli Şura keçirdiyi siyasi aksiyalarla hakimiyyətin qabıq dəyişməsiylə zəifləməsinə mane olduğunu anlayıb bu prosesdən geri çəkildi, ya da onların arxasında dayanan daxili və xarici qüvvələr artıq uduzduqlarını görüb ağ bayraq qaldırdılar.
Səbəb nə olursa olsun, məhz həmin aksiyanın polis zopasıyla yatırılmasından sonra 23 Oktyabrda ölkə başçısı hardasa bir il əvvəl anonsunu verib həyata keçirə bilmədiyi kadr və struktur islahatlarına başladı. O, keçmiş Vergilər naziri Mikayıl Cabbarovu yeni vəzifəyə təyin edərkən söylədiyi məşhur fikirlərlə də öz siyasətində israrlı olduğunu vurğulayaraq dedi: "Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər"
Həmin anonsdan sonra “XXI əsrdə köhnə təfəkkürlə” davam etməyin mümkünsüzlüyünü vurğulayan İlham Əliyevin “köhnələrin kütləvi ixtisarı” siyasətinə start verildi. Yəqin razılaşarsınız ki, bütün bu faktlar qarşısında İranın əlindəki ideoloji savaş maşasına çevrilən legionerlərin “qorxudan ağacəkmə” arqumentləri olduqca gülməli görünür.
Qafqaz.ir daha sonra yazır:
“Deməli, ağacəkmə teatrında iştirak edən Mübariz Qurbanlı deyəndə ki, peyğəmbərlər sağ olsaydı Azərbaycanda yaşamağı seçərdilər, ona da qeyrətli vətən oğlu Hacı Tale Bağırzadə dedi ki, peyğəmbərlər burda yaşasaydı həbsdə olardılar. İndi də əlləri hər şeydən çıxan bu xəbis rejim Nəsiminin 650 illik yubleyi münasibətilə ağac əkir. Halbuki elə Nəsimini bu cür bir xəbis rejim qətlə yetirdi”.
İnsafən, İran “qafqazşünas”ının bu iddialarında qismən həqiqət payı var. Doğrudan da Azərbaycan söz və düşüncə azadlığının gül-çiçək açdığı cənnət bağçası deyil. Ölkəmizdə hələ də çoxsaylı siyasi dustaqların olduğu bir sıra beynəlxalq qurum və təşkilatların hesabatlarına düşüb və bunu inkar etmək ədalətsizlik olardı. Bununla belə, bizdəki siyasi dustaqlar və düşüncə məhbusları İrandakı kimi qətlə yetirilmirlər. İran legionerləri bu mənada başqa gözdə qıl axtarınca öz gözlərindəki tiri görməli, ya da öz eyblərinə kor olmalıdırlar.
O ki qaldı Nəsimi kimi mütərəqqi şəxsiyyətin qətlinə, yəqin, legionerlər unudurlar ki, böyük şairi Azərbaycan hakimiyyəti kimi binamazlar yox, İrandakı molla rejimi kimi əhli-namazlar qətlə yetiriblər. Hətta Nəsiminin özü də qətlə yetirildiyi sırada dilə gətirdiyi bir şeirilə bunu etiraf edərək deyir:
“Zahidin bir barmağın kəssən, dönüb Həqqdən qaçar,
Gör, bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz”.
Görünür, həmin məqaləni yazarkən Nəsiminin bu şeirini unudan Qafqaz.ir analitiki məqalənin davamında yazır:
“Nəsimi üçün ağac əkməkdənsə gedin onun ideallarını yaşadın. Nəsimi dindar, mömin, Məhəmməd peyğəmbərin, Həzrət Əlinin aşiqi bir insan olub. Ermənilərlə rumka vurmaq istəyən, ermənilərdən bir qarış torpaq ala bilməyən, qorxudan müharibə etməyən, haqqı deməyən, haqqı deyənləri diri-diri soyan, ömründə bir dəfə Allah üçün diz qatlayıb namaz qılmayan bu insanlar indi güya Nəsimiyə olan sevgilərini izhar edirlər. Halbuki bunların bütün məhəbbətləri, dinləri, səcdələri, hətta nəsimiləri də ancaq puldur.
Hələ utanmaz-utanmaz Kotlet Siyavuşu (İnsafən, qəşəng tapıntıdır – H.O.) da qabağa verib danışdırıblar. O da deyib ki, bura gələn insanların sayı müxalifət mitinqlərinə gələn insanların sayından daha çoxdur. Elə də olmalı idi. Çünki orada sizin hakimiyyəti ayaqda tutan ermənisifət polislər yoxdur, ora gedən yollar bağlanmayıb, orda iştirak edənləri polis bölməsinə çağırıb dindirmirlər. Üstəlik orda iştirak edən yazıqlar ya YAP-ın üzvləridir, ya da məcburən məktəbdən, iş yerindən çıxartmaqla hədələyib ora aparıblar. Allah bilir ta ora gedənə qədər elə bilirdilər ki, Hafiz Hacıyevin mitinqinə gediblər”.
Biz isə Qumun çörəyini yeyə-yeyə bəsirət gözü bağlanmış bu insanlara demək istəyirik ki, namaz islamın əsas şərtlərindən biridir. Amma İslamın bütünü deyil. Yalnız namaz qılmaqla müsəlman olmaq istəyənlərin əməl etibarilə bizim YAP hakimiyyətindən çox da böyük fərqləri yoxdur. Hətta bir çox əməllərinə görə YAP hakimiyyəti mollakratiyadan daha islamçı təsir bağışlayır. Niyə? Nəsimisevən İran legionerlərinə iddiamızın niyəsini anlamaları üçün bu şeirimizi oxumalarını tövsiyyə edərdik:
Demə, yalnızca namaz qılmalı qul gündə gərək.
İnanan Haqqa boyun əyməli hər yöndə gərək.
Haqqa qul olmaq üçün fitrə, namaz ölçü deyil,
Bəndəlik etmək üçün bəndə ola bəndə gərək.
Min il İblis də ibadətlə müsəlmanlıq edib,
Tanrı nəzdində tuta yer hamıdan öndə gərək.
Tək namazdırsa tutan şey səni kafirdən uzaq
Öncə içdən arınıb qüsl alasan sən də gərək.
Heydərin fikrinə şair sözü tək salma nəzər,
Əməl amalla bütünləşməli hər dində gərək.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: